Страница 1 из 4

Gecə saat birin yarısı yuxarı məhlənin yeganə fəxri olan yeni tramvaydan enib 6-cı Təzəpir küçəsilə evə gedirdim. Bir-iki gün əvvəl yağış olduğundan küçə bərk mordov idi. Buna görə də çəkmələrimi almışdım əlimə, corablarımı da atmışdım çiynimə, balaqlarımı da çırmalamışdım dizdən yuxarı. Lakin içərisində sərçə hoppandığım yer daş çıxmayanda mordov sıçrayıb yar-yaxama çırpılırdı. Varatnığım- maratnığım çamur içində idi. Böyük Səlyan küçəsinə bir azca qalmışdı. Uzaqdan qabağımda bir qaraltı gördüm, qorxdum. Kimdir? – deyə uzaqdan qışqırdım ki, iş o yan-bu yan olsa, əkilə bilim.

– Mənəm, ay qardaş, Hər kimsən, yaxın gəl, mənə kömək elə...

Mən bir fikirləşdim, gedim görüm. Birdən getdim, olmadı belə, oldu elə. Bir qənbərqulu çıxdı. Sonra bu xəlvət küçədə mənim hara imanım yetəcəkdi. Milis yox, qarovulçu yox, dərimə saman səpərlər. Hələ ikicə gün qabaq bir Allah bəndəsini küçənin tən ortasında uzatmışdılar. Harayına o məhəllənin zaslujnı qarovulçusu olan çolaq Qaşdandan başqa bir zürriyyət çıxmamışdı. Qayıtmaq istəyirdim, ancaq, doğrusu, bir azca kişiliyimə kəsir gələrdi. Çünki səs arvad səsi idi. Arvad məni haraya çağırsın, mən getməyim?!.. Ancaq orası var ki, arvadın özündən də bir azca şübhəli idim. Kim bilir olmadı belə, oldu elə... Xülasə, qiryət mənə pərçim oldu... Çəkmələrimin qaytanlarını sarıdım belimin qayışına, pencəyimin ətəklərini sancdım şalvarımın nifəsinə,1 papağımı sancdım pencəyimin qoltuq cibinə... Qorxdum, birdən iş qaçmağa müncər olar, papağım düşər. Özü cəhənnəmə, biabır olaram. Genə şapka-mapka olsa, dərd yarı idi. Mənimki xalis Buxara dərisindəndi. Deyərlər, qiryəti qoydu, qaçdı. Nə isə, əyildim, yerdən mükəmməl bir daş götürdüm və qaraltıya tərəf getməyə başladım. Bir az qalmış dayandım, diqqətlə baxdım. Kölgə durduğu yerdə yırğalanırdı. Özü də doğrudan da, çadralı bir arvada bənzəyirdi. Ancaq dalında bir qarzinka, qoltuğunda da nə isə adam cəmdəyinə bənzəyən bir şey vardı. Ancaq qaranlıqda seçilmirdi. Nə isə, bir dəli şeytan mənə dedi: qayıt. Çünki bu arvad düz arvad isə, gecənin bu vaxtında burada nə gəzir. Özü də qarzinka ilə... Yaxında klub yox, kino yox, yığıncaq yox... məhərrəm də deyil ki, məsciddən qayıdan olsun. Bulvardan qayıdan da ola bilməz. Çünki bu məhlədən tramvay xəttinə çıxmaq üçün yol olmadığından arvad-arvaddır, kişilər də şəhər içini yenə bilmirlər. Yüz min bəla ilə işə gedib ölə-ölə qayıda bilsələr, odur ki, var. Daha klub, yığıncaq kimin yadına düşər? Bir də hələ tutalım ki, bu arvad dəli olub, məsələn, kartinadan gəlir. Yaxşı bəs bu qarzinka nədir? Bir fikirləşdim ki, bəlkə oğurlayıb. Bu mümkün işdi. Milis yox, qarovulçu yox. Ancaq bəs qucağındakı çamadan nə idi... Yenə bir dəyim qayıdım, nə lazım helə-belə gedim-getməyim. Böyük Səlyan küçəsinin tininə çatdım. Hələ bura çatmışdım ki, bir də nə gördüm: başuva dönüm: yuxarıdan – qəbiristanlıq tərəfdən bir qaraltı, ardınca 20- 25 müsəlman ölüsü qaçırlar. Müsəlman ölüsü olduğunu da ondan bilirəm ki, hamısı ağ kəfəndə idi. Ölülər yaman çaxnaşmışdılar.

