Zeynal-bəy
Pristavun müavini Zeynal-bəy, sabah ertə dəftərxanaya gələndə, orada ayrı halət gördü; qaradavoylar süpür ha süpür salmışlar; pristav da dəli kibi otaqda oyan bu yana qaçır, qaradavoyların üstünə çığırırdı:
– Müftəcə məvacib alıb, il uzunu bircə qəpiklikə də iş görmək istəmirsiniz: elə onu bilirsiniz ki, dəftərxanaya girəndən rüşvət alırsınız. Budur qubernator üç günə kibi gəlir; hamınızı, it kibi qulluqdan qoğacaq.
Zeynal-bəy qubernatorun gəlməyini eşidəndə, qorxusundan qılçaları nağara ağacı kibi tərpənməyə başladı. «Pristov qaradavoyları mı qorxudur, yoxsa elə gerçəkdən qubernator gəlir?» – sözlərini başından keçirdisə də, həllinə aciz qaldı.
– Nikalay Semyonoviç, doğrudan qubernator gəlir?
Zeynal-bəy yüngül bir təbəssüm və cəsarətsiz bir səslə sual etdikdə pristav acıqlı:
– Necə yə’ni «doğrudan»? Bəs siz ilə mənim zarafatım var?... Özü də cəmi mə’murları qulluqdan qoğacaq!...
Pristav sözünü kəsdi və qaradavoyların birinin böyrünə bir durtma salıb çığırırdı:
– Əşşək, hələ qulaq asır, tez olun barı, dəftərxananı süpürüb təmizliyin, gərək işimiz nə təhər olur!
Qaradavoylar süpürgələri götürüb, cəld süpürməyə girişdilər. Bə’zisi kəhnə dəftərləri töküb çırpırdı; kimi mürəkkəb qablarındakı milçək ölülərini atıb, yerinə mürəkkəb tökürdü. Tozdan göz gözü görmürdü.
– Zeynal-bəy, durmaqdan fayda yoxdur! Barı, get bazarı və küçələri süpürt.
Bu sözlər elə bil Zeynal-bəyi dərin bir yuxudan ayıltdı; rəngi qaçmış üzünü fövrən pristova çöndərib təəccüblü:
– Bə deyirsiniz qubernator üç günə kibi gəlir, bir az vaxtda bazar küçəni təmizlətmək olarmı? – Orada yüz araba zibil var. «Qubernator» sözü yenə Zeynal-bəyi qorxuya saldı, və şiddətli bir titrək bütün vücuduna yayıldı.
Pristav bir də:
– De nə edək? Barı, dəftərxanaya gələn küçəni süpürt ki, qubernator görüb acığı tutmasın.
Zeynal-bəy pristavun sözünü yarımçıq qoyub, ağır fikir və xəyal içində dəftərxanadan çıxdı.
Dəftərxanaya gələn küçənin uçub, dağılmış sərbəndi əvvəl onun gözünə sataşdı. Bunun sağ tərəfini tutan şəhər bağı idi; bundan da o tərəfə bir neçə hisli ev nəzəri cəlb edirdi.
Zeynal-bəy dərin bir sükutda bağın sökük cağlarının dibi ilə salıb yavaş-yavaş getməyə başladı, və bir az getməmişdi ki, bir qaradavoy yatmış gördü. Qaradavoy qız günəşinin isticə şuai altında laqeydanə xorulduyurdu. Və hər xorulladıqca da belindəki sınıq qından çıxmış xəncərin paslı ucu, rəngi soluq çuxanın altından mürur ilə enib qalxırdı.
Zeynal-bəy acığından bığını gəmirə-gəmirə yetirib, qaradavoyu təpiklədi:
– Köpək uşağını qoyasan elə yata. Gecələr şəhər bağının cağını çəkib, yandıranda heç fikir eləmirdilər ki, dünyada qubernator da var!
