Arada-bərədə görürsən tez-tez,Deyirlər: "Nə çoxdur şairlərimiz,Bunun qarşısını alaq biz gərək,Bizə həkim gərək, mühəndis gərək..."

Mənsə deyirəm ki, şair bol olsun,Bütün doğulanlar şair doğulsun.Sənətkar sənətə amalla başlar,Şeirim - amalımdir - desəm, yeridir.Şeir yazmasa da, əqidədaşlarDünyanın ən böyük şairləridir.

"Şair çoxdur" deyə gileylənməyin,Əlhəzər eləyin tüfeylilərdən.Yaxşı söz önündə siz də baş əyin,Şair ki, yığmayır sözləri yerdən.

Şairi kimsəyə dəyişmərəm mən,Onlar hər cilvədə min sirr axtarır.İdrakın irişməz dərinliyindənOnlar söz axtarmır, fikir axtarır.Onlar gecə-gündüz dərd, ələm çəkir,Bu ağrı gəlməsin çox yüngül sizə.Bəlkə də ən zəif, ən kiçik şairBöyük vətəndaşdır Vətənimizə...

Şairin bədəni - bu ana torpaq,Nəfəsi - xəzridir, qanı - Kür, Araz.Çox şey Vətənsiz də yaşayır, ancaqŞeirsə Vətənsiz, elsiz yaşamaz...Şairə vəzifə, rütbə nə gərək!"Vətən", "Vətən" deyir könül səsi də.Vətəni sevməkdir, Vətəni sevmək,Şairin ən böyük vəzifəsi də.

Ancaq... bəla onda, dərd ondadır ki,Vəzifə xuman gözünü örtən,Vətəni pul kimi cibinə dürtənBir rüşvət düşgünü, rütbəli nadanDurub kül üfürür gözlərimizə.Vətəni sevməyin "qaydalarından"Utanmaz-utanmaz dərs deyir bizə.

Vətəni sevməkdə nə qayda, qanun?Vətən sevgisinin hüdudu varmı?Ey nadan, ölçülər özünün olsun,Məhəbbət ölçüyə, həddə sığarmı?

May, 1967

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине