Страница 1 из 2

Əvvələn – bir dövlətin, ixtira sahibi olan bir şəxsə öz ixtirasının nəticələrindən fayda görməsi üçün imtiyaz verməsi lütf sayılmamalıdır. Ona görə ki, imtiyaz ixtira sahibinin haqqını qorumaq üçün verilən bir şeydir və belə bir imtiyazı verən dövlət ixtira sahibinə mərhəmət etmir, onu öz minnət və ehsan yükünün altına almır, ancaq ədalətin şərtlərini yerinə yetirir.

İkinci – dövlət ixtira sahibinin mə’nəviyyatını, səlahiyyətini, yaxşı və pis olmasını təhqiq və təsdiq edərsə və bu xüsusda öz fikrini bütün təbəələrinə e’lan edərsə, böyük bir səhvə yol vermiş olar. Çünki belə olarsa, iki məsələdən biri mütləq ortaya çıxa bilər. Ya dövlət öz təhqiq və təsdiq fəaliyyətində səhvə və xətaya yol verərək, xalqı həmin ixtira yolunda çaşbaş salar ki, bu da dəfələrlə müşahidə olunmuş və xalqın böyük zərərinə səbəb olmuşdur. Təcrübələr əsasında dəfələrlə belə hadisələrin baş verdiyi görünmüşdür. Məsələn, Fransa dövləti bir neçə il bundan qabaq bir nəfər bankirin ixtirasını təhqiq və təsdiq edib, onun düzgün olduğunu bütün təbəələrinə e’lan etmişdir. Xalq isə dövlətin sözünə inanaraq, qazanc təmənnası ilə həmin bankirə çoxlu pullar tapşırdılar. Lakin ixtiranı təcrübədən keçirmək məsələsi ortalığa gələrkən mə’lum oldu ki, ixtira düzgün deyildir, dövlət isə öz təhqiqatında yanlışlığa və səhvə yol vermişdir, bu səhv də xalqı böyük zərərə salmışdır.

İkinci halda, dövlət yenə də öz yoxlama işlərində səhv edərək, ixtiranı təsdiq etməzsə, yenə də öz təbəələrini o ixtiranın qazancından məhrum etmiş olar və bu mənfəət başqalarına çata bilər. Bu cür hadisələr də dəfələrlə müşahidə olunmuşdur. Məsələn, buxar gəmisini ixtira edən şəxs öz ixtirasını birinci növbədə Napoleona bildirmişdi. İclas edərək yoxlama apardıqdan sonra bir hökm imza edib bildirdilər ki, ixtiraçının təqdim etdiyi ixtira qələt və mə’nasızdır. İxtiraçı Yengi Dünya dövlətinə müraciət edərək öz ixtirasını orda göstərdi və bu ixtira qəbul edildi, ixtiraçının fikri həyata keçirildi. Nəticədə, Fransa dövləti illər uzunu ah çəkib, təəssüf etdi ki, biz nə üçün bu ixtiranı rədd edib, onun mənfəətindən məhrum olaraq, böyük şöhrət qazanmaq imkanını əldən verdik?!

Beləliklə, mə’lum olur ki, hər cür ixtiranın əlverişli olub-olmaması haqqında təhqiqat aparmaq, onu təsdiq və ya rədd etmək dövlətin vəzifəsinə daxil olmamalıdır.

Üçüncü – habelə imtiyazı verməzdən əvvəl dövlətin ona təqdim edilən ixtiranın ixtiraçı tərəfindən oğurlanıb-oğurlanmadığı haqqında təhqiqat aparması da yanlış bir işdir. Ona görə ki, birinci – belə bir təhqiqatı sona çatdırmaq heç bir vəchlə mümkün deyildir. İkinci – bu səbəbə görə imtiyaz vermək işinin gecikdirilməsi ixtiraçının zərərinə başa gələ bilər. Belə ki, işin gecikdirilməsi nəticəsində çox mümkündür ki, başqa bir ölkədə başqa bir ixtiraçı həmin ixtiranı düşünsün və birinci ixtiraçıdan daha əvvəl öz fikrini həyata keçirməyə müvəffəq ola bilsin.

Unutmaq olmaz ki, əgər ixtiraçı təqdim etdiyi ixtiranı oğurlamışsa, imtiyaz verilmiş olsa da, ixtiranın həqiqi müəllifi hər zaman oğrunu mühakiməyə verib, öz haqqını tələb etməyə haqlıdır.

Əvvəllər Avropa ölkələrində belə bir qayda var idi ki, istənilən imtiyazı vermək dövlətin ixtiraçı haqqında iltifatı sayılırdı və yuxarıda qeyd etdiyimiz hər iki təhqiqatı hər cür ixtira barədə icra edirdilər. Lakin həqiqəti bu son zamanlarda başa düşmüşlər. İndi tamamilə bunun əksinə rəftar edirlər. İstər yaxşı, istərsə də pis olsun, hər cür imtiyaz istənilərsə, sözsüz-söhbətsiz həmin saat və həmin dəqiqədə ixtira sahibinə verilir. Hal-hazırda Fransa ölkəsində hər il dövlətə və ya 15 min ixtira təqdim olunur. Dövlət bu 14-15 min ixtira sahibinin hamısına imtiyaz verir, onlardan ancaq mini düzgün və mə’nalı çıxır.

Osmanlı dövləti əmələ gəldiyi gündən bəri, öz xalqı içərisində hələ ixtira üçün imtiyaz istəyən görməmişdir. Orada bir nəfər də olsun ixtiraçı yoxdur və heç kəsə ixtira haqqında imtiyaz verilməmişdir. Birinci ixtiraçı və birinci imtiyaz istəyən mən idim ki, öz ixtira etdiyim əlifba ilə mətbəə təşkil edib kitab və qəzet çap etməyə başlamaq imtiyazını istədim. Lakin Osmanlı dövlətinin “şüurlu nazirləri” özlərini bilikli adamlar kimi göstərərək, bu işin yaxşı və pis nəticə verəcəyini yoxlamağa başladılar: sonra isə mənim xahişimi rədd etdilər və dedilər ki: “Bu ixtira başqalarınınkıdır”. Halbuki onların “başqası” adlandırdığı şəxsin xahişinə görə mən onlardan imtiyaz istəyirdim.

İkinci, bu gün dünyanın xarabalığının səbəbi bunun nəticəsindədir ki, dinlərin vətəni olan Asiyadan peyğəmbərlər meydana çıxıb, öz dinlərini burada və Avropada yaymaqla və sonra onların dinini yaymağa çalışan və xalqın nəzərində müqəddəslik və övliya dərəcəsinə çatan vəsilər, peyğəmbərlər, imamlar, naiblər və xəlifələrin moizələri nəticəsində ilahi nurun əsərlərindən olan insan ağlı Asiya xalqları içində, ümumiyyətlə, Avropa xalqları arasında qismən ən alçaq dərəcələrə enmiş və özündən yüksək bir varlıq olmayan insan zəkası, şəxsi-qərəzliklərin nəticəsində tamamilə şərafət və e’tibar dərəcəsindən düşmüşdür. İndiyədək insan ağlı əbədi həbsdə saxlanılır, təfəkkür və təcrübədə onu dəlil və sənəd kimi qəbul etmirlər. Hədislər insan ağlından üstün və əsaslı sayılır. Məsələn, mövcud olan əqli elmlər əsasında ağıl qəbul edə bilmir ki, Həzrət İsa Allahın Məryəmdən doğulmuş oğludur və o, ölüləri dirildirmiş. Məryəm heç bir kişi ilə yaxınlaşmadan bakirə vəziyyətində Allahın özündən hamilə olaraq Həzrət İsanı doğmuşdur. Lakin həvvarilər və din xadimləri deyirlər ki, ağlın hökmünə və təhqiqatına inanmaq lazım deyil. Həqiqət ancaq “İncil”in yazdığı və bizdən qabaq gələnlərin söylədikləridir ki, ağızdan-ağıza bizə gəlib çatmışdır.

Əlbəttə, siz eşitmişsiniz ki, orta əsrlərdə nə qədər insanlar ağlın hökmünə görə, dini e’tiqadlara qarşı öz şübhələrini bildirdikləri üçün rəhmsizcəsinə oda atılaraq yandırılmışlar. Təkcə Əndəlis ölkəsində bu kimi adamların sayı 4 milyona çatırdı. E’tiqadı süst olan adamları yandırmaq üçün o ölkədə və Avropanın başqa yerlərində tə’sis edilmiş cəza evlərini “İnkivizasion” adlandırırdılar.

Bir gün Əndəlisdə oranın darülfünunu bitirib, kəmal və fəzilət əldə etmiş gözəl və sevimli bir gənci dinə qarşı bə’zi şübhələr irəli sürdüyünə görə yandırırdılar. Qayda-qanuna görə Avropa xaçpərəstlərinin Papa adlanan baş rəisi və eyni zamanda ölkənin padşahı da adam yandırılan zaman bütün əhali ilə birlikdə hazır olub, mərasimə tamaşa etməli idilər.

O dövrün padşahının adı Ferdnand idi. Təsadüfən, cəza evinin əmələləri həmin gənci odun anbarının yanına gətirərkən padşah da baxıb, gənci yandırmaq mərasimini müşahidə edirdi. Mərasim insanı cəhənnəmdə yandırmağın bir nümunəsi idi. Gənci odun anbarının üstünə apararaq, od vurdular. Alov hər tərəfdən qalxaraq, gəncə tərəf yaxınlaşırdı, gəncin ürəkyandırıcı fəryad səsi yüksəldi. İnsan təbiətinin tələbinə görə, Ferdnand padşahın qəlbi gəncin əhvalına yandı və birdən-birə ixtiyarsız olaraq “vay, yazıq!” sözünü dilinə gətirdi. Cəza evinin rəisi olan baş röhban və bütün keşişlər padşahın ürəkyanmadan gələn bu səsini eşitdilər; baş keşiş acıqlanaraq, hökm etdi ki, padşahın kafirə ürəyi yandığına görə, özü də kafir olmuşdur. Əgər belə olmasaydı, necə ola bilərdi ki, onun qəlbində lə’nətlərə layiq olan bir gəncə rəhm əsəri zahir ola bilsin? Buna görə də, dinin ehkamına və Papanın qanunlarına əsasən, padşah özü də cəzaya layiqdir və mütləq yandırılmalıdır.

Belə bir heyrətləndirici həngamədə hazır olan ölkə camaatı padşahın üzünə lə’nətlər yağdırıb, lə’nət edə-edə öz evlərinə qayıtdılar, padşahı tutub həbs etmək qərarına gəldilər. Gecə ikən, padşah əlacsız qalaraq, ağlaya-ağlaya, piyada, baş keşişin evinə tərəf yollandı, onun ayaqlarından öpdü, tövbə edib yalvardı, bağışlanmasını xahiş etdi. Min cür yalvar-yaxardan və min cür ağlayıb-sızlamadan sonra mürüvvətsiz baş keşiş padşahı bağışladı. Sonra dəlləyi çağırdı, onun qolundan bir qədər qan aldı və qanı kiçik bir şüşəyə tökdürdü. Odun yığdılar və bütün camaatı toplayaraq, qanla dolu o şüşəni odunların üstünə qoyub yandırdılar və bu vasitə ilə padşahın cəzalanmasını əvəz etdilər.

Beləliklə, bəşər övladına səadət və qurtuluş ancaq o zaman nəsib olacaqdır ki, istər Asiyada və istərsə də Avropada, insanın şüuru tamamilə əbədi həbsdən xilas olacaq və bütün işlərdə və təfəkkürdə hədislər deyil, insanın ağlı yeganə dəlil, sənəd və hakimi-mütləq olacaqdır.

Üçüncü, Osmanlı, İran və Qafqaz əhalisi üç tayfadan ibarətdir: yəhudilər, xaçpərəstlər və müsəlmanlar. Ey Mirzə Fətəli, sən bu üç tayfadan heç birinin dininə sataşmamalı və heç birinə “sizin dininiz batildir, siz doğru yolla getmirsiniz, sizin e’tiqadınız belə, ya elə olmalıdır” deməməlisən!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов