Ürək yaman şeydir...
Страница 1 из 4
I
Sərvər əsgərlikdən bir ayrı vaxt gəlmiş olsaydı, bəlkə kənddə belə tez darıxmayacaqdı. Ancaq o, payızda gəldi. Payızın lap axırlarında. Gəlib gördü ki, çöl-bayırdan əl-ayaq kəsilib, atasının hər il kolxoza əkdiyi bostan sovuşub... Dağlarda ayrı vaxt adam boyunca qalxan otələf son çöpünəcən biçilib-daşınmışdı; bağların mer-meyvəsi çoxdan dərilmişdi, xəzəli yandırılmışdı; Sərvərgilin heyva ağaclarındakı beşaltı heyva və döşlərdə, kolxoz xırmanlarında saralan üç-dörd taya saman – meşəli, bağlı-bağçalı Buzbulaq kəndinin bir dünya payızından qalan xırdaca xatirə idi, özgə bir şey deyildi.
Əsgərlikdən gələn günü Sərvər kənd arasına çıxıb üç il görmədiklərinin hamısını bir necə saatda nə ki var gördü. Gördü ki, yenə qızlar, qadınlar çeşmələrdən su daşıyır, kişilər çayxanada çay içir, uşaqlar klubda domino oynayır. Gördü ki, axşamüstü adamlar yenə çinarın dibinə yığışırlar, futboldan, siyasətdən danışırlar, sonra küçə-küçə məhəllə-məhəllə evlərinə dağılışırlar və üç il bundan qabaqkı kimi, yenə də gedə-gedə, yol uzunu eyni sözlər deyib, eyni qayda ilə bir-birlərini axşam çayına-çörəyinə dəvət eləyirlər.
O axşam evə qayıdanda küçənin bir yerində Sərvər təzəcə papiros çəkməyə başlayan bir dəstə oğlan gördü, küçənin başqa bir yerində, təzəcə pıqqıldaşmağa başlayan bir dəstə qız gördü. Gördü ki, yenə kənddə atasına Pişik Ağalar deyirlər, anasına Cücəli Xanım deyirlər. Və birdən-birə hiss elədi ki, darıxır.
Sərvər birdən-birə yəqin elədi ki, qışı kənddə keçirmək onun üçün çətin olacaq: nə bir hərəkət, nə bir maşın dırıltısı; qarlı dağlar tam üç-dörd ay göyün ətəyinə dirənib duracaqdılar – Buzbulağın dünyadan əli üzüləcəkdi... Ev – çayxana, çayxana – ev... Qış Sərvəri qorxutdu, dəhşətə gətirdi və Sərvər bu dəhşətlə yatıb, yuxusunda isti və işıqlı bir yay gecəsi gördü.
O, atasının bostanında idi, çalanın üstündə yatırdı, həm də elə bil onu yerdən-bostandan çalaqarışıq bir xeyli yuxarı qaldırmışdılar və buradan Sərvər bütün bostanı rahatca görə bilirdi. Bostanın üstündə süd kimi ay işığı vardı və iri-iri, ağ-ağ qovunlar bu işıqda, qoyun sürüsü təki yatışmışdılar. Sərvər qovunlara baxırdı, həm də bostandan aralıda, dağın dibində böyürtkən kollarına oxşayan qara kölgələr görürdü. Kölgələr qımıldaşırdılar, pıçıldaşırdılar – nəsə qorxulu bir iş görməyə hazırlaşırdılar. Sonra kölgələr sürətlə hərəkətə gəldilər, bostanın üstünə yeridilər və böyürtkən koluna oxşayan bu kölgələrin içindən zil qara yapıncılı nəhəng bir çoban çıxıb, çomağını yuxarı qaldıran kimi tağlarda, bostan boyunca yatmış iri-iri, ağ-ağ qovunlar tərpəşib hərəkətə gəldilər və o saatca bir ağ qoyun sürüsü olub, sürətlə dağ səmtə gedən qara yapıncılı nəhəngin arxasınca tökülüşdülər. Sərvər qışqırmaq istədi, qışqıra bilmədi, yerindən durmaq istədi, dura bilmədi. Sonra birdən hava işıqlandı, səhər açıldı və Sərvər həmin qara yapıncılı adamın Əjdər olduğunu gördü. Əjdər dağın lap kəlləsində dayanmışdı; Sərvərə əl eləyirdi: “Bakıya gəl... Bakıya gəl... Bakıya... Bakıya... Bakıya...”
Hələlik yuxu yuxuluğunda, Əjdər Əjdərliyində qalsın, əsas mətləb burasındadır ki, səhərisi yataqdan duranda Sərvər, özlüyündə, qışın məsələsini tamam həll eləyib qurtarmışdı. Əl-üzünü sevinə-sevinə yudu, çörəyini tələsə-tələsə yedi, küçəyə çıxıb qonşuluqdakı çoxdan kimsəsiz qalmış bir evin qapısında bir müddət ayaq saxladı... Bu ev Əjdərin idi: həyətini qanqal basmışdı, damını ot basmışdı... Əjdərin Bakıda olduğunu Sərvər çayxanada öyrəndi. Bir də Teymur Bakıda idi, Kömürçü bazarında alver eləyirdi. Teymur Sərvərin sinif yoldaşı idi, buna görə Sərvər daha da ürəkləndi, hətta o qədər ürəkləndi ki, atasına bir söz deməmiş, anasından pul almamış, qayıdanbaş, məhəllədə özünün yol tədarükünü də elədi. O, heç vaxt heç yerə alverə getməmişdi, ancaq alış-veriş üçün bir qozun, bir də badamın başqa meyvələrdən sərfəli olduğunu kimdənsə eşitmişdi. Buna görə də Sərvər bağında, bağçasında qoz ağacı, badam ağacı olan bir neçə adamın qapısını döydü. Bir neçə evin darvazasında dayanıb ev yiyələri ilə əsl alverçilər kimi danışdı, sövdalaşdı: axırda, Şövkət arvadda otuz-qırx kilo badam yeri elədi, Gülgəz arvadda əlli-altmış kilo cövüz yeri elədi, sonra evə gəldi, anasını yola gətirdi, sonra onlar ikisi bir yerdə Ağalar kişini də birtəhər yola gətirdilər... Və bütün bunları eləyə-eləyə Sərvər xəyalında böyük Bakını gördü, orada alver eləyib, pul qazanıb, əynində təzə kostyum, təzə palto Leninqradın bir zaman yalnız “uvolneniye” vaxtı ehtiyatla gəzə bildiyi küçələrini xəyalında doyunca və ləzzətlə gəzdi. Və eyni vaxtda da o, Əjdəri və Əjdərlə bağlı olan əhvalatı xatırladı.
Əhvalat isə çoxdanın əhvalatı idi, yeddi-səkkiz ilin əhvalatı...
Yay idi, qovunun təzəcə ağaran vaxtı idi. Və o yay qovunun təzəcə ağardığı vaxt, gecələrin birində Xanım arvadın bostanda, dəmir tor arasında saxladığı fərələrdən biri yoxa çıxdı. Fərənin yoxa çıxmağı səhər bilindi və o səhər Ağalar kişi ilə Sərvər bostanın dörd yanını gəzib ayaqdan saldılar, ancaq heç yerdə toyuq tükü, toyuq nişanəsi tapmadılar. O biri gecə bir fərə də yoxa çıxdı. Bu dəfə Ağalar kişi gecəni yatmayıb, səhərəcən hinə keşik çəkməyi qərara aldı. Əlində tüfəng, kolların arasında gizləndi, ağacların dalında pusdu, ancaq onun səhərə yaxın dözməyib, oturduğu yerdə bir balaca mürgüləməyi ilə səhər hindən bir toyuq da qeyb olub, əlli-ayaqlı göyə çəkildi. Ağalar kişi möhkəm dilxor oldu, çünki bu, yaxşı əlamət deyildi; çünki bu iş, heç şübhəsiz, adam işi idi – yer üzünün heç bir heyvanı o dəmir torun arasından toyuq apara bilməzdi. Bir də bu söhbət təkcə toyuq söhbəti deyildi, burada adama sataşmaq məsələsi vardı. Və bu cür adama sataşmağın axırı çox pis qurtara bilərdi, çünki bu gün-sabah qovun yetişirdi. Ağalar kişi çox fikirləşdi, kənddəki düşmənlərini çox götür-qoy elədi, hətta üç-dörd qonşu kəndin şübhəli hesab elədiyi cavanlarını da ürəyində birbəbir sayıb-sadaladı, ancaq heç bir dürüst qənaətə gələ bilmədi. Ağalar kişi o fərə oğrusunu heç vaxt görə bilmədi, onu Sərvər gördü; gecələrin birində oğru özü öz ayağı ilə gəlib çıxdı. Özü də bostanın lap ortasına, çardağın lap yanına... Ağalar kişi yatmışdı, xoruldayırdı, ancaq Sərvər yatmamışdı, çardaqda üzüqoylu uzanmışdı, aşağıda ayın süd kimi işığında bozumtul tağlar boyunca ağara-ağara səpələnib gedən yemişlərə baxırdı. Birdən Sərvər arxa tərəfdən öz adını eşitdi. Diksindi, qorxdu və elə diksindi, elə qorxdu ki, qışqırıb atasını oyatmağa da səsi-nəfəsi gəlmədi. Sonra o, aşağıdan, dirəyin dibindən pıçıltı eşitdi: “Ə, səs salma, aşağı düş, mənəm, Əjdərəm, qorxma...” Ancaq Sərvər elə qorxmuşdu ki, heç tərpənməyə də halı qalmamışdı. O, handan-hana birtəhər dikələ bildi, çardağın bu tərəfinə keçib altda, dirəyin dibində əlini ağzına qoyub, bütün vücudu ilə Sərvərə “sus” deyib dayanmış uzun və arıq Əjdəri gördü. Sonra Əjdər qollarını uzadıb Sərvəri çardaqdan ehmalca düşürdü. Çaladan uzaqlaşıb, ta bostandan çıxanacan onlar dinməz-söyləməz yeridilər; bostanın qurtaracağında bir qoz ağacının dibində Əjdər dayandı.
– Otur.
Sərvər oturdu.
– Malades, oğulsan, səs-küy salmadın. – Əjdər gülümsədi, əlini Sərvərin çiyninə vurdu.
Bir müddət bir-birlərinə baxdılar.
– Bərk qorxdun?
Sərvər dinmədi.
– Dur bir tikə çörək tap gətir, acından lap nəfəsim kəsilir... Amma, bura bax, kişi ol, Pişik Ağaları oyatma.
Sərvər durub çörək dalınca getdi. İki lavaş gətirdi, bir qac pendir gətirdi və Əjdər çörəyini yeyib qurtarandan sonra o, ehmalca, ehtiyatla soruşdu:
– Toyuqları aparan sən idi?
– Mən idim...
– Kənddə səni bərk axtarırdılar.
– Bilirəm.
– Beş-altı milsəner gəlmişdi.
– Hə?..
– Bizdən də soruşdular. Dədəm dedi ki, Bakıdasan. Bəs sən Bakıda deyildin?
– Bakıdaydım.
– Bəs niyə orda qalmadın ki?..
– Yerimi bilmişdilər. Bir aclaf satmışdı məni.
– Bəs indi neyləyəcəksən?
– Gizlənib, ara soyuyanda yenə gedəcəyəm.
Bu yerdə Sərvər sualların arasını kəsdi, çünki qalan şeylər onsuz da məlum idi. Cəmisi üç-dörd ay bundan qabaq rayondakı konserv zavodunun meyvə qəbulu məntəqəsində işləyəndə, günlərin bir günü Əjdər hökumətin üç min manat pulunu götürüb aradan çıxmışdı; bu əhvalatı Buzbulaqda hamı bilirdi... Sonra Əjdəri kimsə Bakı bazarlarının birində alver eləyən görmüşdü. Bu xəbər də çox tezliklə kəndə yayılmışdı. Bu üç-dörd ayda Sərvər Əjdərin barəsində yüz cür rəvayət eşitmişdi. Əvvəllər qonşuluqda hər gün gördüyü Əjdər Sərvərin təsəvvüründə yavaş-yavaş dəyişmişdi, qəribə, nağılvari bir adam olmuşdu. İndi burda, gecənin bu vaxtında, çölün düzündə bu adamla yanaşı oturmaq da Sərvər üçün, əlbəttə, qəribə idi...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ekrem-eylisli-urek-yaman-seydir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
I**Buzbulağın çayxanasında heç vaxt çox adam olmur, o ki qaldı günün bu vaxtı ola: hələ heç on bir də yox idi.
Büllur külqabının nağılıI**Mirzə Manaf yuxusunda bir qəribə trolleybusa minmişdi; bir suyumu Bakıdakı funikulyorun tramvayına oxşayan, sarımtıl-çəhrayı rəngli bu trolleybus Buzbulağın bir yaşıl yamacı ilə, bir yaşıl arx boyunca, arxın qırağındakı otlara sürtüşə-sürtüşə gedirdi və bu gediş Mirzə Manafa şübhəsiz ki, ləzzət verirdi. Bu gedişin bir ləzzəti də orasında idi ki, yuxunun içində ola-ola Mirzə Manaf özünün yuxuda olduğuna yüz faiz arxayın idi, mindiyi trolleybusun yuxu trolleybusu olduğunu bilirdi və onun yamacdan aşıb çaya düşəcəyindən bir damcı da ehtiyat eləmirdi... Bir də düşsəydi nə olacaqdı: çay yüngül, trolleybus yüngül, hava yüngül... Bu da bir kef idi ki, ayda-ildə bir dəfə Mirzə Manafın əlinə düşmüşdü və səhərin hansı vədəsi olduğunu az qala dəqiqəsinəcən bilsə də, Mirzə Manaf gözlərini açmağa tələsmirdi, yatıb yuxuya qalıb işə gecikməkdən qorxmurdu, çünki Mirzə Manaf yuxuda ola-ola onu da yaxşı bilirdi ki, buradakı vaxt oradakı vaxtdan deyil; Mirzə Manaf arxayın idi ki, orada divar saatının iri əqrəbi bircə dəqiqənin üstündən aşınca, burada – bu Buzbulaq arxının qırağında, Allahın bu qəribə trolleybusunda hələ çox kef eləmək olar.
Ön söz yerinə...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.
Qədim, qara küləkSiz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.
Стихи других поэтов
Qonşulann elmə həvəskar ola,Tibb oxuya, fənnə xəberdar ola,
DilənçiSərt, soyuq bir qış gecəsi... Səma bəyaz, yer bəyaz,Uğuldayan küləklərlə sarsılmada soqaqlar.
YeBiz yemirik iç-diş ağa, sən buyur,Övkə, qarın, bağırsaq ye, bağır ye.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,