Üç gecə
Mir Qasım papağını qarmağa keçirib başladı:
– Qardaş, başıma bu altı ildə çox işlər gəlib. Otur dərdlərimi bir-bir söylüyüm. Səndən bir il sonra mən Moskva darülfünununa girdim (sənin onda Tomskdən xəbərin gəlirdi). İki il evə getmək mümkün olmadı. Yayda qulluq tapıb, Rusiyada qaldım. O biri yay bir qədər pul ilə evə getdim. Əlbəttə mənim gəlməyimə hamı şad oldu. Ələlxüsus anam. Atam kənddə idi. Bir həftədən sonra o da gəldi. Xülasə əvvəlki həftə pis keçmədi. Yeyib, içib, ayaqlarımı uzadıb, bir qədər dincəldim. Bir gün anam dedi: «Bala dost var, düşman var. Atan da qocalıb, əlindən əsası düşən vaxtdır. Mən də bir şey yiyəsi deyiləm. Böyük oğlum sənsən....»
Anamın dediklərini duydum. Güldüm. Bir tərəfdən arvada yazığım gəldi, o biri tərəfdən də özümün də gördüm meylim var. Düzünü deyim, o dəqiqələr başıma əsla «ideya» girmirdi; yeyib yatmış gələ kibi cismaniyyətim özümü şiddətli bir halda büruz verirdi. Dedim: «Ana mənə kimin qızını almaq istiyirsən?»
Anam şad bir halda boynumu qucaqladı: «Anan kor olsun dedi: bizim Matanı sənə ad eləmişəm. Qardaşım balası, özümün ciyər quşəm....»
Anamın yaşlı gözlərinə baxdım, həm gülməyim dutdu, həm heyifsiləndim. Baxdım gördüm onun aləmində bu dəqiqələrdən saadətli dəqiqələr olmaz. Müsəlman arvadını tanıyırsan: Cəmi fikir və zikri oğul evləndirib, qız ərə verməkdir. Doğrusu yox demək istəmədim: anamın xatırına toxunmağı nagüvara gördüm. Razılıq verdim. Bir də Matan da pis qız deyil idi. Doğrudur, oxumamışdı, amma on beş yaşında, totux bir qız idi. Cavan, bakirə, gözəl bir qızcığaza malik olmaq meyli fövrən cəmi bədənimi ağzına aldı. Əqidəm, məsləkim bir dəqiqədə qüvvətdən düşüb, fövt oldu....»
Mir Qasım bir papros yandırıb, yanğı ilə çəkdi və nəşəsini bir qədər yatırıb, sözündə davam elədi: «Olan qalan yüz əlli manatı toya xərc elədim....»
Gəlin gələn axşamı mənə tapşırdılar ki, qaçım gizlənim. İstəmədim. Məni məzəmmət elədilər. Anam və qohumlarım məndən dilgir oldular.
«Ruslaşıbdır» dedilər. Əlacım kəsildi, el adətinə təbə’ oldum: sağdış və solduş məni taxtapuşa çıxartdılar. Oturdum, qoyun kibi gözlərimi döyməyə başladım. Bir vaxtı, məşəlin işığı göründü, salavat səsi eşidildi (təfsilatı, özün bilirsən). Gəlin birini əsla anlamaq istəmirdilər. Anam el adətlərini tamamilə di. Elə güman eləmə ki Matanın yanına getməyə can atırdım. Xayır, toyda fırlanmaqdan it kibi yorulmuşdum. Yatıb dincəlmək fikrində idim.
Camaat yavaş-yavaş dağıldı. Məni aşağı endirdilər. Otağa girdim. Ortalıqda, palasın üstə yatacaq döşənmişdi və döşək sorusunun lap ortasına iri bir ağ parçası tikilmişdi. İki çıraq qoyulub, Matan da üzü örtülü küncə qısılıb. Dayandım. Duruxdum. Əxlaqım təhqir olunmuşdu. Acığım dutdu. Çırağın birini keçirtdim. İstədim soruya tikilmiş ağ parçanı söküb atam, anam özünü içəri salıb, məni qucaqladı: «Qasım – dedi: Sənə gözlərim qurban, el qaydasından çəkilmə, qurbanın olum, adət var... hərənin özünə görə adəti var.»
Bir az hirsim yatdı, amma uzun sürmədi, yenə hirsləndim dedim: «Hər gah yengələr qapıdan uzaqlaşmasalar, çıraq da keçməsə, bu otaqda yatmıyacağam. Belə həyasızlığı mən götürmüyəcəyəm».
Anam yenə başladı, mənə göz yaşları ilə qandırmağa, yenə el, adət və qaydalarını ortalığa çəkdi: «Bala, – dedi: elin ağzını bağlamaq olmaz; min söz danışar. Allah bilir Matan necə təmiz qızdır. Bəs ona söz desələr necə olar?....»
Anam başladı zar-zar ağlamağa. Məni tamam hövsələdən çıxartdı.
İki aləm, köhnə və təzə, bir birilə qabaq qarşı gəlib, bir birini əsla anlamaq istəmirdilər. Anam el adətlərini tamamilə yerinə yetirmək istiyirdi, mən isə bu adətlərə nəfrət nəzərilə baxırdım.
Hiddətləndim: «Ana, – dedim: Matan nə cür olsa qəbulumdur. Qoy el nə deyir desin!»
Anam sakit olmadı. İlan kibi yalmandı: «qurbanın olum, – dedi: məni başına çəyür, el arasında biabır eləmə. Mən də bir kişinin qızı, bir kişinin ayalıyam. Qoy dədə baba qaydamız ilə gedək!...»
Anamı özümdən geri itələdim. Paltarımı hirs ilə soyunub, girdim yatacağıma və başımı çəkdim yorğanın altına. Yuxu gözlərimdən yağırdı...
Birdə gördüm anam başımın üstə göz yaşı tökür. Yengələr də qızın yanına toplanıblar. Matan da deyəsən ağlıyırdı.
«Allahu əkbər» dedim. Qalxdım oturdum. Dutduğum işə peşman olmağa başladım. Anama baxdım, rəngini qaçmış gördüm. Matana baxdım, həkürtüsünü eşitdim. Ürəyim nazildi. Bunların aləmini düşünməyə başladım. Xalqı öldür, adətini əlindən alma!.
Ana, dedim: Matanı mənə almısan, qəbul. Qoy soyunsun yatsın. Arvad gülümsündü. Xoşuna gəldi. Yengələr də deyəsən razı qaldılar: Matanı sakit edib, otaqdan çıxdılar. Matanı çağırdım. Soyunmağını təklif elədim, çırağı söndürdüm... qaranlıqda Matan zar-zar ağlıyırdı...
Sağ çiynimdən dutub, bir adam məni tərpədirdi. «Qoy yatım» deyə gözümü dik açıb, yenə yumdum. Çəndim o biri üzümə. «Qasım! Qasım! Sənə qurban olum!»
Yenə gözlərimi açdım. Əvvəl bir şey dərk edə bilmədim. Sonra çırağın işığı gözümə düşdükdə ayıldım...
Rəngi qaçmış anam başımın üstünü kəsdirmişdi. Yalvarırdı, yaxarırdı.
«Nə deyirsən – dedim: niyə qoymursan yatam?»
Anam ağladı:
«Qurbanın olum, el töhməti pis olar. Matan da özgəsi deyil; öz balamız, öz uşağımız. Yazıqdır...»
Yenə acığım dutdu:
«Balan olanda nə eyb edər – dedim: balanı öldürmürəm. Yatıb qoy yatsın!»
Anam başladı mənə işarə ilə qandırmağa. Yenə el gəldi ortalığa:
«Bala, – dedi: axır yengələr də intizardılar: bu günün işini sabaha qoyma!»
Diqqət ilə anamın üzünə baxdım: mənim üçün əxlaqsız görünən bir nöqtə, anam üçün nə müqəddəs imiş. Bu halda nəzərim böyrümdə uzanmış Matana düşdü. Dərin bir yuxuda idi. Allıq və kirsan ilə bəzənmiş üzü tərdən xırda mıncıqlar atmışdı. Zərif dodaqları aralı idi. Yorğan düşmüşdü. Ağ, körpə məməsinin kanarı nəfəs aldıqca həzin-həzin enib, qalxırdı....
İkinci gün özümü köhnə zövqdən düşmüş gördüm; Matandan bilmərrə soyumuşdum. O uşaq, mən böyük; o savadsız və avam, mən oxumuş həyatımız əlbətdə bir birilə öc eləməzdi. Bizi yavıqlaşdıran bir nəfsi-heyvaniyyə idi – o da itiliyini itirmişdi. Bir dişilikdən ibarət arvad mənəvi aləmimə qida verə bilmirdi.
Dişiliyin özünə də durust qulluq edə bilmirdi; Matanda naz və şivə əsla yox idi. On beş yaşında qızcıqızdan bu sifətləri gözləmək də olmazdı...
Başını nə ağrıdım – axşam çıxıb, şəhər bağına getdim; Matan qaldı evdə, bağda tanış rus qızlarına rast gəldim. Deyib danışdıq; gülüşdük. Bir parça ləzzət apardım. Gecənin bir yarısı evə qayıtdım...
Qardaş, biz rus məclislərinə öyrənmiş adamlarıq. Orada gözəl geyimli, nazlı, yerişli, xoş hərəkətli qızlar görmüşük. Onlardan sonra məgər avam qızlar ilə yoldaşlıq eləmək olar. Oxumuş qızların hər sözündə bir işarə var, hər işarədə min dad və ləzzət var. Onlardan sonra lal, dünyadan bixəbər qızlar məgər xoş gələrlər. Odur ki, evlənməkdən bilmərrə mə’yus oldum. Matandan bilmərrə soyudum. Onun cavanlığı, gözəlliyi gözümdən düşdü. Səni inandırıram ki üç gündən sonra belə dilxor oldum ki, evdən baş götürüb getməli oldum. Səhvimi düşündüm, düşündüm də dutduğum işdən incidim. Evimiz mənim üçün zindanxanaya döndü...»
Mir Qasım kiridi. Dərin bir ah çəkdi:
– Bir gün şeylərimi topladım – dedi: anamı çağırdım yanıma ahvalatdan xəbərdar elədim... arvad ağladı, boynumu qucaqladı. Cavabında «gedirəm» deyə israr etdim... baş götürüb getdim.
Mir Qasım sakit oldu. Sonku sözlərindən mütəəssir rəngi qaçmışdı, dodaqları titriyirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-uc-gece
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“İbrahim xan... hüzuruna yaxın, qulluğunun nədimi, baş katibi və dövlətinin möhkəm bir sütunu*olan qazaxlı Molla Pənah Vaqifi yanına çağırdı. Vaqif kamal, ədəb və elm sahibi bir sima idi. Əgər*
İkinci hissə1**Şimaldan gələn xəbərlər saray mühafillərində böyük əndişələrə səbəb olurdu. Tiflisdən Mirzə Əliməmməd ağaya yazıldığına görə, şimali Qafqazdakı Qızlar qalası tərəfə rus qoşunu toplanırmış, İraklinin yanına bir rus gəlib, nə isə danışırmış...
Üçüncü hissə1**Allahqulu Kazımın daxmasına girdikdə Kazımı körpə uşaqları ilə bərabər kürsüdə gördü. Kürsü gödək qılçalı bir masa idi, bunu otağın ortasındakı ocağın üstə qoyar, ətrafına mütəkkə yığar və üstünə yorğansalardılar. Kazım mütəkkələrə söykənib yorğanı döşünə çəkmişdi;yalnız başı görünürdü. Telli və Gülnaz kənarda oturub yun darayır, Kazımın arvadı Ballı isə cəhrə əyirirdi. Alçaq pəncərəni qar basmışdı.
Epiloqİki aydan sonra İbrahim xan Dağıstandan qayıtdı. Məmməd bəyin tərəfdarları tutulub, cəllad əlinə verildi. Məmməd bəyə isə Şişəni tərk etməsi işarə olundu. Məmməd bəy Vaqifin arvadı Qızxanımla evlənmişdi, onu götürdü və şahın xəzinəsindən əlinə keçən sərvəti də atlara yükləyib, Qaladan çıxdı. Bir müddət Tərtərin qırağındakı Kələntərli mülkündə yaşadı. Sonra Şirvan xanı Mustafa məktub yazıb, qızını ona verəcəyini və özünü də vəliəhd təyin edəcəyini bildirib, onu Şirvana apardı. Şirvanda Məmməd bəyin xəzinəsi əlindən alındı, özü də zəncirləndi.Mustafa xan atası Ağası xanın və qardaşlarının qisasını almaq üçün Məmməd bəyə işgəncə verərək öldürtdü. Şair Valeh Məmməd bəyi belə tərif edir: