Страница 1 из 2

(Xatirat dəftərindən fraqmentlər)

– Əsərdə bir azərbaycanlı qızın çadrasını atması göstərilir. Kino tamaşaçıları bu bircə qızın da azərbaycanlı olmadığını öyrənincə, nə düşünə bilərlər? Ikicə gün də gözləyin, mən azərbaycanlı qızı taparam, – dedim.

Rejissor razı oldu.

Şəhərə düşdük. Şəkildə çəkilməyə razı olan qızlar gözəl deyildi. Az-çox gözəl olan qızlar da razı olmurdu, daha doğrusu onları qoymurdular.

Bizə bir adres verdilər, “orada gözəl bir qız yaşayır”, – dedilər. Getdik. Qapını döydük. Açdılar. Bu, mənim Gülər ilə ilk görüşüm idi. Ilk baxışda mənim diqqətimi özünə topladı. Bu, demək olar ki, faciəmizin başlanğıcı idi.

O zamanlar Gülər 16-17 yaşlarında idi. Gülər ortaboylu, incə və zərif yapılışlı bir qız idi. Daima qurnazcasına gülümsəyən iri, mavi gözləri vardı. Qısa, qıvrıq saçlarını açıq, ağ çiyinlərinə səpərək, qapı ağzında dayanmış və nazik al dodaqlarını bizə dikərək, bir kəlmə belə danışmadan baxırdı. Yoldaşım köhnə kino işçisi idi. O, gözlərini Gülərdən ayırmayaraq:

– Biz Məryəm xanımı görmək istəyirik, – dedi.

Gülər gülümsədi.

– Bu saat, – deyə başının hərəkəti ilə qıvrıq saçlarını çiyinlərinə ataraq, cəld bir hərəkətlə döndü və qapı ağzında görünməz oldu.

Yoldaşım bir sorğu ilə mənim üzümə baxır, fikrimi bilmək istəyirdi. Gözəl deyə yalvardığımız və rədd cavabı aldığımız qızlara nisbətdə Gülər, insafən, ən gözəl qız idi.

Biz indi qapı ağzında Gülərin simasını, gülüşünü və yerişini müzakirə edərək, Məryəm xanımı gözləyirdik. Qapı laybalay açıldı. Gülər ürkək və oynaq bir dağ keçisi kimi irəli yeridi. Ardınca hündürboylu, incə vücudlu, sarıbənizli bir qız gəlirdi. Bu, Məryəm xanım idi.

Məryəm xanım da yaman deyildi. Məryəm xanım dalğın gözlərini bizə dikib, gəlişimizin səbəbini bilmək istəyir. Gülər isə daim səbəbsiz gülümsəyən iri gözlərini gah bizə, gah Məryəm xanıma çevirib, işin sonunu gözləyirdi.

– Bizə kinoda çəkilmək üçün sizi nişan vermişlər. Müsaidə etsəydiniz, təcrübə üçün sizi lentə çəkərdik, – dedim.

Məryəm xanımın çatılmış qara qaşları ayrıldı, gülümsədi və heç da acıqlanmadı. Bəlkə bir az da xoşlanmış kimi görünürdü. Ikicə gün vaxtımız var idi. 60 adam dayanıb, azərbaycanlı qızı gözləyirdi. Mənim ürəyim dumanlı bir ümidlə döyünürdü. Biz səbirsizliklə cavab gözləyirdik.

Gülərin qaşları tərsinə olaraq çatıldı, gülümsər gözləri, nədənsə, parladı. O, cavab gözləyirmiş kimi, əvvəlcə Məryəm xanıma, sonra da öz boğazına, mərmər kimi ağ köksünə və sonra da şümşad kimi dümdüz ayaqlarına baxdı. Mənə elə gəlirdi ki, o öz gözəlliyini təhqir edilmiş hesab edirdi. Doğrusuna gələrsək, o Məryəm xanımdan daha gözəl idi. Nə üçün ona deməyirlər, Məryəm xanıma deyirlər?

– Vallah, mən... bilmirəm necə yəni kino... axtarsanız... yəni, doğrusu, mən özüm bir söz deyə bilmərəm. Zəhmət çəkib durun, atama deyim... sonra sizə deyərəm, – deyə Məryəm xanım tez içəri keçdi.

Gülər dinməz dayanıb, dalğın gözlərini ayaqlarından ayırmırdı. Birdən cəld bir hərəkətlə başını qaldırdı, üzünə tökülmüş qıvrıq saçlarını başının hərəkəti ilə kürəklərinə atdı və iri mavi gözlərini qaldıraraq:

– Məni də götürəsiniz, olmazmı? – dedi və eyni zamanda yanaqları utancaqlıqdan qanla doldu.

Nazik dodaqları nar giləsi kimi allıqdan yanır, gözləri isə əvvəlki kimi gülümsəyirdi.

Tam bu aralıq Məryəm xanım içəridən gəldi. Onun üzündə, gözlərində yenə bir dalğınlıq vardı.

– Ata evdə yoxdur, axşam soruşaram, sabah gələrsiniz, hər nə deyərsə, sizə deyərəm. Ya istərsəniz, özü ilə danışarsınız, – dedi və başını aşağı salaraq dayandı.

Gülər bütün boyu ilə yüksəldi. Indi onda bir qətiyyət və bir vüqar duyulurdu.

– Istərsəniz mən gələrəm. Mən məktəbdə də xırda səhnəciklərdə oynamışam, – dedi, – o gəlməzsə, mən gələrəm, – deyə əlavə etdi və gülümsər gözlərini Məryəmdən qaçıraraq, cavab gözləyirmiş kimi, mənə dikdi.

– Yaxşı, sizi buraxarlarmı? Bəlkə sizin də atanız razı olmadı? – deyə mən soruşdum.

– Mənim atam yoxdur. Bircə anam var, bir də ki, sabah gələrsiniz, onlara deyərsiniz, sonra haraya istərsəniz, gedərəm.

Evlərinin adresini söylədi.

– Çox gözəl, – dedim, – sabah yəqin gələrik.

Ayrıldıq.

Böyük bir sevinclə səkiləri ölçərək, fabrikə çatdıq.

– Qız var, – deyə yoldaşım guruldayırdı, – sabah hazırdır!

Bütün fabrik sevinirdi.

Mən sevincimdən gecəni yatmadım.


Səhər tezdən yoldaşım gəldi.

Birbaş Məryəm xanımgilə yollandıq.

Qapını döydük, açan olmadı. Hayladıq, cavab çıxmadı.

Yoldaşımın burnu və dodağı bir qədər sallanmışdı. Mən isə ona təsəlli verməyə çalışırdım:

– Sən heç məyus olma. Gülər ondan daha gözəldir, özü də xalis nəqd. Gedək aparaq çəkilsin, qurtardı getdi.

Yoldaşım bütün yolu dalğın addımlarla gedib, bir kəlmə də danışmırdı. Mən isə, arxam Gülərə bağlı olduğundan, heç ruhdan düşmürdüm.

Qapını döydük.

Gülər qapını açdı.

Gözləri gülür, üzü əvvəlki kimi yumşaq və mehriban idi.

– Buyurun, buyurun... – deyə qapıdan çəkilib yol verdi. Mən Gülərin belə şən olduğunu görüncə, sevincimdən qanad çalıb uçmaq istəyirdim. Bir də üzünə diqqətlə baxdım. O, dünənkindən daha gözəl görünürdü. Içəri girdik. Bizi 28 yaşlarında hündürboylu gənc bir oğlan qarşıladı. Yumşaq hərəkətli, siması və bütün görünüşü onun bir ziyalı olduğunu göstərirdi. Paltarı isə, tərsinə olaraq, işçi paltarı idi. Əynində ağır yarımpalto, ayaqlarında isə həddindən böyük və kobud uzunboğaz çəkmə vardı.

– Tanış olun, – deyə Gülər əli ilə gənci göstərdi.

Gənc isə özünü düzəldib, bir nəvazişlə əlini uzadaraq:

– Kamal, – deyə tanışlıq verdi və eyni nəzakət və nəvazişlə: – Buyurun, oturun, – dedi.

Oturduq. Kamal özü də stolun o biri başında bizimlə üzbəüz oturdu və bizi dinləyirmiş kimi, bir vəziyyət aldı. Aranı bir sükut sardı. Məni, Kamalın hərəkət və rəftarı ilə paltarı arasındakı təzad bir qədər düşündürdü.

– Siz nə buyururdunuz? – deyə Kamal sükutu pozdu. Onun da gözlərində və bütün üzündə bir təbəssüm vardı. Ancaq, nədənsə, gözlərindəki təbəssümün içərisindən anlaşılmaz bir kölgə sürüşür, dodaqlarının bürüşüyündə itirdi. Həlim və yumşaq səsində soyuq bir səmimiyyət duyulurdu.

Gülər stoldan bir az uzaqda dinməz və danışmaz oturub baxırdı. Artıq onun da daim gülümsər gözündə bir rahatsızlıq çırpındığını görmək çətin deyildi.

Kamal onun qardaşımı? Ya nişanlısımı? Mən bilmirdim. Ancaq orasını bilirdim ki, Kamal bu evdə qəti bir səsə və hakimiyyət haqqına malikdir. Onun qərarı qəti olacaqdır.

Mən sözü haradan və nə sayaq başlayacağımı bilmirdim.

Birdən Rus-Yapon müharibəsindən başladım. Balkan müharibəsinə, oradan Cahan müharibəsinə, Fevral inqilabına, Oktyabr inqilabına, Aprel inqilabına, proletar incəsənətinə, səhnənin və kinonun əhəmiyyətinə, azərbaycanlı qızların səhnədə iştirakının lazım olduğuna gəldim və nəhayət, gəlişimizin əsl səbəbini izah etdim.

Kamal məni böyük bir diqqətlə dinləyir və sözlərimin ən canlı yerlərində: “Bəli, bəli, elədir”, – deyə başının ciddi bir hərəkəti ilə təsdiq edirdi.

Onun bu təsdiqi məni daha da ruhlandırır və daha həvəslə danışmağa sövq edirdi.

– Bizim səhnə və kinomuzun azərbaycanlı qızlara ehtiyacı vardır.

Odur ki, biz də Gülər xanımı kinoya dəvət etmək üçün gəlmişik, – deyə sözümü bitirdim.

Gülər iri gözlərini qaldırıb, mənə baxdı və nədənsə, yenidən gözlərini endirdi.

Kamal bir papiros yandırdı və sakit bir səslə danışmağa başladı:

– Bilirsiniz, sizin dedikləriniz doğrudur, əlbəttə, başqa xalqlar öz səhnələrində iştirak etdikləri kimi, bizim də qızlarımız etməlidirlər. Ancaq onların mühiti ilə bizim mühitimiz arasında bir fərq vardır. Mənim heç bir sözüm yoxdur, mən məmnuniyyətlə razı olaram. Mənim atam maarifpərvər bir adam olmuşdur. – Kamal barmağı ilə divardakı bir fotonu göstərdi. Mən biixtiyar şəklə baxdım. Bahalı bir çərçivədə 50 yaşlarında gözəl, ziyalı paltarı geyinmiş bir kişi şəkli vardı.

– Anam 25 il bundan əvvəl çadrasız gəzmiş və qadınlar arasında maarif yaymışdır. Ona görə də mən belə bir mədəni iş əleyhinə ola bilmərəm. Ancaq indi məsələ ondadır ki, qadınları biz zorla bir işə məcbur edə bilmərik və mənim razılığım bir qanun ola bilməz. Mən özüm, təkrar edirəm ki, məmnuniyyətlə razıyam. Ancaq mühitimiz elədir ki, Gülər özü buna razı olmaz. Beləliklə, bu iş təəssüf ki, baş tuta bilməyəcəkdir.

Mən istəməyərək, gülümsəyib Gülərə baxdım.

Gülər başını aşağa salmış, gözlərini yerə dikmişdi.

– Siz bizə kömək etsəniz, mən zənn edirəm, biz Gülər xanımı da

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Yaşamaq

Gözümdə büsbütün aləm məzara bənzərkən,Uçar qaranlıq üfüqlərdə bir qanadlı ziya.

2 мин
Əvvəlinci məclis

Vaqe olur Həmzənin evində. Döşənmiş otaq. Divarda bir xəncər, o biri divara bir tapança asılmış. Bir stul və bir kürsünün üstündə 2 kitab, kağız, qələm və mürəkkəb vardır. Stul üstündə Səriyyə oturub qəzet oxuyur. Bir qədərdən sonra məhzun bir halda qəzeti qoyub kitabın arasından bir şəkil götürüb deyir:S ə r i y y ə . Ah, Rüstəm! Ah! Ey məhəbbətilə pərişan olduğum! Nə üçün məni yaddan çıxartdın? Nə üçün mənim halımdan xəbərdar olmaq istəmirsən? Nə üçün öz sevgilini zalımlar əlində qoyub xilas etmirsən? Biz ki, bir-birilə əhd bağlamışdıq ölənəcən bir-birindən ayrılmayaq. Hər cür əziyyətə, məşəqqətə, hətta ölümə də razı olub əhdimizdən dönməyək. Bəs nə üçün sən əhdinə vəfa edib məni buradan azad etmirsən? Yox, Rüstəm, sən bivəfa deyilsən! Amma mümkün olmadığını mən də bilirəm. Nə çarə edəsən? Sən bir tək, amma bu zalımlar bihədd. Ah, Rüstəm, ürəyim çatlayır! Taqətim kəsilir! Səni görmək istəyirəm. Fəraqi-yardan mən zarü giryan olmuşam, ya rəb! Cəfavü zülmi-zalımdan pərişan olmuşam, ya rəb! Günüm zülmət tək tarik səhrayi-məhəbbətdə… Cidayi-şəmsü mahü çeşmü müjgan olmuşam, ya rəb!

11 мин
İkinci məclis

Vaqe olur keçən otaqda. S ə r i y y ə tək və pərişan oturub.S ə r i y y ə . Bədbəxt canım! Neçə illər idi ümid edirdim ki, gələcəkdə Rüstəm,

15 мин
Üçüncü məclis

Vaqe olur qayət, qəni, lakin çirkin döşənmiş A x u n dun evində.Otaq xalılar ilə döşənmiş, bir küncdə yeşik üstündə bir qədər köhnə

19 мин

Стихи других поэтов