Hər kim məhəbbət əhlini salmış əziyyətə,Yox özgə qarğışım ona, düşsün məhəbbətə!

Məndən nə bir kənarə qaçır, nə yaxın gəlir,Kim öyrədib bu qəmzeyi-nazi ol afətə?

And içdim, ağladım, dedim: ey gül, əsirinəm!Nə andıma inandı, nə gəldi mürüvvətə.

Aşiq gərəkdir, istədiyi yarə yalvara,Cananı salsa da onu yüzlərcə zillətə.

Yarımla xoş keçəydi həyatım, bu əhdəyəm,Tanrım da razıdır, gözəlim, beylə niyyətə.

Məcnun vəfasız olduğunu gördü Leylinin,Tərk etdi öz diyarını, üz tutdu qürbətə.

Sağlıqda çox dedim sənə, incitmə Vahidi,Biçarə həsrətinlə sənin getdi rəhmətə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love