O, Bakıda böyümüşdü, həm təhsilini orada bitirmiş, həm də qulluğu orada idi. İyirmi beş yaşa çatmış da, rayonlarımızı gəzməmişdi və qəza onun təsəvvüründə qızdırma, ilan və əqrəb yuvası kimi bir şey idi. Odur ki, o həmişə Bakıda qalmağı, Bakıda çalışmağı səfalı bir qəzadan belə üstün tuturdu.

Bir gün onu maarif komissarlığına çağırdılar. Şöbə müdiri onu oturdub

dedi:

– Yoldaş Həmid, üç günlüyə Mirzə Davudluya gedib, oradakı məktəbimizi oxlamalısınız.

Şöbə müdiri sözlərini bitirib, ona bir göstəriş vərəqəsi uzatdı və:

– Gedin, kassadan iki yüz manat alın, sonra hesab verərsiniz – deyə əlavə etdi. Şöbə müdiri təklifini elə bir sürətlə etdi ki, Həmid ağzını açmağa belə imkan tapa bilmədi. Əvvəl ansızın olan təklifdən dondu, sonra yavaş-yavaş özünə gəldikdə, şöbə müdirinin başqa bir işlə məşğul olduğunu görüb, etiraza cəsarət etmədi. Düşüncəli bir halda ayağını sürüyərək kassaya yanaşdı, pulu alıb, evə döndü.

Həmid həmişə evə tramvayla gələrdi, bu dəfə piyadə getdi. Yolda bulvara döndü. Alabəzək dona bürünmüş çiçəklər, may günəşində yıkanan dəniz, sanki həmişəkindən daha gözəl, daha füsunkar idi.

“Mirzə Davudlu!” – deyə düşündü, köksünü ötürdü, ona elə gəldi ki, dənizdən ağcaqanad sürüsü qalxıb, ona hücum edir; kolların arasından şahmarlar, gürzələr baş çıxarıb, onu güdürlər... Həmidin tükləri ürpərdi, diksinərək hədəqədən çıxmış gözləri ilə ətrafını yoxladı... Həzin külək xırdaca camları və salxım sallamış yasəmənləri titrədirdi. Meydandan çocuqların şən səsləri eşidilirdi. Həmidə bir az mətanət gəldi:

“Əh, nə olacaq – olacaq!” – deyə özünə təsəlli verdi. Lakin ifadəsindən ölümə gedən adamın qeydsizliyi duyuldu...

Həmid maarif sahəsində işləyir və vəzifəsində olduqca intizampərvər idi. Ancaq... vasvası idi, gündə on dəfə əlini yuyar, ayda on beş kərə həkimə gedər və yanında bir dəstə resept və müayinə vərəqələri daşıyardı. Təbiidir ki, Həmid qəzaya qarşı bir sıra tədbirlər görməyə başladı. Çantasını kinə, bor turşusu, yod, marlı, pambıqla doldurdu və “dəruni təthir” üçün bir şüşə də araq aldı...

Qatar axşam saat on birdə Mirzə Davudlu stansiyasına çatdı.

Həmid əllərinə, üzünə və boynuna odekolon sürtüb, ehtiyatla platformaya endi. Yanı uşaqlı bir rus qadını durmuşdu; görünür, səfərdən adam gözləyirmiş. Həmid ona yanaşdı:

– Bağışlayın, kəndin yolu haradandır?

Qadın bir də boylanıb, vaqonları gözdən keçirdi, öz-özünə: “gəlmədi” – deyib, Həmidə tərəf yönəldi.

– Biz də ora gedirik, istərsiniz bir yerdə gedək.

Həmid şübhə ilə qadını süzüb, onun arxasınca yürüməyə başladı.
Hava olduqca qaranlıq, kənd də uzaq idi. Həmid eniş-yoxuşla gedir, tez-tez ətrafına baxınırdı. Birdən enişdə parlaq bir şey gözünü qamaşdırdı.

Qadın: – Biz düz gedəcəyik, siz oteli buradan soruşun! – deyib, uşaqla getdi.

Həmid işığa yanaşdı. Bura qızıl çayxana imiş. Müşəmbə örtülü geniş masalar boş idi. Çayxana müdiri qapıda durub, ortayaşlı bir kişi ilə danışırdı.

Həmid salam verib, oteli soruşdu, kişi salama laübalı bir halda cavab

verib dedi:

– Ay xoş gəlmisən bizim bu kəndistana! Canından bezmisənsə, dalımca gəl...

Kişi yola düşdü, Həmid də cəsarətsiz addımlarla onu izlədi. Kolkos arasında Həmid duruxub, qorxa-qorxa ayaqlarının altına baxırdı.

Kişi də durur və gülərək:

– Canından bezmisənsə, gəl! – deyir. – Mehmanxanada yer olmasa, səni evimə aparacağam. Amma, heyf ki, arağım yoxdur, bu axşam hamısını içib qurtardım.Ta neyləyək, bağışla!

Kəndin kənarına çıxıb, sola döndülər, bir yerdən işıq gəlirdi. Yaxınlaşıb geniş bir otağa girdilər. Kişi salam verib rusca:

– Marfuşa, – dedi, – bu bizim qonağa bir yaxşı nömrə ver, miçətkəni də olsun.

Dolğun vücudlu Marfuşa qəbz yazıb, otel pulunu aldıqdan sonra Həmidi nömrəyə gətirmək istədi. Həmidi təşyi edən kişi:

– Bacıoğlu, salamat qal, sabah xəcalətindən çıxaram, nöqsana baxma, – deyib getdi.

Marfuşa yeni ağardılmış nömrənin yatağını Həmidin yanında dəyişib, hər şeyi rahladı, getdi.

Həmid qəza həyatına başlayırdı. Lakin bu başlanğıc təsəvvür etdiyi kimi dəhşətli deyildi.

Səhər tezdən şirin yuxudan ayıldı. Koridordakı əlüzyuyan cingildəyirdi.

Mərkəzdən gəlmiş işçilər yuyunurdular. Həmid də qalxıb yuyundu və böyük maraqla kəndə çıxdı. İlk intiba ona qəribə gəldi – qamışdan hörülüb üzünə sarı palçıq çəkilmiş köhnə komalarla bərabər, yeni binalar, sıra ilə düzülmüş kooperativlər də gözə çarpırdı.

Kolxoz bazarını dolaşıb, Kürə doğru getdi. Kəndin ortasından keçən yeni küçə onu heyrətə saldı. O tay-bu tayda daş binalar, ortada da küçə boyu bağ və çiçəklik salınmışdı. Bu sarı çöl və sönük kənd yeni bir həyat yaşayırdı. Xəstəxana, aptek, məhkəmə, poçt, “Pambıq zərbəçisi” adlı qəzet, Leninin heykəli, yeni yaşayış evləri... bunların

Hamısı ayrı-ayrı olaraq Həmidin gözünə çarpdıqca onu heyran edir və əndişə ilə xəyalına belə gətirmək istəmədiyi qəza məfhumu silinib gedirdi.

Məktəbə getmək hələ tez idi. Çay içmək lazım idi. Bir aralıqdan asfalt səki ilə gedib, Kürün kənarına çıxdı. Burada üç tərəfi açıq, gözəl bir veranda yapılmışdı. Səkidən çıxıb, düzülmüş masalardan birinin arxasında yerləşdi.

Hava hələ sərin idi. Günəş yüksək söyüdlərin arxasında gizlənmişdi. Boz rəngli Kür səssizcə axırdı. Həmid çay içir və fikrə dalırdı. Onun fikri bu qocaman çayın ətrafında dolaşırdı. Əsrlərcə boş-boşuna axmış bu çay qarşısında insan nə qədər acizlik göstərmiş. Onun böyük bir qüvvət olduğunu duymuşsa da, bu qüvvətə qarşı diz çökərək ona tapınmış... Lakin bu gün insan böyümüş, özünün Kürdən də qəvi olduğunu anlamış və Kürü öz əzəməti qarşısında əyildərək, xidmətinə alır. Ağacsız çöllər yaşıllanır, pambıq və taxıl tarlaları Kürü əmərək insan həyatının şən və zənginliyinə çalışır...

Həmidin dodaqlarından doğan şirin bir təbəssüm düşüncəli gözlərinin ətrafında dolaşırdı...

Həmid məktəbə gəldikdə hələ dərslər başlanmamışdı. Əlvan geyimli qız və oğlanlar həyətdə oynaşırdılar. Müdir Həmidi kabinəsində qəbul etdi. Müəllimlər toplandı. Məktəb kimi müəllimlər də gənc və yeni idi. Bunların bəzisi Həmidə tanış çıxdı; Bakıda bir yerdə oxumuşdular. İşə başlamadan əvvəl keçmiş müştərək həyatlarını xatırlayıb, danışdılar...

Həmid artıq rayona alışdı. Üç gün deyil, bir il də qalsa idi, darıxmazdı. Lakin tapşırıq yerinə yetirilib, nəticəsi üç günə kimi maarif komissarına bildirilməli idi.

Həmid intizampərvər bir işçi kimi, işini vaxtında bitirib yola düşdü. Vaqonda sakvoyajını, nə axtarırdısa, açdı və rayona qarşı səfərbərlik halına saldığı əczaların əl dəyməmiş bir halda unudulduğunu duyub, qəhqəhə ilə güldü.

1936

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə

1**Allahqulu Kazımın daxmasına girdikdə Kazımı körpə uşaqları ilə bərabər kürsüdə gördü. Kürsü gödək qılçalı bir masa idi, bunu otağın ortasındakı ocağın üstə qoyar, ətrafına mütəkkə yığar və üstünə yorğansalardılar. Kazım mütəkkələrə söykənib yorğanı döşünə çəkmişdi;yalnız başı görünürdü. Telli və Gülnaz kənarda oturub yun darayır, Kazımın arvadı Ballı isə cəhrə əyirirdi. Alçaq pəncərəni qar basmışdı.

1 ч 25 мин
Epiloq

İki aydan sonra İbrahim xan Dağıstandan qayıtdı. Məmməd bəyin tərəfdarları tutulub, cəllad əlinə verildi. Məmməd bəyə isə Şişəni tərk etməsi işarə olundu. Məmməd bəy Vaqifin arvadı Qızxanımla evlənmişdi, onu götürdü və şahın xəzinəsindən əlinə keçən sərvəti də atlara yükləyib, Qaladan çıxdı. Bir müddət Tərtərin qırağındakı Kələntərli mülkündə yaşadı. Sonra Şirvan xanı Mustafa məktub yazıb, qızını ona verəcəyini və özünü də vəliəhd təyin edəcəyini bildirib, onu Şirvana apardı. Şirvanda Məmməd bəyin xəzinəsi əlindən alındı, özü də zəncirləndi.Mustafa xan atası Ağası xanın və qardaşlarının qisasını almaq üçün Məmməd bəyə işgəncə verərək öldürtdü. Şair Valeh Məmməd bəyi belə tərif edir:

3 мин
Azərbaycan ədəbiyyatına bir nəzər

AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR*(ixtisarla)

45 мин
Tarixi, coğrafi və iqtisadi Azərbaycan

TARİXİ, COĞRAFİ VƏ İQTİSADİ AZƏRBAYCAN*Əziz yoldaşımız və böyük mürşidimiz

189555 мин

Стихи других поэтов