Qaradavoy yuxudan dik atılıb, gözlərini Zeynal-bəyə tikdi və əlini gicgahındakı güdək və hənəli birçəyi üstə qoyub, tə’zim etdi:
– Başına dönüm, bəy, nə qulluğun var?
– Nə olacaq, canınıza dərd var! Bu bağın cağını niyə söküb, yandırmısınız?
– Vallah, bəy, gecələr çox soyuq olur,
– «Soyuq olur»; soyuq gözünüzə girsin!... Tez ol, yeri ürədnik Qulunu tap, deyinən qubernator gəlir; küçələri süpürtsün.
Qaradavoy börkünü başına basıb, qordası qılçına dolaşa-dolaşa yüyürüb getdi; Zeynal-bəy də bazarniyin çığırmasını eşidib, rasta bazara döndü.
Bazarnik Alı-bəy hammalları yoğun əsası ilə şapbarlıyırdı. Zeynal-bəy yetirdi:
– Yenə nədir, ay Alı dadaş?
– Ədə, bu köpək uşağı hammalları görmürsən bazarı süpürməyə də pul istiyirlər. Köpək uşağının sən əl, hamısını yataba qoşub, İrana qaytarıb, atasına od vurmalıdır!...
Zeynal-bəy əlini onun savatlı toqqasına salıb, ehmal səs ilə dedi:
– Alı dadaş, hələ də görüm bu qubernatorun gəlməyinə nə deyirsən?
– Nə deyəcəyəm, Zeynal, evimiz yıxılıb! Kaş bu səfər gəlməyi yalan ola, adam işləri düzəldə... ədə, sən əl, necə ildir qulluq eliyirəm, elə bil bu gün gözüm açılıb, bu köpək uşağı baqqallar tabaqları irəli düzə düzə az qalıblar meydanı tutsunlar; özlərinin də satdıqları tamam kəhnə şey: meyvə, göyərti, yağ və yavanlıq...
– Alı dadaş, onlar dursun kənarda, bəs biz qovulsaq nə qayıracağıq? Hamı «özünü tutub» bizdən savayı.
– Hə, balam, odur ürədnik Qulu qulluğa girəndən bəri böyük imarət tikdirib; bankda da, deyirlər on min manat pulu var. Köpək oğlunun əvvəl heç zadı yox idi.
– Pristavun da kefi kökdür, o da özünü qaçaqçılardan yaxşı tutub.
– Ədə ağıllı adam elə olar da! Deyir rüşvət alma; elə ki aldın beş manat, on manat ya bir kəllə qənd yıxılma. Alırsan yüz al, min al! O dur ki hacı Qasım hər bazardan şəhər yerini qəsb eliyib, xəlvət dükan tikdirəndə, pristova paketdə iki yüzlük gedir. Ay, Zeynal, hacı Qasım azından ildə xəlvət beş dükan tikdirirmi?
– Bəs nədir, a kişi!
– Di min manat pristovun nəyinə dəyməz!
Zeynal-bəy burada dərin bir «ah» çəkib, dedi:
– A kişi elə aralıqda qalan biz fəqir olduq!
– Zeynal, yenə sənin də işin yaxşıdır; pristavun səbəbinə axır sənə də az çatmır.
– A kişi haradan, yüzlüklər pristova gedəndə, mənə də bir kəllə qənd gəlirdi; müsəlmanı tanımırsan: öz müsəlmanına xeyir verməz!
Alı-bəy əsasını sol əlinə alıb, sağ əlini Zeynal-bəyin çiyninə qoyub tə’kid ilə:
– Sən yenə qənd alırdın, mən heç onu da ala bilmirəm. Hərdən bir qəssab dükanının dalında azarlı qoyun kəsiləndə «başını tuturam». Onda evə ət göndərirlər; tutmuyan da o da heç gəlmir. Köpək uşağı azarlı qoyunu da elə kəsirlər ki heç ayda bir də başını tuta bilmirsən!!!..
– Xülasə, Alı dadaş, bunlar qurtarandan sonra bircə əlacımız var: gərək qubernatorun gözünə görükmiyək. Belə olsa bir təhər ötüşərik...
Mən ki belə eləyəcəyəm; nə görsün ki, nə də qulluqdan qoğsun!
Alı-bəy cavabında gərnəşib dedi:
– Hələ bilmirəm heç mən nə qayıracağam. Sabahdan köpək uşağı hammallar ilə deyişməkdən yorulub ölürəm. Saqqala da çoxdan hənə qoymamışam; gedirəm hamamda hənə bağlıyıb yatam. Görüm sonra nə olacaq.
Zeynal-bəy bir neçə saat bazarı dolandıqdan sonra ürədnik Quluya rast gəldi. Ürədnik Qulu uca boy, nazik qara bəniz bir adam idi; həftənin üç gününü qulluq edəndə, dördünü təğyir libas edib, eyşi-işrətdə keçirərdi.
Zeynal-bəy Qulunu görcək, sərzənişli:
– Ay Qulu, balam, belə olmaz; hardasan? Bəs bu qırılmış qaradavoylar necə olub ki, biri tapılmır işə göndərim?
Ürədnik Qulu süst üzünü bir az yaxşıladıb, qızarmış kəsalətli gözlərini Zeynal-bəyə döndərdi:
– Qaradavoyların beşi pristovun evində qulluq edir: su daşıyan, pişmiş pişirən, bazara gedən... üç dördü də dünən ürədnik Həsən gildə idi. Olsun ki imdi yatıblar.
– Səndəmi orada idin?
– A kişi qoyurlar ki, güc ilə tutub aparırlar ki, gedək qumar oynuyaq. Vallah üç dörd gündür ki yuxusuzam; başım lap çatlıyır!
Zeynal-bəy üzünü Quludan döndərib, kədər ilə:
– Pəh! Əlinizdən gələn işi törədib, heç bir demirsiniz ki dünyada qubernat da var. Yığılırsınız gecədə ürədnik Həsənin evinə qumarı vurursunuz; uduzanda da durub, düşürsünüz qapı qonşunun evinin canına. Xalqın qab-qacağını oğurluyursunuz; çal-çəpərini söküb, yandırırsınız; bilməzsən nəyliyirsiniz. İmdi nə deyək qubernata? Deyək ürədnik Həsən evində qumarxana açıb?
Zeynal-bəy hirsindən köpüklənmiş ağzını silib, Quludan ayrılıb getdi. Və neçə addımlıq məsafədə bir də dayanıb çığırdı:
– Kasıb-kusublar gündə şikayətə gəlirlər ki, qaradavoylar qalıq pulunuz var deyib, qablarımızı, paltar və palasımızı çəkib aparırlar; pişmiş bişirməyə, üstə oturub, durmağa da bir şey tapmırıq.
Köpək uşağı! Qalıq pulu bir dəfə olar, iki dəfə olar; daha gündə qalıq pulu yığılmaz! Belə şeyin başı bir gün açılar adamın anasını ağladarlar...
Zeynal-bəy qaradavoyların qarasına söyləndikcə odlanıb növbənöv fəhşlər verməyə başladı, və nə dərəcə hirslənmiş idisə, türkün saysız hesabsız söyüşlərilə qənaət etmiyib rusca da «isvoluçlar, duraklar, negodyaylar» deyə fəhş verib salıb getdi.
Qubernator şəhərə varid olmuşdu. Polis mə’murları şəhərin zahir görnüşünü bir təhər qaydaya salmağa var qüvvələrini sərf etmişdilər və imdi də şəhərin hal və ovzaini qubernatora rövnəqli surətdə göstərməyi hər kəs özünə müqəddəs bir vəzifə bilirdi. Onun üçün də qaradavoydan tutmuş Qala bəyinədək rəsmi libaslar ilə bəzənib, müəyyən mövqe’lərini məşğul etmişdilər. Bir xilaf qanun iş, şəhər asayişinə zidd hadisə və məxluqun təəyyüzünə müzürr hərəkətlər onların nəzərindən əblə ötüşmürdü. Xülasə, ədalət hökmranlığında qurtlar quzu ilə otlayıb, ümumi xoşbəxtlik, ümumi kamyablıq bərpa idi. Əlbəttə bu xoşbəxtliyin günəşi polis mə’murlarından ötri doğmamışdı; bunlar məramına nail olmamışdılar: bunların təntənəli zahirləri altında pis bir hal, keçmişdəki dəbdəbəli günlərin arzısı, eyşi-işrət mənbəin yas və məlalə dönməsi gizlənib, ürəklərini parçalıyırdı. Qubernatorun kəhnə mə’murları əzl etmək qəsdilə şəhərə gəlməsi hər kəsə gün kibi aşkar olmuşdu. Bircə Zeynal-bəy toxtaq durub, əvvəlki layihəsində sabit idi:
– Mən qubernatorun gözünə görükmərəm; harada görərəm qaçıb gizlənərəm. Daha məni görmiyə-görmiyə necə qulluqdan qova bilər. Yəqin, heç yadına düşməyəcəyəm!
Bu sözləri Zeynal fikrindən keçirib, həmişə təsəlli tapırdı və sözündə sabit duran kibi fe’lini də ona mütabiq edirdi. Qubernator divanxanalara səfər tutduqda, polis mə’murları təmkin-viqar ilə onun dalınca düşüb, gedirdilər, və onun sualına fövrən və xoş ləhn ilə cavab vermək və ya hər əmrinə tabe’ olub, can və baş ilə əmələ gətirmək; hətta simalarından da müxlisanə təbəssümlər oynatmaq ilə qubernatorun hüsni-təvəccöhünü qazanmaq istiyirdilər.
Zeynal-bəy bu hərəkətlərdən uzaq idi. Həmişə sakit və samit lap dal tərəfdən durub varlığını belə büruzə vermək istəmirdi. Yerişində ehmal, tərpənişində ehmal; nəfəs almağa da qənaət edirdi. Hərdən qubernator dönüb, Qala bəyindən və ya qeyri polis mə’murlarından bir şey sual etdikdə, Zeynal-bəy onun zəhimli nəzərinə qarşı gəlməmək fikrilə başını yavaşca əyib, pristavun arxasında gizliyirdi. Belə də olurdu ki dilənçi və ya hammallara bir əmr vermək bahanası ilə mə’murlardan aralanıb, ayaq saxlıyırdı, və sonra yüz addımlıq bir məsafədən qubernatoru tə’qib etməyə başlardı. Kim bilir, qubernatorun hər səsi çıxdıqca Zeynal-bəyin ürəyinə nə qorxular çəkirdi, bədəninə necə titrəmə düşürdü? Biçara cürbəcür əzablara giriftar olub, sifətində dəqiqədə min rəng müşahidə olunurdu. Bircə uzaqdan qubernatoru tə’qib etmək bu əzabı yüngülləşdirirdi. Elə bil, Zeynal-bəyin ürəyini bir ağır sıxıntıdan kənar edirdi; asudə nəfəs alıb, qol və qılçalarını titrəkdən xilas edirdi.
Bir gün sabah ertə Zeynal-bəy dəftərxanaya daxil olduqda, qonşu otaqdan qubernatorun qəzəbli səsini eşitdi. Səs əvvəl onun qulaqlarında əcib bir hal ilə cingildiyib, cəmi bədəninə sirayət etdi; pis bir tə’sir vücuda gəldi: Zeynal-bəy bihiss durub, ağzı açıq qaldı: qabağa getməyə cürət etmirdi, geri qayıtmağa da titrəyən qılçalarında taqət yox idi. Qubernatorun səsi getdikcə yavıqlaşıb və onun qaranlıq koridordan qapıya qarşı gəlməyi aşkar olurdu. Zeynal-bəy bunu hiss etdikdə çar-naçar sıçrayıb, qapının dalında gizləndi və bunu bir elə qüvveyi-naqahan ilə əmələ gətirdi ki, küncə söykəli iri süpürgə döşəmənin üstə düşüb, qapıya tərəf gələn qubernatoru təşvişə saldı. Qubernator əvvəl bir az duruxub, sonra əlindəki qamçı ilə qapının dalını qurtaladıqda Zeynal-bəy ortalığa sıçradı, və arıq əlini gicgahına qoyub, tə’zim etdi. Qubernator təəccüblü baxıb, açıqlandı və zəhimli səsilə çığırdı:
– Von!!!...
Neçə dəqiqə idi ki, qubernator arxasındakı polis mə’murları ilə dəftərxanadan uzaqlaşmışdı. Lakin Zeynal-bəy əli gicgahında əvvəlki yerində sabit qalıb, dili tutulmuş söylüyürdü.
Ba-ba-ba... Balll... bal... balalarım... var... ac, ac qalarlar!...
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-zeynal-bey
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
TARİXİ, COĞRAFİ VƏ İQTİSADİ AZƏRBAYCAN*Əziz yoldaşımız və böyük mürşidimiz
Litva tatarlarının tarixiLİTVA TATARLARININ TARİXİ MÜQƏDDİMƏ*Böyük Avropa müharibəsi bir çox millətlərə zərbələr vurduğu kimi, Litva tatarlarına da toxundu və əsrlərdən bəri Litvada, Lahistanda və Volında gəlmə olan tatarlar torpaqlarını və məskənlərini tərk etməyə məcbur oldular. Bu gün bu tatarların bir çoxunu Krımda görürüz: generallar, zabitlər, hüquqşünaslar, doktorlar, məmurlar və bir çox sənətçilər. Əvvəlcə vətənlərindən yay və qılıncdan başqa tişa bir şey götürməyən tatarlar, bu gün (tişdan) elm və fünun ilə təchizli olaraq geri dönür. Lakin çox yazıq, ana dillərini qeyb etmişlər. Bizim islamlıq və türklük borcumuz: Litvanyalı qardaşlarımızı hörmət ilə əski vətənlərinə qəbul etmək və onlara türk dili öyrətmək. Bu bizim həpimizin müqəddəs vəzifəmizdir. Krım tatarı münəvvər sinfinə çox möhtac olduğu üçün zəruri ehtiyacı bir parça dəf edərlər, zənnindəyiz.
Azərbaycan muxtariyyatı. Ayılın, toplaşın!AZƏRBAYCAN MUXTARIYYƏTI AYILIN, TOPLAŞIN!*Türk millətinə xitab
Biz kimik və istədiyimiz nədirBİZ KİMİK VƏ İSTƏDİYİMİZ NƏDİR MÜQƏDDİMƏ*Tarix kitablarına nəzər yetirdikdə türk millətinin qədim hallarını öyrənməyə dürüst qadir ola bilmirik. Çünki türk tarixinə dair lazımi məlumatlar hələ toplanmayıb. Ancaq bunu bilirik ki, türklər Altay dağlarının ətrafında olarmışlar. Oradan dəfələrlə dəstə çəkib qibləyə tərəf gediblər və qırğınlar ilə bir yerdə çox yerlər ələ gətiriblər. Təbiətən cürətli, rəşadətli və cəngavər olduqları üçün türklər Türküstanda, İranda, Hindistanda, Qafqazda, Avropa və Afrikanın bəzi nöqtələrində çox müddət ağalıq sürüblər.
Стихи других поэтов
Aşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
Qəzəl: Götür zülfi-çəlipanı üzari-hurtəl'ətdənGötür zülfi-çəlipanı üzari-hurtəl'ətdən,Məh ü mehr aşikar olsun səhabi-zəngi-qəflətdən
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədiTa cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.
Yarı ağlar, yarı yoxOğlumuz şortik geyibdir - yarı şalvar, yarı yox,Qız da bir paltardadır ki, yarı paltar, yarı yox.