Page 1 of 2

Vaqe olur Qulunun otağında. Bir dənə miz və bir neçə səndəli.

Qulu (tək, səndəli üstə əyləşmiş, bikef). Görəsən, dünyada mənim kimi də eşşək adam olarmı?! İndi bu nə gündür mən çəkirəm? Bu nə ömürdür mən keçirdirəm, gecə-gündüz, vaxt-bivaxt, sərbaz kimi bu evlərin keşiyini çəkirəm... Genə dərd yarı olardı, hərgah gedəndə heç olmasa bir soruşaydı ki, Qulu, səndə pul varmı, ya yoxdurmu? Ancaq elə buyurmağı bilir: filan otağın kağızını dəyiş, filankəs gələcək, ona yüz manat ver, gələn qonaqları yaxşı yola sal. Elə buyurur, guya Vartansifət atası gedəndə mənə min manat pul verib gedib... Canım yığılıb boğazıma, az qalıb baş götürəm qaçam.

Laçın bəy, Cahangir bəy daxil olurlar.

Laçın bəy. A Qulu, balam, sənin bu ağan nə vaxt gələcək? Elə iş olardı ki, o bizim başımıza gətirdi?.. Bir ay bundan irəli o, gərək bizə nataryusda kağız verəydi, indi çıxıb gedib, müftə pul cibində, fors verməyinə... Heç yadına düşür ki, axır bu pulları mənə yetirən var... Belə haramzadəlik harada görünüb? Adınamı layiqdir belə işlər, elminəmi layiqdir?.. Axır adını abrazavannı qoyub, döşündə nişanı.

Qulu. Hələ bir əyləşin. Sizin ikinizin də canı üçün, hərgah bilsəniz ki, mənim özümü nə günə qoyub gedib. Təəccüb elərsiz. Dörd min manat borca düşmüşəm. Deyə də bilmirəm ki, elə buyurursan, heç bilmirsənmi ki, pul lazımdır... Elə bunu elə, onu elə... Ancaq buyurmağı bilir. Mən də qalmışam naçar.

Laçın bəy. Biz ona üç-dörd yüz min manatlıq iş gördük, bizə qızıl dağları vəd elədi, axırda belə. Amma özü ağalıqdan dəm vururdu. Mən ona deyəndə ki, bizim payımızı kupçi ilə ver, acıqlanırdı: “Genə deyirəm gədalıq lazım deyil, ağa ol, ağa!”. Özü yaxşı ağalıq elədi, maşallah... Elə bilir ki, qaçmaq ilə adamdan əl çəkərlər.

Qulu. Heç hara qaçmaz, arxayın ol və o pulları salamat eyə bilməyəcək, o qədər ki, nifrin ona olunur.

Cahangir bəy. Bizim bu abad olmuş şəhər elə yerdir ki, Aslan bəyi öldürəsən də buradan bir yana getməz. O qədər xam-xam, yumşaq qulaqlar var ki, nə qədər kefi istəsə, bir elə tapılacaq. Bizim kimi adamları ələ salan gör nə qiyamət edə bilər və eləyir.

Laçın bəy. Tanıyıram, yaxşı tanıyıram: mən onun dabbağda gönün tanıyıram... Onlar cəmi məqami-ehtiyacda küçük kimi quyruqların bulayıb, ayaq öpərlərdi. Ehtiyac keçdi, ağalıqdan dəm vururlar. Cəminin hərəkətləri olub yalan, büxl, şivə, müftəxorluq. Tamam ömürlərində bir gün-gecə halal zəhmət ilə qazanılmış tikə yeməyiblər. Sənətləri olub keçəpapaqlıq.

Əhməd, Paşa, Qurban və Cabbar bəy daxil olurlar.

Laçın bəy. Xa, xa, xa... Xa, xa, xa... Buyurun, buyurun... Ya Allah, əyləşin, bu saat Qulu Aslan bəy tərəfindən əsginazı qat-qat çıxardıb paylayacaq, Xa, xa, xa, xa, xa...

Cahangir bəy. Nahaq zəhmət çəkmisiz. Aslan bəy hələ gəlməyib.

Laçın bəy. Aslan bəy bu saat əyləşib bir böyük şəhərdə, “Qopartma” qışlağında, yavaş-yavaş xırıd eləyir. Ciblər dolu pul, fors... Qabağında da durmaq qeyri-mümkündür. Desyatini iki min manata göydə fırıldayır... Qopartma və qopartma!..

Qurban. Aaax, ax!.. Evi yıxılsın səbəbin!..

Paşa. Mənim Aslan bəy ilə işim yoxdur, mənim işim, bax bu Şeytan Qulu ilədir.

Qulu. Obada it az idi, biri də gəmi ilə gəldi... Mən ilən nə işin ola bilər, əzizim?

Paşa. Səkkiz yüz manatdan mənə verdin beş yüz, üç yüzü qaldı səndə. Yalvardın ki, bir on gündən sonra verərəm, on gün olub bir ay, sözün nədir? Ver, qardaş da!

Qulu. Mən dünyada çox qəribə adamlar görmüşəm, amma bunun kimi murdarına rast gəlməmişdim.

Paşa. Yalan deyirsən, gündə yüz yol gördüyün Aslan bəy, on il qulluq elədiyin ağan məndən çox-çox bihəyadır. Allahdan qorxmaz, insandan utanmaz.

Qulu. Heyvan oğlu heyvan! Nə cürət eləyirsən. (İstəyir vursun, Laçın bəy qoymur.)

Laçın bəy. Dava lazım deyil, əyri oturun, düz danışaq...

Paşa. Əhməd, nə durmusan qardaşım, nə üçün dinməyirsən? Bu bəylər öz haqlarına gec-tez çatacaqlar. Yıxılan evlər bizimdir, a bədbəxt.

Əhməd. Mən o gün bədbəxt olmuşam ki, düz yolu, haqq yolu qoyub düşmüşəm şeytan yoluna. Gecə yuxu mənə haram olub, gündüz rahatlıq. Peşman olub başıma döyə-döyə qalmışam... Ya haqq! Özün şahidsən ki, mən bu sözləri dürüst qəlbdən deyirəm, necə mən peşman olmayım ki, bu biçarələr göz yaşı tökürlər. (Cabbar bəyi, Qurbanı, Paşanı göstərir.)

Qulu. İndi gör iş nə məqama çatıbdır ki, Əhməd mollalıq iddiasına düşübdür... “Yata bilmirəm... Hay nə eləyim” Başdan-ayağa hamısı yalan!

Qurban bəy (acıqlı). Ay eyyy, kor məlun, sənin də danışmağa dilin var? Kəs səsini, kor şeytan!..

Laçın bəy (Cahangir bəyə). Komediya başlanır, görək axırı necə olacaq, sən danışma.

Əhməd. Xudaya! Tövbə, tövbə əstəğfürullah! Qələt eləmişəm, tövbə!.. Min kərə yalan deyib, and içib, din-imanı satıb bu kişinin evin tar-mar eləmişəm, el içində rüsvay! Təqsirimdən keç, xudaya!.. Aslan bəy müsəlman deyil, müsəlmanlıq nişanəsi bilmərrə onda tapılmaz. Müsəlman olan kəs özgə malın haram it qanı hesab elər... Cabbar bəy, ixtiyarın var məni öldürməyə, qardaşım!

Cabbar bəy. Səndə, qardaşım, təqsir yoxdur. Hər nə təqsir var, bu Cahangir bəydədir. Bu mənim evimi yıxdı, adını millətpərəst qoyub yurdumu tar-mar elədi. Allah bunun yurdunu tar-mar eləsin! Hər iki dünyada üzünü qara eləsin!

Cahangir bəy. Ev yıxanın evini Allah yıxsın, kişi!.. Vallah, billah, Aslan bəy məni inandırdı ki, o yerləri on beş manatdan artığa alan olmaz. Mən nə bilim ki, yerin qiyməti bir belə artacaq!

Qurban. Dərd deyəndə mənim dərdimdir. Kül mənim bu qocalmış başıma! Mənim də evimi yıxan bu kor məlun oldu. Allah bunu olmayan bəlaya salsın!.. “Axirətini axtar” deyə-deyə məni o günə saldı ki, camaat içinə çıxa bilmirəm, qohum-əqrəbadan utanıram. Hər kim məni görür, məzəmmət eləyir. Qorxudan evdən çölə çıxa bilmirəm, kor-peşman, başıma döyə-döyə qalmışam... Bir də, qardaşlarım, bu dağılmış ev məni başdan çıxardı: kim bilsin, dedim, bu zinət, dövlət sahibi, özü də müsəlman, adam aldatmaz... Bir çuxa ilə məni aldatdılar. (Quluya.) Bu məlun oğlu məlun!..

Qulu. Qoca, bəsdir! Çox da uzun eləmə! Yoxsa yaxşı olmaz!

Cabbar bəy (Quluya.). Qardaşım, görürsən alovlanıb yanırıq, zülm ərşə dayanıb, a kəmfürsət, birəhm, Allahsız tayfa, hələ diliniz də var danışmağa?!

Qurban. Aslan bəyin evlərinə baxırsan, şücaətə baxırsan, deyirsən ki, belə adam ömründə heç kimi aldatmayıb və aldatmaz. Kim bilsin ki, o büsatlar, o bəzək, o şücaət hamısı adam aldatmaqdan ötrüdür və bizim kimi avam, fəqir-füqəraların qulaqların kəsməkdən əmələ gəlibdir. Vay, Aslan bəy! Artıq sözüm yoxdur! Allah görüm səni görünməyən bəlaya salsın, balam! Mənim kimi əli qoynunda qalasan, balam! Həmişə xəcalət içində olasan, balam!.. Yandım töküldüm!..

Paşa. O xəcalət çəkən olsaydı, belə kəndirbazlıq eləməzdi. Həya elərdi, utanardı, Allahdan qorxardı. Qardaşlarım, nifrin tökməkdən, föhş eləməkdən iş aşmaz, dərdinizə dərman axtarın eviniz yıxılıbdır.

Cabbar bəy və Qurban. Dədəmizə od vurublar, ciyərimizi yandırıblar.

Əhməd. Aslan bəy vəd eləyib Laçın bəy altmış desyatin yer “Qopartma” qışlağından, Cahangir bəyə on desyatin yer bu kişinin (Cabbar bəyi göstərir) yerindən, mənə də iki min manat pul. Evi abad olsun. Mən istəmirəm. O pul it qanından haramdır.

Cabbar bəy. Əhməd, danışma! Danışma, başına dönüm, yoxsa bu saat ciyərim od tutub yanar!

Qurban. Qoy desin, qoy desin, iş aşkar olmaq gərək... Belə məlum olur ki, bunlar bir dəstə quldur-qaçaqdırlar... Vallahı gözünün içinə vuracağam gülləni. Bir sərçəcən ömrüm yoxdur, qoy hər nə istəyirlər mənlən eləsinlər...

Laçın bəy. Əhməd, sən ki, balam, şeytana papaq tikirsən, sən nə üçün avam danışırsan? Məgər bilmirsən ki, Aslan bəy öz işini müvafiqi-qayda görüb, gedib öz kefinin dalıncan? Sən nə üçün ortalıq qarışdırırsan?!

İmamqulu (daxil olub). Salam əleyküm. Nə çox qonağın var, a Qulu? Cənab Aslan bəy hələ təşrif gətirməyiblər? Bilmək istərdim ki, görək mənə kömək etmək üçün qurduğu fən, nə üçün axırı belə yaxşı çıxmadı?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Balaca mütəfərriqələr 28

– Salam əleyküm, ağa Dərviş! Oğlan, genə də ovqatını təlx, əhvalını pərişan görürəm. Yəqin isti səni bu halətə salıb...– İsti nədir, qeyri nədir, kərbəlayı, səhv etmə. Müsəlman qardaşlarımızın kəsaləti, camaat işinə kəmmeyl olmağı məni bu hala salıb. İctimai işdə özümüzü kənara çəkib insafın, vicdanın başından basıb, “bizə nə borc” – deyib sakit əyləşirik! Bu zəmanədə dünya işindən xəbərdar olan kəs deyə bilərmi ki, məndən ötdü, qonşuma dəydi, elə bildim ki, saman çuvalına dəydi. Bu gün qonşuna dəyən ox, sabahdan sənə dəyəcək, qardaşım.

19062 min
Balaca mütəfərriqələr 29

Dərvişin fəryadı**Biçarələr, dalında palan, başında mündəris börk, ya dəsmal, libası zibil içindən tapılmış, ömründə hamam görməyən, bir gün tox, bir gün ac, biçarə, bədbəxt, günü qara qardaşlarım!.. Halınız yadıma düşəndə ciyərim odlanır. Xaraba qalsın İran, necə ki qalıbdır. Vəzirləriniz əlimə düşsəydilər, sizləri qətrəbəqətrə düzərdim, qardaşlarım, ərz edərdim cənaba: buyuruz tamaşa ediz bu hala, bu ruzigara, biçarə, sərgərdan, köməksiz qardaşlar! Vətəninizdə insaf, vicdan, rəhm, mürüvvət, namus yox, millət tar-mar olub, vilayətiniz viran... Vüzərayi-İran! Çöküb dizlərim üstə, üzümü tutub xudavəndi-aləmin dərgahına dilisuzanidən hərdəm çıxan əfğanə tapşırıram sizi! Qorxun nalədən, bəd duadan? Eyş-işrətdə ömr keçirib axırı təşrif aparacaqsınız. O dünyada yeriniz məlum. Tarix tutacaq yaxanızdan, cavab istəyəcək, İranı viran qoyub, milləti zar, əli qoynunda, xanlıq etdiniz, nə verdiniz əvəzində? Cavabınız nə olacaq, əfəndilərim?..

19062 min
Balaca mütəfərriqələr 30

– Salam əleyküm, ağa Dərviş, əhvalın necədir, qardaş?– Əhvalım pərişandır, kərbəlayı, isti mənə çox əziyyət verir.

19062 min
Balaca mütəfərriqələr 31

Əvvəlinci kəndə getdi, vəssalam, şüd tamam. Dövlət duması buraxıldı. Hökm olundu buyuruz təşrif aparız, çox zəhmət çəkdiniz, kifayətdir, bürokratlar! Gözləriniz aydın olsun, bayramınız mübarək! Həmin su, həmin dibçək: çevir tatı, vur tatı.Atam oğlu, qardaşım! Vay halına, hər yetən təzədən oldu ağan. Yaxın gəldi, sal başını aşağa, qoy vursun qapazı. Olmaya-olmaya cavab qaytarsan. Divanbəyi gəldi, başla titrəməyə: “Belədir, ağa, sən buyurandı. Mən nəkarəyəm? Sənin ayağın biləni mənim başım da bilməz, doğru deyirsən, ağa!” Belə gərək olsun cavabın. “Gətir” desə, bilatəxir gəlsin meydana. Onsuz yaramaz, qardaşım! Nə etməli, fələyin üzü qara olsun. Naçalniyə rast gəldin, düş torpağa bir dilimə söylə: “Atam, anam, bacım, qardaşım, çolpa balalarım sənə qurban, a naçalnik. Ayaqlarının torpağına fəda olum, a naçalnik. Evim-eşiyim, mal-dövlətim sənə qurban a naçalnik”. Gətir desə, o saat gətir. Gecə gətirəsən ki, görən olmasın, dəxi məsləhətdir.

19062 min

Poems by other poets