Aslan və Fərhad
Страница 4 из 7 · 43%
Indi Fərhad üç yüz manat alırdısa da, Aslana əvvəlkindən artıq verməyib, iki yüz manatını həvavü-həvəsə xərcləyirdi. Hələ o yüz manatın da dalınca ürəyi qalırdı, amma keçmişləri yadına salıb dinmirdi. Hərdən ürəyinə gəlirdi ki: “Nə vaxta qədər mən öz pulumdan Aslana xüms verəcəyəm?”
Bəli, siz də gərək rəyimə şərik olaraq etiraf edəsiniz ki, hər ürək Aslanın mərhəmət, qeyrət və səxavətlə dolu olan ürəyi kimi büləndpərvaz ola bilməz və hər qardaş da mütləq Aslan ola bilməz ki, qardaşın həyatını təmin etmək üçün öz axırıncı paltarını da satsın. Amma yenə nə qədər daşürəkli qardaş olsa Fərhad ola bilməz ki, Aslan kimi qardaşına mühəqqər bir məbləği verəndə ürəyinə belə çirkin xəyallar gətirsin. Bilirəm, indi sizin ürəyinizə gəlir ki, bu sayaq qardaşımız olsaydı, canımızı ondan əsirgəməyib, qul kimi qabağında işləyib, qiblə yerinə ona səcdə edərdik. Amma yenə, məncə, bu da səhvdir, Fərhad ümumi qanundan bir o qədər də uzaq deyil. Məgər bizim hamımızın da olmasa, çoxumuzun evində qeyri adlar altında eynilə bir Aslan yoxmudur?! Bəli, təbiət həmişə Aslan kimi yüksək ruhlu, pak və safürəkli mücahidlər yetirir. Amma biz onun mürur ilə elədikləri fədakarlığı ancaq ölən vaxt düşünər və bir azdan sonra onu unudarıq. Zənnimizcə, Fərhad gələcəkdə alçaq təbliyini zühura verməsəydi, ümumi qanundan çox da uzaqlaşmazdı və tamam gücümlə öz qəhrəmanımı müdafiə edib, məzəmmət olunmasına yol verməzdim. Amma əfsus ki, Fərhad alçaq təbliyində bir qədər ümumiyyətdən irəlilədi.
Bəli, Aslangilin evi Gülzarın cəmali-dilarası ilə müzəyyən edilmişdi. Gülzar azadə bir quş kimi gün-gündən gözəlləşirdi. Indi Aslan da işləyirdi, Fərhad da. Onlar heç bir şeydən çətinlik çəkmirdi. Ona görə Gülzar da qeydsiz, fikirsiz yaşayır, həmişə yeni, gözəl paltarlar geyirdi. Gülzarın sərv kimi uca boyu, şux yerişi, ahu kimi süzgün baxışı hər baxanı məftun edirdi.
Təbiidir ki, Aslan arvadını Fərhaddan gizlətməzdi, zira, onu özü bilirdi. Fərhad da Gülzara heç fikir verməzdi. Hərdən nəzəri Gülzarın naz ilə süzülən iri, qara gözlərinə sataşanda, ürəyi yerindən oynayıb tez nəzərini başqa yana döndərirdi. Fərhad gözəl və cavan bir oğlan olsa da, Gülzar ona ayrı bir nəzərlə baxmırdı. Nə səbəbə də baxsın ki, müsəlmanlarda alçaq təblik ola bilməz ki, öz qardaşının arvadına bacı nəzərindən başqa qeyri bir gözlə baxsın.
Yavaş-yavaş yay gəldi. Məxluq bağlara köçdü. Fərhadgil də bağa köçdülər. Gülzar öz qulluqçusu ilə bağda, Aslan ilə Fərhad şəhərdə öz işlərində olurdular. Arabir hərəsi bir neçə günlüyə bağa gedib, yenə də qayıdırdı.
