O gül mənə bu gecə həmzəban olan gecədir,Deyib, gülüb, danışıb, mehriban olan gecədir.

Vəfa səhifəsini şərh edəm gərək o gülə,Həqiqi eşqimizə imtahan olan gecədir.

O sərv boylu səhər seyri-laləzar edəcək,Çəmən çiçəklərinin bağrı qan olan gecədir.

Xüsusi ətr alacaq öz gülündən hər bülbül,Xədəngi-nazə könüllər nişan olan gecədir.

Bu xoş dəqiqələri, ey könül, qənimət bil,Bəla əsirləri şadiman olan gecədir.

Rəqib eşitsə, nigarım mənimlə həmdəm olub,Həsədlə ömrü bu qəmdən xəzan olan gecədir.

Gül isə pərdeyi-ismətdən aşikar olacaq,Vüsalə yetməyə bülbül nihan olan gecədir.

İnanma, əl çəkə bülbül gülün kənarından,Sevimli dilbərinə pasiban olan gecədir.

Gülüzlülər səni, Vahid, yenə əhatə edib,Təfaxür eylə ki, bəxtin cavan olan gecədir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love