Bir millətdi, bir torpaqdı, bir Vətən,O tay nədir, bu tay nədir, İlahi?!Hər tərəfə pay veriblər həsrəti,O pay nədir, bu pay nədir, İlahi?!

Eyni bağdı, eyni bağça, eyni bar,Eyni sazdı, eyni kaman, eyni tar.Ortalıqda dəmir hasar, lay divar,O lay nədir, bu lay nədir, İlahi?!

Üstümüzdən acı yeltək əsən kim?Kəsilən biz, kəsdirən kim, kəsən kim?Aman qardaş, de, mən kiməm, de, sən kim?O hay nədir, bu hay nədir, İlahi?!

Millətə bax, dəmir tordan boylanır,Diri evdən, ölü gordan boylanır.Yeddi burdan, yetmiş ordan boylanır,O say nədir, bu say nədir, İlahi?!

Hansı başdı, hansı bədən bilinməz,Paralansa varmı vətən, bilinməz.Orda ölən, burda itən bilinməz,O vay nədir, bu vay nədir, İlahi?!

Bay olmasın, qarı düşmən bay oldu,Çox ömürlər nisgillərə pay oldu.İki yanda göz yaşımız çay oldu,O çay nədir, bu çay nədir, İlahi?!

Bu söhbəti ortalığa kim salıb?Bu həsrəti ortalığa kim salıb?Bu zilləti ortalığa kim salıb?O tay nədir, bu tay nədir, İlahi?!O dərd nədir, bu dərd nədir, İlahi?!

1992, iyul Təbriz

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland