Cavan qız sinni-şəbabətə yetişmişdi. Zahir və batinində çocuqluq əsərləri məhv olub gedirdi: boy ucalıb, gəysu dolğunub, simasında da ayrı məlahət görünürdü. Sitarənin könlü daha əyləncələr diləməzdi, fikirindən də uşaqlar ilə laqeydanə oynamaq keçmirdi. Axşamadək Sitarə pəncərənin önündə oturub xiyalatda idi; bu xiyalat həyatə və məişətə doğru idi. Sitarə pəncərədən bağçaya baxırdı: çiçəklər, otlar, güllər bahar günəşinin ılıq şuasının altında ruhlanıb, təravətlənib, gözəl qoquyurdular; quşların hərəsi bir nəğmə oxuyub, insana ləzzət verirdi.

Sitarə bunlara baxırdı, şad olurdu, durub həyətə gedirdi və hər çiçəkdən birini dərib; hər güldən bir yarpaq üzüb, hərəsindən də bir həzz aparıb bir lətafət anlıyırdı. Sitarə bağçanı dolanırdı, fırlanırdı. Güldən çox gül, çiçəkdən çox çiçək. Lakin ürəkdə bir aramlıq, ruhda bir sakitlik yox idi. Sitarə ixtiyarsız çiçəkləri əldən yerə tökub, yenə pəncərənin önünə çəkilirdi. Və başını çiyninə qoyub fikirə gedirdi. Sitarənin xiyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. Bu oğlan Sitarə kibi zərif, lətif bir cavan idi; gecə gündüz Sitarə ilə gəzib dolanardı. Bunlar bir birinə əşq yetirib, bir can bir cəsəd olmuşdular. Dadlı, dadlı, söhbətlər, səfalı, göz yaşları, bunların həyatını saadət nuru ilə ışıqlandırdı. Qız xoşbaxt, oğlan xoşbaxt – ikisi də əl ələ verib şad və xürrəm diriliyin geniş bağında ömür sürürdülər; gül yığıb, çiçəklər dərib, qoxusundan ruhipərvər olurdular. Onda Sitarənin ürəyi aram tapıb ruhu sakit olurdu. Sitarə tamam xiyalat aləminə qərq olub dünyadan xəbəri yox idi. Evdə bir söhbət olardımı, yeni bir iş ittifaq düşürdümü – bunların heç birindən Sitarə agah olmazdı. Bəlkə arvad qonaqları gəldikdə, onlara görünüb, çaydan xərəkdən verib, yenə o biri otağda pəncərənin önünə keçərdi.

Bir gün Sitarə gördü ki evə iki üç arvad gəlib, anası onu yuyundurub geyindirib qonaqların qabağına göndərir. Qonaqlar isə qıza zənn ilə baxıb, sonra anası ilə pıç-pıç danışdılar. Üç gün keçmiş haman arvadlar yenə bir ayrı arvadlar ilə dübarə gəlib, danışıb getdilər.

Üçüncü dəfə gəlib, yenə danışıb, gülüşüb, bir tirmə şal da qoyub yola düşdülər. Birdən Sitarə hamamda eşitdi ki, onu ərə veriblərmiş.

O gündən cavan qız toyu aramsız gözlüyürdü. Şirin xiyalata meydan verib, Sitarə yenə məşuqi ilə ömür bağçasında gəzib dolanırdılar, yenə gül çiçək onlar üçün qoquyurdu, yenə bülbül xoş nəğməsi ilə onların saadətli günlərini alqışlayırdı. Dünya bir cənnətə dönmüşdü. Hər şey mənbəi-həzz idi, zəhmətdən məşəqqətdən xəbər yox idi: axşamadək gözəl imarətdə, göyçək, bağçada, zərif çiçəklər arasında bir birinə lətafətlər bəxş edib, kamiyab olurdular. Dadlı cavanlıq şərabından içirdilər, içirdilərsə də, şərab qurtarıb axıra çıxmaq bilmirdi....


Sitarə xiyalatdan ayıldı. Yengələr ona gəlin otağında «tə’lim» verirdilər. Bir də dışarıda şıqqıltı gəldi, sonra otağın qapıları açıldı, içəri bir kişi itələyib saldılar....

Sitarə ilk dəfə dünyaya həqiqət nəzəri ilə baxdı: cavan qızın qarşısında xiyali məşuqi əvəzində doğruçu əri durmuşdu; və bu «ər» deyilən o qədər çirkin, müsünn və zəriflikdən uzaq idi ki, Sitarə üzünü ondan döndərib, gözlərinin yaşlarını saqlıya bilmədi....

Gecənin bir yarısı idi. Sitarə ərini yuxuya verib, otaqdan çıxdı, və bir dəqiqə çəkmədi ki küçədən ayaq yalın və baş açıq qaçmağa üz qoydu. Sitarənin daldalanmağa bir yeri yox idi; atası evinə də getməyə qorxurdu. Bunun üçün qarşısına gələn xaraba bir daxmaya soxuldu....

Təklik, xarabanın vahiməsi, qaranlıq gecə... bunların heç biri ərindən qaçmış cavan gəlinə əsər edə bilmirdi; ancaq umudun allanmağı, arzının puç olması, odlu göz yaşlarına səbəb olurdu....

İki gün sonra acından taqətdən düşüb bət-bənzi qaçmış qızı xarabadan tapdılar. Sitarə ata anasını görcək qəhqəhə çəkib uca səs ilə gülüb deyirdi:

– Bilirsiniz! Nişanlıma gül yığmağa getmişdim. Bağçamızda nə qədər gül var, çiçək var hamısı nişanlımındır. Özgəyə verməyəcəyəm!...

Ata anası onun sözünü kəsib acıqlı deyirdilər:

– Kəs səsini, biheya! Namısımızı yerə soqdun!

Sitarə bunların cavabında yenə qəhqəhəsində davam edib deyirdi:

– Siz allah o çiçəkləri dərməyiniz! Qoyunuz qalsın nişanlıma; axır mən nişanlımı çox istiyirəm!

Atası bir ağac götürüb qızını döyməyə başladı.

Bu halda arvad ağlaya-ağlaya ərini tutdu:

– Allah bunu götürməz ki sən onu döyürsən, görmürsənmi nə dərdə düşüb... Sitarə divanə olub!... Evimiz yıxıldı, ay kişi!

Arvad sözünü qurtarmamış Sitarəni qucaqlayıb hönkürdü. Kişi də qızına zənn ilə baxıb, ağacı əlindən salıb hönkürtmə ilə ağlamağa başladı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qoz ağacı

Hər ilki kimi, bu il də Məşədi Xonku məhərrəmə hazırlaşırdı.Köhnə katbini sandıqdan çıxardıb, xəzlərini güvədən təmizləmişdi, sarıq və qurşaq üçün tədarük olunmuş şal parçalarını günə sərmiş, uzunboğaz çəkmələr piylənmiş, qılıncın da pasına qarşı tədbirlər görülmüşdü.

4 мин
“Yaramaz”

Muxtar cəbhədən yeni qayıtmışdı. Bir aylıq məzuniyyətini böyük şəhərdə keçirmək niyyətində idi. Cəbhənin yekrəng həyatı onu istər cismən, istərsə də ruhən yormuşdu. Kitabsızlıq dərdi iki ildən bəri mənəviyyatında bir aclıq əmələ gətirmişdi. Birinci məqsədi bu bir aydan istifadə edib oxumaq, oxumaq və yenə oxumaq idi.Axşam çağı əlində böyük bir cild olduğu halda qəhvəxanaların birinə getdi. İçəri girər-girməz oradakı qız və xanımların nəzərini özünə cəlb etdi. Qara, iri və həmişə kədərli gözləri buğdayı üzünə çox yaraşırdı, şapkasının altından görünən qıvrım tükləri simasına şairanə bir süs bəxş edirdi. Zemstvo əməkdaşlarına məxsus əsgəri libası və sağ köksündəki darülfünun nişanı təbii gözəlliyinə xoş bir görkəm əlavə edirdi.

8 мин
“Namussuz”

Onu məktəbdən ayırdılar. Bacılıqları ilə son dəfə öpüşürdü. Ayrılıq həyəcanı vücudunu tutmuşdu. Odlu yaş damlaları yuvarlanıb, kirpiklərinin arasında toplanmışdı.– Ağlama! – dedilər, – göz yaşından bir şey çıxmaz...

7 мин
Ruhnəvaz xanım

Dar küçədəki köhnə evin alçaq qapısına bir gənc yanaşıb, zəngi çaldı. İçəridən boğuq bir köpək səsi eşidildi. Sonra sakitlik düşdü. Gənc ikinci dəfə barmağını zəngin düyməsinə qoydu, yenə köpək səsi gəldi. Pilləkəndə ayaq səsi eşidildi; qapı açıldı:– Ooo! Qurbanlı yoldaş, buyurunuz! – deyə qapıdakı Dilarə xanım qonağı içəri dəvət etdi.

8 мин

Стихи других поэтов