İmtahan
Oğlum Araza
Bilirəm nə üçün yata bilmirsən,Sabah imtahana gedirsən, oğlum.Min məna yaşadan həyatımızdaAxı nə bilirsən hələ sən, oğlum.
Suyun buzdan sərin, çörəyin isti,Qəlbindən nə keçib, qismətin olub.Fəqət düşməmisən isti-soyuğa,Nə qayğı, nə də ki möhnətin olub.
Bilirsən, qayğına atan qalıbdır,Anan da başına dolanıb hər gün.Məktəbə getmisən müəllimlərinNələr etməmişdir, oğul, səninçün?
Artıq o illərin arxada qalmış,Üz-üzə durmusan öz gəncliyinlə.Məktəb ömrümüzün uşaqlığıdır,Ordan yüksəlirik biz pillə-pillə.
İndi ali məktəb,Təzə bir aləm.Bu təzə həyatın öz qanunu var.Onun qapısından hey zaman-zamanÜmidlə girmişdir qızlar, oğlanlar.Qızılı məhəyə çəkəndə zərgər,Bilir əyarını, xasiyyətini.İmtahan olacaq, müəllimlərinQızıl tək məhəyə çəkəcək səni.
Şüurün, iradən, fikrin, dözümün,Çıxacaq aşkara danışdıqca sən.Müəllimin deyil, oğul, sən özünQiymət alacaqsan öz sözlərindən.
Söz var, sən yerində söyləsən onu,Səni zirvələrə qaldıracaqdır.Söz də var deməsən yaxşıdır, oğlum,Yersiz söz söyləmək, axı nahaqdır.
Sabah verəcəyin imtahan nədir,Fikir imtahanı, söz imtahanı.Fəqət unutma ki, öndədir hələHəyatın, zamanın öz imtahanı.
Bilirəm, dost çoxdur, tanıyan çoxdur,Büdrəsən, qolundan tutan olacaq.Fəqət istəyirəm sən bu həyatdaÖzünə dayanıb qalxasan ancaq.
Bu ilk imtahandır, bu ilk pillədir,Qoy möhkəm dayansın ayağın sənin.Bir gün dara düşsən, çətinə düşsənVətən özü olar dayağın sənin.
Yuxusuz gecələr yormasın səni,Demə ki, günlərim çox çətin keçir.Həyatın mənası, ömrün mənasıBu yuxusuz keçən gecələrdədir.
Sabah imtahana gedirsən, oğlum,Bu həyat yoludur, sənə yaxşı yol,Atan bu gün vardır, atan sabah yox,Çalış bu torpağın, elin oğlu ol.
Kitabxana.az · https://kitabxana.az/ru/works/balas-azeroglu-imtahan
Клавиши ← → для перехода, R — случайное стихотворение