On ildən sonra
Страница 1 из 6
Sonra çiskinlənməyə başladı və o, kürəyini köhnə məscidin hasarına söykəyib pencəyinin boynunu qaldırdı; birdən-birə ürəyi, doğrudan da, siqaret istədi, amma cibindən çıxarıb yandırmadı – cəmi iki siqareti var idi – iki dənə «Pamir» – onları da orada çəkəcəkdi; pencəyin altından qayışa keçirib yarısını şalvarının içinə soxduğu kitablar – əslində bir dənə kitab: «Coğrafiya», iki dənə də ümumi dəftər – qarnını elə sıxırdı ki, nəfəs ala bilmirdi; yenə qayışını bir balaca boşaltdı.
Külək yaman bərkidi, əslində burada dayanmaq adamın lap atasını yandırır; sonra ona elə gəldi ki, bu saat bığlı kişi yenə başını məscid minarəsinin darısqal pəncərəsindən çıxarıb qışqıracaq: «– Hə, yenə gəlib veyllənirsən burda?!», o da cavabını verəcək: « – Sənə nə var, atovun məhləsidir?», bığlı kişi də onu hədələyəcək ki, düşürəm aşağı, ananı ağlar qoyaram sənin, o isə yenə deyəcək ki, kişisən düş; əlbəttə, bığlı kişi aşağı düşməyəcək, çünki ayaqlarının ikisi də yoxdur. Bir dəfə təsadüfən küçədə görüb onu dördçarxlı sankada gedəndə – bığlı kişinin bundan xəbəri yoxdur, qoy heç bundan xəbəri olmasın da, qoy kefinə xələl toxunmasın, hərçənd zırramanın biridir.
Amma bu dəfə bığlı kişi başını məscid minarəsinin pəncərəsindən çıxarıb boylanmadı.
Üç ay var idi ki, məscidi çəkmə fabriki eləmişdilər; qabaq yaxşı idi – səssiz-səmirsiz, lal-karlar idarəsi idi; indi lal-karlar təzə binaya köçüblər yəqin, bunlar gəlib əvəzinə, bu bığlı kişini də Allah kimi qaldırıb qoyublar göyün yeddinci qatına
– minarənin kəlləsinə.
Əcəb soyuqdur, heç belə soyuq olmamışdı bu il, deyəsən, qar yağacaq; paltosunu Vovagildə qoymuşdu; paltosu dəblə tikilmiş palto idi, atası iki ay bundan əvvəl Moskvadan gətirmişdi, amma istəmirdi o palto ilə Sənubərin yanına getsin, hətta bir dəfə ağlına gəlmişdi ki, pul yığıb sırıqlı alsın, həmişə Sənubərin yanına gələndə bu sırıqlını geysin, amma sonra vaz keçdi bu fikirdən – lap uşaqlıq olardı bu.
Qışın qaranlığından olmaz – hələ axşam saat beş yoxdur, amma indidən qaranlıq çökür hər tərəfə, bığlı kişi də minarədə işığı yandırıb – darısqal pəncərə bu minarənin tək gözü idi elə bil, dünyaya baxırdı. Sənubərgil də işığı yandırıb yəqin, buradan görünmür – həm pəncərələrindəki pərdə qalındır, həm də işıqları zəifdir. Sinifdə də işığı yandırıblar yəqin, uşaqlar indi coğrafiya dərsi keçir: İzrail Solomonoviç dayanıb arxası xəritəyə, üzü uşaqlara tərəf, çağırır bir-bir dərsi soruşur, kim də haranı göstərirsə xəritədə – bu, Kosta-Rikadır, bu, Dardanel boğazı, bu da mən nə bilim hara – o saat görür, elə bil zalımın başının dalında da gözü var.
İzrail Solomonoviç, şübhəsiz ki, onun da belinə bir dənə «iki» yapışdıracaqdı – sonra gəl düzəlt görüm necə düzəldirsən?! – amma «iki»nin qorxusundan qaçmamışdı dərsdən, kitab indi də qayışının altındadır, başqa dərslərdə oxuyub hazırlaşa bilərdi – İzrail Solomonoviçin dərsi dördüncü dərs idi, özü də kitabı bircə dəfə oxuyan kimi yadında qalırdı – Sənubərə görə qaçmışdı dərsdən, Sənubərə görə.
Birinci dərsdən sonra Vovayla birlikdə qaçdılar – İzrail Solomonoviçin dərsi gələndə Vovanın canına üşütmə düşür, Əzrailin biridir də bu İzrail Solomonoviç, Vova neyləsin? – əvvəlcə getdilər Vovagilə, onlarda bu vaxt heç kim olmur, sonra paltosunu çıxarıb gəzə-gəzə gəldi bura; Sənubərin anası da çıxıb getmək bilmir ki, bilmir.
Sənubərə görə səhərdən dayanıb burda, adamın ürəyini sıxan bu erkən qaranlıqda, bu küləkdə, bu qış çiskinində, bu təkgözlü minarənin yanında, Sənubərə görə. Bunu bütün dünyada heç kim bilmir, bir o bilir, bir də Sənubər, deməyib heç kimə, deməz heç kimə. Qabaqlar bir şey olmazdı ortada, amma uşaqlara yüz cür yalan deyərdi qızbazlığı barədə, indi isə heç kimə heç nə demirdi, ona elə gəlirdi ki, başqaları bunu bilsə, bu, bir növ, oğurluğa oxşayar, elə bil, onlardan – ondan və Sənubərdən – nə isə oğurlamış olarlar.
Sənubərin anası axır ki, çıxdı qapıdan.
O, məscidin hasarına qısıla-qısıla bir az yuxarı qalxıb tini buruldu və dayandı.
Sənubərin anasının ardınca qapıdan bir kişi də çıxdı, danışa-danışa ikisi də küçə ilə üzüaşağı düşdü.
O, bir az gözləyib tini buruldu və qənbər döşənmiş küçəni keçib Sənubərgilin çöl qapısından içəri girdi; yarımca mərtəbə yuxarı qalxan bu taxta pilləkənlər, bu qaranlıq dəhliz, bir az tozlu, bir az da əhəng qoxulu bu hava həmişəki kimi yenə də onun sinəsinə bir ilıqlıq gətirdi; barmağını büküb arakəsmə qapısını yavaşca taqqıldatdı.
İçəridən Sənubərin səsi gəldi:
– Keç içəri, bağlamamışam.
O, qapını itələyib içəri girdi, sonra da qapının cəftəsini bağlayıb balaca arakəsmə ilə otağa tərəf getdi.
Sənubər həmişəki yerində oturmuşdu – divanın küncündə, özü də həmişəki kimi
– ayaqlarını yığmışdı altına, nazik barmaqları ilə lafsan yubkasının üstündən baldırlarına saldığı şalın saçaqlarını oynadırdı. Yenə də Sənubərin qarşısındakı taxta kətilin üstündə bir balaca his edən nöyüt pilətəsi yanırdı, bu pilətənin iyi və istisi otağa dolmuşdu. O, həmişə bu otaq barədə fikirləşəndə nə pəncərədəki bu qalın pərdələri, nə də otağın ortasındakı bu dördkünc mizi, nə üzü ağarmış qəhvəyi meşinli divanı, nə küncdəki bu köhnə alman radioqəbuledicisini, nə üçgöz güzgünün üç tərəfinə də düzülmüş cürbəcür fotoşəkilləri, nə də yerə salınmış bu palazı görürdü; o bu otaq barədə fikirləşəndə, birinci növbədə, bu nöyüt pilətəsinin iyini və istisini hiss edirdi; bu pilətənin iyi və istisi onun beş aydan bəri ürəyində gizlətdiyi, heç kimə demədiyi və heç kimə deməyəcəyi xoşbəxtliyinin örtüyü idi. Bir dəfə «Səadət sarayı»nın yanından keçəndə təzəcə kəbin kəsdirmiş bəylə gəlini görmüşdü. Gəlinin üzünü çox incə, ağ duvaq örtmüşdü. Bax, bu nöyüt pilətəsinin iyi və istisi də həmin duvaq kimi onun xoşbəxtliyinin örtüyü idi – onda belə fikirləşmişdi.
– Yenə tində dayanıb gözləyirdin? – Sənubərin köşək gözləri gülümsəyə-gülümsəyə altdan-yuxarı onu süzdü.
Əlbəttə, həmişəki kimi dedi ki, yox, elə indicə gəlmişəm. Sənubər də həmişəki kimi bic-bic güldü. Hərdən Sənubərin elə vaxtı olurdu ki, onu kiçiltmək, balacalaşdırmaq, bəlkə də alçaltmaq istəyirdi, gah yaşdan söz salırdı, gah məktəbdən söz salırdı, gah da elə hərəkətlər edirdi ki, o, bayram yumurtası kimi pörtürdü, az qalırdı siçan deşiyinə girsin, amma nə qədər hirslənsə də, nə qədər pərt olsa da, nə qədər acıqlansa da, Sənubərdən incimirdi, çünki Sənubərdən inciyə bilmirdi, çünki bilirdi ki, Sənubər onu çox istəyir, bütün bunları isə elə-belə edir, şıltaqlıq naminə.
O bu balaca otaqda özünü bütün daxili ilə kişi hiss edirdi, dərsdə oturub İzrail Solomonoviçin məzəmmətlərinə qulaq asarkən ürəyində fikirləşirdi ki, nə yaxşı bütün bu əskik söhbətlər, bu məktəb dəsgahı, evlərindəki danlaqlar, qardaşı ilə dava-dalaşı – hər şey bu balaca otaqdan kənardadır.
Sənubər yenə həmişəki kimi, əllərini pilətənin üstünə qaldırıb oda tutdu, sonra dedi ki, gəl sən də əllərini oda tut. O, pilətəyə yaxınlaşıb əllərini oda tutdu, pilətənin istisi bütün bədəninə bir hərarət gətirdi, sonra Sənubər onun əllərini öz əllərinin içinə alıb ovuşdurdu, sonra onu özünə tərəf dartdı:
– Bir bura gəl görüm e!..
O, həmişəki kimi, palazın üstündə diz çökdü, Sənubər onun başını sinəsinə sıxdı, barmaqlarını cod qara saçlarında gəzdirdi və yanağından öpdü. O, tez başını çəkib ayağa qalxdı, çünki həmişə belə anlarda, nədənsə, – səbəbini başa düşə bilmirdi – qəhərlənirdi və qorxurdu ki, ağlasın.
Bir söz demək xətrinə soruşdu ki, bayaq ananla evdən çıxan o kişi kim idi elə? Sənubər dedi ki, Ağahüseyndir. Soruşdu ki, Ağahüseyn kimdir? Sənubər də cavab verdi ki, qohumumuzdur, uzaq...
– Nəçidir e?
– Tramvaysürəndir də...
– Sizə niyə gəlir?
– Mən nə bilim? – Sənubər çiyinlərini çəkdi. – Üçüncü dəfədir gəlir.
O yenə nə isə soruşmaq istədi, amma soruşmadı. Ağahüseynin adı bu balaca otaqdakı zəif elektrik lampası ilə, bu pilətə iyi və pilətə istisi ilə, Sənubərin bu köşək gözləri ilə uyuşmurdu, yad səslənirdi və o, bir daha bu adı çəkmək istəmədi; indicə o, divanda Sənubərin yanında oturacaqdı, bir əlini onun çiyninə qoyacaqdı, sonra o biri əlini yavaş-yavaş içi dovşan dərili qolsuz kürkün üstündən Sənubərin sinəsinə qoyacaqdı və durub gedənə qədər beləcə oturacaqdılar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-on-ilden-sonra
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.
TalvarAkademik Məmməd Arif Dadaşzadəninxatirəsinə
Bülbülün nağılıDan ötdü, gün doğdu və həmin gün birdən-birə bu büllur çilçırağın, bu qızıl şamdanların, Təbriz ustalarının düzəltdiyi bu gümüş pəncərə şəbəkələrinin parıltısı basma kağıza düşmüş sarı mürəkkəb damcısı kimi yayıldı, yayıldı və yox oldu, bu xalıların, gəbələrin alışıb-yanan rəngləri, mütəkkələrin, döşəkcələrin üzünə çəkilmiş, qapı-pəncərələrə tutulmuş Çin ipəyinin, hind mahudunun işıltısı, qız-gəlinin barmaqlarını, biləklərini, bellərini, boyunlarını, qulaqlarını, oğlanların xəncərlərinin qınını, dəstəyini bəzəyən ləl-cavahiratın şöləsi gözdən itdi, kəniz-qaravaşların gizli bir hüznlə onunçün oxuduqları mahnıların, çaldıqları udun səsi tamam eşidilməz oldu və hər tərəfi bir bozluq bürüdü və bu hər tərəfi bürümüş bozluq get-gedə işıqlandı, şəffaflandı və bu işıqda o kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi göründü.Neçə gün idi ki, o kəniz-qaravaşın onunçün oxuduğu nəğmələrin nəfəsində, çaldığı udun səsində həmin gizli hüznü vücudunun hər bir hüceyrəsi ilə hiss edirdi, qız-gəlinin gözünün dibinə çökmüş kədəri duyurdu, oğlanların bir-birinə baxışında sahibsiz qalmış bu cah-cəlalın üstündə gələcək əlbəyaxalar ehtirasının qığılcımlarını sezirdi.
Baladadaşın toy hamamıPolad Məcnunbəyovun xatirəsinəHəmin payız günü Abşeronda birdən-birə bir xəzri başlamışdı ki, gəl görəsən və xəzri dənizi köpükləndirə-köpükləndirə əsdikcə əsirdi, dayanmayacaqdı elə bil, elə həmişə beləcə əsəcəkdi: sahilə yaxın dəniz bu xəzrinin altında çay kimi axırdı və adama elə gəlirdi ki, elə bil ağappaq köpüklü dalğalar deyildi, dünyanın saysız-hesabsız qağayıları almışdı dənizin üstünü; xəzri Abşeron bağlarındakı meynələrin saralmış budaqlarını qumun üstündən qaldırmışdı və bu meynə budaqları bu dəm ovsunçunun qabağında quyruğu üstə qalxmış ilanlar kimi qumluqda baş qaldırmışdı, külək zeytun ağaclarının bütün yarpaqlarını bir yerə yığıb əsdirirdi, topa-topa ağ-boz buludları cənuba axıdırdı və ən qəribəsi bu idi ki, bu bozluq içində həmin payız günü Abşeron göyündə günəş də var idi və bu topa-topa ağ-boz buludlar da dənizə, sahilin qumluğuna, qayalıqlara topa-topa da kölgələr sala-sala axırdı.
Стихи других поэтов
Şairəm, şüarayam,Bir lamü-ləngəm, geri dur!
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
Səba zülfün nəsimindən cahanı cümlə can etdiSəba zülfün nəsimindən cahanı cümlə can etdi,Dəmindən gör səba zülfün ki, nə canlar rəvan etdi.
Xam sevdaKönül çıxart başdanBu xam sevdanı