Page 2 of 2 · 50%

Qurban. Pah, pah, pah!.. Görəsən, a Qulu, belə evdə olanın da dərdi varmı? Sən Allah, a Qulu, bircə de görüm, Aslan bəyin sənəti nədir? Bu qədər dövlət olar ki, bunun var?

Qulu. Aslan bəyin dövlətinin nə sanı var, nə hesabı. Sənə mən elə bir put lülə qızıl göstərə billəm, bir çanaq ləl-cəvahir. Hansını deyim ki, sən başa düşə biləsən?

Qurban. Dövlət olmasa, canım, bu büsat haradan ola bilər? Əlbəttə var ki, kişi dəsgah açıbdır da.

Aslan bəy (daxil olub). Otur, kişi, otur. Hm... Evlər xoşuna gəlirmi? Sizin kənddə də belə işlər varmı?

Qurban. Belə işləri biz dərviş nağılında eşitmişik... Allah dəxi də artıq eləsin, a bəy.

Aslan bəy. Neçə yaşın var, qoca?

Qurban. Çoxdur, başına dönüm. Olar bir doxsan yaşım... Mən balaca uşaqdım, yeriyib-yüyürən, nəstə, adı nədir, gələndə...

Aslan bəy. Sən bilmirsən, kişi. Sənin nə qədər artıq olsa, əlli-altmışdan yuxarı deyil. Gələsən, kişi, səni mən göndərim Xorasana, ya Kərbəlaya... Get ağalarını ziyarət elə. Ömrə ümid yoxdur.

Qurban. Allah qoysa gedəcəyəm. Elə işlərimi qurtardım, dəxi burada qalmayacağam, gərək siz kömək edəsiz... Bu kağızlara baxsanız, bilərsiz mənim dərdim nədir.

Aslan bəy kağızları alıb oxuyur.

Qulu. Məsləhətə xəyanət yoxdur. Qoca, bu saat sənə heç bir şey lazım deyil, məgərinki axirət... Özündən sonra varislərə bir şey qoysan, goruna gündə min kərə söyməkdən savay sənin bir xeyrin olmayacaq. Yaxşısı o deyilmi ki, yerlərini satıb, nəqd pul eləyib gedəsən ziyarətə, ovdan tikdirəsən, məscid bina edəsən, fəqir-füqəraya əl yetirəsən?!

Qurban. Elə Laçın bəy də mənə belə məsləhət gördü.

Qulu. Bu dünya puç dünyadır, ağlı olan gərək axirətin axtarsın. Ələlxüsus ki, ömür az qalanda.

Aslan bəy. Qoca, mən sənə bir aşkar söz deyim. Sənin bu yer işin elə işdir ki, sən özün iyirmi ilə təmizləyə bilməzsən. Çox qocalmısan, vaxt gözləməz. Yaxşısı odur ki, sən o yerləri satasan, başdan ola. Hərçənd mənim özümə yer lazım deyil, çünki yerim çoxdur, amma sənə mən adam göstərim, o sənin yerini alar və yaxşı da qiymət verər.

Qulu. Ağa, Allah xatirinə, bir yol bu kişi sizi deyib gəlibdir, hər nə eləyirsiniz, özünüz eləyin, bunu bir də özgə qapısına göndərməyin.

Aslan bəy. Axır mən alım neyləyim? Sən bilirsən ki, yer barəsində mən özüm də təngə gəlmişəm.

Qurban. Beyt haqqı, a bəy, o yerdə qır nə qədər desən tapılır. Bir az qazırsan, torpaqdan neft iyi gəlir. Ovcuna alıb sıxırsan, neft damcılayır.

Qulu. Ağa, siz bu işdən heç boyun qaçırmayın. Rüsxət verin, mən bu kişini aparım Cahangir bəyin yanına, bu onu vəkil eləsin. Bu yeri, zərər də olsa qəbul eləyin. Kişi də yazıqdır, özgə adamın əlinə düşər, alladarlar.

Qurban. Mən bir yol bu işi vermişəm bəyə. Bundan sonra mənim vəkilim odur. Hər nə tövr istəyir eləsin. Mən bəyin atasın da tanıyıram. Allah oğlanların saxlasın, yaxşı kişidir.

Aslan bəy. Vəkalətnamədən irəli, a Qulu, qocanı apar hamama. Buna bir dəst libas da al, üstün-başın düzəlt; yoxsa bunu bu tövr libasda adam içinə çıxarmaq olmaz. Sonra mən işə əncam çəkərəm.

Qulu. Qoca, dur gedək. Allah özü birliyi xatırına Aslan bəyin ömrün uzun eləsin, dəxi işin qurtardı; bəxtin çəkdi... Aslan bəy ki, söz verdi, işin bitdi. Dur gedək.

Qurban. Qurban olum sənə, a bəy, elə olsun ki, bu işdə sonra peşmançılıq çıxmasın.

Aslan bəy. Xa, xa, xa!.. Qocanın fikrinə gör nə gəlir! Kişi, dünyada mənim nə ehtiyacım var ki, bir sənin kimi qocaya mənim köməyim lazım ola, mən də ona xəyanət edim?

Qulu. Qoca, dəxi bəsdir, artıq otursan, qorxuram sarsaqlayasan. Dur ayağa. Dur, dur gedək.

Qurban. Müraxxəs olum... Bağışlayın, başağrısı verdim.

Aslan bəy. Qoca, al bu yüz manatı qoy cibinə, ürəyin buz kimi olsun. A Qulu, yəqin qocanın düşməyə yeri yoxdur, saxla yanında. Cahangir bəyi də göndər buraya... Qoca, məndən razı oldun ki?

Qurban. Nə tövr, nə tövr məgər!.. Allah səndən razı olsun! Allah oğlunu saxlasın!

Aslan bəy. Razılığı iş tamam olandan sonra edərsən, indi gedin.

Qulu və Qurban gedirlər.

Aslan bəy (tək). Qoca iş tamam oluncan qulluğunuzda pakizə dustaqdır.

Несомненно нефтеносные земли. Все признаки ясно указывают. Пятьсот десятин! Каждая по тысяче, по две тысячи рублей. Да... а... Теперь можно купить имение Николая Алексеевича. О... о... о... я знаю что тогда сделаю. Замок в мавританском вкусе, кругом высокие башни среди леса, парк, зверинец, экипажи всех видов, гости, ландо, гуляние, хохот...

Zəng vurulur. Qulu daxil olur.

Qulu. İmamqulu bəy gəlibdir.

Aslan bəy. Buyursun. Qulu, bəri bax, Cahangir bəy vəkalətnaməni alan kimi, bir buraya təşrif gətirsin və işi tamam oluncan qocanı əldən buraxmazsan. Başa düşdünmü? Qoymazsan bir kəs ona yaxın gələ. Öyrədərlər...

Qulu. Xeyr a!.. Arxayın olun. Qoca elə kəməndə keçməyibdir ki, qurtara bilsin. (Qulu gedir.)

İmamqulu bəy (daxil olub). Salam əleyküm.

Aslan bəy. Əleykümsalam, buyurun əyləşin.

İmamqulu bəy. Planları gətirmişəm, buyurun baxın.

Aslan bəy. (planlara baxıb) – Amma çox yermiş, İmamqulu bəy, Allah dəxi də artıq eləsin, nəcib övladsınız. Heç bu yerdən satmısınızmı?

İmamqulu bəy. Hələ bir desyatin də satmamışam, amma indi istəyirəm yavaş-yavaş satam, hərgah müştəri olsa.

Aslan bəy. Bilirsiz, əzizim, nə var? Belə işlərdə oyun lazımdır: “iqra”, yəni fən... Gərək elə fən qurasan ki, yerin qiyməti artsın. Sizə də elə o lazımdır.

İmamqulu bəy. O işləri siz bilirsiz. Nə tövr buyurarsız, mən də elə rəftar elərəm.

Aslan bəy. Bir üç ay bundan irəli Xudaverdi bəydən mən aldım on desyatin yer, üç yüz manatdan desyatini, amma kupçidə yazıldı səkkiz yüz. Bu sevdadan sonra Xudaverdi bəy əməlli-başlı alış-veriş elyir. Səkkiz yüzdən, doqquz yüzdən indiyə kimi əlli-altmış desyatin də yer satıb. Mən çox şadam. Elə filankəs bu yerdən alıb deyin, müştərilər aman vermirlər. Amma öz aramızdır, mən ölüm, əgər bu sözü ağzından qaçırdasan. Yer ümidsiz yerdir. Belə fənnə biz “oyun” deyirik, “birjevaya iqra”.

İmamqulu bəy. Hərgah xahiş eləsəz, mən də sizə elə o qayda ilə sataram bir iyirmi desyatin.

Aslan bəy. Nə qədər çox olsa, oyundan ötrü bir elə artıq əsər elər. İndi ki siz iyirmi desyatin deyirsiz, eybi yoxdur, qoy iyirmi olsun.

İmamqulu bəy. Axşam buyurarsız nataryusxanaya.

Aslan bəy. Çox pakizə.

İmamqulu bəy. Hələ ki xudahafiz.

Aslan bəy. Xoş gəldiniz. Saat yeddidə... Allah qoysa sizi Parisə aparacağam, vıstavkaya, İmamqulu bəy. Çox qəribə işlər olacaq orada, günahdır getməmək.

İmamqulu bəy (təbəssüm ilə). Bəli, Allah qoysa gedərik, inşallah. (Gedir)

Aslan bəy (tək). Как это чудно, как это мило. Вчера представитель общества “Темное царство” милейший Моисей Израилович просто меня умолял купить для них 20 десятин этой самой земли. Готовы заплатить за десятину 2000 рублей. 300 долой – 1700 х 20 = 34000 руб. А сегодня меня просит купить сам владелец. 34000. Шутка сказать! Это не то что мазут воровать, да на Баилов отправляться. Спасоб приобретения – самый законнейший. Сейчас же к Моисею... Тысяч 10 задатка и дело в шляпе.

Fışdılıq çala-çala gedir.

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Balaca mütəfərriqələr 49

...Atam, mən kərrat ilə özümə söz verirəm ki, bundan sonra bir kəsin fikrinə qalmayım, çünki deyirəm belə fikirlərdən bir şey çıxmır. Amma nə edəsən ki, olmur, yenə başlayıram fikri.Deyirlər: el dərdinə ağlayanın gözlərinə qan damar... Bu məsələ doğru da olsa, mən yenə fikir etməməyi bacarmıram... Necə fikir etməyim ki, mənim uşaqlarım var. Gələcəkdə onlarla nə faciələr, nə müsibətlər ola bilər? Bu sual məni dərin fikirlərə salır. Oluram bədxab, özüm də yata bilmirəm. Gah gücü dağa aparıram, gah dağdan endirirəm. Nə qədər fikir edirəm, işin axırını yaman görürəm. Cəmi tayfa elmdə, ticarətdə irəli gediblər, mənim övladım isə qalıb geridə. Heç ümid yoxdur ki, onlar da karvana yetişsinlər. Fikir edib qalıram başıma döyə-döyə. O qədər fikir edirəm ki, axırda görürəm guya bədənim yoxdur. Sonra başlayıram özümə təsəlli verməyə. Xəyalıma bir nağıl gəlir: keçənlərdə, bir gün dənizdən bir pəncə görünür imiş. Bu əhvalatı hakimi-vilayətə xəbər verirlər. Ondan sonra başlayırlar pəncəyə tüfəng, top atmağa, amma pəncə dayanır. Tüfəng, top isə pəncəyə əsla əsər etmir. “Bu nə əlamətdir” – deyib camaat həyəcana gəlir. Bir gün bir şəxs dəniz kənarına gəlib iki barmağını pəncəyə tərəf qaldırır, haman dəqiqə pəncə yox olur. Bu xəbər çatır hakimə, o da hökm edir ki, o şəxs gəlsin onun yanına, görək bu necə işdir. O şəxs gəlib hakimə ərz edir ki, o pəncənin fikri bunu qandırmaqdır ki, əgər beş adam camaat işində birləşsə, hər bir şəhərimizin işinə də əncam edə bilərlər. Mən ona cavab verdim ki, iki nəfər də dost olsa kifayətdir. Pəncə mənim fikrimi qəbul edib yox oldu...

19112 min
Balaca mütəfərriqələr 50

Məndən sual edirlər: nə əcəb neçə vaxtdır ki, nə yazmıram, nə danışmıram?Qardaşlarım! Yazmağa qolum yorulub, danışmağa dilim bağlanıb. Əhvalım pərişan, ciyərim şan-şan... Necə ki qanadı sınmış quş uçmağa qadir olmuyub, yerdə tək qanad döyüb sürünər, necə ki, beli əzilmiş, başını gah sağa, gah sola çırpar, mənim də halətim o cürə olubdur... Hal-hazırımızı xəyala gətirib başımı gah sağ dizim üstə, gah sol dizim üstə qoyuram, zor verirəm ağlamağa və keçən babalarımıza yaman deməyə... Lənət oxuyuram o rəislərimizə ki camaatı cəhalətdə, avamlıqda saxlayıb, “dünya beş gündür, beşi də qara” – deyib, ancaq eyş-işrətə məşğul oldular... Necə heyvanlıq, necə bədbəxt halət!.. Rəisimizə baxınız, ruhanilərimizə baxınız... Əlim yorulmuş, dilim bağlı, nə deyim?.. Bircə dəfə, bağışlayınız, bir evdə bir cənaba rast gəldim (keçən vaxtın əhvalatıdır).

19111 min
Balaca mütəfərriqələr 51

...İnsan, kərbəlayı, ömr edib qocaldıqca keçən səhvləri yad-bud edib, çox vaxt öz-özünü məzəmmət edir. Deyir: kaş filan, filan işləri görməyeydim. Filan, filan əməlləri etməyeydim... Buna nə deyirlər, kərbəlayı! “Daldan atılan daş topuğa dəyər!”. Səhvsiz insan olmaz, doğrudur. Amma iş onun qədərindədir. Şəkk yoxdur ki, nə qədər insanın ev tərbiyəsi layiqincə, elm yolu ilə olsa, bir o qədər onun səhvi az olar. Ona görə də ömrünü asudə, xoş, bafayda aparar. Vay o şəxsin övladının halına ki özü cəhalətdə qalıb, ev tərbiyəsinin, elmin faydasını qanmayıb, övladını qaranlıqda qoyub, o dünyaya apara... Belə fərmayiş edirlər: “Keçən günə gün çatmaz, calasan günü günə”. Bilirsən, kərbəlayı, bu sözləri kimlər oxuyur? Zəhmətsiz, bişüur ömürlərini keçirib, çətin günlərə çatmışlar. Bu sözləri mən özgə cür oxuyuram: “Keçən gündən veyl gün olmaz, toplasan babalarımızı bir yerə”. Babalarımızın fikri olub yeyib-yatmaq və bolluca arvad almaq, xoruz, qoç döyüşdürmək, dərviş nağılına qulaq asmaq, ilan oynadanlara tamaşa etmək və belə bivec, layənşüur ömrün adını qoyublar “keçən günə gün çatmaz...” Hay, hay!.. Kərbəlayı, övlada atanın qabiliyyəti çatar, atanın xasiyyəti və hər bir yaman, yaxşı sifətləri.“Aqibət gürgzadə gürg şəvəd,

19112 min
Balaca mütəfərriqələr 52

Nə xoş günlər idi, nə gözəl ruzigar idi! Libas ağ, saçlarım qıvrım, bir əlimdə təbərzin, bir əlimdə kəşkül girirdim meydana...– Mövlayi-mən!

19141 min

Poems by other poets