ZƏRURİ MƏSƏLƏLƏR I. QOŞUN

Kiyev müsavatçılarının tatar alaylarının Azərbaycana köçürülməsinə dair çıxardıqları qərarları yazmışdıq. Bu səfər müsəlman hərbi şurası tərəfindən Ukrayna işləri ilə aşina olmaq üçün Kiyevə göndərilən miralay Yaqubovskidən aldığım məlumatı yazıram. Həm miralayın söylədiyinə görə, həm də Kiyev müsəlman hərbi komitəsi vasitəsilə aldığım xəbərlərə görə Rumuniya sərhədində tatar qol orduları (süvari ordu – red.) əmələ gəlməlidir.

Hazırda bir neçə alay düzəlib qurtarıb. Böylə olan surətdə yaxşı olmazmı şimal türk qardaşlarımıza müraciət edib təvəqqe edək, bu alaylardan bizə də göndərsinlər. Bizim qoşunumuz yoxdur. Çünki bizi əsgər aparmırdılar. Yenidən qoşun düzəltmək də asan deyil. Olsa da, bu saatın işi deyil. Bu saatda bizim varlığımız böyük qorxu altındadır. Ona görə tatar alaylarının Qafqaza nəqli həm bizə, həm də Rusiya müsəlmanlarına böyük xidmət olar. Biz – Rusiya musəlmanları birbirimizə əl uzadıb, müttəfiq bir surətdə çalışmasaq, həlak ola biləriz. Gələcək Rusiyada bizim mənafeyimiz birdir. Qoşma cümhuriyyətin binası imdidən qoyulmalıdır ki, gələcək mənafeyimiz qəzaya uğramasın.

İmdidən ölkələrimizin idarəsini öz əlimizə almalıyıq və camaatın rahat yaşamasını təmin etməliyik. Bu işlərdə də ümdə iş görən qoşun olacaq.

Xahiş olunardı ki, “Müsavat”ın mərkəzi idarəsi tatar alayları barəsində Kazan hərbi şurası ilə yazışa idi. Miralay Yaqubovski özlüyündə razılıq göstərdi və söz verdi ki, bu məsələni hərbi şuraya həll üçün təqdim etsin. Hər halda, bu, düzələn və mənfəətli məsələdir. Ancaq çalışılmalıdır.

Iı. ukrayna və biz

Ukrayna gözümüzün qabağında işə başlayıb, bir neçə ayın içində cümhuriyyət elan edib, oturdu yerində. Bu əhvalatları biz gendən eşidib geninə yetişmədik. Qəzetələrimiz də bu barədə oxucularına lazımi məlumatı verə bilmədi. Rus qəzetlərindən kəsik-kəsIk xəbərlər dərc eyləyib, məsələyə özgələrin nöqteyi-nəzərindən baxdıq. İş böyləmim gərək olaydı? Əlbəttə, yox! Ukrayna məsələsinin bir ucu da bizə toxunurdu. Biz də məhkum deyilən millətik, biz də Rusiyada cövrücəfa görmüşük, bizim də axır nicatımız muxtariyyətdədir...

Belə olduqda gərək idi Ukraynanın hər addımına nəzər yetirəydik: gödəyi, gərək qəzetələrimiz və ya cəmiyyətlərimiz Kiyevdə müxbir saxlayaydılar və bu müxbirlər də hər nə əhval eşidib, bildi, həm komitəmizə və həm də qəzetələrimizə xəbər verəydi.

Deyək, qəzetələrimiz maddi tərəfdən lazımi qaydada təmin deyillər.

Bərəkətlər olsun ki, cəmiyyətlərimizdə pul var. Yaxşı olmazdımı bir adamın məişətini təmin edib Kiyevə göndərəydilər. Ukrayna radası gündə muxtariyyət imarətinə yeni bir zinət vurur. Bu, bizim üçün bir dərsdir; görüb götürməliyik. Biz çox geridəyik. Kiyevdə oturub “Kaspi” qəzetəsi oxuduqda elə bil iyirminci əsrdə oturub orta əsrlərin tarixini mütaliə eyləyirsən. Budur, milli komitə “İzvestiyası”. Baş məqaləsini sənət məktəbinə həsr eyləyib. Deməli, qızlarımıza əl işi öyrətmək üçün bir məktəb açılıb. Bunun üçün də milli komitə miruci-əfkarı səs-küy salıb böyük fərəhlər büruzə verir.

Mən məktəbə zidd deyiləm. Məktəb nicat yoludur. Lakin bu saatın məqsədi bu deyil. Bu saat məktəb açmaq belə balaca işdir ki, onu açdıqda qeyri millətlər qəzetlərə belə qeyd eləmirlər. Bu saat bir saatdır ki, əsrlərdə bir ələ düşər: fürsət zamanıdır. Siyasət zamanıdır. Cəmi fikir və zikrimiz gərək buna həsr olunsun. Gərək cəmi qəzetələriz sütunlarını hal-hazıra sərf edib, camaatımıza zəmanənin necə əlverişli olduğunu bildirsinlər. Gücümüzü mədəni və maarif məsələləri yolunda itirməməliyik.

Çünki bu saat zəfər burada deyil, zəfər muxtariyyətimizi feli bir surətdə ortalığa çıxarmaqdadır. Muxtariyyət ki, oldu, orada milli mədəniyyət və maarif də olacaq, yox, hərgah fürsətdən mənfəətbərdar olmayıb, məqamı boşlarsaq, onda köhnə zamanlar tək maarifimiz də əldən gedər...

Iıı. milli şərqi

Zənnimcə, milli nəğmə də (milli qiymən) zəruri məsələlər cərgəsinə gələ bilər. Səbəbisə məlumdur. Bunu bizim köhnə fəallarımız da beləcə düşünmüşdülər. Zərdablı Həsən bəy “Milli nəğmələr” məcmuəsini əmələ gətirmişdi. Lakin ümurət qazanan bir şərqi imdiyədək ortalığa çıxmadı. Şərqisiz də bizim siyasi coşğunluğumuz və milliliyimiz ortalığa çıxmır. Hər bir millətin özünəməxsus bir milli nəğməsi var. O nəğmə oxunduqda millət fərdlərinin ruhu ucalır. Mübarizə edib öz xalqını mühafizə etmək xahişi artır. Bizimsə bu nəğməmiz yoxdur.
Odur ki, milli sərxoşluğumuz və nəşəmiz də yoxdur. Düşməni yıxmaq üçün də milli sərxoşluq lazımdır.

Bolqarlar “Şumey murpeçə” nəğmələrini oxuduqda intiqam hissi ürəyi dəlir. “İşşənəvimala Ukrayna” şərqisi adamda elə qüdrətli birlik doğdurur ki, doğrudan da Ukraynanın həmişə diri qalıb səadətdə yaşamağına iman edirsən...

Bizim hələ milli nəğməmiz yoxdur. Biçarə cavanlarımız milli hiss coşğunluğunda bilmirlər nə oxusunlar. Kiyevdə inqilabın əvvəl günləri təntənəli nümayişlər yapılanda tatarlar “...sübhanallah” oxuyurmuşlar. Bizim studentlər isə nəğməsizlikdən nümayişi sükut içində keçiriblər.

Bizə milli şərqi lazımdır. Bu da bu saatın məsələsidir. Milli şərqi bizim yatmış milli hisslərimizi oyadar. Bu şərtlə ki, məzmunu və havası ayıq olsun, oxunduqda “Segah” kimi ruhumuzu boşaltmasın.

Milli tərəqqi əmələ gətirmək üçün şairlərimiz və musiqişünasımız Üzeyir bəy Hacıbəyov cənabları çalışmalıdırlar.

Yaxşı olardı ki, milli komitə və ya mərkəzi “Müsavat” milli şərqi əmələ gətirmək üçün mükafat vəd edəydi.

1917

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов