Содержание
  1. I
  2. II
  3. III

I

Əhməd qalın qaşlarını çatmış, odlu gözlərini süzüb gənclərə yakışırbir zövq, mütəxənninlərə yakışır bir ciddiyyətlə bakıyordu. Ötədən bəriyə Şamaxı gözəllər bulağı olduğunu bilirdisə də, böylə gözəl, böylə sevimli bir qıza uğradığı yox idi. Bu qaragözlü, bu cazibəli, çevik tərpənişli qızcigəz, ən gözəl bir baharın təcəssüm edəcək ən odlu çırpınan ruhların, zehnlərin yaratdığı xəyallar qədər xəfif olduğu kimi, geydiyi al-yaşıl, göy və sarı paltarında təbiətin gəlinləri sanılan kələbəklər qədər bəzəkli idi. Kürəklərində qara saçları ləpələniyor, boynu isə sevdiginin boynunu ilk kərə qucan ən qızğın bir sevincin titrəyən qolları gibi iri al mərcanlardan bir boyunbağını qucmuş idi. Qolunda sadəcə bir bilərzik var idi. Əllərində olan dəf, kamança və bu gibi çalğı şeylərindən qızların dağlardan, çəmənlərdən, seyrlərdən qayıtdıqlarını anlamaq... bir şey deyil idi. Qumru bayaqdan bəri ruhunu okşayan zövqləri həvəslər və sevinclərlə dolu ürəgindən ayırmamış və hələ də onların təsiri altında onun da bəzən sərxoşlar gibi laübaliyanə ətrafə səndələyərək yolun hər iki yanında bitmiş kök otları cinayətdə müqəssirmişlər gibi tapdar, bəzən vəhşi marallar gibi çevik və ürkək bir görkəm alıb ötədən bəriyi süzər, bəzən də nadinc çocuqlar gibi yanında düşüncələrə dalmış bir qızı çimdikləyərək diksindirər və yaxud al dodaqlarında təbəssümlər oynadaraq bir lətifə söylər və gözəllər qurultayını gülüşdürərdi. Əhməd okumamış, fəqət bir qədər nazik yürəgə yiyə olduğu üçün təbiəti pək sevər və bəlkə də, avçılıqdan daha əvvəl onu seyr etməgə bu çəmənlərə çıxmış idi. Fəqət Qumruyu görüncə, nə ötələrdə yazın sərin yelləriylə təpələnib parlayan zəmiləri, nə onların arasından qalxıb, hər yer gözəl, hər çiçək lətif olduğu üçün nerəyə qonacəgin bir dürlü kəsdirməgən və xəfif cikciklərlə şaşqıncasına ötəyə-bəriyə qonub-qalxan min-min quşların sevincini görüyor, yalnız nə olduğu belə anlaşılmayan bir qüvvənin təhrikiylə şəhərə yaklaşan qızları uzaqdan-uzağa biixtiyar izləyordu.

Qızlar şəhərə yaklaşırkən çadralarına örtündülər. Sağ olınız! Sağ olınız – deyə, bəzən gülərək, bəzən düşüncəli hərə bir sokaka döndü. Şimdi Qumru yalnız, fəqət həminki çevikliyini itirməyərək yüyürür və tam qapılarına varırlarkən nə üçünsə bilməm çapuq bir hərəkətlə başını fırlayıb bir yarımdairə seyr etdi. Bakışları bir qədər uzaqdan gələn, düşüncələrə batmış Əhməddə dayandı. Iki bakış tam bir-birinə işlərkən Əhmədin yüzü saraldı. Qumrunun isə bilməm nədən bayaqkı oynaqlığı, bir dalğınlıqla ürkək baxışları süzgün və donuq bir bakışa dəyişdi. Bu hal yalnız bir qırım sürdü. Ötəri qırpımda Qumru diksinmişlər gibi tərpənib yanaqlarında xəfif bir qızartı, dodaqlarında sanki məcburi bir təbəssüm bəlirərək başın fırladıb, içəri atılıb, qapılar arkasında görünməz oldu.

II

Hacı... pək varlı və yürəgi düz, əliaçıq idi. Şamaxıda hər kəs onu bilir və hörmət edərdi. Hacı... Qumruyu tək olduğu üçün pək sevər və heç bir şey üçün düşünməsinə, sıxıntı çəkməsinə yol verməyib istədiyini bilir və heç bir şeyi ondan əsirgəməzdi. Qumruyu hamı evdə sevər idi. Hələ çocuqluqdan bu çağa qədər ərköyün bəslənmiş və bayakdan gördüyümüz şux və qeydsizlik də, ehtimal ki, həmin ərköyünlüyün nəticəsidir... Odur ki, Hacı... heç düşünmədən “Varlığına lüzum yox, bir qızım var, o da bir oğlum olur”, – deyə Əhmədin elçilərini yola salmışdır. Iki gənc iki təsadüfdən sonra ilk baxışın ta sınırlarına qədər yerləşdiyi sevgi yalovları kəndilərini isidir və Hacının razılığından sonra gələcəklərini bir cənnət, kəndilərini isə birər mələk təsəvvür edib, ayrı-ayrı yakında olacaq toyu bəkləyirlərdi. Tam bu aralıq Şamaxıda məşhur Mart hadisatının gurultuları qopdu.

III

Axşamüstü hava bir qədər savuq, yerlər çamur ortaqı isə yürəksıxıcı bir alaqaranlıq bürümüşdü. Havanın tutqunluğu yürəgimi sıxdı. Sinemaya gedəyim, – deyə Nikolay sokakıyla ağır-ağır Olqinskiyə doğru yürüyordum. Sokaklarda adam pək az, səs yok, yalnız külək ruhları zəhərləyəcək iyrənc bir vuyultu ilə əsiyordı. Adətən, Bakının bir tozanakını, bir də palçığını görmək istəməm. Böyük pəncərələri qara kömürlərə dönmüş, altun divarları matəmlərə bürünmüş Ismailiyyənin önündən keçərkən xarabalıqlara, daha doğrusu əti tökülmüş baş iskletlərinə bənzər bu möhtəşəm bina, bu canavarlığın, bu cinayətin macərasını ərz edincə, bir çox kəsilmiş yoldaşlarım və bir çox müdhiş şeylər yadıma düşdü. Müdhiş mart – deyə gözlərimi yumdum. Yürəgim, ruhum, zehnim, əqlim, hissim, düşüncəm, bir kəlmə, vücudumda nə qədər hissedici şeylər varsa, hamısı inlədi. Başım kəndikəndinə köksümə sallandı. Daldım və dalğın-dalğın yürüyürdüm ki, “Ay qardaş, əsirəm, acam” – deyə bir həzin səs məni oyatdı. Başımı qaldırdım. Dörd addım qədər bəndən uzaq, təxminən 18 yaşlı sarı uçqun bənizli, qara irigözlü, utancaq və donuq baxışlı, arıq, fəqət nəcib simalı bir qızcığaz idi. Rəngi qaçmış ağ dodaqlarını şimdicə ağlayacaq gibi büzmüş, fəri qaçmış gözlərini qorkuyormuş, yaxud yalvarıyormuş, daha doğrusu, utanıyormuş gibi yarı örtmüş, yerlərə bakınaraq bəkliyordu. Və gözlərə sokuluyor qaraçı qızlarını görməz degiləm ha! Fəqət haniyə onlarda bu qədər süslü hərəkət, bu qədər utancaq və nəcib sima. Ilk bakışda qızcığazın nəcib və böyük bir ailədən olduğuna və çarəsizlikdən dilənçiliyinə hökm etdiyim gibi yüzcikəzinin sarımtıraq, solğun olduğuna baxmayaraq, olduqca gözəl olduğunu da kəsdirirdim. Yürəgim yandı, qulluqçu durarmısan? – dedim... dilənçi qız odlu bir ah çəkib... durardım, amma... susdu. Çuxura düşmüş gözlərindən bir kəs damla sümükləri irəliyə çıxmış sarı yanaqlarının üzərilə çənəsinə toğru yuvarlanıyordu. Qıraqları süzülmüş, çamura bulaşmış çadraya oxşar, büründüyü boz bir parçaya başın omuzuna əyərək gözlərini sildi və sonra başını köksünə toğru salladı, durdu... Əlimi cibimə saldım. Bu aralıq cındır paltarlı, enli kürəkli bir oğlan daha... Ay qardaş! Yaralıyam! Şikəstəm! Şamaxı əsiriyəm! – deyə əlindəki əsaya dayanaraq durdu. Qızcığaz Şamaxı adın eşitdiyi üçünmü, nə üçünsə başın qaldırıb oğlana bakınca otəki də ona bakmış olmalıdır ki, hər ikisi birdən diksindi. Hər ikisinin yüzü ölü rəngi qəbul edib yalnız Qumru! – deyə inildəyib səndələyərək yıldırım mağazasının pilləsinə, eyni vaktda qız: veriniz! Veriniz ona, bən istəməm, bən keçinərəm! – deyə getmək istəyirmiş gibi döndüsə də, haman nələr düşündüsə bilməm, dönüb bərkdən ağlayaraq: “Əhməd! Atamı, anamı öldürdülər, evimizi dağıtdılar, yalnız bən qaldım” – deyə nə üçünsə bir qolunu qaldırdı. Kim bilir bəlkə də sevdiyini qucmaq istəyirdi. Amma bunu yapmadı. Daha doğrusu, yapammadı, zira yazıq Qumrunun martda bir qolu kəsilmiş, yalnız bir qolciyəzi varmış.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Səhnədə qadın

Keçmişdə Azərbaycan səhnəsi qadını heç xəyalına belə gətirə bilməzdi. Odur ki, Azərbaycan səhnəsinin “ilk aktrisaları” kişilərdən ibarət idi. Ağdamski Əhməd, Süheyli və səhnəyə yeni gələnlərin çoxusu öz aktyorluq fəaliyyətini qadın rolundan başlamışdılar.Səhnədə kişi rolunu oynayan aktyor, burjuaziya cəmiyyəti tərəfindən təhqir və istehzaya uğradığı halda, qadın rolunda çıxan bu kişilərin vəziyyəti nə halda olardı? Bunlara qız vermir, az-çox “nəciblər” içərisinə buraxmırdılar. Səhnədə qadın yox idi, “Böyük Məhəmməd” – belə tələb etmiş idi. Səhnə isə qadın tələb edirdi. Aktrisalar seçilmək üzrə deyil, arzu üzrə, istedad üzrə deyil, dil bilmələri üzrə səhnəyə çıxırdılar...

3 мин
“Şahsənəm” librettosu haqqında

Bu opera ilə bağlı məsələ mənə tamamilə aydın deyil. Əsərlə “Aşıq Qərib” operasının süjeti arasında oxşarlıq vardır. Xalq Maarif Komissarlığının o zaman bu süjeti nə üçün yenidən sifariş verməsi məlum olmur. Aşıq feodal xanının qızına vurulur. Lakin xan öz qızı üçün çoxlu pul tələb edir. Aşıq məclisdə oxuyur və Paşa ona 40 kisə qızıl verir. Axırda qızı alır. Sonra o Allahın göndərdiyi atın qanadlarında qayıdır və s. Əlbəttə, bəstəkarı qınamırıq, çünki ona belə süjet veriblər. Ancaq biz operanı bu şəkildə səhnəyə buraxa bilmərik.Hər şeydən əvvəl Allahla bağlı möcüzəli hadisələri çıxarmaq vacibdir. Bir də göstərmək olmaz ki, Paşa 40 kisə qızılı ancaq səxavətli olduğu üçün aşığa hədiyyə verir. Qəhrəmanı adi bir aşıq hesab etmək də doğru deyil, əks halda qızı ona verməzlər. Zənnimcə, elə göstərməliyik ki, Qərib çörək pulu qazanmaq məqsədilə gedərkən aşıqların yarış məclisinə düşür. Orada ədalətsizlik və ağır həyat haqqında mahnılar oxuyur. Bununla da demək istəyirik ki, həyat onun kimi aşıqları necə ağır vəziyyətə salmışdır və s. Bu cür mahnılar Paşaya xoş gəlmir və o aşığın həbs edilməsinə əmr verir. Göstərmək lazımdır ki, yoxsul aşıq axıra kimi də yoxsul olaraq qalır. Qızın məsələsinə gəlincə, onu sadəcə olaraq qaçırmaq və əsəri bununla da bitirmək lazımdır. Hələ Məqsud Məmmədov (Azərb. Xalq Maarifi Komissarı olmuş) deyərdi ki, bu operanın məzmununu dövrlə bağlamaq lazımdır... Burada bir sual meydana çıxır: qəhrəmanı aşıq kimi saxlamaq lazımdır, yoxsa yox? Mən təklif edirəm ki, onu xanın qızına vurulan bir çoban kimi göstərmək və s. Lakin bəstəkar deyir ki, çoban surəti yerinə düşməz, çünki o, musiqini aşıqsayağı yazıb. Bu məsələni elə indi həll etməliyik ki, sonradan dolaşıqlıq meydana çıxmasın.

7 мин
Mən “Almaz” ssenarisini nə üçün yazdım?

“Almaz” ssenarisini tərtib etməyə məni vadar edən səbəblər aşağıdakılardan ibarətdir:Pedaqoji texnikumunu, mamalıq kursunu və başqa məktəbləri bitirən qızların qəzalara gedib hökmən orada işləməsi məsələsi son illərdə bizdə ən kəskin məişət məsələlərindən biri olmuşdur.

1 мин
“Əfqanıstan” pyesi üzərində işləyirəm

Azərbaycan ilk illərində türk teatrı əsasən tərcümə ədəbiyyatla qidalanırdı. Az tanış olan obrazlar, az tanış olan vəziyyət işçi auditoriyası tərəfindən çətinliklə qəbul edilir və çox zaman ona çatmırdı, nəticədə teatr tamaşaçılar qarşısında müvəffəqiyyət qazanmırdı.Tamaşalara az adam gəlirdi. Pyesi tez repertuardan çıxarmaq və yenisi ilə əvəz etmək lazım gəlirdi. Quruluşların çoxluğu tamaşaların bədii dəyərini aşağı salır və tamaşaçı teatrdan üz döndərirdi. Bu, bir siqnal oldu. Teatr başa düşdü ki, düz-doğru yol ilə getmir və öz istiqamətini dəyişdi.

1 мин

Стихи других поэтов