AĞI

Ölüyə ağı demək xalqlar tarixində ən qədim zamandan bəri davam edib gələn bir adətdir. Bir çox xalqların arasında ağıya cürbəcür oyunlar və rəqslər də əlavə olunarmış. Misir barelyeflərində (qabartma) əli qısa ağaclı rəqqaslar təsvir olunmuşdur, bunlar ağı ayinində iştirak edərmişlər. Qədim Roma qəbirlərindən maskalar və üzərində səhnə oyunları çəkilmiş vazlar tapılır. Bunlar ağıya tamaşa verildiyini göstərir. Herodotun rəvayətinə görə, qədim Misirdə adlı-sanlı bir adam öləndə, evin bütün qadınları başlarına örtü salıb sinələrini açarmışlar, bellərinə xüsusi bir kəmər bağlar və əqrəbaları ilə bərabər bütün şəhəri dolaşıb, sinələrinə vurarmışlar. Bir tərəfdən də kişilər bu hərəkəti edərmişlər. Sonra meyiti basdırılan yerə apararmışlar.

“Iliada”nın təsvirinə görə, Hektorun meyitinin üzərində xanəndələr ağı deyir, qadınlar ağlaşırmış. Atilla öldükdə doqquz sənət pərisi növbə ilə ağı deyir, ağlaşırmış. Qədim ermənilərdə “ağı qızları” deyilən bir dəstə ağıçı ağı anası ilə bərabər cürbəcür alətlərdə çalaraq ağı deyər, meyitin yanında qopuz adlı alət çalaraq, onun haqqında oxuyarmışlar. “Kitabi-Dədə Qorqud”da Beyrək adlı birisinin ölümü belə təsvir olunur: “Beyrəyin babasına-anasına xəbər oldu, Ağ evin eşiyində şivən qopdu. Qaza bənzər qızı-gəlini ağ çıxardı, qara geydi. Ağ-boz atının quyruğun kəsdilər. 40 – 50 yigid qara geyib göy sarındılar. Qazan bəyə gəldilər, sarıqları yerə urdular. Beyrəyi deyib çox ağladılar. Qazanın əlin öpdülər: “Sən sağ ol, Beyrək öldü” dedilər... Qazan bu xəbəri eşitdi, dəsmalın əlinə alıb, ökür-ökür ağladı, divanda zarlıq qıldı. Həp onda olan bəylər ağlaşdılar. Qazan vardı, odasına girdi. Yeddi gün divana çıxmadı, ağladı, oturdu”.

Akademik Veselovskinin məlumatına görə Atillanın dəfn mərasimi belə olmuşdur: Düşərgədə təpə başında meyitini ipək çadır altına qoydular, hun süvarilərinin ən gözəllərini seçdilər, təpəni dolanaraq gözəl ağılarla Atillanı mədh etməyə başladılar: hunların şəhid padşahı, qoçaq millətlər hökmdarı Minaşuq oğlu Atilla görülməmiş qüvvətlə iskit və german ölkələrinə malik idi. Şəhərləri istila etdikdə iki Roma imperatorluğunu da qorxutdu.

1935

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов