Mirzə Ağanın pyesləri haqqında kritika
Страница 1 из 2
Mehriban qardaşım, Mirzə Ağa! Allah ömrünüzü uzun eləsin.
Sizin şirin məktubunuz gəlib yetişdi. Əsərinizi başdan-ayağa oxudum. Sizə min təhsin və afərin göndərirəm; sizin qeyrət və zövqünüzdən vəcdə gəlirəm. Ümid edirəm ki, həmişə vaxtınızı fransızların istilahınca “d r a m a” fənni adlanan bu şərəfli fənnə sərf edərək çox tərəqqi edəcəksiniz və bu fəndə qeyri vətəndaşlarınıza, həmməzhəblərinizə rəhbər olacaqsınız.
Amma hələlik işinizin başlanğıcı olduğu üçün, gərək mən əsərinizin bə’zi nöqsanlarını sizə göstərəm ki, bundan sonra gözüaçıq olasınız; tainki, bu fənnə dair yazdığınız əsərdə nöqsan tutulacaq yer qalmasın və sizin əsəriniz xass və avamın xoşuna gəlsin.
Nöqsanları saymağa başlamazdan əvvəl bilmək lazımdır ki, t e a t r nə olan şeydir.
Teatr – uca və geniş bir salondan ibarətdir ki, içərisi üç tərəfdən divarlara bitişmiş olur, altlı-üstlü lojaların üzü dördüncü tərəfinə baxır. Ölkənin əhalisi – əşrafdan, tacirlərdən tutmuş kasıblaradək hər sinif adamlar – keyfi istəyəndə kişili-qadınlı giriş haqqı vermək şərti ilə gecələr bu salona daxil olub, bə’ziləri lojalarda, bə’ziləri isə parterdə oturub tamaşa edirlər. Ölkənin padşahı da hərdənbir teatra təşrif gətirib, öz əyalı və uşaqları ilə bərabər ona məxsus olan lojada oturur. O vaxt drama sənətinin ustadları – ki fransızca onlara a k t y o r deyirlər, – hər birisi xüsusi bir paltarda səhnəyə daxil olub, qabaqcadan tə’yin olunmuş bir əhvalatın oxşatmasını göstərirlər, tamaşaçılar isə onların danışıqlarına qulaq asırlar.
Beləliklə, pyesin məzmununda qətiyyən ədəbsiz sayılan keyfiyyətlər, sözlər və hərəkətlər olmamalıdır. Buna görə də “Əşrəf xan” pyesində xəla, nəcis və... sözlər yolverilməzdir və dəyişdirilməlidir.
İndi də nöqsanlara keçək.
B i r i n c i: Drama sənətinin şərtləri tələb edir ki, məclis üzvlərinin hər birinin işi onun danışıqlarından tamam diqqətlə seçilsin; məsələn: məclis üzvünün hərəkətini göstərmək istədikdə onun adını sətrin üstündə, ayrıca yazmaq lazım deyil, gərək bu ad adamın işinə aid olan sətrə yapışıq yazılsın. Məclis üzvünün mükaliməsi yazılarkən, onun adı sətrin yuxarısında ayrıca yazılmalıdır.
İ k i n c i: Pyesdə sözü, ya işi olan hər bir iştirakçının adı əsərin başlanğıcında yazılmalıdır. Məsələn: Saranın anası Şərəfnisənin və habelə Fəramərzbəyin adı başlanğıcda yazılmalıdır ki, Tuti xanımın kim olduğu mə’lum olsun. “Əşrəf xan” pyesində sözü və işi olan bə’zi fərraşların adları da əsərin başlanğıcında yazılmamışdır.
Ü ç ü n c ü: Drama sənətində qayda budur ki, əgər mümkünsə, tamaşanın sonunda bütün iştirakçılar bir yerə yığışsınlar; əgər onların hamısının yığışması mümkün olmasa, ən azı üçdə iki hissəsi tamaşanın sonunda bir yerə yığışıb, sözlərini sona çatdırmalı və pyesi bitirməlidirlər. Amma sizin pyeslərinizdə iştirakçılar tamaşanın sonunda bir yerə yığışmırlar.
D ö r d ü n c ü: Drama sənətinin məqsədi insanların əxlaqını yaxşılaşdırmaq, oxucu və qulaq asanları ibrətləndirməkdir. Belə olduqda Əşrəf xanın yanında bir müşavir də olmalıdır ki, Əşrəf xanı pul verməyə məcbur etdikləri zaman, həmin müşavir xanın Ərəbistan rəiyyəti ilə rəftarını bir-bir onun üçün saysın; məsələn, əsərin başlanğıcında yazmışsınız ki, guya Axund Möhsün, Əşrəf xanın müşaviri və onun oğlunun müəllimi olduğu üçün, xan onu da özü ilə paytaxta gətirmişdir.
Əşrəf xan Şəxsi-əvvəlin və müstövfi Tərrar xanın zülmündən dadü-fəryad etdiyi zaman, Axund Möhsün ona deyir:
A x u n d M ö h s ü n – Xan, mən dəfələrlə sizə demirdimmi ki, filan yerin rəiyyəti ilə belə-belə rəftar etmə, boynuna vəbal alma, bu yazıqların ahü naləsi nəticəsiz qalmayacaqdır?!
Hər dəfə bu cür şeylər vasitəsi ilə, müxtəlif ibarələrlə Əşrəf xanın Ərəbistandakı işlərini və hərəkətlərini qulaq asanlara açıb bildirmək lazımdır. Əşrəf xan isə, Axund Möhsünün məzəmmətlərinin cavabında gərək müxtəlif yollarla özünün Ərəbistandakı işindən və rəftarından heyfsilənib, peşmançılığını bildirsin.
Bundan başqa bir cür edin ki, Əşrəf xan bütün pullarını verib, borclu da düşsün, ehtiyacda da qalsın: Ərəbistandakı iş və rəftarına görə lap ürəkdən peşman olub, bir də hökumət xələti geyməsin, ona kədər və peşmanlıqdan başqa bir şey bağışlamayan hakimlik və əmirlikdən tövbə etsin və öz Allahı ilə əhdü peyman eləsin ki, əgər bu fəlakətdən xilas olsa, gedib öz atadanqalma mülkündə oturacaq, belə e’tibarsız və nizamsız bir dövlətin bütün ad, şöhrət və cahü cəlalından tamahını kəsəcək və ömrünün sonuna kimi güşənişin olacaq. Bundan sonra bir növ ilə onu azad edin.
Səkineyi-Kaşinin əhvalatını bu pyesdən atmaq və Əşrəf xanı ağıllı, abırlı bir adam etmək lazımdır. Kətxudanın naibi Əşrəf xandan pulu başqa bəhanə ilə istəməlidir.
Digər tərəfdən elə edin ki, Şah bir bəhanə ilə Şəxsi-əvvəlin və Tərrar xanın üstünə qəzəblənsin, onların bütün əmlakının əllərindən alsın və onları müflis və rüsvay etsin ki, dünya və axirətin zərər görmüşləri olsunlar; necə ki, bunu dəfələrlə görmüşük. Mirzə İbrahim xan Şirazi, Mirzə Əbülqasım Fərahani, Mirzə Tağı xan, Mirzə Ağa xan və başqalarının aqibətinin necə olduğunu kim bilmir?
Beləliklə, sizin əsəriniz oxuculara və qulaq asanlara ibrət verə bilən kamil bir əsər olacaqdır; elə bir əsər ki, bütün İranda misli-bərabəri tapılmaz.
B e ş i n c i: O dostunuz ki, Şeyx Sə’dinin tülkü hekayəsini sizə xatırlatmışdır, haqqı vardır. Müasirlər haqqında bu kimi şeyləri yazıb intişar etdirmək təhlükəlidir. Xüsusilə İran kimi bir ölkədə ki, fikir sahiblərinin əsərlərini çap etmək işinə hələ də mütləq azadlıq verilməmişdir. Bəs necə olsun? Mətləb çox ümdədir, yazılması çox vacibdir...
Əlacı asandır. Hadisənin əmələ gəlməsi tarixini, dövlətində qaydaqanun olmayan Şah Sultan Hüseyn Səfəvinin əsrinə atın, guya onun padşahlığı zamanında Əşrəf xan Ərəbistandan gəlir və o bəlaya düçar olur. O halda heç kəs sənin yaxanı tuta bilməyəcək və müasirlər də bu əhvalatdan öz hesablarını aparacaqlar.
Əgər belə bir mübahisə baş versə ki, Şah Sultan Hüseyn çox sağlam nəfsli idi, o, Şəxsi-əvvələ və Tərrar xana qəzəblənməz, cavab vermək olar ki, Şah Sultan Hüseyn malik olduğu o sağlam nəfsi ilə öz Şəxsi-əvvəlini bədbəxt etmiş və böyüklərdən çoxunu öldürmüşdür. Qəzəblənmək həmişə acıqdan olmur, süstlükdən və qayda-qanunsuzluqdan dəxi əmələ gəlir. Bununla belə, əgər mübahisə yeri varsa, Şah Sultan Hüseynin əvəzinə başqasını yazın; birinci Şah Abbasdan başqa ki, onun dövləti qayda-qanunlu idi.
Əgər Əşrəf xanın adı müasirlər arasında tanınmışdırsa, dəyişin. Məsələn, Heydər xan, ya Rüstəm xan deyin; paytaxt da ki, İsfahandır.
Bu pyesdə bu məsələni də unutmayın ki, Əşrəf xan gecə vaxtı öz xidmətçisi ilə danışdığı zaman səhərin açılmasına işarə edilməlidir ki, sübh açılan kimi onun divanxanaya getməsi mümkün olsun. Məgər o, gecə getmişdir?
Bir də hər yerdə və hər zaman teatr məclisinin vəziyyəti şərh olunmalıdır. Məsələn, Əşrəf xan istəyir Şəxsi-əvvəlin divanxanasına yola düşsün. Bu halda divanxananın quruluşunu təsvir etməlisiniz ki, drama sənəti ustadları, yə’ni aktyorlar – ki, teatrda hadisənin tamaşasını göstərirlər, – sizin təsvirinizə uyğun olaraq teatr səhnəsinin quruluşunda dəyişiklik yaradıb, qabaqca Əşrəf xanın mənzili olan quruluşu bir anda dəyişib Şəxsi-əvvəlin divanxanası şəklinə salsınlar.
A l t ı n c ı: Kövkəb və dəhbaşı Qasımın əhvalatı sizin bütün pyeslərinizdən daha gözəl və məzəlidir. Bu pyesin adını – “Sərgüzəştidəhbaşı Qasım və Kövkəb” qoyun; çünki Zaman xanın bu pyesdə bir o qədər rolu yoxdur. Sonra elə edin ki, Hacı Rəcəb öz işindən peşman olsun, fahişəbazlığı və şərab içməyi tövbə etsin, özünü də bir qədər cavan göstərin.
Bundan başqa, Kövkəb rəğbət oyatdığı üçün, onun hüsn, gözəllik və məlahətini bir az artıq tə’rif edin və geniş surətdə yazın ki, guya o özü Hacı Rəcəbin Tavusa meyl etməsindən şübhələnərək onu öz görüşündən məhrum etmişdir. Hacı Rəcəb öz ixtiyarı ilə ondan uzaqlaşmamışdır və həqiqətdə Tavusa meyli yoxdur, bəlkə Kövkəbin məhəbbətindən aramsızdır. Və axırda elə edin ki, Kövkəb Hacı Rəcəbin səxavətindən və igidliyindən artıq dərəcədə mütəəssir olub, hiylə işlətməyinə ürəkdən peşman olsun. O, Hacı Rəcəbə bu hünərsiz, can bəsləyən, qeyrətsiz, mürüvvətsiz hakimlərin zülmündən şikayət edib desin ki, onlar gör necə namərd, nanəcib və rəzildirlər ki, cürbəcür şər-şıltaq yolu ilə öz rizqlərini biz yazıqların kürəyindən çıxarırlar. Halbuki, ölkənin ticarətinə və əkinçiliyinə rövnəq və rəvac verib, kəndlərin abadlığına və tə’mirinə çalışmaqla həm özləri faydalana bilərlər, həm də başqalarına fayda yetirə bilərlər. Bundan sonra Kövkəb Hacı Rəcəbdən xahiş etsin ki, onu qaravaşlığa qəbul edib, kəbinini kəsdirsin, bir parça çörəyini ondan əsirgəməsin, onu alçaq təbiətlilərin pəncəsindən xilas etsin və ona bu dünyanın rüsvayçılığından və axirət əzabından nicat versin. Hacı dəxi bu söhbəti Allahdan istəyirmiş kimi çox şadlıqla, bu təklifə razılıq verir və onu arvadlığa qəbul edir. Pyes tamam olur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-mirze-aganin-pyesleri-haqqinda-kritika
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
ДЕЙСТВИЕ ВТОРОЕ(Театр представляет ущелье, в глубине холм.)
Üçümcü məclisДЕЙСТВИЕ ТРЕТИЕ(Декорация представляет внутренность кибитки; Заседатель сидит на скамейке; подле него переводчик, Машади-Курбан, Намаз и другие татары.)
Sərgüzəşti-vəziri-xani-LənkəranДействующия лица:СЕРАБСКИЙ ВЛАДЕТЕЛЬНЫЙ ХАН.
Aldanmış kəvakibВ начале владычества Сефевидов столицею Ирана был Казеин. Мухаммед-шах Сефеви после ряда разнообразных событий передал бразды правления своему сыну, Шах-Аббасу Первому. Описываемое нами событие произошло на седьмой год правления Шах-Аббаса Первого.Было начало весны, прошло три дня после Новруз-байрама, праздника Нового года. В три часа пополудни Шах-Аббас вел неторопливую беседу со своей любимой женой Сальми-хатун, как вдруг вошел главный евнух, Хаджи-Мубарек, и, низко поклонившись, сказал: