Страница 1 из 2

Yenə Cıdır düzü idi və yenə də bir neçə il bundan əvvəlki kimi hardansa uzaqlardan həmin xanəndənin səsi gəlirdi:

Deyirlər Qarabağ bir cənnət imiş,

Bəslərmiş qoynunda mələklərini.

Məndə qüdrət hanı qələm çalmağa,

Tərif eləməyə ancaq birini...

Yenə də Məlikşahnəzər kahasının üst tərəfində xalça salınmışdı və yenə də bu xalçanın rəngbərəng naxışları, elə bil, öz rəngini bir-bir bütün ətrafdakı gül-çiçəkdən almışdı.

Şahnaz xanım Məlikşahnəzər kahasının lap qabağına gəlib Topxana meşəsinə baxırdı.

Gülgəz Cıdır düzündə kəklikotu qoymamışdı, ətəyini doldurub qaça-qaça Şahnaz xanımın yanına gəldi:

– Oh, ay xanım, – dedi. – Yenə ora baxırsan? Vallah, sənin bu işlərin məni salıb qorxuya, heç yata bilmirəm gecə...

Şahnaz xanım gözlərini Topxana meşəsindən çəkmədi:

– Niyə?

– Elə bil o Topxana meşəsi ovsunlayıb səni, ay xanım...

Şahnaz qulluqçu qıza bir söz demədi, elə bil, özü özü ilə danışdı:

– Elə bil, bu Topxana meşəsi də bizdən həmişəlik üz döndərib... Elə bil, çox-çox uzaqdadı, soyuqdu, küskündü...

Gülgəz doğrudan-doğruya vahimələnmişdi və qız içini çəkib dedi:

– Düz dörd ildi belə sözlər danışırsan, ay xanım, vallah, tay qorxumdan meşəyə gedə bilmirəm... – Sonra Gülgəz birdən-birə sevincək oldu. – Bilirsən, ay xanım, bəyin bayaqkı qonaqlarından biri deyirdi ki, Fitilbörkdə bir oğlan görüb, lap qağam Nicata oxşayırmış...

Şahnaz xanım bir söz demədi. Gülgəz and-aman elədi:

– Xanım, nənəmin canı üçün bu dəfə doğru deyirəm!

Şahnaz xanım qulluqçu qıza baxdı:

– Bəs bir söz danışmayıblar?

– Yox, danışmayıblar. Deyir elə yaxşı geyinmişdi ki, inanmadım o ola... Axmaq kişi, guya ki, Nicat qağam yaxşı geyinə bilməzmiş... Vallah, xanım, sağ-salamatdı qağam!..

– Bilirəm, əlbəttə, sağ-salamatdı! – dedi Şahnaz xanım və elə dedi bu sözləri, elə bil, Gülgəzi yox, özünü inandırmaq istəyirdi bu sözlərə. – Elə igid oğlan itib-batmaz! Amma niyə bir yol tapıb məktub göndərmir mənə, bir xəbər çatdırmır mənə?..

Gülgəz:

– Eh... – dedi. – Allah Böyük bəyə insaf versin...

Və qız bu cür hayıfsılanan kimi də, Şahnaz xanımın üzü sərt bir ifadə aldı:

– Bu nə sözdü, ay qız? – dedi. – İndi də bir o qalıb ki, sənin kimisinin biri Böyük bəyin qarasına danışsın?

Gülgəz qorxdu əməlli-başlı və yazıq qız tez özünü yığışdırıb:

– Bağışla, ay xanım, – dedi. – Qələt elədim... Əlbəttə, Böyük bəy istəsəydi, məni də elə qovardı ki, izim-sorağım da tapılmazdı. Amma sənə görə məni də saxladı evində...

Şahnaz xanım yumşaldı:

– Yaxşı, – dedi. – Mən yadımdan çıxardım o sözləri.

– Allah canına sağlıq versin, ay xanım, sənsiz mənim bir günüm olmasın, yetim qızam. İnşallah, qağam gəlib çıxar, yetişərsiniz bir-birinizə! Mənə də Allah birini yetirər. – Gülgəz birdən-birə göyə baxdı: göy tərtəmiz, mavi və sonsuz idi. Sənə qurban olum, ay Allah, tez ol, dayna!.. Elçi daşına baxmaqdan gözümün kökü saraldı ki...

Şahnaz xanım özünü saxlaya bilməyib güldü:

– Bəs tez-tez qabağına çıxan o dərzi oğlan necə oldu?

Gülgəz:

– Eh... – dedi. – Qoy iynəsini taxsın yaxasına! Dalından dəydim onun, xanım. Arvad kimi şeydi... Kişi gərək kişi olsun, Nicat qağam kimi!.. Oh, xanım, vallah, hər şey yaxşı olacaq, təki tez ərə gedək!..

Şahnaz xanım bu dəfə gülmədi, dərindən nəfəs alıb:

– Nə yaxşı ki, sən varsanmış... – dedi və yeriyə-yeriyə Məlikşahnəzər kahasının üstündən aşağı düşüb, Böyük bəyin imarətinə tərəf addımladı...

...Böyük bəy əyninə sadə libas geyib əlinə böyük bağ qayçısı almışdı və həyətindəki gül kollarını, ağac budaqlarını qayçılayıb nizama salırdı. Bu dörd ildə Böyük bəy heç dəyişməmişdi, təkcə saçları daha tamam-kamal ağarmışdı.

Böyük bəy darvazadan həyətə girən Şahnaz xanımı görəndə ağacların arasından çıxdı.

– Salam, bacı.

– Əleykəssalam.

Böyük bəy gəlib artırmanın qabağındakı skamyada əyləşdi və əlindəki qayçını qabağındakı mizin üstünə qoyub:

– Gəl otur, – dedi. – Gün çıxandan bağbanla birlikdə işləyirik.

Şahnaz xanım gəlib qardaşı ilə üzbəüz oturdu:

– Yaxşı eləyirsiz, işləmək kökəlməyinizin qabağını alır.

– Elədir, işləyəndə özümü çox yüngül hiss eləyirəm.

Bu vaxt Fəxrəndə xanım da imarətdən çıxıb, Böyük bəylə Şahnaz xanıma yaxınlaşdı, salamlaşıb mənalı-mənalı Böyük bəyə baxdı, sonra əlindəkn qəzetləri Şahnaz xanıma uzatdı:

– Al, sənin qəzetlərin gəlib.

Böyük bəy bir az yana çəkilib arvadına yer göstərdi:

– Gəl əyləş, Fəxrəndə. – Sonra gülümsəyib: – Bağışlayın ki, yanınızda belə bir qiyafədə oturmuşam, – dedi. – Libas sadə olanda, elə bil, adam da özünü yüngül hiss eləyir. – Sonra Şahnaz xanımın baxdığı qəzetlərə işarə eləyib zarafatyana: – Bu bolşevik mətbuatını oxumaqdan yorulmadın, bacı? – soruşdu.

Şahnaz xanım da eyni zarafatyanalıqla bir-bir qəzetlərin başlığına baxdı:

– «Azərbaycan», «El həyatı», «Al bayraq»... Görürsünüz ki, qardaş, heç biri bolşevik qəzeti deyil...

Böyük bəy qəzetlərdən birini açıb məqalələrin altındakı imzaları oxudu:

– Üzeyir Hacıbəyli... Hacı İbrahim Qasımov... Ruhulla Axundov... – Böyük bəy birdən-birə əsəbiləşib qəzeti mizin üstündə bir tərəfə atdı və həmin sadə libasının döşündən qızıl papirosqabını çıxarıb açdı, bir papiros yandırdı. – Müsavat hökumətinin gözü kordu, görmür ki, bunlar hürriyyət, bərabərlik, demokratiya deyə-deyə əslində kommunizmi təbliğ edirlər!

Şahnaz xanım qardaşının könlünü almaq istədi:

– Hərənin bir əqidəsi var də, qardaş...

Böyük bəy dedi:

– Sən elə bilirsən ki, bunlar bir əqidə sahibidi?

Fəxrəndə xanım kinayə ilə söz atdı:

– Üzeyir bəyin millətin maariflənməsində haqqı var...

Böyük bəy, elə bil ki, arvadının sözlərindəki kinayəni hiss eləmədi:

– Bəs o birilər? – soruşdu. – Bunlar bolşeviklərə satılmış avantüristlərdi! Bunlar cəmiyyətdə istədikləri mövqeyi qazana bilmədikləri üçün, həyatın dibində çapaladıqları üçün, aristokratiyaya, var-dövlət sahibi olan ağıllı şəxslərə kin-küdurət bəsləyir... Müsavat liderləri isə, qırqovul kimi başlarını kola soxub, üzr istəyirəm, quyruqlarından xəbəri yoxdu! Heylə olmasaydı, doktor Nəriman bəy kimi kommunistlərin açıq-açığına meydan sulamalarına yol verilməzdi. Nikolayı taxtdan elə bu saldı! Gördünüzmü ingilisləri? Ermənini rusa qatdı, rusu müsəlmana qatdı, hamısını bir yerə yığıb, Şaumyanını da, Məşədi bəyini də, İvanını da Ağcaqum səhrasında güllə-borandan keçirdi!..

– Yazıq Mir Həsən bəy də onların arasında idi, qardaş...

Fəxrəndə xanım bu dəfə kinayəsiz, açıq-aşkar bir hirslə:

– Mir Həsən bəy dinc oturaydı, Şuşada balalarımıza dərs deyəydi, cavan yaşında qanına qəltan olmayaydı! Qudurğanlara qoşulanda, dinsiz-imansızlara qoşulanda axırı belə olar!

Şahnaz xanım Fəxrəndə xanımla mübahisə eləmədi, qardaşından soruşdu:

– Sizcə Müsavat nə etməlidi, qardaş?

Böyük bəy, elə bil, özü də özünə bu sualı vermişdi və cavabını da çoxdan hazırlamışdı:

– Bir gün, bir saat belə itirmədən xaricdən kömək istəmək lazımdır. Birinci növbədə İngiltərədən! Firənglər özləri təxribat carçısıdı, almanlar da bu saat öz haylarındadı. Naxçıvan tərəfdə Türkiyə ilə sərhədi açmaq lazımdı. Dünya əfkarümumiyyəsini ayağa qaldırmaq lazımdı! Müsavat liderləri isə, başda Məhəmməd Əmin cənabları olmaqla, arxayın oturub süsən-sünbül oxuyurlar. – Sonra Böyük bəy papirosu külqabıya sıxıb söndürdü və ayağa qalxdı. – Yaxşı, siyasətdən bəsdi daha. Gəlin bir az gəzişək. Bu ab-hava ilə, bu təbiətlə bu söhbət heç uyuşmur bir-birinə...

Və Böyük bəy, Fəxrəndə xanım, Şahnaz xanım həyətdəki hündür tut ağaclarının, qoz ağaclarının arası ilə gəzişməyə başladı; Böyük bəy nə isə dedi, Şahnaz xanım güldü, Fəxrəndə xanımın da dodağı qaçdı...

...Bu zaman naçalnik Kəriş bəy başının dörd-beş atlısı ilə çapa-çapa Molla Nəsrəddin yolundan çıxıb Daşaltı tərəfdən Şuşaya qalxdı...

... Bu dörd ildə Böyük bəyin imarətində təzə adam peyda olmuşdu. – Qüdrətin kiçik qardaşı Hümmət böyük qardaşının yerini tutmuşdu; Hümmət tələsik imarətdən çıxıb həyət darvazasına tərəf qaçdı, tələsik də darvazanın qapılarını taybatay açdı. Kəriş bəy başının atlıları ilə içəri çapdı:

– Bəy evdədi?

Hümmət:

– Bəli, naçalnik! – dedi və Kəriş bəyin atının boynunu tutdu.

Kəriş bəy atdan yerə atılıb yüyəni Hümmətə verdi və iti addımlarla imarətə tərəf getdi...

... Hümmət tələsik özünü bağçada gəzişən Böyük bəygilə yetirdi:

– Ağa, naçalnik Kəriş bəy cənabları gəliblər...

Böyük bəy təəccüb etdi:

– Naçalnikdən nə əcəb bu vaxt? – Sonra, istər-istəməz, üst-başına baxdı. – Libasımı dəyişib gəlirəm. Get naçalniklə məşğul ol.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Epitafiya

(Felyetonvari)NEKROLOQ ƏVƏZI. Amansız ölüm gənc və istedadlı alimimiz Əlirza Yananı yaradıcılığının çiçəkləndiyi bir dövrdə aramızdan apardı. Sənət səmamızın bir parlaq ulduzu daha əbədi olaraq kainatın ənginliklərində görünməz oldu.

8 мин
Zireh

Sonra Gülü xala dedi ki, Allaha şükür, daha hər şey qurtardı getdi, daha arxayın nəfəs almaq olar, daha öldürməyin özünüzü, Allah eşitdi bizi: on-on beş gündən sonra duracaq ayağa, inşallah. Sonra özünü saxlaya bilməyib yenə Şahinin çarpayısına yaxınlaşdı: «– Belə canım sənə qurban, ay Şahin! Ay canım, qanım mənim!». – Qəhər boğdu onu və gözlərindəki bu sevinc yaşlarını görəndə hiss etdim ki, doğrudan da, hər şey qurtarıb, Şahin sağalır; son iyirmi günün ərzində yalnız indi hiss etdim ki, hava deyil bu otaqdakı hava, dərman iyi dolub bu otağa, az qaldı gedib pəncərənin gözlüyünü açım.Solmaz dedi ki, ay mama, gedək bir az uzan heç olmasa, bir az yuxula, əldən düşmüsən lap, üzmüsən özünü, gedək, sən Allah. Gülü xala da bu iyirmi gündə birinci dəfə etiraz eləmədi, dedi ki gedək, gedək yatım, özü də əməlli-başlı yatım gərək. Sonra əlini taxta sinəsinə vurub xəstə bir ehtirasla, yorğunluqdan, iztirabdan gələn bir vəcdlə dedi ki, bax, bu quru canıma gərək qüvvət toplayım ki, onun yolunda qoyum, Şahinciyəzimin; sonra Solmazla o biri otağa keçdi; sanki yüz il idi yatmırdı.

14 мин
Qırmızı ayı balası

Rəhman BədəlovaC. Səlimov gəmi-təmiri zavodunda mühəndis işləyirdi və bu gün də işdən sonra iki-üç saat zavodda qaldı, otağında oturub cürbəcür çertyojlara baxdı, bir az fikirləşdi, yenə bir az kağız-kuğuza baxdı, sonra basmadüymə ilə otağının divarına sancdığı cədvəlinin qabağında dayandı: görəsən, «Neftçi» yeddi güclü komanda sırasına çıxacaq, ya təskinləşdirici qrupda qalacaq?

16 мин
On ildən sonra

Sonra çiskinlənməyə başladı və o, kürəyini köhnə məscidin hasarına söykəyib pencəyinin boynunu qaldırdı; birdən-birə ürəyi, doğrudan da, siqaret istədi, amma cibindən çıxarıb yandırmadı – cəmi iki siqareti var idi – iki dənə «Pamir» – onları da orada çəkəcəkdi; pencəyin altından qayışa keçirib yarısını şalvarının içinə soxduğu kitablar – əslində bir dənə kitab: «Coğrafiya», iki dənə də ümumi dəftər – qarnını elə sıxırdı ki, nəfəs ala bilmirdi; yenə qayışını bir balaca boşaltdı.Külək yaman bərkidi, əslində burada dayanmaq adamın lap atasını yandırır; sonra ona elə gəldi ki, bu saat bığlı kişi yenə başını məscid minarəsinin darısqal pəncərəsindən çıxarıb qışqıracaq: «– Hə, yenə gəlib veyllənirsən burda?!», o da cavabını verəcək: « – Sənə nə var, atovun məhləsidir?», bığlı kişi də onu hədələyəcək ki, düşürəm aşağı, ananı ağlar qoyaram sənin, o isə yenə deyəcək ki, kişisən düş; əlbəttə, bığlı kişi aşağı düşməyəcək, çünki ayaqlarının ikisi də yoxdur. Bir dəfə təsadüfən küçədə görüb onu dördçarxlı sankada gedəndə – bığlı kişinin bundan xəbəri yoxdur, qoy heç bundan xəbəri olmasın da, qoy kefinə xələl toxunmasın, hərçənd zırramanın biridir.

36 мин

Стихи других поэтов