Çağırram hay da verməz, Bədəsil fayda verməz; Ağ buxağın altından

Bir öpüş pay da verməz.

Bayatı

Məşhəd məscidlərinin birindən camaat dəstə-dəstə çıxıb dağılırdı.
Yolun o tay-bu tayında hasar təşkil edən dilənçilər, kor və şillər, qolları kəsilmiş cahıl və ahıllar camaatı əhatə edərək sədəqə diləyirdilər. Dilənənlər arasında bir çox rübəndli qadınlar da vardı. Bunların bəzisi kişiləri: “Ağa, siğə mixahi?” – deyə yan küçələrə doğru izləyirdi. Kimi qadınların təkliflərinə razı olaraq, arxalarınca gedir, kimi məna verməyib, onlardan uzaqlaşmağa çalışırdı. Kənardakı hovuzun yanında uca boylu, ağ rübəndli bir qadın durub, gözlərini məscidin qapılarına dikmişdi. Yenə xalq məsciddən axın-axın çıxıb, yan küçələrə yayılırdı. Bir də, məscidin qapısında qara xətli, ipək cübbəli, gənc bir mərsiyəxan göründü. Məğrur bir halda sağ tərəfə yönəlib, nəleynini geydi və iki əli ilə tirmə sarığını düzəltdi, sonra gümüş başlı əsasını müceirdən alıb, yavaş addımlarla məscidin səkisindən aşağı enməyə başladı. Hovuzun kənarında duran qadın bunu görər-görməz arxasınca getməyə başladı. Mərsiyəxan dar və əyri küçələri birər-birər keçərkən qadın da onu təqib etdi. Tənha bir timçədə qadın mərsiyəxana yanaşıb durdu. Mərsiyəxan da ayaq saxladı.

– Bacı, mənə görə qulluq? – dedi.

Qadın titrək və narın bir səslə:

– Ağa, qulluq deyil, şəriəti-peyğəmbərdir. Məni özünə siğə etməni xahiş edirəm.

Təklif mərsiyəxanı heyrətə gətirmədi–siğə və mütə İranda kök atmış ən adi bir dini adətdir. Buna baxmayaraq mərsiyəxan “yoxsa məni lotular əlinə salmaq istəyir” – deyə düşündü.

Qadın bir az da cəsarətli:

– Ağa, məni Xorasanın başqa qadınları kimi gündə neçə kişiyə mütə olan qadınlardan bilmə. Xeyr! Mən bu gün səni mənbərdə ağlayan gördüm. Məhz imam yolunda kirpiklərindən axan yaşların məftunu olaraq sənə siğə olmaq istədim. Bəlkə bunun səbəbinə Allah təala günahlarımı bağışlaya!

Mərsiyəxan xanımın sözlərinin doğru və şəri olduğunu bilirdi,
lakin getməyə cəsarət edə bilmirdi, çünki lotular əlinə keçmək ehtimalı qüvvətli idi.

– Nəcibə xatun, mənim siğəyə ehtiyacım yoxdur, şəhərimizdə həm əyalım, həm də siğə kənizlərim var – deyə mərsiyəxan əslifikrini gizlədərək xanımın məramını anlamaq istəyirdi.

Qadın ciddi səslə:

– Ağa, bir günlüyə siğə et, yarım günlüyə et, bunu da istəməsən, nə eyib edər, bircə saatlığa et ki, tutduğum və qıldığım halala çıxsın!

Xanımın şirin və etimadkar səsi mərsiyəxanın mühakimələrinə qələbə çalmağa başladı. Çırpınan ürəyi əqlin zəncirindən qurtararaq mərsiyəxanın əndişələrini pərdələdi. Artıq bir söz əlavə etmədən xanımın arxasınca düşüb getdi.

Çox çəkmədən xanım böyük bir darvazanın önündə durdu. Darvaza açıldı, mərsiyəxanı əlvan çiçəkli bağçanın rayihəsi qarşıladı. Gözəl xiyabanlardan keçib, əndərun dairəsinə gəldilər. Xidmətçilər bunlara nəzakətlə təzim edərək, nəqşkar bir otağa gətirdilər. Pəncərələrin rəngarəng şüşələrindən içəri düşən işıq gözəl xalılara, ipək püştə və mütəkkələrə xarüqələr bəxş etmişdi, lumu ağacları və çiçəklər bu mənzərəni bir qat daha süsləmişdi...

Xanım rübəndini qaldırmayaraq, mərsiyəxana yer göstərdi. Bir də qapı açıldı, xidmətçi qadın əlində aftafa-ləyən içəri girdi. Mərsiyəxan əllərini yuyub, silindi. Bu gedər-getməz bir xədim zənci gəldi, bürünc sinidə mavi bir gülabdan gətirdi, mərsiyəxanın önündə diz çökərək, büt kəsildi. Mərsiyəxan gülabdanı alıb ətirləndi. Zənci nəzakətlə çıxıb getdi.

Xanım qapını qapayıb yerində durdu. Mərsiyəxan xanımın məramını anlayaraq siğə duasını oxumağa başladı. “Qəbultü!” – deyər-deməz xanım rübəndi və çarşabı atıb, mərsiyəxanın qarşısında cilvələnməyə başladı. Qara çatma qaşları, uzun kirpikləri, ağ buxağındakı qara xalı... ox olaraq mərsiyəxanın ürəyinə batmağa başladı. O, heyrətindən içini çəkərək:

– Xudaya xudavənda! Bu nazənin sənəm huriyi-rizvanmı?.. Bu sərv qamət, bu cazibəli gözlər, siyəh danə... Bunlar röyamı? – deyə məst oldu.

Xanım arxasında qoşa hörüklərini oynadaraq qapıya doğru getdi və iki dəfə:

– Bəşir! Bəşir! – deyə çağırdı.

Zənci qapının arxasında hazır durmuş kimi haman içəri girdi. İri bir məcməi gətirib mərsiyəxanın önünə qoydu və cəld yox oldu. Mina kuzənin altına çiçəklər və yarpaqlar döşənmişdi, yanında iki büllur qədəh, dürlü məzələr və çərəzlər vardı.

Xanım mərsiyəxanla yan-yana oturub, şam kimi barmaqları ilə kuzəyə yapışdı. Şiraz şərabı qədəhlərə doldu. Eyş nəşəsi mərsiyəxanı qanadlandırdı. Sarığını çıxarıb kənara qoydu və yaldızlı araqçınını düzəldib, büllur qədəhə yapışdı. “Guşeyi-xərabata” sadiq bir “pir müğan” kimi qədəhi minnətdar bir hal ilə qaldırdı və:

“Bibadə bəhar xoş nə başəd,

Bigül ruxi-yar xoş nə başəd...

– deyə beytin sonunu bitirməmişdi ki, xanım:

“Baqi gülü mül xoşəst, leykin

Bi söhbəti-yar xoş nə başəd!”

– deyə beyti tamamladı. Sonra dodaqları ilə qədəhin kənarına yanaşıb daddı və qədəhi mərsiyəxana verib, onunkunu alıb içdi. Şərab ətrindən məst olmuş dodaqlar bir-birinə qovuşdu. Dadlı bir yoxluq müvəqqəti olaraq onları dari-fənadan ayırdı... Qədəhlər yenidən doldu. Eyş məclisi canlandı. Xanımın tar çaldığını mərsiyəxan heç də gözləməzdi; tar gəldi, xanım köksünə basdı, mərsiyəxan da zümzüməyə başladı...

Şərab, musiqi və incə dilbər nəşəsinə bir də lumu və çiçəklərin rayihəsi qarışıb, mərsiyəxanı məst etmiş, səhər bülbülü kimi nalələri ilə otağı doldurmuşdu. Arabir susur, alovlu gözləri ilə qadını süzür, gülgün badə ilə qurumuş dodaqlarını isladırdı. Xanım da şərab ətri saçan dodaqlarını ona uzadır – qəlb çırpıntıları busələr qucağına atılıb onlar da məst olurdu... Dəqiqələr keçir, sanki qərinələr dolanır. Günəş rəngin şüşələrdən içəri əlvan zolaqlar buraxır, xalılar min bir rəng çalır...

Mərsiyəxanın titrək əli xanımın hərarət saçan belini qucur, o biri əli naşı ovçu kimi, mərmər sinədə dolaşır, məst dodaqlar ağ buxaqdakı qara xala qovuşur...

Yenə dəqiqələr illərə, illər qərinələrə qarışıb itir, iki qəlb, iki vücud dadlı bir yoxluğa dalır...

Ayılırlar. Mərsiyəxan xumarlanmış gözləri ilə xanımı süzür...

– Xanım – deyir, – bu nə sirdir, anlat görüm?.. Sən kimsən, nəkarəsən? Hansı əfsanənin pərisisən? Anlat, hüsnünün əsiri olub bitirəm.

Xanım totuq əli ilə pərişan zülflərini qızarmış üzündən dağıdıb, ona həsrətlə baxır, susur. Uzun kirpikləri arasında odlu yaşlar parlayır:

– Sən əsir deyilsən – deyir, – mən əsirin olub yanıram. Sənin ilk mərsiyəni dinlədikdə gözəl səsin bütün varlığıma hakim oldu, sızıltılı bir saz kimi təranələrini daşıyıb durdum. Səsin gecələr yuxumu, gündüzlər rahatlığımı əvəz edirdi. Yer, göy, bütün kainat bir xoş səda olaraq məni oxşayır, eyni zamanda da için-için inlədirdi...

Nəhayət, cəsarətləndim; mənə xudbin hisslər gəldi, o səs mənim olacaq dedim.

Mərsiyəxan özünü xanımın qucağına atdı...

Xanım sona kimi sıçrayıb, mərsiyəxanın qucağından qaçdı və qəhqəhə ilə:

– Molla, məni günaha batırdın: siğənin müddəti çoxdan tamam olmuşdur. Tez ol, geyin, get!

Mərsiyəxan dizi üstə sürünərək, xanımı otaqda izləməyə başladı:

– Gözəlim, günah nə deməkdir – mənəviyyatın ən dadlı nemətlərindən deyilmi?.. Buralar bir cənnət, qədəhlərdə abi-kövsər, sən hurim, ağ buxağın bir kitabi-şərif səhifəsi, xalın ismi-əzəm!.. Qoy o xalı bir də öpüm, qoy doyunca öpüm!..

Mərsiyəxan irəlilədikcə gözəl ondan uzaqlaşıb, qəhqəhəsində davam edirdi:

– Olmaz! Qırxıq baş kişi, olmaz! Eşqində məni yandırdın, odladın; uzun gecələrimi göz yaşları ilə bəzədim, həsrətdən bağrım lalə bağrı kimi yandı... İndi qoy səninki də yansın! Eşq dərdini asanmı sandın?

Mərsiyəxan sıçrayıb xanımı qucdu, lakin xanım yenə ondan buraxılıb qəhqəhə ilə kənara çəkildi. Mərsiyəxan hirsindən gözlərinin yaşını töküb yalvardı:

– Ayüzlü gözəl, zalimlikdən nə çıxar? Eşqin yolunda can verirəm, ağ buxaqda qara xalın dəlisi, divanəsiyəm. Vallah, billah, dəlisi olmuşam!

– Ol, molla, ol, bəlkə qəlbimdən çıxıb məni eşq odundan qurtarasan!..

Mən də sənin yolunda az can verib, az göz yaşı axıtmamışam!..

Gözəl sözlərini qurtarmamış hönkürüb ağladı. “Allah-əkbər, bu nə qəribə iş!” – deyə mərsiyəxan heyrətə daldı. Yalvarırdı, ağlayırdı, ayağına yıxılırdı, yenə xanıma təsir bağışlaya bilmirdi.

– Gözəlim – dedi, – bu əmmaməm, bu quranım – hamısını o qara xalın yolunda ayağına tökürəm! Göz yaşlarımla qədəm qoyduğun torpağı isladıram... Rəhm qıl, məni eşq sevdasına yandırma!

– Yox, olmaz! Mən yanan kimi sən də yanacaqsan!.. Görürsənmi bu qara zülfü, xalı, bu şux sinəmi... Bunları bir daha görüb bağrına basmayacaqsan; öpüb göz yaşları ilə islatmayacaqsan!.. Get, get! Ağ buxaqda qara xalın illərcə həsrətini çəkərək, mən odlanan kimi, sən də odlan! Sən xal de, buxaq de, ağla; mən da mərsiyəxan, xoş səsli mərsiyəxan deyib ağlayım. Ağlayaq da, bir-birimizi yad edib, həsrətdə yanaq...


Ağarmış saçları çiyninə tökülmüş, pərişan saqqallı bir qoca yalın ayaqları ilə toz qopararaq, dar küçə ilə gedirdi. Əynindəki paltar solmuş, yıpranmış, qiyafəsindən hansı silkə mənsub olduğu belə sezilmirdi.

Qoca gedir, ayaq saxlayır, əllərini ölçə-ölçə düşünür, göz-qaşını oynadır və özözünə “yuxu idimi?” deyə sual verib, yoluna davam edirdi. Qoca bu yolları illərdən bəri dolaşır, bu yollarda illərdən bəri dəyişiklik olmayan kimi, qocanın da hərəkətində dəyişiklik yox idi.

Yalnız getdikcə qocalıb, beli bükülürdü. Qoca yavaş-yavaş gedib bir darvazanın qabağında durdu. Yenə illərdən bəri gördüyü kimi qapalı idi. Ağacların budaqları darvazanın tağının üzərindən sallanaraq sakit durmuşdu. İllərdən bəri şahidi olduğu hal. Ancaq bəzən bu ağaclar yarpaqlı, bəzən yarpaqsız olurdu. Yazda çiçək açırdı, hədsiz arılar onun başına fırlanıb, vızıltı qoparırdı. Bu qədər. Bu neçə ildə o darvazadan bir adamın girib-çıxdığını görməmişdi. Adəti üzrə qoca saatlarca bu darvazanın qarşısında gözlərdi. Bu dəfə də gözlədi. Lakin girib-çıxan olmadı. Yenə əllərini ölçərək düşündü, qaş-gözünü oynatdı və öz-özünə “Yuxu idimi?” – deyə sual verib, yoluna davam etdi. Axşam qoca hücrəsinə qayıtdı. Bu dəfə hücrənin havası onda soyuq bir ümidsizlik doğurdu: ürəyi sıxılır, gözlərindən yaş süzülürdü.

Başını divara söykəyib oturdu. Onda tühaf bir nəşə oyandı – uzaq keçmiş gözlərinin qarşısında canlanmağa başladı. Sanki hücrənin küncünə göydən bir nur endi, ətraf işıqlandı, mina bardaqlar və büllur piyalələr düzüldü; hər yer çiçəklərlə bəzəndi, incə tar səsi eşidildi...

“Yuxumu?” – deyə qoca yerində qımıldandı:

– Gəl, gəl, sənəmim, gəl! Göz yaşları olub yollarına səpildim! həsrətdən alov olub yandım!.. Ağ, incə geyimli gözəl küncdə dayanmışdı. Qara saçları ağ gərdənini qaplamışdı. İri gözləri hüzn saçırdı, sanki: “Bilirmisən, molla, eşq dərdində yanıram, odlanıram!” – deyirdi. Qoca dəli kimi sıçrayıb, gözəlin ayaqlarını qucaqladı.

– Eşqimlə yan, dedin, yandım! Həsrətlə dolandım. Xal dedim, buxaq dedim, odlandım. Bütün həyat və nəşəmi göz yaşlarında boğdum. Axırda səni tapdım... İndi yenə o səfalı dəqiqələr gəldi, yenə nazlı gözələ qovuşdum. Yenə ağ buxaqda qara xal ruhumu oxşayır... Bilirmisən, gözəl, qara xalın dəlisiyəm, dəlisi, divanəsi! Rəhm qıl, qoy bir də o xalı öpüm, qoy doyunca öpüm!..

Qoca gözəlin ayaqlarını qucub hərəkətsiz qalmışdı. O biri səhər onu hücrədə bu vəziyyətdə də buldular. Soyuq meyit əllərini qoynuna qoyub, dizi üstdə küncdə qalmışdı.

1910

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов