İnsan gəlir dünyaya, bu dünyayla görüşür,Od da görür, şaxta da, qışla, yayla görüşür.Görməyə, götürməyə qisməti var hər kəsin,Hərə öz qismətinə düşən payla görüşür.Xoşdu şirin görüşlər min olsa, milyon olsa,Çəkilməzdi, ağırdı axır olsa, son olsa.İlk görüşdə arzular qönçələnir, ey könül!Son görüşdə ürəyə qan çilənir, ey könül!İlk görüş bahar günü, yazın oğlan çağıdı,Son görüş olanları vurur, yıxır, dağıdır.Dünyanın sahibidir ilk görüşə gələnlər,Sözünü, sevincini həmdəmiylə bölənlər!

Onların görüşündə söhbət Günəşdən düşür,Ürəkləri qızdıran oddan, atəşdən düşür.Aydan, ulduzdan gəlir diləklərin sorağı,Nə dağlara çən, duman, nə saçlara dən düşür.Neçə-neçə görüşlə şirin dostam, tanışam,Elə görüş də var ki,Dilim gəlmir mən onunAğrısından söz açam, əzabından danışam.Yüz beş il ömür sürüb dünya görən Ələsgər,Dövrün hər sitəminə sinə gərən Ələsgər,Bu gün köç vədəsində, ölüm yatağındadır,Oğulları, qızları solunda, sağındadır.Şagirdləri kəsdirib balıncının yanını,Təbiət alıb dahaNəğməkarın əlindən yaşamaq imkanını.Karvan-karvan baş alıb qəm keçir, kədər keçir,Ələsgərin qəlbindən bir görün nələr keçir.

Yolların yoxuşu nə sərt olurmuş,Bir yalı aşırsan, min bir yal qalır.Bir arzun yetişdi, dəydi, dərirsən,Min arzun budaqda hələ kal qalır.

İllərin ağrısı çoxalır canda,Ağarır bəniz də, qaralır qan da.Əllərin dünyadan boşa çıxanda,Qəmdən ürəyində qara xal qalır.

Hardadır əbədi alışan ocaq?Solan bir ömürdü hər sarı yarpaq.Vuruşur, əlləşir, insana ancaqBir quru xatirə, bir xəyal qalır.

Xəyal onu aparır şirin xatirələrə,Ömrünün kitabını varaqlayır son kərə.Birinci səhifədə – südəmər uşaqlığı,Dünya qayğılarından fikrinin uzaqlığı.

Taxtın qaşından tutub astadan yeriməyi,Acanda ağlamağı, doyanda kiriməyi.Anası Pərizadın ətəyindən tutmağı,Atası saz çalanda özünü unutmağı.Yavaş-yavaş dil açıb danışmağı, dinməyi,Qonşu uşaqlarına öyrəşib isinməyi.Göy çəməni görəndə gülə heyran olmağı,Öz-özündən xəbərsizDünyasına, qəlbinəSözlərin süzülməyi, nəğmələrin dolmağı.Axar suya baxanda axmağı, durulmağı,Həyatı duya-duya həyata vurulmağı!İkinci səhifədə – dəliqanlı gəncliyi,Kükrəməyi, coşmağı, yorulmağı, dincliyi.Ehtiyacla dostluğu, dərd ilə tanışlığı,Ev-eşiyin qayğısı, payızlığı, qışlığı.Bəylərə nökər olan,Hər gün əlində qabar, yanağında tər olan,O sitəmli çağları!Sinəsində zamanın çalın-çarpaz dağları,Göyçə çəmənlərində yarına gül verməyi,Eşqə düşüb, söz deyib, yara könül verməyi.Pul zoruna əlindən alınan səadəti,İliyində, qanındaSəhnəbanı sevgisi, Səhnəbanı həsrəti!Üçüncü səhifədə – şan-şöhrət, şərəfli ad,Sözü peyğəmbər sözü, adı ən kamil ustad!Dünya dərdi daşıyan el oğlu, el anası,Xalq içində həyatı, həyatının mənası.Məclislərin bəzəyi, ürəklərin işığı,Müqəddəs bir sənətin ən gözəl yaraşığı,Xalqın böyük şairi, elin böyük aşığı.Ətrafında bir qoşun oğlu, qızı, nəvəsi,Ürəyində dünyanın tükənməyən həvəsi.Başdan-başa Qafqaza yayılan məğrur səsi,Sinəsində, dilində incilər xəzinəsi!

Bir də ki, qocalığı!Yaşanılmış bir ömrünBeş-on illik qalığı!

Qocalıq gəldimi, əriyər insan,Ruhu axşam-səhər bacalar gəzər.Gözü yaşamaqda, özü yataqda,Eşqi dağlar deyər, ucalar gəzər.

Ayların, illərin keçər başından,Qəlbi soyuq olar divar daşından.Evin ortasında taxta qaşındanKörpə uşaq kimi güc alar gəzər.

Yersizdi dərmanı, dəvanı neylər,Lap dərman olsa da, havanı neylər.Cavanlıq itirən cavanı neylər,Gözü hara baxsa qocalar gəzər.

Dördüncü səhifədir –Ömür adlı kitabınAxırı da, sonu da!Təbiətin hökmüdür,Bir gün oxumalısanƏzəl-axır onu da!Kitabın lap sonunda,O ölüm rəngindədir,O əzrayıl yolunda.Yox, hələ ustadımızBu yeri varaqlamaz.O, həyat aşiqidir,Bizi yasda saxlamaz!O, hamının hikməti,O, hamının sərvəti,Doğmanındı, yadındı.

Gəlin, onu dinləyək,Söz yenə ustadındı!

– Yaşadıq, gördük dadını,Dünya buydumu, budumu?Çox çağırdıq ustadını,Dünya buydumu, budumu?

Fəsil-fəsil təzələnən,Günəşindən köz ələnən,Toyu, yası çözələnənDünya buydumu, budumu?

Alveri bol, bazarı çox,Daşımağa azarı çox.Beşiyi çox, məzarı çox,Dünya buydumu, budumu?

Qaldıranda var eləyən,Endirəndə xar eləyən,Ömrü tezbazar eləyən,Dünya buydumu, budumu?

Kül elədi ocağına,Toz elədi torpağına.Qoydu bizi tapdağına,Dünya buydumu, budumu?

Yenə dağlar düzə qaldı,Sular axdı, təzə qaldı.Quru baxmaq bizə qaldı,Dünya buydumu, budumu?Dərk elədim hikmətini,Vüsalını, həsrətini.Tanıdım hər sifətini,Dünya buydumu, budumu?

Ayrılığın çağı gəldi,Salamat qal, qoca dünya!Əcəl ömrə yağı gəldi,Salamat qal, qoca dünya!

Ağırdı çiynimin yükü,Dərindi dərdimin kökü.Gəldim bir, gedirəm iki,Salamat qal, qoca dünya!

Demədiyim nələr qaldı,Sinəmdə nəğmələr qaldı.Neçə arzum mələr qaldı,Salamat qal, qoca dünya!

Əməlimi sal yadına,İstəyimin çat dadına.Halallıq ver övladına,Salamat qal, qoca dünya!

Dürlü-dürlü halın olsun,Daha xoş əhvalın olsun.Hər sözüm halalın olsun,Salamat qal, qoca dünya!

Oğlu Talıb soruşur:– Ata, nədir istəyin,Nə istəyir ürəyin?Meylin nə çəkir, buyur!Fikrini ƏləsgərinGözlərindən oxuyur!– Oğul, son nəfəsdəOnu görmək bəsimdir.Səhnəbanı həsrətiMəndən sonra dünyayaHaray salan səsimdir!

Oğul dedi: – Ay ata,Nə deyim bu həyata!Axı SəhnəbanınınYatağından durmağaYox taqəti, imkanı.İncəlib, ipə dönüb,Nazilib, sapa dönüb.Onda elə cəsarət,Onda o qüvvət hanı?!Ata dedi: ləngimə,Diqqət elə, fikir ver,Sözümə, ahəngimə!Ona Ələsgər baxıb,Min il keçsə qocalmaz.O, illərdən bac alar,İllər ondan bac almaz.Yolda qoyma gözümü,Çatdır ona sözümü.Məni eşqə salan günGeyindiyi paltarıYenə geysin əyninə.Cilvələnsin qız kimi,Qocalığı, ağrınıHeç almasın eyninə.Eşitsə xəbərimi,Yolunu dağ kəssə də,Dağlar aşıb gələcək.Yüz ilin həsrətlisiDönüb şux gözəllərə,Cavanlaşıb gələcək!Oğul dedi: – Ay ata!Sultan ata, bəy ata!Axı, doxsan il keçir,O vaxtdan bu zamana,Nahaq düşmə gümana.

Doxsan il əriməmişZirvədə qarmı qalar?Doxsan il dərilməmişBağçada barmı qalar?İndi çürüyüb gedib,Bu gün SəhnəbanıdaElə paltarmı qalar?Ata dedi: – İtirməHəyata inamını,Söndürəmməz bu dünyaGözəllərin şamını.Əgər Ələsgər gözüO paltara baxıbsa,O paltara yaraşanGül bədənin eşqinəSinəsindən nəğmələrKönüllərə axıbsa,O ipəyin, atlazınBircə ilməsi beləMin il keçsə çürüməz!Nə duman, nə də çiskinİlahi gözəlliyinVarlığını bürüməz!Son tapşırığı ustadXoş bir avazla dedi.Sözlə dedi, doymadı,Üstəlik sazla dedi.“Gedin deyin o gəlinəÖlürəm, yanıma gəlsin.Gəlsə, bəlkə, tapam şəfa,Batmasın qanıma, gəlsin.Dəryada çox olar balıq,Mətləbini versin xalıq.Çit tuman, atlaz arxalıq,Yar geysin, yanıma gəlsin.

Dəryaların adası var,Ələsgərin sədası var.Mərdin nə ki, qadası varNamərdin canına gəlsin.”

Atanın söhbətindən oğul heyrətə gəldi,Quştək sıçradı yerdən, gücə, qüvvətə gəldi.Çıxdı ildırım kimi qapıdan çölə sarı,Sürdü qara köhləni Mustafanın evinə,Gah ağlaya-ağlaya, gah sevinə-sevinə.İstədi haraylasın, gördü görünmür qarı,Xeyli nigaran oldu, çoxaldı intizarı.Baxdı bir qız dayanıb evin astanasında,Sanki daranıb çıxıb gözəlliyin tasında!Paltarı görən kimi Talıb dəhşətə gəldi,Özü də bilmədiyiBir duyğu ürəyini dəldi!Gördü elə bu paltarAtasının dediyi o atlazdı, o ipək!Bu paltar deyirdi ki,Zamandan zülüm görən yoxdu Səhnəbanıtək!Dilləndi Səhnəbanı:Bilirdim gələcəksən, xoş gəlibsən, ay Talıb.Ələsgər can üstədi,Bir son görüşdən ötrü ümid tək sənə qalıb!Sənə nə tapşırıbsaHamısını yuxuda öz gözümlə görmüşəm,Onun dediyi kimi,Saçıma sığal vurub, tellərimi hörmüşəm.Geyinmişəm doxsan il saxladığım donumu,Qoca dünya mənim də çatdıranda sonumu.Bu paltarın içində tapşıracam canımı,Yandırdı zalım fələk dinimi, imanımı!Bu paltara Ələsgər əlini vurub deyə,Bu paltar xəyalını quştək uçurub deyə,Yayda tozdan gizlədim, qışda nəmdən qorudum,Mənə yüz yerdən baxan bu aləmdən qorudum!Di durma, Ələsgəri intizardan qurtaraq,Tamamlanıb o kitab, qalıb sonuncu varaq!Gördülər yaxalayıb Səhnəbanı yaxını,Yarıldı yarğan kimiBaş əydi, yol elədi ona insan axını!Ələsgər yol gözləyir, könlü həsrət içində,Səhnəbanı gəncləşib,Bu səhnəni görənlər qalıb heyrət içində!Nəğməkarın yarını apardılar içəri,Səhnəbanı, ƏləsgərBirinci dəfəydi ki,Belə yaxın olurdu neçə illərdən bəri.Müqəddəsdir əzəldən el adəti, el dəbi.Səhnəbanı apardıÖzünü ana kimi,Özünü qadın kimi,Baxışıyla danışdı hər mənanı, mətləbi.Ələsgər istədi ki,Ona doyunca baxsın, ancaq baxa bilmədi.Əcəlin pəncəsindənXilas olmaq istədi, ancaq çıxa bilmədi.Ayaqlaşmaq istədi, dizə gücü çatmadı,Nəsə demək istədi, sözə gücü çatmadı!Necə oldu bayaqkı qız,Ələsgər baxandaElə yandı, yaxıldı, gördülər ki, qarıdı.Yarımaz, bu dünyadan bax beləcə yarıdı.Ustad yumdu gözünü, tərk etdi nəfəs canı,Dünyanı silkələdi ellərin həyəcanı!Bir anda Ələsgərin can evi, can sarayı,Kərpic-kərpic söküldü!Ələsgərin üstünəBirinci göz yaşlarıYenə Səhnəbanının gözlərindən töküldü!!!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets