İstirahət günü
Xırda bir işçi otağı. Maşınkanın üstündə iri qazan. Arvad paltar yuyur. Əri otura-dura ona kömək edib girib-çıxır, su gətirir, əlinə tökür, kirli su aparır. Arabir hayxırır, küncdəki qaba tüpürür. Bəzən çarpayının üstə yarı uzanır. Arvad sinirlənir, deyinir. Onu köməyə çağırır. Kişi istər-istəməz yerindən qalxır. Yenə köməyə qoşur. Vedrəni dışarı çıxardanda arvadı şikayətlənir:
– Şüşə zavodu... Bir az artıq pul verirmiş... Bu da artıq pul: ciyərləri
əldən getdi!..
İş davam edir. Kişi yenə gah uzanır, gah işləyir. Yeddi yaşlı Henrix çarpayının bir guşəsində oynayır. Gah çarpayının başlıqlarına dırmaşır – at-at oynamaq istəyir, çarpayını tərpətdikcə atası hiddətlənir, şişkin və saralmış üzü əzab saçır. Henrix bəzən döşəməyə enib, orada oynamaq istəyir; atasının taxta başmaqlarını geyib otağı dolaşır, qazanın qapağına dolaşır, yuyulmuş paltarlara toxunur... Anası hiddətlənir, onun qolundan tutub itələyir. Henrix ağlayır. Onun səsi atasını daha da sinirləndirir. Yataqdan qalxır, öksürüb, küncdəki qaba tüpürür. Geri döndükdə qadını yuyulmuş paltarları ona göstərir. O, istər-istəməz paltarları götürüb, otağın ortasındakı şəlitdən asmağa başlayır. Henrix yerindən qalxır, bu da paltar asmaq istəyir. Atası hiddətlənib, yenə onu itələyir. Henrix yenidən ağlayır. Anası işdən əl çəkib, kədərlə ona yanaşır, onu qucağına alıb, bağrına basır. Öpüb ağlayır:
– Mən bilirəm ki, sənə oynamaq üçün gen yer lazımdır. Nə edim, yoxsulluq!..
Almaniyada işçinin adi günü davam edir. Sabah qaranlıq bir çarpayıdan iki baş qalxır: qadın cəld durub geyinir, işığı yandırır, qəhvədanı maşınkanın üstünə qoyur, çörək doğrayıb, masanı yığışdırır. Qurumuş camaşırları şəlitdən yığır. Təkrar yuxuya getmiş kişini durğuzur. Kişi başını təkrar qaldırıb, yenə yasdığa söykəyir. Əsnəyir, öskürür, döşəmənin üstündəki qaba tüpürür. Qadın fincanları masanın üstünə düzərək, ərini səsləyir. Kişi istər-istəməz qalxıb, yataqda oturur. Yenə əsnəyib, öskürür. Ərinərək qalxıb geyinir. Üzlərini yuyurlar. Sonra quru çörəklə qəhvə içirlər. Henrix dadlı-dadlı uyuyur. İşə hazırlanırlar.
Birər parça çörək götürüb, kağıza bükürlər. Ana bir fincana qəhvə töküb, ağzına nəlbəki çevirir, yanına bir-iki parça çörək qoyur. Henrixə baxıb, ah çəkir, yeriyib onu öpür və ayağının ucunda yürüyərək çırağı keçirib, çıxırlar.
Yağmurlu hava. Küçədə hələ işıq yanır. Yalnız zibil avtoları evlərin qabağına düzülmüş zibil qutularını avtolara doldurur. İşçi qafiləsi bir istiqamət tutaraq gedir. Mağazalar bağlı, yalnız pivə dükanları açıqdır. Oraya işçilər girib çıxır. Henrixin ata-anası da aralanıb, hərəsi bir zavoda girir.
Henrix yuxudan ayılıb yatağında qurcuxur. Yarıişıq otağın pəncərəsinə yağış döyür. Henrix maraqla baxır. Əsnəyib, gərnəşir. Nəşə ilə əlini yasdığının altına salıb, bir kağız quş çıxarır. Barmağının üstünə qoyub uçurur. Bir müddət belə əylənir. Sonra quşu yasdığın altına qoyub, yataqdan cəld sıçrayır. Masadakı fincanın nəlbəkisini qaldırıb baxır. Bir az dadır, bir diş çörək alır. Sonra fincanı götürüb, yatağa tərəf gəldikdə ayağı ilişib yıxılır. Fincan sınır. Bir dəqiqəliyə döyükür. Sonra cəld geyinib, fincan sınıqlarını yığışdırıb, koridora çıxır. Bir az sonra dönür. Əski götürüb, döşəməyə tökülən qəhvəni silir. Əlüzünü yumağa başlayır. Yuyunub silinir. Masaya tərəf gəlir, bir diş çörək alıb çeynəyir. Görünür, yavan çörək bir o qədər də onu həvəsləndirmir. Düşünür. Qəhvədanı götürüb, masadakı fincana süzür içir. Ağzını burur. Durub komodun qutusundan qəndqabını çıxarır. Açır. Qənd olmadığını görüb, məyus olur. İçindəki ovuntunu fincana səpir. Çörəyini bu qəhvə ilə yeyib bitirir.
1936
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-istirahet-gunu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Naum əfəndinin iş otağı. Gözəl yazı masası üzərində gümüş yazı takımı, lampa və kitablar var.*Masanın önündə iki qayış qoltuk qoyulmuşdur. Divarın dibində meşinlə örtülü taxt və kitab dolabları*
Üçüncü şəkilQəhvəxana. Yuxarı başda yüksək bir piştaxta arxasında qəhvə sahibi xanım əyləşmişdir. Ağ*döşlüklü qarsonlar tez-tez ona yanaşır, marka alırlar və yanındakı sol açıq qapıya girib, oradan*
Dördüncü şəkil“Şanz-Elize” otelinin təntənəli salonunun bir guşəsi. Ipək örtülü məblə, xalı döşənmiş, divarlarda*güzgü və qiymətli tablolar var. Süleyman Salehbəy yuxarıda və ətrafında Bağır, İbadulla, Xəndan*
Beşinci şəkil“Sarayi-Fatma” adlı ümumxananın salonu. Gözəl yumşaq meblelər qoyulmuş, xalılar döşənmiş: pəncərələrdə qiymətli vazlar görünur. Divarlar güzgülərlə bəzənmiş. Hər yerdə qırmızı ay-yıldız nəsb olunmuş, ön divarda ərəb hərflərilə “Sarayi-Fatma” yazılmışdır.Sağ tərəfdə piano qoyulmuşdur. 3-5 əlvan paltarda qadın ağparikli tarixi libaslarla bərabər, müasir modalar da gözə çarpır. Qadınların hərəsi bir pozadadır: kimi kanapelərdə uzanmış, kimi qoltuğa (kreslo) yerləşmiş, kimi də güzgülərin önündə tualetlərini düzəldirlər. Qonaqlar smoqinqdədirlər. Səhnənin ön tərəfində Bağır, İbadulla və Xəndan əfəndi durmuşlar. Xəndan əfəndi salonun zinətinə və qadınların gözəlliyinə heyran qalaraq danışır, danışdıqca da ətrafı yabançıcasına süzür.
Стихи других поэтов
Məndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Öldürəcək bu qəm məniAla gözlü, telli ceyran,Öldürəcək bu qəm məni.
Ərə verdiHacı Filan öz qızını şövhərə verdi,Yəni ki bizim türki dilicən ərə verdi.
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.