Страница 4 из 4 · 75%

Sənin dostun: Fişer”.

Ertəsi gün və’d edilən saatda general Fişerin mənzilinə getdim. Vilayətin adlı-sanlılarından beş nəfər başqa adam dəxi o məclisdə hazır idilər. Oturduq, nahar yedik, sonra söhbətə məşğul olduq. Söhbət arasında, general Fişer məndən soruşdu ki:

– Filankəs, “həşərat” kəlməsinin ərəb dilində mə’nası nədir?

Dedim:

– “Həşərat” kəlməsi lüğətcə, qamus sahibinin yazdığına görə, xırda heyvan və cücülərdən ibarətdir və fiqh kitablarında verilən şərhə görə budur:

İstilahda isə, ağılsız, vəhşi sifətli, bərbəri xasiyyət, şüursuz, mə’- rifətsiz və kövdən adamlara işarədir.

Dedi:

– Yaxşı dedin. İndi səni dostluğa and verirəm, düzünü de, Quran və ya hədislərdə dini-islamı inkar edənlərin həşərat olduqlarına aid işarət vardırmı?

Dedim:

– Haşa və kəlla! Nə Quranda bu növ işarə var və nə də hədislərdə. Ancaq Quranda gah-gah bir “ən’am” sözünə təsadüf olunur. Lakin o, həşərat mə’nasında deyildir. Ona görə ki, bəni-növi-bəşərin fəziləti xüsusunda açıq ayə vardır:

Mənim fikrimcə bu ayeyi-şərifə sizə şamildir; çünki bu gün quru və dəniz sizinlə təsxir edilmişdir və siz cürbəcür ne’mətlərdən bəhrələnirsiniz və zahirən siz elm və qüdrətcə dünya xalqlarının çoxundan fəzilətsiniz. Sizi necə həşərat saymaq olar? Bu qədər var ki, biz öz dinimizi inkar edənləri kafir adlandırırıq və axirətdə əzaba layiq bilirik.

Dedi:

– Bunun o qədər də əhəmiyyəti yoxdur. Qoy biz öləndən sonra cəhənnəmə, dərəki-əsfələ gedək. Qorxumuz yoxdur və sizin bu e’tiqadınız bizi qətiyyət kədərləndirmir. Biz də öz dinimizi inkar edənləri azğın sayırıq. Heç kəs öz ayranına turş deməz. Lakin istədiyimiz budur ki, siz bu dünyada bizi “həşərat” adlandırmayasınız.

Dedim:

– Ağa, biz nə zaman sizi “həşərat” adlandırmışıq? Necə ola bilər ki, biz sizə “həşərat” deyək?..

Fişer bir xeyli gülüb dedi:

– Mən sənə inanıram, amma bu beytə nə deyirsən:

Yə’ni sizin peyğəmbərinizə müt’i olanlar insandırlar, biz isə həşəratıq.

Dedim ki:

– Bu beyti siz harada görmüşsünüz? Bu vaxta qədər belə bir beyt şe’r kitablarından heç birində mənim nəzərimə çatmayıb.

Dedi:

– Budur bax, bu qəsidədə.

Qəzeti alıb oxuduğum zaman ürəyim elə sıxıldı ki, qan başıma vurdu, xəcalətdən başımı aşağı saldım və mat-mütəhəyyir qaldım.

Bir andan sonra bu ifadəyə görə çarəsiz üzr istədim ki:

– Bu şair dəlidir. Onun sözünə e’tina etməyin. Qəsidəsindən mə’- lumdur ki, qətiyyən şairlik qabiliyyəti yoxdur.

Fişer dedi:

– Necə şairlik qabiliyyəti yoxdur ki, “Şəmsüş-şüəra” ləqəbi almışdır, bütün şairlərin başçısıdır?

Dedim:

– Xeyr, elə güman etməyin. Bizim adətimizdir, ləqəb verərik, amma onun mə’nasını nəzərə almarıq və münasibətini düşünmərik.

Dedi:

– Bu nə sözdür? Tutaq ki, sizin adət belədir. Amma sizin adətiniz ki, başqaları üçün dəlil ola bilməz. İran millətinin müasiri olan əcnəbi millətlər heç olmazsa, bu ləqəbin mə’nasını nəzərdə tutub bu münasibətlə mülahizə edəcəklər və deyəcəklər ki:

– Gör bu əsrdə İranın dövlət rəhbərləri şe’r fənnindən nə dərəcədə xəbərsizdirlər ki, belə qabiliyyətsiz bir adama “Şəmsüş-şüəra” ləqəbi veriblər! İran xalqlarının gələcək nəsli bu əsrə nisbətən elmdə tərəqqi edəcək və bu zamanın tarix və ədəbiyyatında bu qabiliyyətsiz şairin şe’rlərini görüb heyfsilənəcəklər ki, onların ataları belə bir şairi öz əsrlərindəki şairlərin başçısı hesab etmiş və ona elə bir ləqəb vermişlər ki, bu ləqəb ancaq Nizami və Hafizə layiqdir. Əgər bu şair sənin dediyin kimi doğrudan da dəli isə, o, dəlilikdə tək deyildir. Mənim e’tiqadımca qəzetin münşisi də onun kimi dəlidir ki, onun bu cür cəfəngiyatına öz qəzetində yer vermiş və onu həm məmləkət daxilində, həm də xaricdə intişar etdirmişdir. Hal-hazırda ruznameyi-milləti- İran Avropa dövlətlərindən hər yerə göndərilir və o dövlətlərin paytaxtlarının hər yerində bu qəzeti oxuyurlar. Aya, bizə “həşərat” ləfzini isnad verib, bizim xatirimizi incitməkdən İran millətinə nə fayda hasil olur? Aydındır ki, siz bu sözün lüğəti mə’nasını nəzərdə tutmursunuz. Ona görə ki, axı, biz həqiqətdə siçan və kərtənkələ deyilik. Sizin məqsədiniz bu sözün istilahi mə’nasıdır; yə’ni biz sizin nəzərinizdə ağılsız, vəhşisifət, bərbəri xasiyyət, şüursuz, mə’rifətsiz və kövdən adamlarıq. Sən özün insaf elə, heç rəvadır ki, Volter, Monteskyö, Russo, Düma, Suverno, Humbolt, Lüviyer, Vat, Fenelon, Bokl, Şekspir, Volney, Bayron və kimləri, yazıçıları, şairləri, tarixçiləri və ixtiraçıları həşərat qismindən sayılsın, amma Süruş adlı faydasız, müzür bir şəxs və onun kimilər insanlar sırasına salınsınlar? Sizin millətin şairinin bizə verdiyi bu isnad, bizim şə’nimizdə heç bir şey əskiltmir. Onun zərəri yenə sizin özünüzə dəyir ki, biz hər yerdə sizə alçaq gözlə baxacağıq, sizin ağlınızı uşaq ağlı səviyyəsində biləcəyik və sizə güləcəyik.

Dedim:

– Doğru buyurursunuz. Gərək qəzet münşisi belə cəfəngiyatı çap edib intişar etməyəydi. Amma bu xüsusda onu müqəssir saymayın, həmin evi yıxılmış şair, onu aldatmışdır və onu məcbur etmişdir ki, bu cəfəngiyatını aləmə yaysın. Münşi bu beytin mə’nasını anlamamış deyil, lakin qorxudan bu işə iqdam etmişdir; çünki Tehran münşiləri həmişə saray şairlərindən qorxurlar. İnşaallah bundan sonra münşi tərəfindən qəflət və təcrübəsizlik sadir olmaz.

Məclis qurtardı. Fişerin mənzilindən çıxdığım zaman yolda bu sözlər dilimdən düşmürdü:

– Vay Süruş, vay Süruş, vay evi yıxılmış Süruş! Bu nə rüsvayçılıqdır ki, sən bizim başımıza gətirmisən? Axı bu ağzıyavalığın sənə nə faydası var ki, öz həmməzhəblərini xarici ölkələrdə bəla və qaxınc oxuna hədəf edirsən, yadların məzəmmət, təhqir və ədavətinə layiq edirsən? Siz bizim başımıza nə bəla oldunuz? Bir tərəfdən öz kitablarınızda açıqdan-açığa xəlifələrə lə’nət və tə’nə edən sözlər nəşr edərək Əfqanıstan, Hindistan, Türküstan, Rum və Qafqazda intişar etdirirsiniz, bizim canımızı, malımızı və əsir olmağımızı bu ölkələrin xalqlarına və Dağıstan əhalisinə halal edirsiniz, o biri tərəfdən də dünyanın bütün xalqlarını murdar və həşərat hesab edib, onlara yaxınlaşmaqdan və onların bişmişlərini yeməkdən çəkinməyi bizim üçün vacib sayırsınız və bizdə onlara qarşı kin oyadırsınız. Elə bil, bütün dünya tikanlıqdır, təkcə siz bir dəstə qızılgülsünüz ki, bu tikanlığın ortasında bitmişsiniz! Sizin əlinizdən dünyanın hansı tərəfinə baş götürüb qaçaq?! Sizin bu cür əqidənizin nəticəsi o olacaqdır ki, get-gedə dünyanın bütün millətləri bizimlə ədavət edib zəlil və məhv olmağımızı istəyəcəklər. Biz də bəni-İsrail kimi olacağıq ki, onlar özlərini şahzadə və ağa sayıb dünyanın cəmi başqa millətlərini öz qulları zənn edirdilər. Bu e’tiqadla onlar bütün millətləri özlərinə düşmən edib nəhayət özlərini zəlalətə və əsarətə salmış oldular. Və bu vaxta qədər də bu zəlillik və köləliyin səbəbini anlamamışlar.

Evə çatan kimi bu kritikanı yazmağa başladım. Elə həyəcanlı idim ki, qələmimdən nə çıxdığını bilmirəm.

Ey mənim əziz qardaşım münşi! Başqalarına ibrət və tənbeh olmaq üçün sənə lazımdır ki, bu kritikanı qəzetin bir neçə nömrəsində çap edəsən və ölkənin daxilində yayasan; lakin o nömrələrdən xaricə göndərmə. Süruşa da de ki, bundan sonra bir də bu cür işlər görməsin.

Bir də gərək sən “Millət” qəzetinin vəzifələrini biləsən. Məsələn: “Millət” qəzetində birinci – xarici politika işlərini bəyan etməlisən. İkinci – İran dövlət rəhbərlərinin ölkənin intizamı, millət və məmləkətin faydaları xüsusunda gördükləri tədbirlər haqqında yazmalısan. Üçüncü – bə’zi teleqraf xəbərlərini aydın xətt ilə yazmalısan. Dördüncü – daxili xəbərləri və hadisələri qeyd etməlisən ki, Təbrizdə vəbanın şiddəti nə dərəcəyə yetmişdir və həkimlər onun əmələ gəlməsinin səbəbini nədə görürlər və təcrübəyə görə müalicələrin nə faydası olmuşdur və bu xəstəlikdən nə qədər adam ölmüşdür və bu xəstəliyə tutulanlardan nə qədəri sağalmışdır; gərək xəstəlik baş verəndə hər kəsdən əvvəl qaçıb adamları qorxuya salan üməraya və mənsəb sahiblərinə, dövlətdən maaş alıb padşahın rəiyyətlərini himayəsiz buraxan və özlərinin nəcatını hər şeydən artıq bilən həkimlərə töhmət yazasan, bu hadisədə xalqa ürək verən və öz vəliyyünne’mələri olan padşahın xidmətini öz canlarını qurtarmaqdan üstün tutan və vilayətdən xaricə çıxmayıb adamları himayə edən və onlara pərəstar olmaq üçün hümmət sərf edən üməraya və rütbə sahiblərinə təşəkkür edəsən. Məsələn, Mirzə Əbdülvahab xan naibül-vüzəra kimilərə ki, gənclik çağında və kamranlıq mövsümündə xətərdən qətiyyən qorxmayıb, igidlik göstərmişdir, vəbanın əvvəlindən axırına qədər öz yerini boş qoymayıb millət və ölkə qarşısında vəzifəsinə əməl etmişdir. Beşinci (başlıca və ən əhəmiyyətli iş budur) – İranın ticarət və əkinçiliyinin yüksəlməsi, onun mə’dənlərinin kəşfi və işə salınması, susuz və əkilməyən çöllərin suvarılması haqqında, ülum və fünun və sənaye haqqında, xüsusilə məktəblər açmaq və uşaqların tərbiyəsi işinə əhəmiyyət verilməsi və bunun kimi məsələlər haqqında özünün və ya qeyrilərinin fikir və tədbirlərini göstərməlisən. Katib Çələbinin ifadəsinə görə: Avropa xalqları elm və fənləri sayəsində – ki onların ən başlıcası matematika və coğrafiyadır – dünyanın hər tərəfini istila etmişlər və Yer kürəsinin hər tərəfində zirəklik və yeganəlik təblini çalırlar. Bunlarla yanaşı olaraq oxucuları fərəhləndirmək və yeni tərbiyə tapan gəncləri təşviq etmək üçün alimlərin, fazillərin, filosofların, həkimlərin, şair və ordu sərkərdələrinin ən məşhurlarının həyatını dəxi yaza bilərsən. Onların əsərlərindən, yazılarından və fikirlərindən parçalar, hünərlərinə dair misallar yazmalısan və müasirlərin bə’zi əsərləri və fikirləri haqqında dövlət başçılarının, vilayət hakimlərinin və ordu başçılarının tədbirləri xüsusunda kritika nəşr etməlisən. Bunları özün də yaza bilərsən, başqalarına da yazdıra bilərsən. Çünki sənin qəzetinə azadlıq icazəsi verilmişdir, hətta sən qəzetində mümkün qədər hökumət adamlarının və əmirlərin və hakimlərin və sərkərdələrin və cəmi mənsəb sahiblərinin və üləmanın işi və rəftarı haqqında da yazmalısan; məsələn, qəzet Mazəndəranda padşah rəiyyəti olan yəhudilərin

+

öldürülməsinə səbəb olanlar barəsində kritikadan da xali olmalıdır ta ki, bu şəxslər bilsinlər ki, onların heç bir hərəkəti gizli qalmayacaqdır, ayılsınlar, bədnamlıqdan qorxsunlar və vəzifələrinin icrasında padşahın və öz vəliyyünne’mələrinin razılığına, millət və vətənpərvərlik fikirlərinə müvafiq hümmət göstərsinlər. Ədalət və insafın doğru yolundan çıxmasınlar. Gərək sənin qəzetin bundan qabaq İranda mə’mul olan müxtəlif yazılarla hərf mətbəəsində çap olunsun, necə ki, Mənuçehr xan haman hərfli mətbəədə bir neçə cild kitab çap etdirmişdi. Daş mətbəəsi mə’nasız və boş işdir. Hələ onun hər cür çapının səhvsiz olmadığını nəzərə almasaq da, çox vaxt sözlər çapdan aydın çıxmır və min nüsxə, ya az, ya çox çap edildikdən sonra, hərflər daş üzərində sürtülür və daha işə yaramır.

Əgər sən bu şəkildə qəzet yazsan, zaman keçdikcə sənin oxucularının sayı on minə çatacaq və bəlkə daha çox olacaqdır; həm özün bol mənfəətə çatacaqsan, həm də millətə çox fayda verəcəksən. Xudahafiz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов