Zəlimxan Yaqub

Sənsiz Kəlbəcərdə darıxmazmı saz,Yatma, bu yastıqdan dur, Dədə Şəmşir.Ellər məclisinə bərəkət kimiYağsın sifətindən nur, Dədə Şəmşir.

Aşıq Şəmşir

Dürlü sözün nələr saldı yadıma,Düşdü xəyalıma hara, Zəlimxan.Ata övladına həsrət qalımı,Sənətkarı axtar, ara, Zəlimxan.

Zəlimxan Yaqub

Gümüşü tellərə çəkilsin sığal,Ruhuma naxışdı hər vurulan xal.Ömrün doxsanında “Qəhrəmanı” çal,Desinlər eşqinə kür, Dədə Şəmşir.

Aşıq Şəmşir

Sığallı tellərə nə lazım sığal,Fəhmimdə fərasət, başımda kamal.Bir “Cəngi” oxuyum, eşit, ləzzət al,Səs yayılsın o dağlara, Zəlimxan.

Zəlimxan Yaqub

Gör nələr yetirib bu ana torpaq,Atalar kök olub, oğullar budaq.Qurbanın əliylə çatılan ocaqGur olsun, daha da gur, Dədə Şəmşir.

Aşıq Şəmşir

Vuraq təzənəni, tel budu, dostum,Duraq xidmətində, el budu, dostum.Qurbanın qoyduğu yol budu, dostum,Rəhmət böyük sənətkara, Zəlimxan.

Zəlimxan Yaqub

Gəl qoyma cavabsız sual-sorğunu,Etmə Zəlimxanı illər yorğunu.Ceyran bulağından soruş Vurğunu,Məclisi təzədən qur, Dədə Şəmşir.

Aşıq Şəmşir

Fikir ver Şəmşirin çəkdiyi aha,Söz ağır getməsin qadir Allaha.Vurğunu çağırmaq çətindir daha,Qövr edir sinəmdə yara, Zəlimxan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets