Страница 15 из 15 · 93%

– Ay İmran, – dedi, – dükan gözümə birtəhər görünür. İmran süni kədərlə:

– Allah mərdimazarın evini yıxsın: hər nə oldu səninlə mənə oldu.

Rüstəmbəy yenə anlamadı:

– Nə oldu ki?

– Nə olacaq, dünən gəlib malları apardılar. Sən verən pulların üstünə iki o qədər də qoyub şokoladla biskvit almışdım. Hamısı getdi...

Kaş verməyəydin – pulun düşmədi, məni avara qoydun!..

Rüstəmbəy sakit və bir az da pərişan durub İmrana tamaşa edir, məqsədini anlatmağa belə cəsarət etmirdi. Bu halda Həsənoğlu gəldi.

Bu da Rüstəmbəyi az tanıyan adam kimi, rəsmi salamla iktifa edib, mağazanın arxasına keçdi...

Rüstəmbəy bu adamlarla özünün arasında dərin bir uçurum olduğunu ilk dəfə olaraq anlayıb, ağır düşüncələrlə mağazanı tərk etdi.

O, laqeyd addımlar ataraq gedir və gedəcəyi yeri də kəsdirə bilmirdi.

Musya məsələsinə bir də İnsanların həqiqi mahiyyətinə bələd ola bilməməsi əlavə olaraq əzabını bir qat daha artırmışdı. İndi İmran və Həsənoğlu bir tacir olaraq, riyakar, yalançı, özgənin haqqını danan bir halda təsəvvür olunub, onda nifrətlər oyadırdı. İmran Rüstəmbəyə yox, onun mövqeyinə, ondan gələ biləcək faydaya hörmət edirmiş...

Rüstəmbəy keçmişləri birər-birər xatırlayır, Həsənoğlunun saxarin alış-verişi eləməsini yadına salıb, yeni “kəşfiyyat” əldə edir... Milli komitə yəqin bir pərdə imiş, kim bilir, bu pərdə arxasında daha nə rəzalətlər olurmuş!.. Bu bir firma imiş... Firmanın başlıca məqsədi saxarin, tüfəng, tapança, millətin şərəf və namusunu satmaq imiş...

Rüstəmbəy düşünür və eyni zamanda da əzilmiş ilan kimi qıvrılaraq, ətrafına zəhər saçırdı. Bir də Musyanın şəfadar siması haradansa cilvələnib yüksəldi, gülümsədi və sonra Rüstəmbəyin ruhi boşluqlarına tikanlar səpib çəkildi.

Rüstəmbəy acısından uyuşub yerində qaldı. İndi artıq İmranın hərəkəti onu məşğul etmir, o yalnız Musyanın qəbrinə sarılaraq günahlarının əfv edilməsini düşünürdü; lakin düşüncələr, mühakimələr arasında yol xərci də amansız bir yer tutmuşdu. Bunu bulmaq irəli gələn məsələlərdən biri idi.

Bu sahədə Rüstəmbəy çox fikir yürütdü. Nəhayət, Tapdığı nəzərdə tutaraq sakit oldu.

51

Bir gün bir günortalıq yoldan sonra Rüstəmbəy kiçik şəhərin stansiyasında endi. Çamadanını saxlamağa vermədi, əlində sallayaraq stansiyanın arxa qapısından çıxdı. Kirşələr sıra ilə durub minik gözləyirdi.

“Buyurun! Buyurun!” – səsləri eşitdi. Huşsuz bir halda birinə minib getdi. Burunlarından ağ buğ çıxaran atlar birmərtəbəli evin qarşısında durar-durmaz pəncərənin pərdəsi qalxıb, şüşənin arxasında sevimli və şən bir çöhrə cilvələndi:

– Musya! Musya! – deyə qopan səsə:

– Rüstəmbəy, – deyə cavab gəldi.

Qapı ildırım sürəti ilə açıldı. Çoxdan bir-birinin həsrətində olan iki gənc sarılışıb ağladılar.

Musyanın sevincinin həddi yoxdu. Rüstəmbəy də sevinir, lakin bu sevincdə acılıq duyurdu. Musyanın bərhəyat olduğunu uzaqdan bilib sükutla keçsə idi də... indi o gəlmiş, üzərinə məsuliyyət düşürdü.

Musya Rüstəmbəyi xırda, səliqə ilə döşənmiş otağa dəvət etdi. Bir dəqiqəliyə çəkildi, geyinib gəldi:

– Mənim ölümümə inandınızmı? – deyə qəhqəhə ilə güldü. Görürsünüz, qadınlar belə psixoloq olurlar. Sizdə tərəddüd olduğunu bilirdim.

Hər bir tərəddüd ələləksər peşmanlıqla qurtarar. Bu peşmanlığı bir an əvvəl zühur etdirmək istədim. Təhlükə mətanət artırar... Doğrudurmu? – deyə Musya təkrar qəhqəhə çəkdi.

Rüstəmbəy həyat çeşməsindən doğaraq min bir rəng və ahəng vücuda gətirən incə köpüyü andıran bu gözəli süzüb sevinirdi. Eyni zamanda da bu sevincdə peşmanlıq ləkələri duyurdu.

Musya onun yeni tərəddüdünü bilməyərək:

– Yolu necə gəldiniz? – deyə sordu.

– Ayaq üstə gəldim... Adam əlindən yer yoxdu. Hər yerdə də oturmaq istəmirdim; çünki yatalaqdan qorxurdum.

Musya ciddi bir halda:

– İndi yollar çox qorxuludur, – dedi, bir az düşündü, sonra səmimi səslə, – bir daha getməyin, burada iş tapılar... Bizdə də yaşarsınız.

– Hələ bir şey demək çətindir... görək.

Musya ərklə:

– Yenə də mi “görək”? Indi mənim sözlərimə qulaq asmalısınız.

Mən həyatı sizdən yaxşı görürəm.

– Səadət təsadüfdən ibarətdir. Təsadüfü daimi, yaldızlı, şən bir həqiqətə çevirməliyik. Bütün həyatımı, nəşələrimi, sevinclərimi həp sizə həsr edəcəyəm...

Musyanın səsi titrədi, qırıldı. Göz yaşlarını gizləmək üçün başını

Rüstəmbəyin köksünə söykədi. Rüstəmbəy qumral dalğalarından ətir saçan bu sevimli başı cəsarətsiz dodaqları ilə öpüb zövqlə bərabər məsuliyyət acıları duydu.

52

Üç gün sonra Rüstəmbəy yola hazırlandı. Musyanın bütün israr və ricalarına baxmayaraq, bircə də olsa qəti və ümidverici söz söyləmədi.

Musya və ailəsi onu stansiyaya təşyi etdilər. Hər kəs tühaf bir sükuta dalmışdı. Bu sükut qatar tərpənənə qədər pozulmadı. Ayrılarkən cəsarətsiz səslə:

– Yaxşı yol!.. Vaxtınız olsa, yazınız!

Rüstəmbəy:

– Yazaram, – deyə həyəcanını zorla susdurdu.

Qatar tərpəndi. Rüstəmbəy peşman çöhrə ilə baş əydi və ayrıldığına sevindi...

Bakı, 1931/34


1 Bəli.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Mirzə Fətəlinin əsərləri başqa dillərdə

MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.

4 мин
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 мин
Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 мин
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 мин

Стихи других поэтов