Страница 1 из 2

Zuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.

TARYEL gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.

– Oy, oy, kakoy ujas, Safalı!.. Gəlin, qalmayın orda, şəhər dağılır. Çto zdes tvoritsya, Safalı!.. Ujas! Ujas! O, boje, kakoy ujas! – Telefon dəstəyinin içində Loranın ah-naləsi ərşə qalxmışdı. Ancaq bu ah-nalənin səbəbini Səfalı müəllim bir o qədər də yaxşı dərk eləyə bilmirdi, çünki o, Zuğulbaya gəlməmişdən də Bakıda, Domsovetin yanında hər gün mitinq olurdu, indi, vur-tut bir həftənin içində, görəsən, şəhərdə təzə nə hadisə baş vermişdi.

– Nə olub axı, Lora? Şəhərdə nə olub ki?.. Bəlkə heykəli uçurdublar? – Səfalı müəllimin zəngin fantaziyası bu dəfə, nədənsə, Əli Ziyanın Domsovetin qabağındakı o heykəlindən o yana getmədi.

– Yox, Şaumyan ordadı hələ. Yerindədi. Ancaq, deyirlər, dünən aparıb bir yekə it bağlayıblar ora. Pamyatnikin pryamo ayağına. Ax, svoloçi, kakiye eti svoloçi naşi yerevanskiye natsionalistı! Oni, oni vo vsem vinovatı...

– Onu demirəm, Lora. O biri heykəli deyirəm: Domsavetin yanındakını. – Nədənsə, Səfalı müəllim telefonda rəhbərin adını çəkmək istəmirdi.

Və yəqin buna görə Lora arvad onun sualına səhih cavab verə bilmədi.

– Hansı? Yox... Bilmirəm. Eşitməmişəm... Heykəl-pamyatnik k çyortu, Safalı, jivıx lyudey jalko.

– Eto verno. No Lora ne nado nervniçat. Hər şey yaxşı olacaq, qorxmayın... – Səfalı müəllim səmimi inamla dedi. – A etot, kak yeqo... arvadın da gətirib?

– Yox. Görməmişəm. Deyəsən gətirməyib.

Səfalı müəllim hələ telefonun dəstəyini yerinə asmamış, ürəyində qəti qərar çıxartdı ki, yaxın vaxtlarda Zuğulbadan heç yana getməyəcək və yenə, azı bir həftə, hətta şəhərə zəng-zad da eləməyəcək, çünki Taryelin Bakıda peyda olmağı bir yana dursun, Loranın səsindəki o ah-naləda da Səfalı müəllimi Bakıya çəkəsi heç bir maqnitfilan yox idi.

Ancaq bundan üç-dörd gün keçəndən sonra Zuğulbada bərk xəzri qalxdı. Buludu, tozu, dənizi, ağac-budağı beşcə dəqiqənin içində bir-birinə qatıb-qarışdırdı. Və elə o beşcə dəqiqənin içində – Səfalı müəllimin də tarazlığı pozuldu, əhvalı yaman qarışdı; o küləkdə, tufanda Səfalı müəllim özünü güc-bəla avtomat telefona yetirib, əlləri əsə-əsə Lora arvadın nömrəsini yığdı.

– Alyo! Kto eta?.. Qavari da, çevo malçiş!

Səs kişi səsiydi, arvad səsi deyildi. Və demək olmaz ki, bu səs Səfalı müəllim üçün Lora arvadın səsindən çox yad idi, ancaq cəsarətlə demək olar ki, hər halda dünyanın ən doğma səsi də deyildi: TARYEL!..

Səfalı müəllim dəstəyi asdı. Ancaq ağlına heç bir pis fikir gətirmədi. Düşündü ki, yəqin Taryel, az bir vaxtın içində, operativcəsinə öz işini görə bilib: Loranın dilini tapıb, qılığına girib, onun cürbəcür ləziz xörəklərinin də dadını-tamını biləndən sonra Lora arvadın yanında lövbər salıb – Səfalı müəllimin Leninqraddan qayıtmasını gözləyə-gözləyə – orada kefini çəkib, könlü istəyəndə arabir telefona da cavab verir. Hətta Səfalı müəllim bir də zəng eləsə, dəstəyi mütləq Loranın özü götürəcək. Amma Səfalı müəllim bir də zəng eləmədi. Havaya baxdı, dənizə baxdı, göydəki tozqarışıq buluda baxdı və birdən bu qərara gəldi ki, daha Zuğulbada qalmağın heç bir mənası yoxdur. Özünü otağa salıb tələm-tələsik şey-şüyünü yığışdırdı və o küləkdə-qiyamətdə birbaş avtobus dayanacağına tərəf yürüş elədi.

Səfalı müəllim evinə çox gec çatdı: saat on ikiyə qalırdı... Liftdən çıxanda əvvəl Loranın qapısının zəngini basdı. (Bilirdi ki, Lora tez yatan deyil). Lora arvaddan heç bir səs-səmir çıxmadı. Səfalı müəllim öz mənzilinin qapısını açdı və dəhlizin işığını yandıran kimi, elə oradaca – qapının ağzında donub qaldı.

Dəhlizdə – telefon aparatının yanında – bir qalaq qəzet-jurnal! Biri açıq, biri bağlı – iki konvert. Bunları bura kim gətirib qoymuşdu, axı Zuğulbaya gedəndə o, qonşuya yalnız poçt qutusunun açarını vermişdi...

Səfalı müəllim, heyrət içində, otaqları bir-bir gözdən keçirdi: heç yerdə heç bir dəyişiklik gözünə dəymədi. Bayıra çıxıb, Loranın qapısının zəngini basdı, yenə heç bir səs-səmir eşidilmədi... Səfalı müəllim qayıdıb, qəzet-jurnal qalağının üstündəki konvertlərə baxdı: bağlı konvert Leninqraddan – Rənadan gəlmişdi; açıq konvertin üstündə, bənövşəyi mürəkkəblə: “Uvajayemomu Safalı-muallimu ot Lori” sözləri yazılmışdı, konvertin içində qoşa, kərpici dəftər varağı görünürdü. Və Səfalı müəllim o varağı konvertin içindən elə təzəcə çıxartmaq istəyirdi ki, kimsə bayırdan qapıya açar saldı. Qapı açıldı və Taryel içəri girdi.

– Gəlmisən, dayı? Sı piriyezdom! – Taryel dodaqlarını qabağa uzatdı, ancaq dayısının üzündən yox, başının tən ortasındakı, yumurta sarısı boyda, yeganə daz yerdən öpəsi oldu, çünki Taryel Səfalı müəllimdən çox hündür idi, bir də o, ağzını qabağa uzadanda, Səfalı müəllim lazımi cəldlik göstərib, başını aşağı əyə bilmişdi.

– Sən hardan tapmısan mənim qapımın açarın? – Qəzet-jurnalı bağrına basıb, telefonun yanında durmuş Səfalı müəllim bu sözləri elə təngiyə-təngiyə dedi ki, elə bil hər sözü deyəndə bir pudluq daş qaldırırdı.

– Qayıtdırdım da, dayı, açar qayıtdırmağa nə var? Zamoku dəyişdirmədim. Dedim, birdən gələrsən, evdə olmaram, qapıda avara qalarsan. – Taryel altdan-altdan Səfalı müəllimin üzünə baxdı və orada nə gördüsə, başını aşağı salıb, bir müddət fikirləşməli oldu. – Nədi ki, dayı? Düz hərəkət eləməmişəm? Bilirsən, qorxdum e, dayı. Ağlıma pis şey gəldi. Dedim, birdən, Allah göstərməsin, Leninqraddan qayıdıb, naxoşlayıb-eləyərsən, bilən olmaz... Ara yerdə millətimiz biyabır olar. Özün bilirsən ki, belə şey üçün bu sahat düşmənimiz milyon verər. Nədi, nədi, bir evdən iylənmiş qoca ölüsündən-zaddan tapıb, bütün dünya mətbuatında car çəksinlər ki, Azərbaycan milləti tamam qoxuyub çıxır sıradan!..

– İndi xatircəm oldun ki, ölməmişəm? – Səfalı müəllim, deyəsən, məsələni kəskin qoymağa hazırlaşırdı.

– Bə nə?.. Bilirsən, dayı, necə sevindim o gün: içəri girib, görəndə ki, sən Leninqraddasan.

Səfalı müəllim:

– Çox sağ ol, – dedi. – İndi zəhmət olmasa, o açarı qaytar ver özümə.

– Neynirsən? Səndə var da, açar! – Taryelin iri gözləri heyrətdən bərələ qalmışdı.

Dəhlizdən otağa keçib, Nuh əyyamından qalma, köhnə divanın üstündə oturdular.

– Buranı aldım da, dayı, məni təbrik eləyə bilərsən! – Taryel Lora arvadla Səfalı müəllimin mənzillərini biri-birindən ayıran şərikli divarı göstərdi. – Qonşun lap razı getdi, qorxma. Moskvaya getdi. Bir qoca bacısı var orda – həştad beş yaşında. Deyir: o da tək arvaddı, bir yerdə, deyir, yaxşı olacaq bizim üçün. Biletin-zadın da özüm təşkil elədim, bu sahat Moskvaya üç yüz manata bilet tapılmır. – Taryel pencəyinin döş cibindən bir uzunsov kağız çıxartdı. – Budu e, orderi, dayı! Bu gün RİK-in sədri şəxsən öz əliynən yazıb verib. Öz adımadı. Tərlan nənəmnən De Qollun da adın bura yızdırdım ki, sora millətimizi sevməyənlər işin içindən iş çıxartmasınlar.

– Əcəb! Əcəb!.. Eşq olsun millətini sevənlərə! – Səfalı müəllim sidqi-ürəkdən dedi, ancaq məlum olmadı ki, o bu sözləri, konkret olaraq, kimin ünvanına deyir: De Qollun, Tərlan arvadın, yoxsa o orderi yazanların.

Əlindəki orderə bir müddət məhəbbətlə baxandan sonra Taryel orderi qatlayıb cibinə qoydu. Gözucu Səfalı müəllimə nəzər yetirdi və yenə məhəbbət dolu gözlərilə, indi də qarşıdakı divara tamaşa eləməyə başladı.

– Deyirəm: bu divarı da bu günlərdə, bir sinif kimi ləğv eləyək getsin, necə deyirsən, dayı? Yaxşı olar da genişlik olar... Genişlik yaxşı şeydi, düz demirəm, dayı?

– Bəli! Bəli! Elədir ki, var! Genişlik yaxşı şeydi. Lap əla şeydi genişlik! – Deyəsən, bunu da Səfalı müəllim dedi, amma öz səsilə yox! Bu sözləri Səfalı müəllim Taryelin, Qoqanın, Tərlan arvadın, ya da (lap uzağı!) Əli Ziyanın səsilə dedi, – çünki o orderi Taryelin əlində görəndən sonra Səfalı müəllimin özü olmağı və öz səsilə danışmağı, sadəcə, mümkün olan şey deyildi və Səfalı müəllimin bu dünyada yaşadığı o yetmiş iki il də – belə şeydən sonra – heç cür insan ömrü sayıla bilməzdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dəyirman əhvalatı

I**Buzbulağın çayxanasında heç vaxt çox adam olmur, o ki qaldı günün bu vaxtı ola: hələ heç on bir də yox idi.

197616 мин
Büllur külqabının nağılı

I**Mirzə Manaf yuxusunda bir qəribə trolleybusa minmişdi; bir suyumu Bakıdakı funikulyorun tramvayına oxşayan, sarımtıl-çəhrayı rəngli bu trolleybus Buzbulağın bir yaşıl yamacı ilə, bir yaşıl arx boyunca, arxın qırağındakı otlara sürtüşə-sürtüşə gedirdi və bu gediş Mirzə Manafa şübhəsiz ki, ləzzət verirdi. Bu gedişin bir ləzzəti də orasında idi ki, yuxunun içində ola-ola Mirzə Manaf özünün yuxuda olduğuna yüz faiz arxayın idi, mindiyi trolleybusun yuxu trolleybusu olduğunu bilirdi və onun yamacdan aşıb çaya düşəcəyindən bir damcı da ehtiyat eləmirdi... Bir də düşsəydi nə olacaqdı: çay yüngül, trolleybus yüngül, hava yüngül... Bu da bir kef idi ki, ayda-ildə bir dəfə Mirzə Manafın əlinə düşmüşdü və səhərin hansı vədəsi olduğunu az qala dəqiqəsinəcən bilsə də, Mirzə Manaf gözlərini açmağa tələsmirdi, yatıb yuxuya qalıb işə gecikməkdən qorxmurdu, çünki Mirzə Manaf yuxuda ola-ola onu da yaxşı bilirdi ki, buradakı vaxt oradakı vaxtdan deyil; Mirzə Manaf arxayın idi ki, orada divar saatının iri əqrəbi bircə dəqiqənin üstündən aşınca, burada – bu Buzbulaq arxının qırağında, Allahın bu qəribə trolleybusunda hələ çox kef eləmək olar.

197323 мин
Ön söz yerinə

...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.

19682 мин
Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 мин

Стихи других поэтов