Yayın orta ayı idi. Fərhad istidən dayana bilməyib bağa getdi. Aslan şəhərdə qaldı. Gözəl yay gecəsi idi. Hava sakitdi. Ay çıxıb bütün aləmi müzəyyən bir ziya ilə münəvvər etmişdi. Bağda olan meynələr öz yarpaqları ilə yumşaq qumun üstünü örtmüşdü. Təbiət olduqca gözəl bir mənzərə almışdı. Gülzar ipək bir köynək geymiş, döşünü açmış və gecənin lətafətindən məftun olaraq, bağın içində zərif yarpaqlar arasında bir quş misalı həzin bir halda gəzişirdi. Uzun, şəvə saçları gəlinlərə məxsus şux çiyinlərini qara bulud kimi bürümüş və əsən xəfif küləkdən arabir ləpələnirdi. Hava gözəl olduğundan Gülzarın yanaqları daha da xoşrəng olub duru-al bir rəng almışdı. Zərif ləbləri bir lalə kimi yanırdı. Fərhad da gecənin gözəlliyindən həzz alaraq bir meynənin altında, yumşaq qumun üstündə uzanmışdı. Gülzar bağın içində gəzişib Fərhadın yanına çatdı. Buradan daha keçməyib Fərhadın yanında oturdu və qulluqçuya dedi ki, bağın içinə onlar üçün çay gətirsin. O saat qulluqçu çay gətirdi.
Aydınlıq, sakit yay gecəsi, yumşaq qumun üstü zərif, yaşıl yarpaqlara bürünmüş, hər yandan üzüm salxımları sallanmış, bir tərəfdə də çay – belə fövqəladə lətif bir mənzərə! Gülzar ilə Fərhad söhbət edirdilər.
Gülzarın təbii olaraq naz ilə kəsmə-kəsmə danışması və danışdıqca gözəllərə məxsus olan bir tövrlə gözlərini süzüb özünü əzməsi, Fərhadı, səyinə baxmayaraq, az qalırdı bihuş etsin. Hərdən Fərhadın gözü Gülzarın lalə kimi qızarmış yanaqlarına sataşanda, onun ürəyində bir hiss oyanırdı, amma yenə Aslan yadına düşüb, gözünü qeyri bir tərəfə döndərirdi. Onun ürəyində iki hiss bir-birilə mübarizə edirdi: gözəllik və lətafət arasında Gülzara qarşı yaranmış məhəbbət, bir də, qardaşlıq vəzifəsi.
Bir dəfə çay içdilər. Dübarə çay gəldi. Fərhad artıq, demək olar ki, bihuş bir halda idi. Gülzar da özünü belə hiss edirdi. Xəlvət, səssiz bağ içi. Yarpaqlar arası. Aydınlıq gecə. Şux və həvəsli bir qız, yanında gözəl bir oğlan. Gülzar hərdən iri gözlərini Fərhadın cavanlıq şəhdi ilə ləbaləb olan gözəl üzünə dikib baxırdı. Bir tərəfdən ərinin fikri, digər tərəfdən Fərhadın ürəyini bilmədiyi üçün onun qorxusu, o biri tərəfdən də şuxluq və həvəs. Onlar bir qədər bu halda söhbət elədilər. Ətrafda səs yoxdu. Ancaq arabir ilbizlər bir-birinə səs verib fit çalırdı. Xəfif bir külək arabir dilaviz rayihəsilə insanın ürəyini oxşayırdı. Budur, meh vurub Gülzarın saçlarını titrədərək, Fərhadın üzünə səpdi. Fərhad yumşaq gəlin saçlarının üzünə toxunduğundan bilmərrə məst olub, saçların ətrindən mövcudiyyəti yadından çıxdı. Gülzar tez, vəhşi ahular kimi, başının hərəkəti ilə saçlarını çiyinlərinə atdı. Fərhad gözlərini qaldırıb Gülzarın qırmızı yanaqlarına dikdi. Gülzarın yanaqlarında elə bil ki, zərif dodaqlarında bir müzəyyən təbəssüm, iri gözlərində bir nişaneyi-eşq və həvəs görünürdü. Fərhad özünü saxlaya bilməyib, ürəkdən bir ah çəkdi. Gülzar:
– Ox, Fərhad, – dedi, – belə gözəl bir mənzərəyə tamaşa edən
insan da ah çəkərmi?
