Qusar mülkədarları
Xudat stansiyasından Qusara gələn avtobus sürətlə boşaldı. Son enən orta yaşlı, başının yanları ağarıb gümüşə çalan bir kişi, arıq arvadı və çəlimsiz xırda qızı oldu. Bunlar şeylərini tələsmədən bir tərəfə toplayıb tarlanmaq istəyən toyuq-xoruz kimi, ətrafa hay atmağa başladılar. Bir az keçmiş kişi bazarın uzaqlarına baxaraq:
– Reyhan, odur gəlir! – deyə arvadının qolundan dartıb gülümsədi:
Bir cavan oğlan gülə-gülə o nlara yanaşıb, əl verdi:
– Möhsün əmi, bu gün iki-üç dəfə buraya gəlmişəm, – dedi. – Dedim yəqin yolda ləngidiniz... Buyurun, gedək! Gənc haman bir adam tapıb, qonaqların şeylərini yüklədi, yola düşdülər. Sağa dönüb, Qusarın çaya tərəf küçəsində bir evə girdilər.
Gənc, Möhsünün idarə yoldaşının oğlu idi. Möhsün özünə ev tapana qədər bunlarda qalmalı idi. Qonaq yaxşı şeydir, ancaq ev sahibinə çox əziyyət verməyə. Bunu Möhsün bilirdi, onun üçün naharı edər-etməz gənclə ev axtarmağa getdilər.
Bu il Qusara çox istirahətçi gəlmişdi, evlər tutulmuşdu. Çox gəzdilər, nəhayət irəliki gün bir otaq boşaldığını duyub oraya qoşdular. Kişiliyi ilə arvadlığı məlum olmayan, qılıncı burunlu birisi yaşmanaraq küçə qapısının balkonunda bunları qarşıladı.
– Burada otaq kirayə verilirmiş...
– Bəli, buyurun, baxın.
Möhsün arvadı və qızı ilə evin həyətə nazir uzun, xaraba balkonuna girdilər. İlk ayaq basdıqları taxtanın o biri başı qalxıb, bunlara təzim edər kimi oldu. Balkonun ikinci taxtasına keçdikdə bu taxta da qonaqlara qarşı eyni nəzakəti göstərdi. Qabaqda gedən Möhsün əlini sütuna atıb, boğuq səslə bir dəfə:
– Reyhan, qızı gözlə! – deyə qışqırdı.
Ev xanımı gülərək:
– Ay qardaş, qorxmayın! Nə var ki? Taxtaların mismarı düşmüşdür, od
aparmış kişiyə çal deyirəm, çalmır. Sabah özüm çalaram...
Qonaqlara təzim edən taxta qayıdıb yerinə toxdadıqda xırda qızın ayağını dişlədi: zil qışqırtı qopdu. Reyhan ərinə acıqlanaraq:
– Möhsün, bizi buraya çolaq etməyə gətirmisən? – deyə geri döndü. Cəsarəti qırılmış Möhsün sütundan yapışaraq durmuş, balkonun əcaib mənzərəsini seyr edirdi: taxtalar çürüyüb, dəlik-deşik, sanki tam bir şadara olmuşdu; həyətə tərəf sürahi uçub, yerində qorxunc uçurum açılmışdı... Möhsün süpürgə həsrəti çəkən həyəti süzdü: alma, armud, gavalı dənizində batan ağacların arasından uzaqdakı mavi sisli meşə görünürdü...
– Ay bacı! – deyə ev sahibinə müraciət etdi. – Təbiət sizə bu qədər var verdiyi halda, bu nə pintilik, nə tənbəllikdir? Dünyada mıxmı yoxdur? Meşədə ağacmı tapılmır? Taxta qəhətliyidirmi?..
Möhsünün rəngi qaçdı, hirsindən titrəməyə başladı.
Reyhan qapıdan başını sallayaraq:
– Möhsün, sakit ol, axır həkim sənə deyib ki, sinirlənmək olmaz.
Çıxıb getdilər. Küçələri dolaşdılar. Soraq elədilər, otaq tapılmadı.
Yenə geri döndülər, əlacları kəsilib əvvəl baxdıqları evə girdilər. Möhsün ev sahibini çağırıb ehmal səslə:
– Yaxşı, nə təhər eləyək? Buranı sabaha qədər təmir edib, bizə verərsənmi? – deyə soruşdu.
Ev sahibi:
– Qardaş, – dedi, – acıqlı adama oxşayırsan. Bildir sənin kimi birisi buranı kirələmişdi, çox razı getdi. On girvənkə özü, yeddi girvənkə də arvadı kökəlmişdi. Sən də razı qalacaqsan. Balkon xoşuna getmədi, çünki Bakıdan gəlirsən, bura Bakı olmaz ki...
Möhsün yenə sinirləndi:
– Bacı, səndən Bakı evi istəmirəm. Ancaq elə olsun ki, ayaqlarımız bu deşiklərə düşüb sınmasın.
Ev sahibi güldü:
– Qardaş, neçə ildir burada qalırıq, görürsən, hamımızın ayağı yerindədir...
Möhsün sakit:
– Yaxşı, sabaha qədər buraları bir yaşanacaq şəklə salarsanmı?
– Hamısı düzələr, arxayın ol...
Razılaşıb köçdülər. Sabah alaqaranlıqdan həyətdən gələn söyüş və qarğış səsi kirəçiləri yuxudan ayıltdı: arvad ağacın altında yatan kişini qaldırıb, meşəyə ağac dalınca göndərirdi; balkonda çəkic səsindən qulaq tutulurdu...
– Üzünüzü mürdəşir sürtələsin, düz mismar yoxdurmu?.. Od aparmışlar, qışda tənbəllikdən bağa enmədilər, buraları sökdülər, yandırdılar...
Sizi qırılasınız... Bu kişiyə bax, başı batmış, o biri üzünə çörüküb, yenə yatdı... – deyə ev sahibi arvadın səsi gəlirdi...
Bütün günü kirəçilər baş-beyindən oldular, nəticədə paslı mismar quru taxtaya batmadı, meşədən də ağac gəlib çıxmadı...
Bir gün xırda qızın qışqırtısı eşidildi. Anası yüyürüb gördü uşağın ayağı taxtanın deşiyinə düşüb, çıxmır. Bir təhər burub çıxardı. Möhsün evdə yox idi. Sinirlənməsin deyə Reyhan ərinə xəbər vermədi. Ancaq ev sahibini çağırıb, məsələni anlatdı. Yenə çəkic çıxdı, gumbultu düşdü, söyüş və qarğış başlandı. Nəticədə bir-iki vaks qapağı əzilib, deşiklərə salındı.
O biri gün Möhsün qızının ayağını sarılı görüb, məsələni anladı.
Yenə sinirləndi, deyindi, yenə ev sahibini çağırıb nəsihət elədi, tənbəllikdən, cəhalətdən danışdı. Yenə çəkic taqqıldadı. Bir-iki də köhnə istiot və qəhvə qabı əzildi...
İki həftə keçdi. Bu iki həftədə kirəçilər iyirmi dörd xırda və iri qəzaya uğradılar. Ancaq dərin xətər olmadı; məsələ dəri cızılması və qan sağılması ilə qurtardı. Möhsün bir neçə dəfə də sinirləndi, axırda həkimin tapşırığını xatırlayıb, sakit oldu. Fərqi yox idi – get-gedə çəkicin də taqqıltısı yavaşıyıb, axırda büsbütün kəsildi...
Məzuniyyətin sonuna on gün qalmışdı... Möhsün dama sərdiyi alma, armud, gavalı qurusunu yığmaq üçün balkonun sütununa dırmanıb çıxmaq istədikdə, sütun yerindən oynadı. Möhsün başı üstə aşağı düşdü. Yolda kəlmeyi-şəhadətini deyib, o biri dünyaya hazırlandığı halda, özünü balkonun altındakı zibil təpəsində gördü. Cəld qılçasını yoxladı, gördü hər şey yerindədir, ancaq buduna qoyun qabırğası batmışdı. Durub, axsaya-axsaya otağına gəldi:
– Reyhan, – dedi, – yığış, daha dincəldiyimiz bəsdir. Bakıya getmək lazımdır. Görürəm, bizi qəza hərləyir.
Axşam avtobusu onları sağ və salamat Xudat stansiyasına gətirdi. Gələn kimi bir tərəzi tapıb, özlərini çəkdirdilər. Möhsün on iki girvənkə, arvadı yeddi, qızı da üç çətvər əksilmişdi.
1934
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-qusar-mulkedarlari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İQTİBAS, TƏQLİD VƏ TƏSİR*Bizdə bir ədəbi əsər təhlil edildikdə gənc tənqidçilərimiz əsərin texnikasından və əsərə olan təsirdən bəhs etməyirlər. Halbuki bunlar əsərin ən canlı əyarıdır. Bunları nəzərə almamaq əsəri ətraflı qavramamaq və onun ədəbiyyat tarixindəki mövqeyini lazımınca təyin etməmək deməkdir. Hər bir şair və ədib ilk ədəbi addımlarında təsirə düşər. Bu təsir ya dərin, ya səthi olar, ya uzun müddət davam edər, ya ötəri olaraq görsənib, qayıb olar. Bu hallar yazıçının qüvvət və iqtidarından asılıdır. Puşkin və Lermantov kimi böyük rus şairləri Bayronun təsirinə düşmüşdülər. Puşkin bayronizmdən özünü qurtara bilib, azad yola çıxdı və tamamilə müstəqil bir ədəbi mövqe qazandı. Lermantov isə bu təsirdən qurtara bilmədi. Deməli, yazıçının qüvvəti onun təsirə düşüb-düşməməsi, sərbəst cığır açması və yeni bir məktəb təşkil etməsi ilə ölçülür. Aləmşümul klassikləri yüksəkliklərə çıxarıb bütün dünyaya sevdirən onların yüksək texnikası, bədii mündərəcələri və müstəqil yol ilə getdikləri olmuşdur. Bəzən klassiklər də köhnə mövzulardan istifadə edirlər. Firdovsi Iranda ağızdan-ağıza keçən əfsanələri toplayıb “Şahnamə” yazır; Şekspir, L.Tolstoyun dediyi kimi, Italiyada və başqa yerlərdə dolaşan mövzuları alaraq ölməz dramlar yaradır; Höte xalq masallarından “Faust”u vücuda gətirir... Bizim klassiklərimizdə də bu hal görünür. Füzulidən əvvəl “Leyli və Məcnunu”u Nizami yazmışdır.
Turgenevin yazı üsuluTURGENEVİN YAZI ÜSULU*Klassiklərin yazı üsulunu öyrənmək, yalnız yeniyetmələr üçün deyil, oturuşmuş yazıçılarımız üçün də maraqlıdır. Çünki böyük ədiblərin texnikasını öyrənmək ədəbi irsi qavramağa yol açır. Təəssüf ki, hər bir klassikin yazı üsulu ilə tanış olmağa kafi məlumatımız yoxdur. Yazıçıların hamısı eyni dərəcədə intizampərvər və səliqəli olmamışlar, bəziləri əsəri bitirdikdən sonra ona dair yazılan planları, konspektləri, qeydləri tələf etmişlər. Bizim Azərbaycan yazıçıları bu barədə daha da geridə qalmışlar, bir çoxlarının əlyazmaları belə meydanda yoxdur, arxivi meydana çıxanlar da az olmuşdur. Yalnız Mirzə Fətəli istisnadır, çünki o özündən sonra gözəl və müntəzəm bir arxiv buraxmışdır. Yazıçıların səhlənkarlığı qismən onların özlərinə qiymət verməmələrindən irəli gəlmişdir.
Çexov, Qorki və L.TolstoyÇEXOV, QORKİ VƏ L.TOLSTOY*1898-ci ildə M.Qorkinin hekayələrinin ilk iki cildi çapdan çıxmışdı. Çexov bu hekayələrlə tanış olar-olmaz Qorkinin “şübhəsiz bir talant” olduğunu qeyd edir. Yazdığı bir sıra məktubda gənc yazıçıya olan münasibətini belə göstərir: “Stepdə” örnək olacaq bir surətdə yazılmışdır. Bu anac bir şeydir. Qorkinin özü də bədiiyyatçılar qayrılan xəmirdən yoğrulmuşdur”.
Qızlar bulağıŞura Yazıçılarının Ümumittifaq qurultayına*Əhməd “Maarif işçisi” klubunda ibtidai cəmiyyətə dair məruzə edəcək idi... Bir çox kitablar*
Стихи других поэтов
Sinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır
Nə dərdi vardı könlün, nazlı yarə indi deyirNə dərdi vardı könlün, nazlı yarə indi deyir,Deməzdi sirrini ol gülüzarə, indi deyir.
Qəzəl: Ançe ma rəncə kəşidimآنچه ما رنجه کشیدیم عبث بود عبثدر ره عشق دویدیم عبث بود عبث
Ey bəxt, nədir səndə bu əhval, bu halətEy bəxt, nədir səndə bu əhval, bu halət,Yoxdur sənə dünyada neçin azca fərağət?!