– Adə, qaç, gəldi! Adə, tut, qoyma! Adə, qaç! – deyə qaçaqaç idi. Mən əvvəl bir fikirləşdim ki, sahibi-salavatəleyh zühur edib. Ona görə də bütün qəbiristanlığın ölüləri qəbirdən baş qovzayırlar. Sonra gördüm yox, qaraltının əlində parıldayan bir şey qaçır. Ölülərin də yüyürüşü cəhad hücumuna bənzəmir. Onlar da qaçırlar. Gördüm hamı qaçır, dedim daha dayanmaq vaxtı deyil. Asta qaçan namərddir, – deyə tüpürdüm dabanıma – qaç ki, qaçasan. Aşağıdan bir nəfər də gəlirdi. Gördü biz qaçırıq o da qayıtdı, başladı qaçmağa... Bir ürəyimdə fikirləşdim ki, xub, biz qaçırıq-qaçırıq, bəs bu axmaq oğlu axmaq niyə qaçır. O ki heç bilmir nə var, nə yox. Bəlkə heç qaçmalı bir şey yoxdur. Ancaq yenə ürəyimdə fikirləşib gördüm ki, doğrudan da, kişinin haqqı vardır. Nə lazım, birdən bu ölünün xoşuna gəlmədi. Tutub atanı yandırar... səsi də heç yerə çatmaz... Nə isə, hamımız qaçırdıq. Mən bilirdim ki, bu məhlə başlı-başını saxlayır, yaşayır... Çığıra-çığıra aşağı tinə çatdım. Palçığın içində yekə bir stəkan sınığı ayağımı kəsmişdi. Daha qaça bilmədim. Onsuz da özüm bir o qədər qorxacaq deyiləm. Odur ki, tinə çatdım, dayandım. Özümə toxtaq verirdim. Adamlar hələ də daldan qaçırdılar. Beş-altısı gəlib qabağımdan keçdi. Tinə sıxılıb ixtiyarsız dayanmışdım. Bir nəfər qara paltarda, əlində ət qiyməkeşi bunların ardınca yüyürürdü. Mən nəfəsimi çəkməyirdim. Nə vardı, nə olurdu? Anlaya bilmirdim. Bircə onu gördüm ki, corablarımın ikisi də çiynimdən düşmüş, çəkməmin də bir tayı yoxdur. Ancaq yaxşı ki, papağım yerindəydi... Əyilə-əyilə tini buruldum. O biri küçəyə sürünə-sürünə, yıxıla-yıxıla özümü yetirdim. Küçəmizə, dalanmıza bir azca qalmış bir də gördüm qara bir kölgə dalında yekə bir kisə dalanmıza tərəf gəlir. Dalan qapısına çatdı, dayandı. Kisəsini yerə qoydu. Başladı o yan-bu yana göz gəzdirməyə. Mən qorxudan dinməz dayanmışdım. Bu adam kim idi? Kisəsində nə idi? Hələ bunu düşünürdüm iş, birdən bu adam dalanmıza baxdı və dördayaq mənə tərəf götürüldü. Bunu görər-görməz mən də götürüldüm. Yenə də qaç ki, qaçasan. Ancaq hadisələr məni igidləşdirmişdi... Çox qaçmayıb bir azdan dönüb geriyə baxdım. Atam tini burulub sağ tərəfə qaçırdı. Mən dayandım, ancaq kisənin qorxusundan dalana yaxınlaşa bilmirdim. Doğrudan da, gecənin bu vaxtında bu zəhrimar kisə çox əsrarəngiz idi. Özü də nəhs kimi dalanın ağzına salınmışdı. Indi gəl bunun yanından keç görüm, necə keçirsən. Ax, bircə bilsə idim gecənin yarısında bu kisədə nə ola bilər... çox dayandım. Ay da göyün ortasında dayanmışdı. O mənə baxırdı, mən ona. Ancaq nə o danışırdı, nə də mən. Lakin dalanımızda nə isə bir boğuşma kimi olduğunu açıq hiss edirdim. Kisə yiyəsi də burada nə isə gördüyü üçün qaçdı. Igid hər yerdə özünü göstərər. Odur ki, mən də bütün cəsarətimi toplayıb bir addım-bir addım divardibi sürünməyə başladım. Hələ dalan ilə tuşlaşanda bədənimə bir titrəmə düşdü. Bütün damarlarımda qan bilmərrə dondu, yainki qaynadı. Mən biləni, qaynadı, çünki üçüncü dəfə olaraq dabanlarıma tüpürüb geri götürüldüm. Ərz edirəm, çox da qorxacaqlardan deyiləm ki, qaça da bilməyim. Qaçdığım da ona görədir ki, bayaqkı ölülərdən bir dəstə də bizim qapımızda idi. Oradan böylə səslər gəlirdi:

– Arvad, aç də! Yeyirəm səni?

Bir arvadın səsi gəlirdi:

– Vay, uşağımı öldürdülər.

– Aç! Yeyirəm səni?

Hələ mən dalana tuşlaşanda gördüm içəridən üst-üstdən beşatılanlar işləməyə başladı. Daha dayanmağın heç yeri deyildi. Geri götürüldüm. Hələ götürüldüyümü gördüm ki, birdən yekə bir şey üstümə atıldı. Bərk qışqırdım və yerə yıxıldım. Ancaq yıxılmaq vaxtı da deyildi. Əlim tutulu olduğu üçün vuruşa da bilmirdim. Yenə qaçmaqdan başqa çarə yox idi. Bu dəfə də qaçdım. Yenə də bayaqkı döngəyə çatıb dayandım. Bu dəfə vəziyyətim daha çətin idi. Çəkməmin o biri tayı da düşmüşdü. Əməkdar qarovulçu çolaq Qaştan balağımın birini nifəsindən cırıb yanımdan sallamışdı. Ombama da əl gəzdirmişdi. O biri balağım yenə də çırmanmışdı. Ancaq papağım yerində idi. Bərk yorğun idim. Dizlərim kəsilirdi. Baxdım ki, çolaq Qaştan ilə vuruşurkən mənim əlimi tutan nə imiş. Gördüm bayaq qarzinkalı arvadın köməyinə getmək istərkən yerdən... götürdüyüm daşdır ki, vuruşmada o qədər özümü itirmişəm ki, yadımdan çıxıb daşı suxarı-zad hesab edib əlimdə saxlamışam.

Özümə gələ bilmirdim. O qarzinkalı arvad kim idi və nə köməkbazlıq idi? Yanımdan qaçan əlibıçaqlılar və ağ kəfənli ölülər kim idi. Hələ dalanımızdakı boğuşma, hələ atılan beşatılanlar... Kimi öldürürlərdi. Hələ dalanımızın lap ağzında atılan, ayaq üstündə duran o əsrarəngiz kisə... nə isə daşı altına qoyub oturdum və papağımı pencəyimin qoltuq cibindən çıxarıb Hamlet kimi qabağıma qoydum və düşünməyə başladım:

– Olum, ya ölüm! Budur əsl məsələ. Nə etməli? Oğul-uşaqdan əl çəkib onları ölülərin əlində, o boğuşmanın içində qoyub səhər içinə enmək və orada tinbaşı dəstə ilə durub “Hüseyn kürd”3 nağılını danışan milisionerlərin nağıllarına qulaq asmaq və yaxud canımı dişimə tutub o əsrarəngiz kisənin yanından keçmək, ya evə yol tapmaq, ya da biryolluq ölmək... Əvət, biryolluq ölmək bu palçığın, bu çamurun üzündən, bu işıqsız, kooperativsiz, klubsuz, yolsuz, mostovoysuz, səkisiz, milissiz və qarovulçusuz küçələrin əlindən xilas olmaq...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов