Könlüm bir ahu gözlü əlindən yaralıdır,Gəlməz kəməndə, Azərbaycan maralıdır.

Süzgün baxışla aləmi salmışdır heyrətə,Ya lənkəranlı, ya bu gözəl astaralıdır.

Hərdəm ki, saçları bürüyür gül cəmalını,Sanki günəş buludda tutulmuş, qaralıdır.

Bir zərrəcə yaxınlığımız olmayıb hələ,Məndən günəş qədər o pərivəş aralıdır.

Hər gün bir ayrı cür bəzənir qönçə gül kimi,Əynində tirmə köynəyi var, zərxaralıdır.

Qaş-gözlə gündə yüz can alır, aşiq öldürür,Alnında tale ulduzu var, ayparalıdır.

Vahid, var olmasa, səni heç kimsə istəməz,Canan sevər o aşiqi pullu-paralıdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love