Mişkinaz xanıma məktublar
Содержание
1
24 həziran 1927. Kislovodsk
Əziz sevgili Mişkinaz! Şimdiyə qadar dörd-beş açıq məktub yazmışım. Ərtoğrolun otkrıtkasından başqa bir məktub alamamışım. Bilmiyorum, cavab yazmıyorsun, yaxud postaxanamı vermiyor? Hər halda bu qədər tənbəllik yaramaz.
Desəm ki, vannalar və erektrik bəndə hal qoymamış, nəinki uzun məktub yazmaq, hətta qısasına da ərinirim. Daha doğrusu, Məşədi İbad kibi adımı da özgədən soruşuyorum. Vannalar bütün-bütünə ə’sabı və hafizəyi bərbad ediyor. Az qalmış ki, tədavi proqramımı yarılayım. Bu gün-yarın qulluğunuzdayım. Çocuqlardan muğayat ol! Ərtoğrola söylə ki, gözü Turancığın üzərində olsun, savaşmasınlar, yoqsa acıq edib biryolluq Mərdəkana gəlmərim. Çocuqları bənim tərəfimdən öpərsin...
Hüseyn Cavid
2
30 iyun, 1927. Kislovodsk
Mişkinaz! Bu gün üçüncü məktubunuzu aldım ki, Ərtoğrol ilə bərabər yazmışdınız. Çoq məmnun oldum. Keçən gün doktorun yanında idim. Üçüncü dəfə müayinə etdi. Yenə narzan və elektrik və digər ilaclar yazdı. Doktorun fikrincə iyulun 20-ə qadar tədavi bitər, sərbəst olarım... Bən bir də doktora gedəcəyim. Proqrama bir şey ilavə etməsə, ayın 23-də çıxacağım, çünki qəribsəməyə başladım, tanış da çox az... Pənah bəy də dünən yoq srağa gün gəldi. Kislovodskın yağmurları dad-bidad eyliyor. Dışarı çıqmaq mümkün deyil. Yenə beş-altı girvənkə kökəldim. Professor, qətiyyən yaramaz, – deyə ac bıraqıyor.
Gündüz yatmağa hiç qoymuyor. Gələn dəfə Ərtoğrola şəkilli otkrıtka yazacağam, bu dəfə bağışlasın. Çocuqları şapır-şapır öpərim. Ərtoğrol Həlimənin də dərslərinə baqsın. Pək müəzzəz Fəramuş xanıma ayrıca məktub yazmadığım için məhcubim, təbii, qüsurə baqmaz. İdris və Şaiqə ərzi-ehtiram... Şahzadə xanıma səlam...
Baqi ehtiram, səni öpərim.
Cavid
Pənah bəy Qasımov görkəmli maarif xadimi olmuşdur. O zaman Bakı darülmüəlliminin
müdiri idi. H.Cavidin ailəsi Kommunist (indiki İstiqlaliyyət) küçəsindəki
№-li evin 3-cü mərtəbəsində yaşadığı zaman qoqşu idilər.
Həlimə – o zaman H.Cavidin ailəsində xidmət edən qız.
Əlavələr
Dəli knyaz
Libretto
Birinci pərdə
Tiflisdə
Dəli Knyaz (əksinqilabçı). Öz dayısı S o lomon ilə balkonda eyşü işrətə məşğuldur. Dayısı kənd katibinin oğlu imiş. Özü də liberal düşüncəli bir ziyalıdır. Knyazın gənc qadını gözəl Jasmen gələr, onları salamlar və söhbətdə iştirak edər. Knyas Jasmenin tərcümeyihalını söylər. O, qız ikən Batum tərəflərində bir köylü erməni müəllim qızı imiş. Knyaz o tərəflərə öz mülkünə baqmağa gedərkən onu almış (bu, ikinci arvadıdır). Əvvəlki ölən arvadından Lena adlı bir qızı var. 15 yaşındadır... 20 yaşında Anton isə Knyazın evində xidmət edən anası Marqonu görməyə gəlmiş. Antonun ölən babası da Knyazın bağbanı imiş. Anton kommunist və mühəndis-texnikdir. O, daima Knyaza zidd gedər.
Məclisin ortasında bağlarını dolu vurmuş bir köylü, rütubət zirzəmilərdə yatan və tütün fabrikasında çalışıb xəstələnən beş-altı işçi gəlir. Yaşadıqları podvalların rütubətli olduğundan və maaşların azlığından bəhs edərlər və Knyaza dikanlı sözlərlə hücum edərlər. Knyaz onları təhqir edər. Anton işçiləri müdafiə edər. Nihayət Knyaz onları qovar və bütün ehtiyac və istəklərini rədd edər. Onlar da, Knyaz da məclisi tərk edər. Antonun anası Marqo oğluna məsihət edər. O isə İnternasional marşını zümzümə edər, anasını dinləməz. Bu sırada dışardan ıslıq (fit) səsi eşidilir. Anton yoldaşlarının çağırdığını söyləyərək gizli iclasa gedər.
Pərdənin əvvəlindən sonuna qadar Şakro adlı yalançı və satıcı bir sosialist də iştirik edər. Hər adımda Antonun təhqirlərinə rast gəlir.
İkinci pərdə
Botanik bağında, havuz kənarında. Tiflis
Jasmen, Lena və Marqo bağ seyrinə çıqmışlar. Anton, onlar bir tərəfə getdikdən sonra gəlir, fikirli halda qəzetə oqur. Şakro gəlir, Antona yanaşır və deyir ki, Tiflisdən qaç, səni tutacaqlar. Firqənizin sirrini öyrənmişlər. Anton işçiləri və yoldaşlarını bıraqmayacağını və getməyəcəyini söylər. Onu qorqaq olduğu için təhqir edər.
Şakro gedər, Jasmen gəlir. Antona örtülü sözlərlə məhəbbətini söylər. Anton isə istehza ilə gülərək söylər ki, bu mümkün deyil. Bən fabrikalar, paslar içində, sən incilər, elmaslar içində... Bunlar ikisi köydə ikən sevişmişlərsə də Anton illərlə onu görməyə vaqt bulamamış, nihayət, Knyaza getmiş. Jasmen iztirabdan qəlbim içəridə çırpınır, – deyə Antonun əlini köksünə, ürəyinə qoyar, Anton əlini şiddətlə çəkər. Fəqət bu sırada Knyaz gəlir, görür və qısqanclığı artar. Anton gedər, Knyaz Jasmeni təhqir edər, Solomon gəlir. Qızıl ordunun Gürcüstana olan hücumlarını söylər. Knyaz daha çılğınlaşır. Polis və xəfiyyələr gəlir, Antonu yaqalar, qolu bağlı götürür. Anası fəryad edər, düşər, bayılır.
Üçüncü pərdə
Knyazın evi. Süslü salon
Ad günü, şən bir ziyafət. Qonaqlar sərxoş... Gürcü rəqsləri oynanır. Qonaqların bir qismi gənclər inqilabi marş oqur. Knyaz və Şakro qızar. Marqo həbs edilmiş oğlu Anton için qəmlər içində. Knyaz Antonun anasını təhqir edər, o da qədəhlə dolu padnosu yerə çırpar, Knyazı təhqir edib çıqar. Bir ziyalı qonaq gəlir, arvadını aparır və Knyaza der ki, bolşeviklər Tiflis ətrafını sarmış, inqilabçılar coşmaqda, ətrafda top səsi eşidilməkdədir. Bir az sonra Anton saqallı olaraq gəlir, anasını soruşur və həbsxanadakıların xilas olduğunu söylər. Və istehza ilə Knyaza: artıq sizin devran bitdi, – der. Höcətləşib sözləşirlər. Knyaz onu yaralar, düşər. Tiflisin alındığı top səslərilə bilinir. Qonaqlar qaçışar. Knyaz da Avropaya qaçar.
Dördüncü pərdə
Berlində otel pansionunda bir salon...
Knyaz Berlində Solomonla Tiflisi xatırlar, gəzmək için dışarı çıqarlar.
Şakro Jasmenə e’lani-eşq edər və Knyazın içkidən sərsəmləşdiyini söylər. Jasmen isə onu rədd və təhqir edər. Anton Hamburq şəhərinə sənaye alətləri almaq için gələr. Oteldə Knyazın qızı Lenaya rast gəlir, Lena Jasmenə xəbər verir, görüşürlər. Marqonu soruşarlar. Anton, çocuqlar evində müdirə olmuş deyərək Gürcüstanın başqa müvəffəqiyyətlərindən bəhs edər. Jasmen peşiman olduğunu və zor ilə Knyazın onu gətirdiyini söylər, təkrar Gürcüstana dönməyini və proletar quruluşunda çalışmaq istədiyini söylər. Anton gedər. Knyaz onu gördüyü için Jasmeni və qızını təhqir edər. Jasmen çıqar gedər. Qızı Lena Knyaza xəbər verər ki, Şakro bütün var-yoqumuzu aparmış. Sandıqları sındırıb pul, cəvahirat nə varsa əldən çıqarmışdır. Knyaz büsbütün şaşırır və buradan dəliliyin müqəddəməsi başlanır.
Beşinci pərdə
Berlində kafe-restoran. Knyazın dayısı Solomon – müdir
Bu səhnədə keçən cihan müharibəsində bir qolunu itirmiş zabit də bulunur. Qardaşı cihan hərbində öldüyündən bəhs edər. Və qardaşı qızı müsyölər ilə rəqs edərkən onu pis yola də’vət edərlər. Nifrətlə məclisdən çıqar, gedərlər. Şura ölkələrindən qaçmış qraf, fabrikant qız və qadınları restoran xidmətçisi vəzifəsində...
Knyaz dəli qiyafəsində gəlir. Özünün və bunların keçmişincə sərsəmcə sözlərlə bəhs edər. Solomon Knyazın içəri odaya getdiyini görüb qapıyı qapar. Qadın və erkək müştərilər gələr. Solomon özü gah qəzetə oqur, gah küçük xidmətlər edər. Hamburqdan dönmüş Anton da gəlir. Solomon ona külqabı gətirərkən tanır, qonuşurlar. Knyazın halını təsvir edər. Jasmen Gürcüstana qaçmaq için Antonla buluşmuş... Bir az sonra oraya gələcəyini Anton söylər və dalınca gedər. Müştərilər Çarlston rəqsi ilə məşğul olur. Knyazın qızı Lena rəqqasəlik vəzifəsi ifa edər və iki lirik parça ilə Gürcüstana aid şərqilər oqur. Knyaz yenə çıqar. Dəli sözü ilə coşar. Müştərilər dağılır. Daşarıda Rot-front marşı eşidilir. Knyaz onları əksiqilabçı ordu zənn edər, coşar, gülər, ağlar, yardım istər. Silah çəkib hərbə hazır olduğunu söylər. Niyahət, bizimkilər basıldı – deyə özünü vurub ölər.
Qeyd: Əsər mənzumdur. Lazım gəlsə, təbii, bə’zi yerlərinə xorlar ilavə edilir və son pərdədə rəqs bitmək ikən bugünkü Berlinin işsiz işçiləri də gələr və burjuaziyanın rəqslərinə qarşı e’tirazlar, aclıq marşları və kinli çıqışlarla e’tiraz edərlər. Bu xüsusda rejissor və bəstəkarın tevsiyələrini dinləmək lazım gələcəkdir.
Telli saz
Anam Mişkinaz Cavid 1945-ci ildə Hüseyn Cavidin əlimizdə olmayan “Telli saz” pyesinin məzmununu mənə diqtə etmişdir. İndi mən onu oxuculara olduğu kimi təqdim edirəm.
Turan Cavid
İştirak edənlər:
Q u r b a n – Məcnunşah – xalça fabrikinin işçisi
L a l ə – onun arvadı – xalça fabrikinin işçisi
Q u m r a l – onların qızları, Bakıda konservatoriya bitirmiş
B a x ş ı – Lalənin qardaşı – xalça fabrikinin işçisi
F ə r m a n – Baxşının oğlu, elektrik mühəndisi, ali təhsilini Bakıda almış,
Qumralın nişanlısı
M ü n ş ı z a d ə – maarif naziri
B ö y ü k a ğ a – xalça fabrikinin sahibi
B a l a c a x a n ı m – onun arvadı
P ü s t ə – onların xidmətçisi
Ş ə p p ə r ə x a t u n – ümumxana sahibəsi və başqaları
...Hadisə Təbrizdə baş verir. Xalça fabrikinin sahibi Böyükağa fabrikdə fəhlə işləyən Qurbanın arvadı Laləni ələ gətirmək istəyir. Lakin o, buna nail ola bilməyir. Laləni müdafiə edən Qurbanı Böyükağanın adamları bərk döyür, başına ağır zərbələr endirirlər. Qurban çox pis vəziyyətdə ordan baş götürüb qaçır. Bütün bunlardan sonra Lalə qızı Qumral ilə, qardaşı Baxşı da oğlu Fərmanla birlikdə Bakıya gəlirlər. Lalə Bakıda tikiş fabrikində işləməyə başlayır. Uşaqlar da burda təhsil alırdar. Qumrad konservatoriyanı bitirərək musiqiçi, Fərman isə elektrik mühəndisi ixtisası alırlar.
Bakıya gələn Təbrizin maarif naziri Münşizadə Baxşı ilə görüşüb, Təbrizdə mütəxəssislərə böyük ehtiyac olduğunu söyləyərək, Qumral ilə Fərmanı orda işləməyə dəvət edir. Hər iki gənc vətənləri Cənubi Azərbaycanda çalışmaq təklifini böyük həvəslə qəbul edirlər.
Qumral Təbrizə gələndən sonra həm məktəbdə, həm də Böyükağanın arvadı Balacaxanıma evdə dərs verir. Böyükağa tərbiyəli, ağıllı, gözəl Qumrala “aşiq” olur, nə yol ilə olursa olsun onu ələ gətirmək istəyir. Ona bahalı brilyant bilərzik bağışlayır. Qumral isə qaşların “ləkəli” olduğunu söyləyərək rədd edir. Böyükağa Qumralın nəyə işarə etdiyini belə anlamır. Böyükağa Qumrala nail olmaq məqsədilə Fərmanı həbs etdirir.
Məcnunşah adını qazanmış Qurban qızı Qumralı tanıyır. Onu, kənardan hər addımını izləyərək qoruyur. Böyükağagilə dərs verməyə gedəndə də, onu həmişə kənardan müşayiət edir.
Qumralı ərinə qısqanan Balacaxanım, qulluqçusu Püstənin vasitəsilə onu aldadaraq, guya Böyükağanın həbs etdirdiyi Fərmanı azad etmək üçün adam görmək məqsədilə Şəppərəxatunun ümumxanasına apartdırır. Burda Qumral... bir neçəsini nifrətlə rədd edir.
Həmişə Qumralı izləyən Məcnunşah nəhayət onun burda olduğunu öyrənə bilir və Münşizadəyə xəbər verir. Münşizadənin vasitəsilə Qumral buradan azad olur.
Lalə ilə Baxşı vətənlərini və uşaqlarını görmək məqsədilə Təbrizə gəlirlər. Lalənin gəlişi ilə hər şey açılır. Qurban – Məcnunşah qəzəblənib Böyükağanı boğub öldürür.
Lalə Qumrala Məcnunşahın onun atası olduğunu bildirir. Ailə yenidən birləşir.
“Telli saz” əsərindən əlimizdə qalan üç şeir parçasına görə qardaşım Ərtoğrol Cavidə minnətdarıq. O, adətən xoşladığı şeir parçalarını özünə məxsus dəftərinə köçürərdi. Xoşbəxtlikdən həmin dəftərlərdən biri – 1933-cü ilə məxsus olanı bu gün əlimizdədir. Mən həmin şeirləri oxuculara təqdim edirəm.
I
Gönül vuruldu o şuxun mənəkşə gözlərinə,
O nə halət, o nədir işvə əda?
Bən uymadım bu diyarın hər incə dilbərinə,
Sanma oxşar xəyalı hər sevda.
Ipəkli bir gecə məhtaba qarşı yıldızlar
Hiç unutmam, solub-sararmışdı,
Çiçəklərin arasından gülümsəyən qazlar
Sevdiyim pəmbə nuru sarmışdı.
Süzüldü keçdi o bayğın, o möhtəris gözlər,
Pək yaqından gülümsiyordu bana.
Gülümsədikcə o, sandım gülümsüyor hər yer,
Bən də uydum o nəş’ə yavrusuna
II
Bir gövərçin uçdu qondu
Qaraçalı budağına.
Halı bana pək toqundu,
Gəldim onun sorağına.
Gönül xain avcılardan
Hər gün yeni bəla gözlər.
Bəni yalnız, ağlar qoyan
Ala gözlər, ala gözlər.
Altın qəfəs cənnət olsa,
Qırmalıdır tellərini.
Cəllad yüz bir tövbə qılsa,
Kəsməlidir əllərini.
Duydunuzmu, parlaq günəş
Ürküb qaçar yarasadan?
Bilməz ki, yoq bəndə atəş,
Sönüb getdin parlamadan.
III
Nerdəsin, telli qız, kimdir ənisin?
izlər hər adımda fəlakət səni.
Gəl, yüzünü xain gözlər öpməsin,
Yaqar həsrət bəni, xəyanət səni.
Keçdiyim yoq əsla bu viranədən,
Ala gözlərinə uyub gəldim bən.
Gönlümü dinləsən, bənimlə getsən,
Üzməz qucağında səfalət səni.
Təxminən 1931/32-ci il mövsümündə Bakı Türk işçi Teatrında tamaşaya qoyulması nəzərdə tutulan “Telli saz” tamaşasında Məcnunşah rolunu ifa etmək üçün opera tertrında çalışan Azərbaycanın xalq artisti H.Q.Sarabski dəvət olunubmuş. Müəyyən səbəblərə görə baş tutmayan bu tamaşada oynayacağı Məcnunşah rolunu aktyor çox böyük həvəslə məşq edir və deyirmiş ki, bu mənim yaradıcılığımda tamamilə yeni bir obraz olacaqdır. Mən çalışacağam ki, qayğılı insan taleyinin rəmzi olan Məcnunşahın obrazını tamaşaçılara olduğu kimi göstərə bilim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cavid-miskinaz-xanima-mektublar
Клавиши ← → для перехода, R — случайное стихотворение