Mirzə Ağanın pyesləri haqqında kritika
Страница 2 из 2 · 50%
Bütün bu əhvalat şirin və tə’sirli ibarələrlə ifa edilməlidir. İnşallah, bu ibarələrdə sizin qələminizin gücünü görəcəyik. Amma Kövkəb öz hiyləsini Hacı Rəcəbə xəbər verməlidir; yoxsa məhəbbət ədavətlə əvəz olunar.
Sizin zəhmətinizi təzələdiyim üçün darıxmayın və əsəri yazmaqda tələsməyin. Bu əsərdir, sizdən əsrlərlə yadigar qalacaqdır; gərək mükəmməl, nöqsansız və xoşagələn olsun. Bununla belə dünya mənfəəti də nəzərdə tutulur; məsələn, əgər sizin əsəriniz xoşagələn, şövqləndirən və fərəhləndirici olsa, çap edildikdən sonra hər tərəfdə min-min alıcısı tapılacaqdır. Nə işlə məşğul olacaqsınız ki, bundan yaxşı olsun?
Drama sənəti şərtlərinə görə fahişəbazlıq əhvalatı yolverilməz olduğu üçün onun şəbihini teatra gətirmək olmaz. Ancaq belə şeyləri oxumağın o qədər də eybi yoxdur. Ona görə ki, sizin məmləkətinizdə hakimlərin şər-şıltağı məhz bu qəbildəndir və bu hadisələri yazmaq vacib işlərdəndir.
Digər tərəfdən isə, onu İranda tamaşaya qoymağın ehtimalı təsəvvürə gəlmir; çünki orada hələ teatr yaradılmamışdır.
Kövkəbin əhvalatı xüsusilə çox şirin yazılmışdır. Hilə və tədbir cəhətdən drama sənətinə çox uyğunluğu vardır, ancaq bir yerindən başqa...
Qulaq asın!
Yazdığım səbəbə görə Kövkəbin sərgüzəştini teatrda tamaşaya qoymaq olmaz. Amma bu sərgüzəşt dəxi drama şəklində yazıldığı üçün, mütləq onun bütün şərtlərinə uyğun olmalıdır və bu şərtlərdən qafil olmaq heç bir vəchlə mümkün deyildir. Oxucu düşünməməlidir ki, müəllifin drama sənətindən xəbəri yoxdur.
Bu sərgüzəştdə sizin həmin şərtlərdən qəflətiniz nədən ibarətdir?
Baxın, mən sizə göstərim:
Kövkəb Hacı Rəcəbə məktub yazır və onu Ağabacıya oxumur. Hacı Rəcəb də məktubu karvansarada yavaşdan oxuyur ki, Yəzdanbəxş və karvansara camaatı eşitməsinlər. Beləliklə, teatr salonunda əyləşən adamlar eşidib bilmirlər ki, Kövkəb nə yazmışdır. Digər tərəfdən də Hacı Rəcəb cavab yazır, onu karvansarada Ağabacıya oxuya bilmir. Ağabacı cavabı gətirib Kövkəbə verir, Kövkəb dəxi Hacı Rəcəbin cavabını Ağabacıya oxumur. Beləliklə, teatr salonunda olanlar genə də eşidib bilmirlər ki, Hacı Rəcəb nə cavab yazmışdır.
Əsərin bu yerini belə islah edin:
Kövkəb məktubu yazıb qurtardığı zaman, Ağabacıya müraciət edib deyir:
K ö v k ə b – Qulaq as, gör Hacı Rəcəbə nə yazmışam!
Məktubu oxumağa başlayır. Sonra Ağabacı gedir. Ağabacı getdiyi zaman teatr səhnəsinin quruluşu dəyişib sizin təsvirinizə görə karvansara və Hacı Rəcəbin hücrəsi görünməlidir.
Ağabacı Hacı Rəcəbin cavabını gətirdiyi vaxt yenə Kövkəb Ağabacıya üz tutub deyir:
K ö v k ə b – Ağabacı, qulaq as, gör Hacı Rəcəb nə cavab yazmışdır!
Cavabı oxumağa başlayır. Burada dəxi teatr səhnəsinin quruluşu dəyişilir, yenə Kövkəbin mənzili görünür.
Bununla da teatrda olanların hamısı eşidib bilmiş olur ki, Kövkəb nə yazmışdı və Hacı Rəcəb nə cavab vermişdi... Hacı Rəcəbin cavabının məzmununu karvansarada yazmaq lazım deyildir. Yalnız bu kifayətdir ki, Hacı Rəcəb cavab yazıb, Ağabacıya verir. Və cavabın məzmunu Kövkəb oxuduğu zaman veriləcəkdir.
Bir də Ağabacı yolda nə deyibsə (məsələn: “hiyləgər arvadların atasına lə’nət!” və s.), teatrda oturanlar eşitmirlər. Bunu da belə islah etmək lazımdır: Məsələn, Ağabacı bu sözləri yolda demir. O, Kövkəbin otağına girir. Guya Kövkəb hələ otaqda deyil, həyətdə, ya mətbəxdədir. O vaxt Ağabacı bu sözləri deyir:
– A ğ a b a c ı – Hiyləgər arvadların atasına lə’nət!.. və ilaxır.
Bununla da teatrda olanlar Ağabacının sözlərini tamamilə eşidir. Bundan sonra Kövkəb otağa daxil olur.
Müxtəsər, belə məsələləri həmişə nəzərdə tutmalısınız. Gərək teatr məclisi həmişə gözünüzün qarşısında olsun; məsələn, Əşrəf xan qalxdığı zaman “bismillah!” deyib sonra əlavə edir: “Allah, sən məni bu adamyeyən qurdların əlindən qurtar!”. Teatrda olanlar bu sözləri eşitməlidir.
Bu surətdə onun gedib Şəxsi-əvvəlin divanxanasına girməkdən ibarət olan işini onun sözündən ayrı yazmalısınız.
Bundan başqa “Sərgüzəşti-Kövkəb” drama fənni şəklində yazılmış olsa da, onun əvvəlində teatr tamaşasına qoyulmaq üçün deyil, oxunmaq üçün yazıldığına işarə edin; çünki bu sərgüzəşt bə’zi keyfiyyətlərə görə teatrda oynanılmağa əlverişli deyildir.
Bunu bildirməkdən məqsədim odur ki, oxucu bilsin ki, siz drama fənni şərtlərinə vaqifsiniz, fahişə və fahişəbazlıq əhvalatını nəql etməyin eyib olduğu sizə mə’lumdur.
Bundan başqa, Kövkəb öz otağında məktub yazanda və Hacı Rəcəb öz hücrəsində cavab yazmaqla məşğul olanda səhnədə tamaşaçıların qarşısında sükut və səssizlik olmamalıdır. Kövkəbin otağında Kövkəb məktubu bitirincəyə qədər Ağabacını kənizlə söhbətə məşğul edin ki, Kövkəb məktubu qurtarsın, Hacı Rəcəbin hücrəsində isə, Hacı Rəcəb cavabı yazıb bitirənə kimi Yəzdanbəxşi Ağabacı ilə söhbətə məşğul edin.
Bu keyfiyyət hər yerdə sizin nəzərinizdə olmalıdır; yə’ni səhnədə pərdə endirilmədikcə, tamaşaçıların qarşısında qətiyyən sükut və səssizlik üz verməməlidir, onlar həmişə dinləyici halında olmalı və müttəsil bir şey eşitməlidirlər.
Y e d d i n c i: Ağa Haşım sərgüzəştində o, yoxsul və malsız olduğundan, elə edin ki, barı ağıllı, savadlı və vüqarlı görünsün; çünki oxucu və qulaq asan ona maildir və onun xoşbəxt olmasını istəyir. Belə olan surətdə onun ayaqlarını fələqqəyə saldırmağınız və onu dəli kimi göstərməyiniz məsləhət deyildir.
Bir də onun sevgilisini su gətirmək üçün çeşmə başına göndərməyin, onların bir-biri ilə görüşməsini elə yerdə göstərin ki, onların heç birinin təhqirinə səbəb olmasın.
Bundan başqa, Sara suzmanilər kimi və bəlkə onlardan daha artıq utanmaz və həyasız bir qız kimi görünməkdədir. Bu sifət qızların təbiətinə ziddi və drama fənninin şərtlərinə müxalifdir. Elə edin ki, Sara həyalı və ismətli görünsün. Buna görə də onun anası ilə və başqaları ilə danışıqlarını dəyişdirin; tiryək atmağını, saçlarından bir çəngə qoparmağını və Güləndam bacının ayağını öpməyini yazmayın. Sara yalnız Ağa Haşımla azadə danışa bilər və könlü istəyəni deyə bilər.
Bundan başqa, əziz qardaşım Mirzə Ağa, başlıca səhv və drama fənni əsaslarına bilmərrə uyğun olmayan cəhət budur ki, Hacı Pirqulu Ağa Haşıma deyir:
– Qızım Saranı mən özüm alacağam və heç kəsə verməyəcəyəm.
Eyvah!.. Heç belə sözləri teatr səhnəsində ata öz qızı haqqında deyə bilərmi?! Mütləq bu sözləri dəyişdirin!
Bundan başqa, Ağa Haşımın yoxsulluqdan qurtarması üçün də bir fikir etmək lazımdır; məsələn, ona gəlin gətirmək üçün bir toy məclisi qurun və onun dostlarından, tanışlarından bir dəstə o məclisdə hazır edin, keyf zamanı guya hakim tərəfindən onun yanına bir fərraş göndərilir ki, ona desin:
– Ağa Haşım, gözün aydın, sənin Həştərxanda ticarətlə məşğul olan əmin filankəs vəfat etmişdir, varisi olmadığı üçün əlli min tümən miqdarında olan bütün sərvətini sənin adına vəsiyyət etmişdir, varyoxunu Rəştdə rus konsulxanasına göndəriblər, gərək təhvil alasan!
Məclisdə oturanların sevinc səsləri yüksəlir. Sərgüzəşt qurtarır.
S ə k k i z i n c i: “Sərgüzəşti-Şahqulu Mirzə” başdan-ayağa pisdir. Onu yandırın. Təfəkkür sahibinə bu kimi şeylər yazmaq layiq deyildir. Eyrəc Mirzə pis hərəkət etmişdir və öz əmisinin başına rüsvaylıq gətirmişdir. Vəssəlam.
Bu kimi hərəkətlər insanlar arasında ümumi bir şey deyildir; çox şit, yersiz və məzəsiz oyuncaqdır ki, drama fənninin əsaslarına ziddir, eşidilməsi zövqlərin çoxuna xoş gəlməz. Xüsusilə hal-hazırkı səltənət xanədanı fərdlərindən birini rüsvay etdiyi üçün bundan xətər də gələ bilər... Ümidvaram ki, öz əsərlərinizi göstərdiyim qərar ilə təkmilləşdirib çap edəcəksiniz; bundan sonra da bu cür əsərlər yazmaqla məşğul olub, yeni ərsəyə gələn iste’dadlı gənclərə də drama fənnini öyrədəcəksiniz ki, onlardan hər biri, avropalıların nəzərində sənətlərin ən şərəflisi olan bu fəndə bir şey düşünərək yazsınlar. Bəlkə sizin hümmətiniz sayəsində bu gözəl fənn və bu yeni yazı üsulu bizim millətimiz arasında da şöhrət tapsın və hər kəsə mə’lum olsun.
Avropada bu fənnin yazıçılarından hər biri öz iste’dadına görə ali rütbələrə çatmış, yüksək ad, fövqəl’adə şöhrət qazanmış və padşah saraylarına yaxın adamlar olmuşdur; millətin o dərəcədə tə’zim və təqdirini qazanmışlar ki, öldükdən sonra millət onların hünəri müqabilində təşəkkür əlaməti olaraq qəbirləri üzərində uca imarətlər, yə’ni abidələr tikmişlər. Molyer və Şekspir bu kimi tə’zimə layiq şəxslərdəndirlər ki, bir-bir saymağa ehtiyac yoxdur.
“Gülüstan” və “Zinətül-məcalis” dövrü keçmişdir. Bu gün bu cür əsərlər millətin işinə yaramır. Bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər – drama və romandır. Roman da drama fənninin bir qismidir ki, izahı uzun şərhə möhtacdır. Bunu, səfarətxanalarında işlədiyiniz firənglərdən şifahən soruşun, sizə bəyan eləsinlər.
Mənim məktublarımın çatması haqqında mənə mə’lumat verin və bundan sonra öz məktublarınızı məndən əsirgəməyin. Sizin əziz canınıza and içirəm ki, siz məni o qədər şad eləmisiniz ki, uzaqdan gözlərinizi öpürəm.
28 iyun, 1871-ci il, Tiflis ətrafındakı
Qocur yaylağında; qardaşınız
Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-mirze-aganin-pyesleri-haqqinda-kritika
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
ДЕЙСТВИЕ ВТОРОЕ(Театр представляет ущелье, в глубине холм.)
Üçümcü məclisДЕЙСТВИЕ ТРЕТИЕ(Декорация представляет внутренность кибитки; Заседатель сидит на скамейке; подле него переводчик, Машади-Курбан, Намаз и другие татары.)
Sərgüzəşti-vəziri-xani-LənkəranДействующия лица:СЕРАБСКИЙ ВЛАДЕТЕЛЬНЫЙ ХАН.
Aldanmış kəvakibВ начале владычества Сефевидов столицею Ирана был Казеин. Мухаммед-шах Сефеви после ряда разнообразных событий передал бразды правления своему сыну, Шах-Аббасу Первому. Описываемое нами событие произошло на седьмой год правления Шах-Аббаса Первого.Было начало весны, прошло три дня после Новруз-байрама, праздника Нового года. В три часа пополудни Шах-Аббас вел неторопливую беседу со своей любимой женой Сальми-хатун, как вдруг вошел главный евнух, Хаджи-Мубарек, и, низко поклонившись, сказал: