Qədim kənd yolları çağıra məni,Yollar dəlisitək yeriyəm gedəm.Qışda cığırlara yağam qar kimi,Yazın günəşitək əriyəm gedəm.

Dəli şimşəklərin düşəm oynuna,Qollarım dolana qartal boynuna,Çən kimi çəkiləm dağlar qoynuna,Nəmli ətəyimi sürüyəm gedəm.

Arı bələdçidi çəmən yolunda,Beşik ilk addımdı kəfən yolunda,Ölüb şəhid olam Vətən yolunda,Qara torpağında çürüyəm gedəm.

2003, 5 aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland