Onu məktəbdən ayırdılar. Bacılıqları ilə son dəfə öpüşürdü. Ayrılıq həyəcanı vücudunu tutmuşdu. Odlu yaş damlaları yuvarlanıb, kirpiklərinin arasında toplanmışdı.

– Ağlama! – dedilər, – göz yaşından bir şey çıxmaz...

Ağladı. Böyük kədərlərinin tərcümanı olan göz yaşları gül kimi yanaqlarını odladı. Yalnız yüksək bir əməldən, əziz bir şəxsiyyətdən ayrılarkən insan bu qədər mükəddər olur. Məktəbin günahsız mühiti, arqadaşlarının səmimiyyəti Nigar tərəfindən o qədər sevilmiş və mənimsənmişdi ki, ondan uzaqlaşmaq ağır idi.

Kənarda məktəb divarına söykənən qızlardan birisi iztirablı bir səslə:

– Nigar! – dedi, – günah səndədir. Mən olsa idim qətiyyən getməzdim. Nə ərə getmək vaxtıdır?!. O da – sevmədiyin bir adama.

Nigar hönkürdü və tutqun sima ilə:

– Getməyə bilmərəm, anam və qardaşlarım belə məsləhət görürlər...

Nişan taxıldı. Nigara bir çox altun zinətlər və qiymətli daşlar gəldi. İpək libaslar hazırlandı. İncə, işıldar ayaqqabılar, daha nələr, daha nələr verildi.

Göz yaşları quruyan kimi oldu. Zəngin və təntənəli bir həyatın müqəddiməsi başlayırdı. Nişanlısı, təbii, varlı idi. Uca evləri, neft mədənləri, nəqd parası həddən aşmışdı. Nigarı da məktəbdən ayıran, onun cavanlığının zövq və nəşəsinə göz dikən bu maddi qüvvə idi.


Məhəmmədbəy yaşayış və ömürdən yorulmuş idi. On beş ildən bəri kef aləmində çox pul sərf etmiş, cismani arzuların dəfi üçün nə lazım isə, yerinə yetirmişdi. Bircə... ailə həyatının əsrarəngiz təmizliyini görməmişdi. Yuva hərarətini, yuva eşqini, yuva səmimiyyətini dadmamışdı.

Nigar kimi, qızlar bulağından yeni su içmiş, incə bir dilbər ilə evlənməsi onun quru və sönük ürəyinə təzə hisslər doldururdu. İlk axşamı görüşərkən özündə anlaşılmaz bir iztirab belə duydu.

– Mən çox xoşbəxt bir adamam ki, Allah sizi mənə qismət elədi...

– dedi.

Məhəmmədbəy bir şeylər daha söyləmək istədisə də, ürək döyünməsi imkan vermədi. Onu fikir götürdü. Heyrətdə qaldı – gənc və məsum bir oğlan vəziyyətində idi. “Nədən?” – deyə öz-özünə sual verdi: “Ömrümdə yüzlərcə arvad gördüm, hədsiz keflər çəkdim. O qədər yoruldum ki, qarşımdakı işvəli, fitnəli gözəllər cansız və ruhsuz bir sənəm şəklini aldı. Heç bir hiss duymamağa başladım... İndi nə üçün özümdən on beş yaş kiçik bir qızın önündə titrəyirəm?”

Məhəmmədbəy sualına cavab tapa bilmədi. Lakin ona qorxu təlqin edən, vücudunu lərzəyə salan məsum bir qızın paklığı idi. Nigar onun üçün sirr ilə əhatə olunmuş bir mələyə bənzəyirdi, üzündə gənclik təravəti o qədər şəşəəli idi, danışanda səsində bəkarət canlanır, süslənirdi.

Məhəmmədbəy tam bir ay anlaşılmaz bir səadət içində bulundu, Föhş aləminin iyrənc və çirkin olduğunu dəfələrlə etiraf etdi. Bu bir

y pula deyil, təmiz bir ürəyə, səmimi arqadaşlığ istinadən xoş keçdi. Axşamlar evə döndükdə yolunu gözləyən Nigarın iztirabını duyurdu. Bu dəqiqələr nə qədər lətif olur. “Nigar onu gözləmiş, dəqiqələr bəlkə aylarca uzun görünmüş” – deyə düşünür və Məhəmmədbəyə nə zövqlər gəlir. Bəxtiyarlığın da bu olduğunu dərk etməyə başlayır.

Lakin... Bu həyat da əsrarını qeyb etdi, söndü və son incə tüstüsü bulanıq mühitə qarışıb getdi. Nigar da yüzlərcə başqa qadınlar kimi cansız və ruhsuz bir sənəm şəklini aldı. Yuvadakı eşq və hərarət artıqm Məhəmmədbəyi cəlb etməkdən aciz qaldı.


Kef aləmi yenə davam etmədə idi. Qumar masaları açılırdı. Sabahlara qədər sürürdü. Şantanlarda şərab axıdılır, föhş qadınları Məhəmmədbəyi əhatə edərək əyləndirirdilər. Süni busələr, süni təbəssümlər, saxta rəftar hökmfərma idi.

Nigar unudulmuş bir halda kənarda ömür keçirirdi. Yenə evin xanımı idi: buyurur, yeyir, içir, geyir, lakin Məhəmmədbəyə hakim deyil idi. Nüfuzu onun ürəyinə yol tapa bilmirdi.

Məhəmmədbəyin ürəyi varmıdı? O həyəcan və iztirab duya bilirdimi?

Xeyr!

Bütün əyləncələr: şərab, qadın, musiqi onun varlığının səthində sürüşüb, gedirdilər.

Bu qədər!

Varlıq və işsizlik Məhəmmədbəyin dəruni aləmində bir boşluq hüsula gətirmişdi. Bu boşluğu doldurmaq üçün əylənirdi. Əyləndikcə də boşluq artırdı.

Nigar bu həyata alışmışdı. Bir dəfəlik, talesizliyini etiraf edib, qane olmuşdu. Məhəmmədbəyin uzaq əqrəbalarından Hüseyn adlı bir tələbə onlarda yaşayırdı. Qayət ciddi, evdar və Nigara hörmət bəsləyən bir cavan idi. Nigar da yaşıdı olan Hüseynə ürəyində anlaşılmaz hisslər bəsləyirdi. Hüseyn Nigarın evində böyümüşdü, əxlaq və tövrünə aşina idi, ona nüfuz edə bilirdi və heç bir zaman da ondan qaba bir hərəkət və münasibətsizlik baş verməmişdi.

Bu səbəbdəndir ki, Məhəmmədbəy uzun axşamları kef yerlərində dolaşarkən Hüseyn Nigarla bərabər oturub həmişə onu xoş söz və söhbətlə, etina və hörmətlə məşğul edirdi.

(Bu iki cavan arasındakı dostluq olduqca təmiz və təmizliklə bərabər anlaşılmaz idi). Hüseynin təsadüfən evdə olmaması Nigarda dərin bir ürək sıxıntısı vücuda gətirirdi.


Zahirən təntənəli görünən bir dağın döşünü dəlib çıxan vulkan kimi köhnə aləmin köksündən inqilab alovu qalxıb dünyanı bürüdü. Saraylar, kaşanələr, dəbdəbələr, möcüzanə bir qüvvə ilə yıxılıb getdi. Bu böyük tufanda Məhəmmədbəyin də şəşəəli həyatı ildırım qarşısındakı çürük ağac kimi qopub düşdü. Uca evlərdən qaranlıq və rütubətli bir otağa keçmək məcburiyyəti hasil oldu. Bütün əmlakı əlindən getdi. Kef aləmi, saxta ürəkli qadınlar şampan nəşəsi kimi qaib oldu. Yalnız Nigarla Hüseyn onu tərk etmədilər.

İnqilab yıxdı, yakdı və müəzzəm bir bina üçün zəmin hazırlarkən, yeni quruluşu anlamayan, ona uya bilməyən Məhəmmədbəy kədər içində boğulub, məhv olurdu və kədərini susdurmaq üçün içməyə başladı.

Cehizdən gizlənən daş-qaşlar, qızıl, gümüş, hətta paltarlar belə satışa qoyuldu. Hamısı Məhəmmədbəyin araq və məzəsinə getdi. Nəticədə əyyaş və xəstə bir halda yatağa düşdü...


Bir gün qapı açıldı. Nigarın böyük qardaşı Əhmədbəy hirslə içəri girdi. Nigar yalnız idi. Məhəmmədbəyin ölümündən sonra evdən çölə çıxmamışdı.

Nigar qardaşını qarşıladı:

– Xoş gəldin! – dedi.

Əhmədbəy düşüncəli:

– Sağ ol! – deyib kürsü çəkdi, oturdu.

Nigar pilətəni yandırıb, çaydanı üzərinə qoydu... Yemək masasını düzəltməyə başladı.

Əhmədbəy yavaş bir səslə:

– Nigar, Hüseyn evdə deyilmi?

– Yox! – dedi, – qulluqdan gəldi, sonra iclasa getdi.

Əhməd bir az sükutdan sonra:

– Hüseyn buradan nə vaxt çıxacaq?

Nigar gözləmədiyi bu suala birdən cavab verməkdən aciz qaldı.
Döyükdü və qardaşını dərin bir düşüncə ilə nəzərdən keçirib dedi:

– Çıxacaqmı?.. Niyə?

– Necə niyə?.. Bilmirsənmi ki, onun burada sənin yanında qalması yaxşı düşmür. Xalqın ağzını kəsmək olmaz.

Nigar heyrətəngiz bir sima ilə baxdı, düşündü və böyük qardaşına fikrini açıq söyləməyə cəsarət eləmədi. Geri döndü və fikirli gözləri ilə pilətəyə diqqət etdi, xodunu azaltdı.

Əhməd səsindəki hiddəti gizləyə bilməyən bir təhərlə:

– Sən yaxşı bilirsən ki, bizim fəxr elədiyimiz bir şey varsa, o da namuslu bir ailəyə mənsub olduğumuzdur. Gərək elə olsun ki, heç kəs bir şey danışa bilməsin.

Nigar yenə dinmədi. Qardaşının nəsihətlərindən məmnun olmadığını gizləmək üçün dolaba doğru yönəldi və stəkan-nəlbəki çıxardı.

Əhmədbəy sözlərində davam edirdi:

– Sənin fikrini bilmək istəyirdim.

Nigar bir az hiddətlə:

– Ay Əhməd, mən uşaq deyiləm ki, – dedi, – Allaha şükür otuz yaşım var.

– Uşaq deyilsən, amma çox şeyi bilmirsən.

Nigar yenə pilətəyə doğru yönəldi və söhbətdən xoşlanmadığını təkrar bildirdi.

Əhməd məsələni anlayırdı. Nigarın Hüseyndən ayrılmaq istəmədiyini duydu və o qədər acıqlandı ki, çay içməkdən belə imtina etdi.

Sükut uzun müddət davam etdi. Axırda Əhməd açıqca söylədi.

– Deməli, Nigar, xalqın dediyi doğrudur: Hüseyni sevirsən, onunla evlənəcəksən.

Otağa ağır və mədid bir sükut çökdü. İki tərəf də onu pozmağa cəsarət eləmədi. Nigar oturduğu kürsüyə yapışan kimi tərpənməz bir vəziyyətdə gözlərini masa örtüsünün bir nöqtəsinə dikmişdi. Əhməd bığlarını dişlərinin arasına doldurub, əsəbi bir halda çeynəyirdi.

Birdən tutqun bir səslə:

– Sən fikir eləmədən, ananın və qardaşlarının rəyini bilmədən ciddi bir işə şüru etməyə necə cəsarət edirsən? Məhəmmədbəyin qapısında böyüyən, əsli, nəsli məlum olmayan bir adama niyyət bağlamaq olarmı?

Çox da cavandır, xoşxasiyyətdir... Bilmirsənmi, sənin atan Azərbaycanda ən böyük bəyzadələrə mənsubdur.

Nigar ağzını burdu:

– Ey, ay Əhməd, nərələrdən danışırsan... O vaxtlar hələ keçmədimi?

Son sözlər Əhmədbəyə toxundu, hirsləndi və bağırdı:

– Keçmədi, keçməz! Sən əgər namussuzluğu boynuna almaq istəyirsən, elə! Gədənin birinə ərə get. Bundan sonra bizim Nigar adlı bacımız olmadığını da bil! Namussuz qızlara aramızda yer yoxdur!.

Əhməd sözlərini qurtarmadan, yerindən dik qalxdı və qapıları birbirinə çırpıb getdi.

Nigar əvvəl duruxdu, sonra etidal-dəmlə Hüseynin şəlitə sərilmiş dəsmallarını topladı və ütü çəkməyə hazırlandı.

1926

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Vasvası

O, Bakıda böyümüşdü, həm təhsilini orada bitirmiş, həm də qulluğu orada idi. İyirmi beş yaşa çatmış da, rayonlarımızı gəzməmişdi və qəza onun təsəvvüründə qızdırma, ilan və əqrəb yuvası kimi bir şey idi. Odur ki, o həmişə Bakıda qalmağı, Bakıda çalışmağı səfalı bir qəzadan belə üstün tuturdu.Bir gün onu maarif komissarlığına çağırdılar. Şöbə müdiri onu oturdub

5 мин
Beş dəqiqə

IHəkimin odasına girəndə Mirzə Mahmudun rəngi qaçdı: onun üçün ömrün olub-olmamağı qət olunacaq idi.

10 мин
Üsuli-cədid

Onun evi dağlıq məhəllədə arxası torpağa yamanmış ibtidai insanlar yurdunu andıran bir şeydir. Üst mərtəbədə iki xırda otaq (otaq demək caiz isə) və altda da bir otaq vardır. Özü birində yaşayır, ikisini də kirayəyə verir. Otaqları mənzil şəklinə salan kirayəçilərin özləri olmuşdur–yırtıq yerlərə taxta çalıb, üzərinə köhnə qəzetlər yapışdırmışlar. Buna baxmayaraq yel əsdikcə qəzetlər bir çox yerlərdən şişir, partlayır. Yağışın da ki, önünə sədd çəkmək qabil deyil – damdan keçir, tavandan və divarlardan süzələnir, köhnə ləkələrin hüdudunu bir az da genişləndirir.Ev sahibi Atamoğlan heç bir işin sahibi deyil – əski zaman çayxanalarda, məscid önündə vaxt keçirərdi; bir vaxt qoçuluğa qalxışaraq bir adam da öldürmüşdü.

4 мин
Kamal

Onun adı Kamal idi. Atası Nəcəf vaxtilə hörmətli bir adam olduğundan, evi həmişə yüksək təbəqənin adamları ilə: zadəgan və mülkədarlarla dolu olardı. Çəkilən kababın qatı tüstüsü buludlara qədər qalxar, sazın xoş sədası ətrafa yayılar, qəmli bülbülün səsinə qarışardı.Günlər beləcə bir-birinin ardınca keçdi, illər dolandı, ziyafət və zənginliyin, şöhrətpərəst dostluğun sonu gəlib çatdı. Nəcəf özünü tənha və dostları tərəfindən atılmış kimi hiss etdi. Ehtiyac onu tanış bir tacirin yanında işləməyə vadar etdi.

8 мин

Стихи других поэтов