Türk dünyasının böyük şairi Nəcib FazilQısakürəyin ruhuna ulu sevgilərlə

Gözəllik

Allahım! Gözümü tox, ürəyimi ac eylə,Sən məni gözəlliyə həmişə möhtac eylə.

Ruh

Allah, vaxtsız ayırma bizdən müqəddəs ruhu,Qoru, necə qorudun tufan içində Nuhu.

Həyat sevgisi

Kim sevirsə həyatı, yeri, göyü, varlığı,Qırx arşın quyuda da olmaz onun darlığı.

Beşik – tabut

İlkim ağacdan beşik, sonum ağacdan tabut,Kim yırğalar beşiyi, kim qaldırar tabutu.

Qurtuluş

Ürək hər addımbaşı ağır bir dərdə tuşdu,Ölüm insan oğluna ən gözəl qurtuluşdu.

Bircə saniyə

Fani dedik dünyaya, bel bağlama faniyə,Yüz il yaşasan belə, ölüm bircə saniyə.

Ömrün axşamı

Səhər pəncərəni aç, axşam qapını bağla,Axşamı gələn ömrə, bir dəsmal götür ağla!

Sərgi

Bu dünya başdan-başa tamaşadı, sərgidi,Dünyaya gələnlərin hamısı gedərgidi.

Qılınc – balınc

Başımızın altına qoyulan balınca bax,Başımızın üstündə yellənən qılınca bax.

Başçı

Başçıda baş olanda baxtımıza gün düşər,Başçı başsız olanda baxtımız düyün düşər.

Vaxt

Nə yıxılana baxır, nə yerindən qalxana,Zaman axır sulartək hey çalxana-çalxana!

Anlamaq

Vaxtında anlasaydıq nədir xeyir-şərimiz,Yerin bir tərəfini əyərdi ləngərimiz.

Kitab

Dünya qədim bir kitab, oxunur varaq-varaq,Onu kim qurtardı ki, biz oxuyaq qurtaraq.

Quran

Bir kitab oxuyuram, ucadı hər kitabdan,Allah, məni ayırma bu şirin iztirabdan!

Nə qədər ki...

Nə qədər ki, insanın gözündən axan su var,Nə qəlbin rahatlığı, nə gözün yuxusu var!

Şam

Könül, əgər bənzəməsən pərvanəyə, ya şama,Çırp özünü qayalara, öl, dünyada yaşama!

Canlı – cansız

Dünyaya canlı gələn dünyadan cansız gedər,İnamı olmayan kəs dinsiz-imansız gedər!

Kişi – nakişi

Zəlzələ də tərpətməz nakişinin tükünü,Ancaq kişilər çəkər bu dünyanın yükünü.

İlk günahkar

Həsrət qalıb Cənnətə buğda yeyəndən bəri,İlk günahkar kim olub, haqqın ilk peyğəmbəri!

Tarix

Ahdı burulub çıxan tüstülü bacalardan,Nələr gördü bu tarix, soruşun qocalardan.

Ayaqlar

Ayaqları olan kəs yerində saya bilməz,Ayaqsızlar sürünər, fərli yaşaya bilməz.

Qırışlar

Yorulub, yola salıb payızları, qışları,Anamın alnındakı zamanın qırışları.

Ziyarət

Qurban olum Məkkəyə, məndən incimə qəti,Anamın ayaqları başımın ziyarəti.

Ər – səngər

Xalqın ümid qaynağı ər oğlu ərdən gələr,Döyüş vaxtı kişinin səsi səngərdən gələr.

Vaxt

Yaman aldı üstümü, yaman yerdə təklədi,Mən vaxtı tutammadım, vaxt məni ətəklədi.

Yaxşı ki...

Allah! Allah! Nə qədər yalançı qəhrəman var,Yaxşı ki, hər əməlin son hakimi zaman var.

Duya bilməz

Yıxdı xalqın evini yalançılar, saxtalar,Milləti duya bilməz qəlbi, ruhu taxtalar.

Böyük məqsəd

Olsa da şəhidimiz, qalsa da şikəstimiz,Cəmiyyətin boynunu düzəltməkdi qəsdimiz.

Əsir – həsir

Kim qarnının quludu, kim nəfsinin əsiri,Küçələrin tozudu, ayaqların həsiri.

Daş-baş

Atılan daşlara bax, heyfini başdan çıxır,Yarılan başlara bax, qisməti daşdan çıxır.

Faciə

Xalqa üz qaralığı insana təhqir, ləkə,Millətin faciəsi köləlik, müstəmləkə.

Xəzinələr – dəfinələr

Yatır torpaq altında xəzinələr, dəfnələr,Allah tək insanı yox, xəznəni də dəf eylər.

Talançılıq

Ruhumuz, varlığımız, torpağımız talandı,Biz Allahı çağırdıq, o qaçdı daldalandı.

Sıxıntı

Tale insan oğlunu hər gün sıxasıxdadı,Həzrəti-İsa kimi hərə bir çarmıxdadı.

Qiyamət

İtilənib qılınclar, hazırlanıb tilovlar,Qiyamət qopa bilər səngiməsə alovlar.

Sual

Görəsən bu milləti dartıb hara çəkirik?Dardan xilas edirik, yoxsa dara çəkirik?

Dünən – bu gün

Dünənki faciəmiz gur alqışlar, çəpiklər,Bugünkü faciəmiz fışqırıqlar, təpiklər.

Dua

Göy əsgiyə bürünüb ömürləri, günləri,Allah, özün razı sal taledən küskünləri.

Torpaq

Nəfəs candan üzülüb, ruh çıxanda bədəndən,Əbədi vətən üçün ayrılırsan vətəndən.

Heç nə əbədi deyil

Əbədi qalan deyil nə saraylar, nə damlar,Hərdənbir yerə baxsın göylə gedən adamlar.

Qeyrət

Qeyrət elə şeydi ki, qanadı var, canı var,Önündə Çin səddi çək, aşmağa imkanı var.

Dəllal

Elə ki, ağırlaşır, çətin olur halları,Xalqı alverə çəkir siyasət dəllalları.

Bacarmaz

Bacarar krallığı, sultanlığı, şahlığı,Bəndə yaranan insan bacarmaz allahlığı.

Səs gəlir

Qulaq ver qəbirlərə, səs gəlir dədələrdən:“Heyifdi, insanlığı qoruyun zədələrdən”!

Sevgi

Sevgidən mayalanır qəlbin, gözün toxluğu,Dünyaya sevgiylə bax, var eyləsin yoxluğu.

Söz

Söz kəsdim, söz doğradım, sözdən tutdum şələmi,Tanrının özü yonub mən tutduğum qələmi.

Ulu söz

Dahilər ulu sözün səcdəsinə gəldilər,Peyğəmbər məqamına söz ilə yüksəldilər.

Adi – dahi

Yaranan var – adidi, doğulan var – dahidi,Biz kimik? Hər qisməti göndərən ilahidi.

Pislik – hərislik

İnsanın insan üçün yamanlığı, pisliyi,Pula, vara, dövlətə, şöhrətə hərisliyi.

Keçər

Başımızın üstündən həftələr, aylar keçər,Qəbrin qaşına doğru bizi haraylar keçər.

Göz yaşı

Yanağımı göz yaşı, qəlbimi qəm izlədi,Ağladım, günahımı göz yaşım təmizlədi.

Günah

Göylərə bülənd olub tüstüləri, ahları,Qat-qat çoxdu savabdan insanın günahları.

Vay o gündən

Vay o gündən, haqlı dura, haqsız olanlar danışa,Haqqın gözü baxa-baxa xalqa yalanlar danışa.

Dərs

Kim xalqa qənim olub görsə işin tərsini,Vaxtın geci-tezi var, tarix verər dərsini.

Ovçu

Ovçunun ürəyinə şikar düşər, ov düşər,Ov bərəyə gəlincə saçlara qrov düşər.

Nəfs

Bir günü azad olsa, beş günü əngəldədi,Nəfsə nökər olanın boğazı çəngəldədi.

Allah – din

Son gündə eşq Allahım, məhəbbət dinim olsun,Bir “Ruhani” havası mənim Yasinim olsun.

Niyə

Niyə tutqunsan, gözəl, qəlbin niyə qəm çəkib?Sənin ki qaşlarına ilahi qələm çəkib.

Nə vaxt

Dünya nə vaxt dağılır? Nahaq haqqı dananda,Oğruların sözünə doğrular inananda.

İşıq – yaraşıq

Bizi məhrum eyləsə günəş boyda işıqdan,Göy üzü göydən düşər, yer üzü yaraşıqdan.

Şair eşqi

Şeirimin atəşiylə əritmişəm buzları,Göylərdən çiçək kimi dərmişəm ulduzları.

Kərbəla

Bizi tapır Allahın hər dərdi, hər bəlası,Hər kəndin bir çölü var, hər çölün Kərbəlası.

Allah adamı

Yaxın qoymaz qeybəti gözü-könlü durular,Yerə baxar sevinər, göyə baxar vurular.

Tanrı payı

Tanrı payı olmasa mərdlik, qətiyyət, vüqar,Nə Əlidən ər olar, nə qılıncdan Zülfüqar.

Muğamlar, şikəstələr

Elin bağrından qopub muğamlar, şikəstələr,Bu xalqın nəğməsini Allah özü bəstələr.

Qaçqın ocaqları

Canımda bir od yanır, istili, bürkülüyəm,Qaçqın ocaqlarının tüstüsüyəm, külüyəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love