– Bəli, doğrudan da sizin isbati-vücudunuzla daha da gözəlləşən təbiət mütləq məni ah çəkməyə məcbur etdi.
– Mənim olmağımla təbiət əsla gözəlləşmir, xəta edirsiniz. Mən zənn edirəm ki, mənsiz təbiət daha gözəl olar, – deyə Gülzar naz ilə gülümsədi.
– Yox, təbiət nə qədər gözəlsə də, siz ondan daha gözəlsiniz.
Gülzar gözlərini süzüb dedi:
– Siz allah, Fərhad, mənə gülməyin. Mən nə qədər gözəl olsam da, sizdən gözəl ola bilmərəm ki, bir baxışla gözləriniz insanı məftun edir.
Fərhad Gülzarın fikrini anlayıb dedi:
– Ox, mən çox şad olub, özümü xoşbəxt hesab edirəm. Əgər siz mənə məftun olsaydınız... – Fərhad peşman olmuş kimi diksindi, – yəni onu demək istəyirəm ki, mənə heç kəs məftun olmaz.
Gülzar eşq və həvəsin kəsrətindən özünü tamamilə itirib, bir əlini Fərhadın dizi üstə və bir əlini o biri tərəfə uzadıb yerə uzandı:
– Ax, bu gün o qədər gəzmişəm ki, lap yorulmuşam.
Gülzar əlini Fərhadın dizi üstə qoyanda sanki Fərhadın bədəninə elektrik qüvvəsi keçdi. Fərhad tez Gülzarın qolunu qaldırıb üzünə tərəf apardıqda, Gülzar işvə ilə qalxıb gözlərini süzdü, Fərhadın üzünə baxdı. Onun gözlərində bir təbəssüm parladı. Fərhad Gülzarın əlini bəxtiyar dodaqlarına apardı. Gülzar əsla mümaniət etmədi. Nazla gülərək:
– Ox, Fərhad, dinc dayan, – deyə başını Fərhadın çiyninə qoydu. Fərhad huşa gəlmiş kimi, tez əlini çəkdi. Amma Gülzarın başını öz çiynində və yumşaq yanaqlarını üzünə yapışmış görəndə, daha dayana bilmədi. Gülzarın təbəssümlərlə oynayan gözlərinə bir də baxıb, hər iki qolunu onun boynuna salaraq, qanı axacaq qədər zərif olan dodaqlarını öz dodaqlarına sıxdı. Gülzar isə, həvəs və eşqdən bihuş bir halda özünü Fərhadın ağuşuna atdı...
Xəyanət! Ikitərəfli bir xəyanət! Bəli, bu gərdişin məlunanə hərəkəti! Zənnimcə, Fərhad kimi həris və məlun bir insandan belə bir xəyanətin baş verməsini gözləmək imkan xaricində deyildi. Biz Fərhadı çoxdan tanıyırıq və onun belə bir xəyanətini görəndə bizə təəccüb gəlmir. Amma Aslan, o zəhmətkeş və mərhəmətli insan, o insan surətində göydən enmiş mələk, Fərhadın xəbisliyini bilmədiyi üçün və ona başqa bir nəzərlə baxdığı üçün min nəfər də and içsəydi, belə bir işə inanardımı? Əsla! Aslan elmli deyildi, amma insaniyyətin tam mənası ilə axırıncı pilləsinə yetişdi və hamını özü kimi zənn edirdi. Hətta Fərhad oxumuş olduğu üçün onu özündən daha mərhəmətli, insaniyyətpərvər və safdil zənn edirdi. Odur ki, Fərhadın belə bir xəyanət edəcəyini ağlına da gətirmirdi.
Məlumdur ki, Fərhad qardaşından elmli və bilikli idi. Aslan mərhəmətli və əxlaqı düzgün bir şəxs idi. Həmişə təcrübə olunsa görünər ki, insan, ola bilər ki, ziyalı olsun, mədəni olsun və bununla belə pozğun bir əxlaqa malik olsun. Insan, ola bilər ki, aqil olsun, əqlən və fəhmən mükəmməl olsun, lakin əxlaqı pozğun olsun. Dərin bir ağla malik olan, elm və bilik sahibi olan bir şəxsə demək olmaz ki, hökmən bu şəxs əxlaqən və vicdanən düzgündür. Ola bilər ki, insan aqil və bilikli olsun, amma öz əql və biliyini pislik tərəfinə çevirsin. Azmı aqil var, oğurluğa və xəyanətə irişib, öz iti ağlını özü üçün bir alət edib, ondan sui-istifadə edir?! Əksərən də belədir. Bütün aqil və alim insanların çoxusu özü nəşr etdiyi qanuna özü riayət etmir, xalqa göstərdiyi yolla özü getmir, büruzə çıxardığı və xalqa tövsiyə etdiyi bir məsləkə özü boyun əymir. Onu demək istəyirəm ki, insan ola bilər ağıllı, elmli, bilikli olsun, amma insan olmasın. Əksi də ola bilər; elmsiz biliksiz və çox da dərin bir ağla malik olmayan bir şəxs Aslan kimi olsun. Bir kəlmə, alim olmaq asandır, insan olmaq çətin! Oxuyub Fərhad kimi vicdansız bir mühəndis olmaq asandır, amma Aslan kimi insan olmaq çətindir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-aslan-ve-ferhad
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
5 pərdəli faciə**Trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir.*
Ədirnə fəthi6 pərdəli facieyi-inqilabi**İştirak edənlər
GözləriAla gözlü ceyranları andırıyor düzləri,Toplamışdır gözəlliyi ən sevimli qızları –
Mənsur və SitarəBaharın orta ayı idi. Şəhərin kənarında olan böyük bir bağçada hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. Bu bağ dövlətli adamın deyildisə də, lakin sahibi Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzusunu qazanıb külfəti ilə bahəm bəxtiyar yaşayırdı. Aslan bağçaya çox qulluq etdiyi üçün, bağ şəhərin bütün başqa bağlarından gözəl idi. Hər tərəfdə ağaclar, sərvlər, çinarlar, alma, armud, gilas ağacları qayda və nizam ilə əkilib, aralarında alçaq göy ot bitmiş idi. Bağçanın ortasında bir hovuza dörd balıq buraxılmışdı ki, durulduğundan nur kimi parlayan suyun arasında cəld hərəkətləri ilə şad üzürdülər. Suyun zərif şəfəqləri hovuzu əhatə edən yaşıl ağacların üstünə düşüb keçəndə, ildırıma bənzədiyi üçün, bu lətafətə tamaşa edən qüvveyi- bərqiyyə kimi mütəəssir edirdi. Ağaclarda cürbəcür güllər açılıb səhneyi-asimana baxıb gülürdü. Xəfif əsən hava ney kimi bülbülanixoşəlhanın həzin nəvasına qatışıb, mahir bir musiqişünasın belə çala bilməyəcəyi lətif havalar çalırdı.Hələ bu lətafətin üstünə hər səhər saf havada pərişan saçlarını kürəklərinə örtüb xuraman-xuraman seyr edərək, təbiətin bu gözəllik və lətafətinə tamaşa edən bir qızın bəxş etdiyi mənzəreyi-fərəhəfzanı artıranda, bağça dünya üzündə yaranmış ikinci bir cənnət, qız isə dünya behiştini təzyin etməkdən ötrü səmadan enmiş bir mələk olduğu aşkar görünürdü. Qız şirmayı kimi ağ əllərinin birini şamama kimi qalxmış döşünün altına vurub, o biri əli ilə hərdən saçlarına nizam verirdi. Nazik ipək köynəyini həzin-həzin meh vuran bahar havası yelləndirdikcə, köynək yellənib haman dünya hurisinin süd kimi ağ bədənini yelləyir, qız isə, onsuz da sərv ilə rəqabət edən bülənd qamətini yüksəldib, ahular kimi təsviri naqabil bir nazünəzakətlə yeriyirdi.