Qızıl şahinlər
Tərlan kimi qıy vuraraq buludlardan-buludlara,Uçub gedir şahinlərim dumanları yara-yara.Göyün qəlbi titrədikcə propellerin nərəsindən,Ana torpaq qüvvət alır igidlərin mərd səsindən.Açır qızıl şahinlərim göy üzündə qanadını,Yazır mavi üfüqlərə ana yurdun mərd adını.Qızıl pilot yaxşı bilir indi zaman nə zamandır,İndi tarix göstərəcək hansı oğul qəhrəmandır.Uçun, qızıl şahinlərim! Siz uçduqca hey ucalın,Quzğunların qanadını bir vuruşda yerə salın!Uçun, qızıl şahinlərim! Göylər olsun məskəniniz!Arxanızca göz dikmişdir sizin böyük Vətəniniz.Uçun düşmən torpağına, şəfəq kimi axın, keçin.Buludlardan-buludlara şimşək kimi çaxın, keçin!Qoy boğulsun göy üzündə düşmənlərin təyyarəsi,Quduz dişli Hitlerin də öz içində batsın səsi.Aslanların, pələnglərin ovlağıdır mənim yurdum.Ana Vətən, döşlərindən süd əmmişdir Qızıl Ordum.Gəlmə mənim göylərimə, qara bulud, çəkil geri!Qaniçici faşistlərin məzarlıqdır yalnız yeri.Yaxın gəlmə, qarı düşmən! Döyüşlərdə boy atdım mən.Ayaq basma torpağıma, od parıldar nəfəsimdən.Uçun, qızıl şahinlərim! Göylər olsun məskəniniz!Arxanızca göz dikmişdir sizin böyük Vətəniniz!..
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-qizil-sahinler
Use ← → keys to move, R for a random poem