Çənə söhbəti
Qapılar bağlanır, gecə yarıdır,
Gəzir pəncərəmin qabağında ay.
Bu ay qaranlığı sorub əridir;
Buludlar dağılır uzaqda lay-lay,
Gəzir pəncərəmin qabağında ay.
Sevgilim yanımda yatır baş-başa,
Uzanır ortada çənə söhbəti.
Onun hər zamankı xoş təbiəti
Deyir: mehriban ol, mehriban yaşa,
Sevgilim yanımda yatır baş-başa.
- Doğru demişlər ki, qızların nazı
Onların eşqindən uzun olurmuş.
Yolunda illərcə süründüm azı,
Get-gəli sevməyir bizim quruluş... - Qınama qızları, bu ehtiyatdır,
Dünyada tez qızan, tez də soyuyur.
Məhəbbət özü də canlı həyatdır,
Onun varlığını yaşayan duyur;
Dünyada tez qızan, tez də soyuyur. - Xayır! Məhəbbətin gözü kor olur.
Onda nə ehtiyat, nə imtahan var.
Sevməyin hissi ki, ürəyə dolur
O bəzən güldürür, büzən ağladır,
Onda nə ehtiyat, nə imtahan var. - Bu sözdə doğruluq olsa da qismən,
Yenə də fikrinə qol çəkmirəm mən.
Ömür-gün sevdası deyildir asan,
Çox gözəl olsa da zahirən insan,
Yenə də ortada imtahan gərək.
Yoxsa ki, gündə bir eşqə gələrək
Hər ötən yolçuya könül bağlamaq.
Sonra da ardınca baxıb ağlamaq
Əskiklik gətirər hər insana, bil!
Nə erkək, nə qadın əyləncə deyil.
Bir parça söyləyim misal üçün mən
Həyatda gördüyüm bir faciədən:
Yaşıl təpələrdə izlər buraxan,
Yel kimi kükrəyib, su kimi axan
Qeydsiz bir könül, azad bir könül,
Ətirli bir çiçək ətirli bir gül
Gündə boy atardı günəşə qarşı;
Onun kaman kimi əyilmiş qaşı,
Durna baxışları, şirin söhbəti,
O gözəl xilqətin xoş təbiəti
Gəzib dolaşırdi ağızda, dildə;
"Xuraman" dedikcə ağız da, dil də
Gözəllik dadardı bu adda insan!
Bir nur tökülərdi baxışlarından.
Xuraman sevərdi ay işığını,
Xilqətin o gözəl yaraşığını;
Baxıb saatlarca mahtaba sarı,
Uçardı göylərə zil baxışları.
Bir su kənarında göyərən otlar,
Göydə məclis qurub duran buludlar
Bir qaya, bir təpə, bir dağ, bir dərə,
Xəyalı güldürən bir xoş mənzərə
Onun diqqətini tutardı həmən.
"Of...Sənin eşqindən divanəyəm mən"
Deyən, bir insana uydu zavallı
O şair könüllü, rəssam xəyallı.
Xuraman izlədi, öz arzusunu,
Ondan çəkinmədi illər uzunu;
O qoşdu şəhərə oxusun deyə,
Ömrünü sənətə verdi hədiyyə.
Yazıq! Zəhərlədi o gözəl qızı
Həyatın pozulmuş bir əxlaqsızı.
"Mən sənin eşqinlə, əziz Xuraman,
Xəstə uşaq kimi inlərəm hər an", -
Deyən bir alçağa! uydu zavallı,
O rəssam duyğulu, şair xəyallı,
O dağlar gözəli Xuramancığaz.
Birinci görüşdən keçməmiş bir az
Onlar evləndilər, fəqət faciə
Bununla qurtarıb bitməyir yenə.
Xuraman bir axşam evində yalnız,
Çəkdiyi lövhələr qarşısında qız
Dalıb düşünərkən yoldaşı birdən:
"Xuraman, qalmamış o məhəbbətim,
Getdi etibarım, getdi hörmətim,
Nə incə sənətin, nə də bədənin,
Nə də ki, o durna gözlərin sənin
Artıq güldürməyir, açmayır məni,
Bağışla, saxladım yolundan səni.
Xuraman yerində daş kimi donur,
Xəyalı çırpınıb, dağlara qonur,
Orda maral kimi boynunu bükür,
Qumral gözlərinə qaranlıq çökür...
"Əvət, təbiətim hər zaman dönür,
Könül bir oddur ki, yandıqca sönür...
Məndə nə irada, nə ixtiyar var;
Xəyalım ölçüsüz bir dəli ruzgar,
Köçəri quş kimi hər yerə qoşar,
Harda axşamlasa, orda da yaşar.
Onun başqa donlu bir xilqəti var,
Hər zaman dəyişən təbiəti var.
Səadət, ailə, sevgi əbəsdir –
Dünya dedikləri bir quru səsdir..."
O gündən yaşadı Xuraman yalqız,
Dünya gözlərində günəşsiz, aysız
Bir qaranlıq kimi boğurdu onu,
Yaxşı gətirmədi ömrünün sonu;
Dağlardan aldığı vüqarı qızın
Çəkmədi zülmünü bir əxlaqsızın.
Dəyişdi günbəgün qızcığın halı,
Pozuldu gördüyüm o gül camalı.
Pozuldu ömrümün ağ gün dəftəri
Qızlığı əllərdə gedəndən bəri.
Bir axşam ah çəkib asdı özünü,
Həyata, hər şeyə yumdu gözünü
Deyən sevgilimin sinəsi qalxdı,
Elə bil üstündə ildırım çaxdı.
Süzüldü göz yaşı kirpiklərindən,
Çəkib nəfəsini aldı dərindən.
Sevgilim yanımda yatır baş-başa,
Uzanır ortada çənə söhbəti;
Onun hər zamankı xoş təbiəti
Deyir: melıriban ol, mehriban yaşa!
Sevgilim yanımda yatır baş-başa...
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-cene-sohbeti
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Məndən — səndən
Nazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Dadıma mənimÇox şükürlər olsun şahlar şahma,Yetişdi bu halda dadıma mənim.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri