Страница 2 из 14 · 7%

– Məndə sizi həvəsləndirəcək bir kitab yoxdur, zənn edirəm.

Sofya xanım kürsü çəkib oturdu və bir az sərzənişlə:

– Məni maraqlandıra bilməyən kitablarınızın nə olduğunu söylərmisiniz?

Rüstəmbəy kitablarını bir-bir göstərib, tərif etməyə başladı:

– Bu böyük kitab “Əhdi-ətiq”dir. Musanın hiylələri, Onon, Lut,

Davud, Yusif, Süleymanın eşq macəralarından və Əyyubi Səburun pintiliyindən və murdarçılığından bəhs edər.

Sofya xanım bir az pərt:

– Müqəddəs kitaba istehza etməyiniz, günahdır.

– Bu, Volterdir. Ən böyük şarlatan, eyni zamanda da ən böyük alimdir. Bu, İncildir, tanıyırsınız. Adı var, özü yox bir müəllifin safdil xülyasıdır. Bu Spenserin “Dimaği-ruhani və cismani tərbiyə”sidir. Bu kitab nə sizə lazımdır, nə mənə; mən evli deyiləm, sizin də çocuğunuz yoxdur.

Sofya xanım bu təriflərdən xoşlanır və gülümsəyirdi. Rüstəmbəy davam edirdi:

– Bu, qadın və yəhudi əleyhinə yazılmış ən mükəmməl kitabdır, müəllifi də bir yəhudi balasıdır.

Sofya xanım üzünü qırışdıraraq:

– Axmaq, – deyə fırlatdı.

Rüstəmbəy cəld:

– Acıqlanmayın, o cəzasına çatmışdır, iyirmi üç yaşında ikən özünü öldürmüşdür.

– Yaxşı olmuş, qalsaydı, kim bilir, daha nələr yazardı.

– Bu Ştrausdur, sizin Isanın iç üzünü açıb tökür... Bağışlayın, bilmədim.

– Lütfən, dini duyğularıma toxunmayın.

– Bu Nitşedir. Bu da cəzasını almışlardandır; “güclüyə kömək, gücsüzə kötək” – deyə bağırdı, çağırdı, axırda dəli oldu... Bəsdir, yoxsa yenə deyim?

– Oxumalı bir şey yoxdurmu?

Rüstəmbəy kitabları eşələyib bir əsər çıxardı:

– Bax, bunu hər bir qadın oxumalıdır! – deyə bir kitab verdi.

Sofya xanım kitabı alıb, baxdı və masaya söykədiyi dirsəyinin altına qoydu.

– Sizə bir sual verəcəyəm, – dedi.

– Əmrinizə hazıram.

– İstehzasız. Bu qədər kitabların içində xoşunuza gedən hansıdır?

– Ömər Xəyyam...

– Onu da verin oxuyum.

– Təəssüf ki, fars dilindədir, siz bilməzsiniz.

– Rusca yoxdurmu?

– Rusca var, məndə yoxdur. Dünyanın hər bir dilinə tərcümə olunmuşdur.

Sofya xanım çox maraqlandı, ona qəribə gələn ərəb hürufatına heyrətlə tamaşa edib, bir sıra suallar verdi və nəhayət, Ömər Xəyyamdan bir-iki parça oxuyub, tərcümə etməsini Rüstəmbəydən rica etdi.

Rüstəmbəy bir neçə rübai oxudu.

Sofya xanım:

– Çox gözəl! Ah, nə gözəldir, – dedi. – Bir-ikisini də oxuyun.

Rüstəmbəy gülərək:

– Olmaz, hər gecə gələrsiniz, oxuyaram; gecədə iki rübai.

Sofya xanım qəhqəhə ilə:

– Ah, nə kələkbazsınız! – dedi.

Bir az sükut düşdü. Sofya xanım dirsəyinin altındakı kitabı qaldırıb vərəqlədi, o tərəf-bu tərəfinə baxdı və düşüncəli bir nəzərlə Rüstəmbəyi süzüb dedi:

– Buraya topladığınız kitablar bəzən canınızı sıxmırmı?

– Ah, bilsəniz, bəzən necə darıxıram, qəlbim qəfəsdəki quş kimi çırpınır.

Sofya xanım onu təkrar süzdü, Rüstəmbəyin üzündə hami axtaran bir çocuq ifadəsi vardı. Həlim bir təbəssüm Sofya xanımın çöhrəsini parlatdı.

Rüstəmbəy təbəssümə məğlub oldu və Sofyanın qarşısında diz çökdü: başını onun qoluna söykəyib, gözlərinə həsrətlə tamaşa etməyə başladı. Sofya xanım zərif əllərini üsulluca qaldırıb, Rüstəmbəyin başını sığalladı... Rüstəmbəy zəif bir səslə:

– Məni oxşayın. Mənə xoş sözlər söyləyin. Həyatımda kimsə mənə xoş sözlər söyləməmişdir – dedi.

Sofya onun başını sığallaya-sığallaya:

– Sizə nə olmuşdur, xəstəyə bənzəyirsiniz.

– Bəli, xəstəyəm.

– Xəstəliyiniz nədir?

Rüstəmbəy mətanətli bir səslə:

– Gün-gündən sizə öyrənişirəm, susuz və havasız dolanmaq çətin olan kimi, sizsiz də həyatım müşkülləşir. Xəstəliyim budur.

Sofya inanmaz bir təbəssümlə:

– Sizi etirafi-eşqdə bulunmağa kim təşviq etdi? Rüstəmbəy üzündəki ifadəni dəyişməyərək, başını xanımın dizi üstə qoyub, sükuta daldı.

Bir neçə dəqiqə Rüstəmbəy başını qaldırıb, qəmli bir nəzərlə Sofyanın üzünə baxdı, sonra yavaşca durub, otağın bir guşəsinə çəkildi.

Sofya onu xoş sözlərlə dindirdi:

– Əziz filosofuma nə olmuş, nədən fikrə dalmışdır?

Xanım mehriban bir halda Rüstəmbəyin qoluna girib, başını onun çiyninə söykədi. Rüstəmbəy diksindi, qolunu ehmallıca xanımın qolundan xilas etdi.

– Bir-birimizə yad və naməhrəm olduğumuzu unutmayın! Sofya xanım bu sözlərdən dilgir olaraq heyrət içində:

– Sizə nə oldu? – dedi.

Rüstəmbəy:

– Mənə?.. Heç zad!.. Içimdəki ədalət səsi oyanıb, məni haqq yola dəvət edir.

Sofya xanımın heyrəti daha da artdı.

– Sözlərinizin mənasını anlamıram.

– Siz kimsiniz?

Sofya xanım incimiş bir halda:

– Lüzumsuz bir sual verirsiniz... Siz məni tanımırsınızmı?

– Tanıyıram. Bağışlayın! Ancaq siz özgənin arvadı ola-ola mənim sizinlə belə rəftar etməyə nə haqqım var?

Sofya Rüstəmbəyin fikrini anladı və kədərli bir səslə:

– Əlbəttə, əlbəttə! Əvvəldən gərək sizinlə mənim aramda belə bir yavıqlıq və yersiz dostluq olmayaydı. Çünki...

Rüstəmbəy xanımın sözlərini kəsdi.

– Çünki mən müvəqqəti olaraq sizin evdə yaşayan bir adamam.

Bugün-sabah gedəcəyəm. Kim bilir, bir də sizinlə görüşəm, ya görüşməyəm!..

Lakin əriniz sizinlə bir yerdə olacaq. Onun hüququnu tapdalamaq olmaz!..

Sofya xanım ağlamsındı və əllərini üzünə qoyub otaqdan çıxmaq istədi. Rüstəmbəy təkidlə:

– Lütfən, bir neçə dəqiqə dayanınız. Sofya qapıda durub üzünü yerə dikdi. Rüstəmbəy sözlərində davam edirdi:

– Rica edirəm, məni əfv ediniz!.. Mən sizin xeyrinizi istəyərək deyirəm. Sizin əriniz yaxşı adamların biridir, mənim də xətrimi istəyir.

Bunun əvəzində ona xəyanət eləmək İnsanlığa yaraşmaz. Əmin olun, o gecəki hadisədən sonra mən sizin zövcinizlə danışmağa utanıram, üzünə gülə bilmirəm. Onu görəndə nitqim kəsilir.

Sofya xanım Rüstəmbəyin sözünü kəsərək qapını araladı və:

– Bunların hamısını anlayıram, – deyə getmək istədi. Rüstəmbəy hövlnak:

– Sofya xanım! – dedi. – Mənim günahlarımdan keçin? Allah xatirinə, məni bağışlayın.

Son sözləri Rüstəmbəy elə hərarətlə dedi ki, Sofya ağladı.

– Sizdə günah yoxdur. Rüstəmbəy! Günahkar mənəm. Ərimin yaxşılıqları əvəzində ona xəyanət edən...

Rüstəmbəy Sofyanın əlini öz əlinə alaraq:

– Ağlamayın, Sofya xanım! – dedi. – Bundan sonra siz mənim bacımsınız, məni özünüzə qardaş hesab edin.

3

– Şirin, Rüstəmbəy həmişə müəyyən vaxta neçə dəqiqə qalmış hazır olar, bəs, görəsən, bu gün niyə ləngidi?

Şirin Çingizin cavabında:

– Hələ tezdir, səkkizə on beş dəqiqə işləyir, gələr çıxar.

– Görəsən, bütün üzvlərə xəbər verilmişmidir?

– Gərək hamısına xəbər verilmiş olsun.

Çingiz papiros yandırdı, kibriti külqabına atdı, dedi:

– Uşaqlar deyirlər ki, Rüstəmbəy axır vaxtlar çox dəyişmişdir?

– Necə?

– Axır, Rüstəmbəy məzəli bir oğlandır, həmişə danışar, gülər. İndi bikefdir.

– O günü mən də aşxanada onu bikef gördüm. Əvvəllərdə yəhudi qızlarının gözəlliyindən danışıb əhsən deyərdi. Indi qadın adı çəkiləndə sükuta gedir.

– Onda başqa bir hal var: Tövrat oxuya-oxuya peyğəmbərliyə çatacaq, ya da ki, Cəlal demişkən, dəli olub, çöllərə düşəcək. Xa-xa-xa!..

Yoldaşlar gülüşdülər.

– Şirin, mənə belə gəlir ki, bizim hər bir tələbə başlı-başına bir tipdir. Bəzən bunun səbəbini düşünürəm; məncə, bu hal bizdə ictimai həyatın olmamasından irəli gəlir.

Şirin başını tərpədib, Çingizin fikrini təsdiq etdi:

– Təbii deyilmi? – dedi, – hərə bir küncə qısılıb özbaşına yaşayır, hər küncün də özünə məxsus bir qaydası var. Qəribədir, hər ailənin, hər qövmün, hər məhəllənin, hər şəhərin öz-özlüyündə bir xüsusiyyəti var. Əşirət dövründə bir ailə başçısının şəxsi xisləti yekə bir nəslə keçmiş və indiyə qədər də davam edir.

Çingiz papirosunun külünü külqabına çırparaq:

– Sizdə məhəllə təəssübü varmı?

– Var.

– Bizdə qəribədir. Şəhərimizdə neçə məhəllə var. Məhəllə camaatı məhəllələrinin təəssübünü çəkir. Məhəllə adamına o biri məhəllədən birisi toxundumu, bütün məhəllə onu müdafiəyə qalxışar.

Məhərrəmlikdə bir məhəllə dəstə çıxarıb o biri məhəllə ilə dava edər. Arada adam da ölər... Eh!.. Doğrudan, çox geridəyik!..

Şirin:

– Zəng vuruldu, – dedi.

Bir dəqiqə keçməmiş Səlman içəri girdi. Çingiz səsinə təğyir verməyərək:

– Səlman, gec gəlirsən! – dedi.

Səlman paltosunu çıxartdı və çeşməyini düzəldərək gözlərini qıya-qıya əl verdi.

– Balam, arvad evdə yox idi, oğlumu tək qoyub gələ bilmədim.

Çingiz gülə-gülə:

– Vallah, yaxşı atasan! Deməli, uşağı növbə ilə saxlayırsınız.

Səlman gülümsündü:

– Canım, evlənmək bir kişilik deyil, gecələr körpənin səsindən yata bilmirəm.

Şirin iymalı bir təbəssümlə:

– Ay Səlman, arvad gündüzlər səni tək qoyub gedəndə bəs qeyrətinə dəymir?

– Hara gedir ki?

– Məsələn, bu axşam hara getmişdi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов