Страница 2 из 2 · 50%

İbadulla (Xəndan əfəndinin sözlərini kəsərək). Biz kor yapalaq, biz tənbəl şərqli. Biz hazırına öyrənən. Iş lazım, bacara bilmirik.

Acizik. Baxın Naum əfəndi nə işlər görür. Bakıda satmadığı neft yeri qalmadı. Misirdə bir milyoner ölmüşdü. Heç kimsəsi qalmamışdı. Bir qadın tapdı, bir çocuq düzəltdi, kağızlar qayırdı. Vəkil, məhkəmə... vur ha vur. Axırda kişiyə varis çıxıb, pulları aldılar.

Xəndanəfəndi. Ənfəs, əfəndim!

Süleyman Salehbəy. O, biz Naum əfəndimi olacayız? O hələ İstanbulda ikən bursanın qurdu idi. Nə işlər yapmadı. Sonunda kamalçıların gələcəyini duyub qaçdı.

Bağır (başını tərpədərək). bizdən Naumlar yetişməz. Bizim Bakıda yerdən neft çıxıb gicləri adam eləmişdi. Bura gəldilər, paxırları açıldı – var-yoxlarını keyfə qoyub, indi avara-avara gəzirlər. Bircə iş də bacara bilməyirlər. Bizdən Naum olmaz!

İbadulla. Canım, o qədər olmaz deyirsiniz, olmayır. Gəlin ele eliyək olsun... Vallahı doğru deyirəm, gəlin düşünək, axtarak (sükut).

Hamı. Düşünəlim (düşünürlər).

Xəndanəfəndi (düşüncədən ayrılaraq). Olmayır, əfəndim.
Bənim şair qafama xəyaldan başqa bir şey girməyir. Hər haralarda dolaşıram, oradan (göyü göstərir) aşağı enə bilməyurəm.

İbadulla. Xəndan əfəndi, səndən bir şey çıxmaz: sən şairsən.
Hərdən bir şeir yazarsan, qulaq asarıq. Biz pul tapaq, sən də nəmi pişiyi.

Xəndanəfəndi. O nədir?

ibadulla. Kədi bilirsən: piş-piş-piş?

Xəndanəfəndi. Sonra?

İbadulla. Biz taparıq, sən də yeyərsən. Buna nəmi pişiyi deyərlər.

Xəndanəfəndi. Bu gözəl. Zatən şair də elə kədi kimi bir şeydir. Sıcaq saray guşəsi ola, sən də bir-iki mədhiyyə söyləyib rahat yaşayasan. Ənfəs!

İbadulla. Yox, əfəndim, bu ənfəsdən bir şey çıxmaz. Saray da bir şey deyil – can sıxar. Bilirsən necə iş? – Zəhmətsiz iş lazımdır. Para çıxan iş.

Bağır (Süleyman Salehbəyə). Saleh əfəndi, Naum əfəndi ilə çoxdan tanışsınız, niyə bir iş düzəltməyirsiniz. Bir iş düzəldin, biz də... bir az yağlanaq.

Süleyman Salehbəy. İştə şərqliyik (istehza ilə). Dövlətialiyyeyiosmaniyyənin mütəssərifi bir bəzirkan yəhuduya boyun əyərmi? (İstehza ilə). Biz ağa millətiz.

Xəndanəfəndi. Ciddən eylədir. Biz ağa olmuşuz. Biz başqa şəraitdə yaşamışız. Əzilməsək, həyat yollarını öyrənəməyiz.

İbadulla (gülərək). Hələ əzilməmişik. Yahu, acından ölürük.

Otelçi əzir. Mədəmiz hər an, hər dəqiqə əzir... Daha əzilmək nəyə deyirsən? (O, çamadanı göstərir). Görürsənmi? Içində heç bir şey yoxdur ancaq mənim üçün o qədər ağırdır ki, bütün varlığımı, şərəfimi, namusumu əzir... Daha əzilmək nəyə deyirsən?.. (Qapı tıkkıldayır).

Süleyman Salehbəy. Girin!

Qapıçı (girir). Salehbəy, sizi telefona çağırırlar.

Süleyman Salehbəy. Pək eyi (Qapıçı çıxır). Əfv edəsiniz, şimdi gəlirəm (çıxır).

İbadulla. Balam, gedək, kişiyə mane olmayaq.

Xəndanəfəndi. Mane olmarız – o işsiz, biz işsiz. Olsa-olsa bizim kimi bir az uyur, sonra bilyarda, ya qəhvəyə gedər.

Bağır. Qaliba, parası var. O bizim kimi deyil.

Xəndanəfəndi. Təbii, əfəndim. Mütəsərrif olmuş. Bir-iki sənə yeyər. Məsələ bizim məsələdir, daha doğrusu, mənim məsələmdir. (Bağıra). Çünki sizin qəbahət özünüzdədir – Bolşevik hökuməti sizə hər ay para göndərirdi, istifadə edə bilmədiniz. Məktəbi bitirib, başqaları kimi vətəninizə dönməli idiniz. Qaliba, burada təhsillərini bitirib Azərbaycana dönənlər şimdi eyi mövqe tutmuşlar.

İbadulla (Xəndan əfəndiyə). Xəndan əfəndi, məntiqi mülahizə və məsləhətlərdən xoşlanmam. Sözü dəyiş. Yaradılışın özündə belə məntiq yoxdur. Sən də mənə məntiq müdərrisliyi edirsən. Mən məntiqi həyatı sevməyirəm. Quş kimi işləmədən yemək və heç bir şeyə baş əyməmək. Sərsəriliyimin səbəbi bu.

Bağır (istehza ilə). Quşlar da bizdən xoşbəxt yaranmışlar: paltara pul verməyirlər, otelə pul verməyirlər. Aralarında pul işlənmədiyi üçün pula da ehtiyacları yoxdur... Allah quruluşundan mən də məmnun deyiləm.

Xəndanəfəndi. Bəndəniz də belə zənn edir ki, cənabi-haqq dünyanı eyi yaratmamışdır. (Sükut). Quş da olmaq istəməzdim... İnsan olmaq da ağır işdir. Başqa bir şey olmaq istərdim...

İbadulla (gülərək). Meymun...

Xəndanəfəndi. Meymun kəndinsən, pəzəvəng. (Qalxıb İbadullaya hücum etmək istəyir. Bağır buraxmayır).

İbadulla (gülərək). Xəndan əfəndi, darılmaq neyçün? Sən meymun olma, mən olum. Bu Parisdə meymunun hörməti insandan çoxdur. Bir aristokrat xanımın itə və meymuna qoyduğu xərci sənə qoysalar, adama bənzərsən.

Xəndanəfəndi (darılaraq). Yenə xalt etdin.

Süleyman Salehbəy (şən bir halda girir). Arkadaşlar, bəndənizi əfv buyuracaqsınız, getməliyəm.İ eyiyə bənzəyir.

Hamı (bir yerdə). Söylə nə olmuş? Söylə!

İbadulla (gülərək). Pul çıxan işdən danış.

Süleyman Salehbəy. Şlyapasını və paltosunu qarderobdan götürərək – Sonra (hamı getməyə hazırlaşır)!

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ruhnəvaz xanım

Dar küçədəki köhnə evin alçaq qapısına bir gənc yanaşıb, zəngi çaldı. İçəridən boğuq bir köpək səsi eşidildi. Sonra sakitlik düşdü. Gənc ikinci dəfə barmağını zəngin düyməsinə qoydu, yenə köpək səsi gəldi. Pilləkəndə ayaq səsi eşidildi; qapı açıldı:– Ooo! Qurbanlı yoldaş, buyurunuz! – deyə qapıdakı Dilarə xanım qonağı içəri dəvət etdi.

8 мин
Zeybək qızı

Midhəd əfəndi sabah ertə darülfünuna gəldikdə oranı ingilislərin hind əsgərləri tərəfindən tutulmuş gördü. Qapıda duruxdu, fikirləşdi, ağır bir həyəcan içində geri döndü. “Deməli darülfünunumuza da əl uzatdılar” deyə öz-özünə düşündü və aylardan bəri əcnəbi işğalından təhqir olunmuş şərəfi bir daha əzildi.Midhəd əfəndi Bayezid meydanı ilə gedərkən Türkiyənin keçirdiyi macəranın təhlili ilə məşğul idi. Müharibə qaib olmuş, məmləkət bilfel ingilislər, fransızlar, italyanlar, yunanlar tərəfindən parçalanmış, İzmir və civarı yıxılmış, türk qanı ilə boyanmış! İstambul işğal altında, məmləkətin bütün münəvvər və alimləri Malta cəzirəsinə sürülmüş...

10 мин
Mariya

İnqilab daşqın bir çay kimi məcrasından çıxıb, bütün Rusiyanı ağzına almışdı. Köhnə hökumət düşürülüb, yerinə gələn geniş ölkəni idarədən aciz idi: hər kənd, hər şəhər və vilayət özbaşına idarə olunurdu. Böyük bir anarşi hər yerdə hökmfərma idi. Buna əlavə olaraq bir də cəbhə pozulmuş, milyonlarca əsgər silahını götürüb, kimsəni dinləmədən evlərinə dönürdü. Şəhər və kənd sərsəriləri bundan istifadə edərək şəhərləri yəğma etmədə idi. Xalq həyəcan içində çırpınaraq, çıxacaq yollar arayırdı. Orta əsrlərdə olduğu kimi, hər bir ev qələ şəkli almış, kirəçilər də könüllü əsgər kimi səfərbərlik halında idi.İrəliki axşam şəhərimizin bir neçə evlərinə zirehli avtomobillərin hücumu olmuş deyə eşitdik. Yayılan şayiələr bu hadisələrə əsrarəngiz rənglər verirdi: üzləri maskalı adamlar evə mitralyozlardan atəş açmışlar, bir neçə adam öldürüldükdən sonra evi yəğma etmişlər – deyilirdi.

9 мин
Qazanc yolunda

Nemət yatağında uzanıb, fikir eləyirdi: dekabr imtahanları qurtardı,pul da qurtarmaqdadır. Çarə lazımdır. May imtahanlarına hazırlanmaq üçün studentə Kiyev şəhərində qalmaq icab edirdi, halbuki maddi cəhət buna mane olurdu. Odur ki, bu məsələnin həlli üçün Nemət bütün qüvvələrini sərf etməkdə idi. Bakı cəmiyyəti-xeyriyyələrinə elədiyi müraciətlər boşa çıxdı. Bakı milyonerlərindən ricada bulunmaq qüruruna toxunurdu, evlərindən də ki, heç bir şey gözləyə bilməzdi! Yeganə çarə Kiyevdə qazanc yolu aramaq idi.Student bu üzündən o biri üzünə döndü. Bir az həlləndi. Gözləri pəncərəyə sataşdı. Çöldə lopa-lopa qar yağırdı. Bunu görcək bədəninə bir soyuqluq gəldi, yatağın dərinliklərinə çəkilib büzüşdü. Bir də qazanc məsələsini xatırladı. “Nədən başlamalı?” – deyə təkrar fikirləşdi və axırda qəzetlərdə dərs üçün elan verməyi, dostlara və tüccari şirkətlərə müraciət etməyi qət elədi.

14 мин

Стихи других поэтов