Страница 1 из 2

-Bağdad civarında ağaclıq, mənzərəli bir guşə... Bir tərəfdə dışarısı yeşilliklərlə mühat bir çardaq, içərisi həsirlə döşənmiş sadə bir qülbəcik... Qülbənin iki pəncərəsi, sağda, solda və qarşıda birər qapısı var. Taqçada bir taqım kitablar nəzərə çarpar. Ağustos, ikindi çağı... Pərdə açıldıqda Arif bir tərəfdə, taxta bir karyola üzərində əlinə təkyə edərək, uzanıb düşüncəyə dalmış, səhnə qaranlıq, ətrafda göy gurultusu, şimşək çaqışı, tranpete sədaları, top, tüfək, bomba patlayışları... Qarşıda, səhnənin nihayətində iki böyük göz (pəncərə) atəşlər, alevlər içində dəhşətli bir müharibə təsvir edər. Bir qaç zabit əldə durbin müharibə komandasilə məşğul...Gözlərin birində İblis, digərində Mələk görünür.Gurultudan sonra sükut...*

İblis (məmnun qəhqəhələrlə)

Dəryalarə hökm etmədə tufan,
Səhraları sarsıtmada vulkan,
Sellər kibi aqmaqda qızıl qan,
Canlar yaqar, evlər yıqar insan...

(qəhqəhə)

Mələk

Yarəb, bu nə dəhşət, nə fəlakət?
Yarəb, bu nə vəhşət, nə zəlalət?
Yoq kimsədə insafü mürüvvət,
İblisəmi uymuş bəşəriyyət?!

-İblisin müstəhzi və sürəkli qəhqəhələrilə bərabər yenə göy gurultusu, top, mitralyoz sədaları başlar. Sonra sükut...*

İblis (çılğın qəhqəhələrlə)

Toplar veriyor aləmə dəhşət,
Dəhşət!.. Qopiyor sanki qiyamət,
Yağmur kibi göydən yağar atəş!..
Atəş!.. Qaralar, dalğalar atəş!..

Mələk

Yarəb, azacıq lütfü inayət!
Qəhr olmada artıq bəşəriyyət.
Başdan-başa həp yer yüzü vəhşət,
İblis ilə həmrəngi-siyasət.

-Gözlər qapanır, səhnə aydınlaşır.*

Arif (Uyqudan oyanır kibi alnını və gözlərini ovuşdurur. Yerindən qalqar, göyə doğru)

Dünyaları yoqdan yaratan, ey ulu tanrı!
Ey xaliqi-hikmət!
Duyduqca, düşündükcə olur qəlbimə tarı
Bin şübhəli illət.
Duyduqca, əvət, pərdəli hikmətləri hər an,
Bin dürlü həqiqət,
Bin dürlü müəmmalı həqiqət bana xəndan,
Həpsində də zülmət...
Bülbüllərin əlhanı, çiçəklərdəki əlvan
Ya şöleyi-əcram,
Olmaz şu bənim çıldıracaq könlümə əlan
Bir mənbəi-ilham.
Ey varlığı yoq, yoqluğu vardan daha dilbər!
Ruhum səni izlər.
Lütf et, o gözəl çöhrəni bir an bana göstər,
Könlüm səni özlər.
Uydum da peyəmbərlərə, qanunə, kitabə,
Duydum yenə qəsvət.
Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə,
Həp zəfə əlamət...
Hər fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat,
Yoq rəhbəri-vicdan.
Sənsiz doğamaz qəlbimə, vicdanıma heyhat,
Bir şöleyi-irfan.
En gəl bana, yaxud bəni yüksəklərə qaldır,
Gəzdir qonağında.
Yerlərdə süründüm, yetişir, göylərə qaldır,
Dindir qucağında.
Qaldır bəni, bir seyr edəyim xoşmu, gözəlmi
Cənnətdə mələklər?
Qaldır bəni, ta görməyim insandakı zülmi,
Baq, yer yüzü inlər.
Yarəb, bu cinayət, bu xəyanət, bu səfalət
Bulmazmı nihayət?
İnsanları xəlq etmədə var bəlkə də hikmət,
İblisə nə hacət?!

-Yorğun və düşüncəli bir halda iskəmləyə oturur. Dərhal səhnənin işığı azalır. İblis sürəkli və istehzalı qəhqəhələrlə yerdən — alevlər içindən çıqar. Yaldızlı və əflatuni ridasının ətəkləri hərəkət etdikcə atəşrəng sima və əlbisəsi parlar, durur.*

İblis

Arif! Bana baq, səndəmi evhamə qapıldın?
Biçarə çocuq, səndəmi İblisə taqıldın?
Dahilər, ululəzm nəbilər belə bəndən
Hiç vəchlə təxlisi-giriban edəməzkən
Daim bəni təhqir edərək əyləniyorsun...
Həp söyləniyor, söyləniyor, söyləniyorsun...
Bir gün gəlir, əlbəttə, şu izan ilə sən də
Bazicə olursun qoca İblisin əlində.
İblis, o böyük qüdrət, o atəşli müəmma
Bir gün səni də kəndinə eylər kölə... amma
Heyhat, olamaz dərdinə bir kimsədən imdad,
İmdadə qoşar, qoşsa fəqət ah ilə fəryad.

-Ridasının ətəklərini Arifin yüzünə sürər, laübali qəhqəhələrlə çəkilib gedər. Səhnə aydınlaşır.*

Arif (şaşqın, sinirli bir tevr ilə saçlarını qarışdırır, içəri girməkdə olan İxtiyara həyəcanlı və müztərib)

Gəl, gəl bana! Gəl, eylə bənim dərdimə çarə!

İxtiyar

Oğlum, yenə dərdin nə imiş, söylə, nə çarə?

Arif (acı təbəssümlərlə)

Yar beynimi, aç qəlbimi! Eyvah, açamazsın,
Qaç bəndən uzaqlaş, xayır, əsla qaçamazsın.
Bən çılğınım artıq, bana yaqlaşma, kənar ol,
Gəl, qaçma, xayır, dərdimə lütf et də, dəva bul.

İxtiyar

Oğlum, mədəni aləmi nifrətlə bıraqdın,
Gəldin şu cədəlsiz, bədəvi aləmə çıqdın.
İnsandakı haqsızlığı, zülmü unut artıq,
Qəlbindəki nifrətləri, vəhşətləri yaq, yıq.
Yüz, bin deyil İblisə uyan... həp bəşəriyyət
Etmiş bu gün ev yıqmağa, qan içməyə adət.
Arif! Unut, oğlum, unut artıq bəni, dinlə,
Sən kəndini məhv eyləyəcəksin bu gedişlə.

Arif (acı qəhqəhələrlə)

Mümkünmü unutmaq?! Dayanılmaz buna əsla,
Əsla dayanılmaz şu böyük vəhşətə... zira,
Yalnız deyil insanlara, vəhşilərə sorsan,
Onlar belə insandakı vəhşiliyə heyran.

(göyə doğru, sinirli və həyəcanlı)

Bilməm şu cinayət, şu xəyanət, şu fəlakət
Bitməzmi, ilahi! Bu qədər səbrə nə hacət?

(çılğın )

Ver, bir buyuruq ver də cəhənnəmlər açılsın,
Coşsun, bütün atəşləri dünyaya saçılsın.
Yaqsın da, şu zalım bəşərin yurdunu yıqsın,
Həp yer üzü bir ah olaraq göylərə çıqsın.

-Bu sırada dəhşətli göy gurultusu başlar. Gurultu ilə bərabər İblisin şiddətli qəhqəhələri eşidilir. İxtiyar məyus və düşüncəli bir halda qülbədən çıqar. Arif əli alnında olaraq gurultu və qəhqəhələri dinlər. Eyni zamanda səhnənin işığı azalır. İblis Arifin qarşısına keçi verir.*

Arif (fəsini qoyaraq, şaşqın)

Kimsin, nəçisin? Söylə, nədir fikrü məramın?
Nerdən gəliyorsun, nə imiş şöhrətü namın?

İblis (məğrur qəhqəhələrlə)

Bən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim,
Həp xaliqə təsbih idi, təhlil idi virdim.
İlk öncə mələklər bəni təqdis ediyordu,
Adəm kibi bir sayğısız axır ləkə vurdu.
Alçalmadı, yüksəldi fəqət şöhrətü şanım,
Allah ilə bir zikr edilir namü nişanım.

Arif

Artıq yetişir, anladım, izahə nə hacət?
Qarşımdakı İblis imiş, eyvah, nə dəhşət!
Həp qəhr oluyorkən şu cihan xain əlinlə,
Bilməm nəyə gəldin, nəyə gəldin, bana söylə!

İblis

Baqdım, əziyor ruhunu həp qeydi-əsarət,
Gəldim edəyim ta səni hürriyyətə dəvət.
Baqdım, səni məhv etmədə bin dürlü xəyalət,
Gəldim verəyim qəlbinə bir nuri-həqiqət.

Arif

Uymam sana, hər mələnətin bəncə əyandır,
Dəf ol da, get, azğınları, sapqınları qandır.
Hürriyyətə əsla bəni sən irdirəməzsin,
Bir zülmət ikən nuri-həqiqət verəməzsin.

İblis (istehzalı qəhqəhələrlə)

Lakin bu xəta... Atəşi zülmət sanıyorsun,
Sən arif ikən, halbuki, pək aldanıyorsun.
Zülmət deyilim, iştə bənim hər sözüm atəş...
Atəş, özüm atəş, yüzüm atəş, gözüm atəş.

Arif

Bən nurə fəqət talibim, atəş nəmə lazim?!

İblis

Atəşsiz, inan, nur olamaz sabitü qaim.
Atəş, günəş atəş, bəşəriyyət bütün atəş,
Hər bir hərəkət, məbdəi-xilqət bütün atəş...
Zərdüştü düşün, fəlsəfəsi, fikri, dəhası
Həp atəşə tapdırmaq idi zümreyi-nası.
Yalnız bunu dərk etdi o əllameyi-məşhur,
Yalnız o böyük baş şu böyük kəşflə məğrur...

Arif (sinirli)

Məhv olsa da həp bənliyim uymam sana, dəf ol!

İblis

Durmam, gedərim...

(qəhqəhə ilə çəkilir)

Arif

Haydı, çəkil, iştə açıq yol!..

(Fəsini bir tərəfə atıb əsəbi hallar keçirir. Səhnə aydınlaşır)

Xavər (gəlir, həyəcan və təlaş ilə)

Söylə, Arif! Aman nə oldu yenə,
Yenə kimlər göründü gözlərinə?

Arif

Sorma, hiç sorma, nazənin Xavər,
Bəni məhv etdi iztirabü kədər.

(onu qolları arasına alır)

Sən, əvət, sən də olmasan, heyhat!
Bəni bir gün boğar şu qanlı həyat.
Ah, o gözlər bilirmisin nə diyor?

Xavər

Nə diyor, söylə...

Arif

Ruhu cəzb ediyor,
Söylüyor əski xatiratı bana.

(ətrafa)

Sanki qarşımdadır gözəl Rəna.

Xavər

Bana baq, səndə gizli bir söz var...

Arif

Onu hiç sorma, sevgilim!

Xavər (ətrafa)

Qəddar!

-Bu sırada İxtiyar ilə bərabər İbn Yəmin, Rəna, zənci çavuş və bir əskər, əlində ufaq bir çanta daxil olurlar.*

İbn Yəmin (səmimi bir tevr ilə əlini İxtiyarın omuzuna qoyaraq)

Möhtərəm İxtiyar, nasıl keyfin?

İxtiyar

Hiç qəmim yoq, var olsun İbn Yəmin!

İbn Yəmin (alnının tərini silər)

Pək sıcaq, həm də yol bu gün pək uzaq.
(əskərə)

Çabuq ol, haydı, qoş da atlara baq.

Əskər çantayı bir tərəfə bıraqıb çıqar.

Arif (diqqət və heyrətlə ətrafa)

Ah, o, Rəna, o nazənin afət!

Xavər

Yenə bir şeymi oldu, Arif?

Arif

Əvət.

(Rənayə yaqlaşaraq)

Söylə, Rənamı isminiz?

Rəna (Arifin əlini sıqar, heyrət və sevinclə)

Arif!

İbn Yəmin (Arifi süzər, ətrafa)

Bizə bir əngəl olmasın şu hərif!

Arif

Bu gəliş, əfv edərsiniz, nerədən?

İbn Yəmin (məğrur və laübali)

Səhneyi-hərbdən, mücadilədən.

Arif (acı təbəssümlə)

Bir fəzilətsə öldürüb-ölmək,
Canavar bizdən əşrəf olsa gərək.

İbn Yəmin (istehzalı qəhqəhə ilə)

İştə bir söz ki, büsbütün yanlış...
Yaşamaq istiyormusun, çarpış,
Hərbə qoş, həp vuruş, ya əz, ya əzil!
Onsuz irmək murada pək müşkül.

Arif (istehzalı və əzici bir təbəssümlə)

Doğru, pək doğru bir düşüncə... əvət,
İştə hər əskər, iştə hər millət
Bu gün olmaqda həp bu fikrə şərik,
Hiç çəkilməz fəqət bu sərsəmlik.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов