Ah... bir sərxoş nigarın dağı öldürdü məni,Günbəgündən hüsnünün rövnaqi öldürdü məni,Ağ biləklərdə qızıl qolbağı öldürdü məni,Eylədi şəhla gözün müştağı, öldürdü məni,Hamıdan əla ki, qaşın tağı öldürdü məni.

Nə əcəb təsvir olur ağ əllərə əlvan həna,Məxmuri gözlər piyalə, gərdəni misli mina,Al sərəndazla qəsabə, üstə türfə ağ cuna,Qol gümüş bazbəndli, beldə kəmər – üstü mina,Məclis içrə bu nişanda saqi öldürdü məni.

Al yanaqların, sanasan ki, qızıl gül xərməni,Tər zənəxdaninə baxdıqca cünun eylər məni,Məst çeşminə əcayib rəng tutmuş sürməni,Qurşayıb ol ağü nazik əllər ilə tirməni,İki yandan ucların salmağı öldürdü məni.

Sallanıb yüz naz ilə hərdən çıxanda xanədən,Hər tərəf baxsa, qırar həm dost, həm biganədən,Əqlü huş ikrah olub getdi məni-divanədən,Qara gözlər süzülüb sərməst olub peymanədən,Ahu tək hərdəm dönüb baxmağı öldürdü məni.

Vaqifəm, qıldım bu şuxun hüsnünü fikrü xəyal,Günbəgün incəlibən oldu tənim muyə misal,Axırı verdi məni bərbadə bu qaşı hilal,Qəbrimin daşına yazsın bu sözü əhli-kamal,Dilbərin məndən uzaq olmağı öldürdü məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern