Tanrım, Sən bütün Kainatın tək İbadət yeri – göyüzündə diz çöküb alın qoymağa Möhürdaşıtək Yerüzünü və öz yanınacan sonsuz ucalıq, sonsuz ibadəttək Eşqi yaratmısan, həm də bütün Kainat üçün İlahidən gələn Kitabları ilkin bura endirmisən. Həm də bütün duaların üzünü ən böyük İlahi İbadətə, bütün sevgilərin üzünü ən uca İlahi Eşqə doğru yönəltmisən. İlahi İbadəti, İlahi Eşqi bütün Kainata burdan yaymısan. Həm də əbədi sükuta qərq olmuş bütün Kainatda eşidilən ibadət və eşq pıçıltısından başqa səs yox. Bunları mənə Sən anlatdın, Tanrım.

Ən uzaq ulduzlardan belə İlahi Eşq İbadətiyçün bura doğulmağa gələn milyonlarla adamların ayaqlarını eyni anda necə yuyub çatdıra bilməyimi, o ayaqları qoxlamaqdan niyə doymadığımı, bu dünyaya azıb gəlmiş, dünya hökmranlığına can atan yad ruhların nədən mənə dəymədiklərini də Sən anlatdın.

Mən indi bilirəm, İlahi, milyonlarla ayaq onların özlərinin yox, ruhlarının çocuqluq ayaqlarıymış, ruha çevrilirkən, Sənə doğru yüyürürkən hamı körpəliyinə qayıdırmış. Bütün Kainatda Sənə doğru yüyürən o körpə ayaqlardan da gözəl, o ayaqlardan da ətirli, oxşanılası, öpüləsi heç nə yoxumuş. Həm də bilirəm, bir bəndən bu dünyada hamıdan yuxarı yox, hamıdan aşağı olmağı diləmiş və onu tapdayan milyonlarla ayağı göyüzündən ona uzadılmış çiçəklər şəklində görmək, qoxlamaq və yumaqla mükafatlandırılmış. Bunu da Sən anlatdın, Tanrım.

Ayaqları yuya-yuya, mən altdan yuxarı, adamların göyüzündə gördüyüm gözlərinə baxırdım. Göyüzü ancaq gözlərdən ibarət idi.

Mən indi bilirəm, İlahi, o milyonlarla göz Sənin gözlərinmiş, ruhdan düşdüyüm, məni görmədiyini düşündüyüm anlarda Sən milyonlarla gözlə mənə baxırsanmış.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love