Страница 1 из 10

1

“Bu gün də son dərsdir”, – deyə hər kəsdə bir sevinc vardı. Qəbilənin hər tərəfindən gələn gənclər axın-axın bağa toplandı. Kəbusey bizdən əvvəl oraya gəlmişdi. Bizim gecikməyimizə işarə olaraq adi istehzası ilə:

– Ərənlər, nərədəsiniz? – deyə sordu.

Müəllimin gülər simasına qarşı cəsarət edib cavab vermədi. Kəbusey bir ağac kötüyünün üstündə oturub, otun üzərinə yığılan kərpicləri göstərərək:

– Dərsinizi bu kərpiclərlə ikmal etməlisiniz, – dedi. – Xoruz qəbiləsinin bütün tarixi burada yazılmışdır. Bunu bilməlisiniz. Bu gördüyünüz güllü-çiçəkli qəbilə əvəzində burada boş bir çöl varmış. Burada qəbilə düzəldən, buranı abad edən midiyalı Cəməsb olmuşdur. Qəbilənin tarixi onun tərcümeyi-halından ibarətdir. Yazıları kərpiclərə özü həkk etmişdir. Indi Ceyniz oxur da, məzmununu bilərsiniz. Ancaq bunu əlavə etməliyəm ki, Cəməsb zərdüşti imiş. Lakin Zərdüştün bəzi qanunlarına etiraz etdiyi üçün vətənini tərk etmək məcburiyyətində qalmışdı.

Bu sözlərdən sonra Kəbusey yoldaşım Ceynizi çağırdı və kərpicləri oxumasını rica etdi. Ceyniz ən yaxşı tələbələrindən hesab olunurdu; mixi xətti də gözəlcə oxuyurdu. Zatən müəllimin yazdıqlarını da həmişə kərpicə bu həkk edərdi.

Ceyniz sıra ilə düzülmüş kərpiclərdən birincisini götürüb oxudu:

– “Ahura Mazda!1 Sənə ən sadiq olan kimdir?

Ahura Mazda cavab verdi:

– Mənə ən sadiqlər yaxşı fikirli, yaxşı sözlü və yaxşı hərəkətlilərdir!

– Gözə görünən dünyanı yaradan, pak ol! Ahura Mazda, ən savab işlər nədir?

Ahura Mazda cavab verdi:

– Ən savab işlər susuz yerə su çıxarmaq, ağac əkmək körpü salmaq, zərərli həşəratı öldürməkdir.

– Gözə görünən dünyanı yaradan, pak ol! Ahura Mazda, yer nə demiş? Ahura Mazda cavab verdi:

– Yer demiş: məni əkən şad olar, əkməyən isə qəmgin olar. Buğda yerə səpiləndə divlər acıqlanar, buğda dit verəndə divlər hirslənər; buğda sünbül sallayanda divlər çatlar!

– Gözə görünən dünyanı yaradan, pak ol! Ahura Mazda, divlərə xidmət edən kimlərdir?

Ahura Mazda cavab verdi:

– Divlərə xidmət edən köçəbələrdir, – özləri əkməz, başqalarının da əkinini tapdalar.

– Gözə görünən dünyanı yaradan, pak ol! Ahura Mazda, torpağı, suyu, havanı, atəşi, bütün jenhaları2 təqdis edərəm; çünki onlar sənindir!

Gözə görünən dünyanı yaradan, pak ol! Ahura Mazda! Ən fərəhli yer haradır? Ahura Mazda cavab verdi:

– Ən fərəhli yer İnsanın ev tikəcəyi yerdir! Ən fərəhli yer çox taxıl əkilən, çəmənliyi olan, bol meyvə ağacları bulunan yerdir! Ən fərəhli yer qadın, çoluqçucuq, heyvan sürüsü və ilxısı olan yerdir!

– Gözə görünən dünyanı yaradan, pak ol! Ahura Mazda, ən əziz heyvan hansıdır?

Ahura Mazda cavab verdi:

– Ən əziz heyvan pəridardır3, çünki o, sabahın açılmasını xəbər verir. Ən əziz heyvan itdir, çünki sizi köçəbə turanlılardan saxlayır!

– Gözə görünən dünyanı yaradan, pak ol! Ahura Mazda, dünyaya dərd verən nədir?

Ahura Mazda cavab verdi:

– Dünyaya dərd verənlər Əhrimənin4 yaratdıqları divlər, andırlar, nəslər, çorlardır. Dünyanı kədərləndirən soyuq, xəstəlik, qaranlıq, köçəbəlikdir...

– Cismani aləmi yaradan, pak ol! Ahura Mazda, Müqəddəs Zərdüştü, işığı, suyu. atəşi, torpağı, havanı, barlı ağacı, jenhanı, yol ayrıcını, taxıl tarlasını, qüvvəti təqdis edərəm; çünki onlar sənindir. Gözə görünən dünyanı yaradan, pak ol!..”

Burada Kəbusey Ceynizi dayandırdı:

– Övladlarım, – dedi. – Cəməsb bu fikirləri Zərdüştün “Avesta” adlı kitabından almışdır. Onun zərdüşti olduğunu söyləmişdim. Lakin “Avesta”nın bəzi fikirlərinə şərik olmadığı üçün onlardan bəhs etmir.

Zərdüştilər yaradılışda ikilik olduğuna inanırlar. Cəməsb də buna tərəfdardır. Ancaq Cəməsb ağıl irmədiyi yerlərə girişmir. Dünyanı cismani bir xilqət deyə qəbul edir və xoşbəxt yaşamaq yolları arayır. “Muğ”5, ya atırvanların6 “Avesta”ya əlavə etdikləri bir çox təfsirdlərdən iyrənir, onlara heç də əhəmiyyət vermir. Vətənindən çıxmasının başlıca səbəbi də budur. Cəməsbin atırvanlara qarşı yazdığı etirazlardan vaz keçməliyik, – bunlar çox uzundur və həyatınızla əlaqədar deyil. Yazıların maraqlısı Cəməsbin tərcümeyi-halına dair yerlərdir.

Burasını oxuyalım.

Kəbusey kərpicləri bir-bir gözdən keçirərək, bir hissəsini kənara qoydu, yerdə qalanını yoxlayıb, Ceynizə dedi:

– Buradan başla!

2

Ceyniz oxumağa başladı:

– Atam Muğandan gəlmiş bir atırvan idi. Çocuq ikən Muğan atəşgədəsində xidmətçiliyə başlamış və eyni zamanda bu atəşgədə yanında dərs oxumuş.

“Avesta” qiraətində məharət göstərdiyi üçün təhsilinin ikmalını baş möbid7 öz öhdəsinə götürmüşdü. Sonra dini ayinlər yapmasına icazə verilmişdi. Beş il bu vəzifədə davam etdikdən sonra, Suraqxana atəşgədəsinə baş möbid təyin olunur; Bilaxirə Cəzədəki8 Atırquşəsb məbədinin rəhbərliyinə təyin olunaraq yeddi il orada orada qalır. Bacısı ilə evlənir, bir oğlu və bir qızı da dünyaya gəlir. Cəzənin iqliminə alışmayıb, qızdırmağa başlayır. Həmədanın9 baş möbidi bu xəbəri eşidər-eşitməz bunu Həmədana dəvət edir.

Atam buraya gəldikdən bir il sonra mən dünyaya gəlmişəm.

Ruhani vəzifəsi irsi olduğu üçün, mən də əvvəl atamın getdiyi yolu təqib etdim. Çocuq ikən atəşgədəyə girib, xidmətçiliyə başladım: atəşgahların külünü təmizlər, odun daşıyar və məbədi süpürərdim.

Boş vaxtlarımı atamdan qiraət öyrənərdim. İlk əvvəl “Zend”10 oxumağa başladım. Qiraətimi atam çox bəyənərdi. Palçıqdan yoğrulmuş yaş lövhələr üzərində yazı da həkk edərdim.

Yeddi yaşım tamam oldu. Sadiqlik ayini keçməli idim. Sabah tezdən mənə uzun ağ paltar geyindirib, atəşgədəyə apardılar. Məndən başqa atəşgədəyə bir neçə ağ geyimli çocuq da gətirmişdilər. Hamımızı bir yerə topladılar. Ön tərəfdə Şiz adlı bir atırvan olaraq məbədə girdik. Şiz uzunboğaz, arıq və tühaf bir adam idi. Addımlarını atarkən ətəklərindən yel qopardı.

Atəşgah qalanıb yanırdı. Möbid üzünün yarısını paitidana11 ilə örtüb, durmuşdu. durmuşdu. Bir tərəfində arvic dedikləri daşın üzərində ət, meyvə, plov, süd, atəş üçün təxsis olunmuş cürbəcür ətriyyat və odun, homa12 budağı, draona13 var idi. O biri tərəfdə mahuru14 üzərinə barəsm15 qoyulmuşdu. Yan tərəfdə cürbəcür qablar düzülmüşdü.

Atəşgaha yanaşdıq. Önümüzdə gələn atırvan bizi yarımdairə şəklində odun ətrafına düzdü. Hər kəs susaraq möbidə tamaşa edirdi.

Möbid uca səslə: “Çox gözəl, çox yaxşı, əzəmətli, həşəmətli, parlaq xaliq olan Ahura Mazdanın şərəfinə”, – deyə dua başladı. Dua uzun çəkdi. Dinləməkdən yorulduq. Möbid danışdıqca ağzının üzərindəki paitidana tərpənir, gülməyimizə səbəb olurdu. Rəhbərimiz Şiz göz ağardaraq bizi ciddi olmağa dəvət edirdi. Dua bitdi. Möbid mahurunun üstündən barəsmi götürdü və üzünə müqəddəs su çiləyib, ön tərəfinə qoydu. Yenə dua oxumağa başladı. Duanı qurtarıb arvicin üzərindəki əti, südü, meyvələri, atəş üçün təxsis olunan ətirləri və ağacları dualadı.

Homanı və şirəsini də bu şeylərə qoşdu. Bunu da qurtardıqdan sonra paitidananı qaldırıb, ətin bir parçasını ağzına qoydu. Bütün atırvanları da dəvət

etdi, yeməyə başladılar. Şiz bir quzu budu götürüb, dişinə çəkdi. Yemək zamanı kimsə çocuqları yada salmadı. Ağzımızın
suyu axırdı. Çocuqlardan biri Şizin ətəyindən dartıb, ət istədi. Şiz acıqlanaraq, gəmirib qurtardığı sümüyün birini mənə, o birisini də ətəyindən dartan çocuğa uzatdı. Aldıq. Mən ətrafa göz gəzdirib, sümüyü atəşgahın altına atdım. Şiz bunu görüb, son dərəcə dilgir oldu. Ətdən sonra meyvəyə daraşdılar. Atırvanlar sürətlə yeyib, təkrar əllərini arvicə tərəf uzadırdılar. Şizin yanındakı çocuq yenə onun ətəyindən dartdı. Şiz onu itələyərək əlinə bir alma cecəsi verdi. Əlavə olaraq üzümə pis-pis baxmağa başladı. Mən də qaşlarımı çatdım. Rəhbərimizə o qədər darğın idim ki, ayinin qurtarmasını səbirsizliklə gözləyirdim.

Təəssüf ki, arvicin üzərindəkini yeyib qurtarmamış ayinə davam etmədilər. Nəhayət, yemək bitdi. Möbid paitidananı ağzının üzərinə salıb yenə duaya başladı. Homa ayini olmalı idi. Möbidin sağ tərəfindəki atırvan homanı doqquz deşikli süzgəcdən keçirib, şirəsini bir kasaya tökdü və atəşgahın önündə əyləşmiş möbidə verdi. Möbid ayağa qalxaraq, kasanı yuxarı qaldırdı və homanın şərəfinə dualar oxumağa başladı.

Ayin bitər-bitməz rəhbərimiz Şiz hərəmizin belinə kosti adlanan bir qayış bağladı: belimiz zərdüştiliyə bağlanırmış. Möbid uzun-uzadı nəsihətlər etdi və bizi ruhani rəhbərimiz olan Şizə tapşırdı. On beş yaşına qədər bu adam bizə rəhbərlik edərək sadiq zərdüştilər yetişdirəcəkmiş.

Halbuki o, əllərini ac qurd kimi quzu buduna uzadandan bəri ürəyim ondan soyumuşdu.

3

Ay tutulan ili qışın son ayında anam öldü. Meyitini götürüb daxmaya16 apardılar. Daxmanın dörd tərəfi uca hasar idi. Çocuqları içəri buraxmazdılar. Atırvanların arasından sivişib, içəri girdim və üst-üstə yığılmış sümüklərin (skeletlərin) arasında gizləndim. Divarların üzəri qartal və şahin kimi yırtıcı quşlarla dolu idi. Anamın meyitini gətirdilər və çılpaq olaraq bir daş səkinin üzərinə qoyub çəkildilər. Ətrafdan yüzlərcə quşlar tökülüb, meyiti didməyə başladılar. Tüklərini tüləmiş qocaman bir şahin anamın gözlərini diddikdə özümü

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Kiyevdə millətlər şurası

KİYEVDƏ MİLLƏTLƏR ŞURASI*Millətlər qurultayının qərarına görə əmələ gələn millətlər şurası neçə vaxtlar var işə başlayıb. Sədri professor Qruşevskidir.

5 мин
İki aləm

İKİ ALƏM*Ukrayna cümhuriyyəti elan eylədi... Ol axşam mərkəzi rada millətlər şurası üzvlərinə məxsus (heyəti rəisə arxasında) kürsüdə oturub qarşımda oturan yüzlər ilə xalqa tamaşa edirdim. Rada üzvləri giribçıxırdılar, heyəti-rəisə və Ukraynadakı xırda millətlər vəkilləri salonda yox idilər. Deyirdilər; “Xırda millətlər cümhuriyyətə razı deyillər. Bu barədə məşvərət olur”.

3 мин
Kiyevdə “Müsavat” şöbəsi

KİYEVDƏ “MÜSAVAT” ŞÖBƏSİ*Kiyev türk tələbələrinin milli təşkilatı 1909-cu ildə əmələ gəlib. Əvvəli siyasi məqsədlər təqib eləməyib, ümdə fikri mədəni bir yolda işləmək idi.

3 мин
Zəruri məsələlər

ZƏRURİ MƏSƏLƏLƏR I. QOŞUN*Kiyev müsavatçılarının tatar alaylarının Azərbaycana köçürülməsinə dair çıxardıqları qərarları yazmışdıq. Bu səfər müsəlman hərbi şurası tərəfindən Ukrayna işləri ilə aşina olmaq üçün Kiyevə göndərilən miralay Yaqubovskidən aldığım məlumatı yazıram. Həm miralayın söylədiyinə görə, həm də Kiyev müsəlman hərbi komitəsi vasitəsilə aldığım xəbərlərə görə Rumuniya sərhədində tatar qol orduları (süvari ordu – red.) əmələ gəlməlidir.

4 мин

Стихи других поэтов