Onu elə görəndə inanmadım gözümə,O qırışan yanaq nə, o titrəyən əl nədir.Gör bir, ey diliqafil, düşündüm öz-özümə,Bahar sevən bağçaya düşən bu xəzəl nədir?

Ömrünə gah gün düşüb, gah dolu, yağış düşüb,Həyatın yollarında enib, ucalıb babam.Qocalmaram desə də, indi daha qış düşüb,Günləri çatıb sona, axır qocalıb babam.

Mən yuxumu görürəm, yoxsa həqiqətmi bu?Sevə-sevə yaradan insan qocalardımı?!Qəlbi torpağa bağlı dağ oğlu, aran oğluQocalsa da heç belə asan qocalardımı?!

Nədir onu qocaldan, son qisməti yeməmiş,Toy gecəsi can verən bəy oğlunun yarası.Toy evinə gələnlər gözün aydın deməmiş,Başsağlığı verdilər, getdi ciyərparası.

Tər töküb, zəhmət çəkib bağ-bağat becərsə də,Gör kişinin qəddini fikir nə yaman əydi.Oğullar ataların itkisini görsə də,Atalar oğul sarı bir itki görməyəydi.

1972, 7 yanvar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring