On ildən sonra
Страница 2 из 6 · 17%
O, pencəyini çıxarıb divanda oturmaq istədi, amma yadına düşdü ki, kitab-dəftər qayışının altındadır, bayaq paltosunu Vovagildə çıxardanda ağlına gəlməyib ki, bunları da orada qoysun; kitab-dəftəri burada çıxarmaq olmazdı: birdən Sənubər «Coğrafiya» kitabını görər. «Coğrafiya» kitabında isə yazılıb ki, səkkizinci sinif üçün dərs vəsaitidir, amma Sənubər elə bilir ki, o, doqquzda oxuyur. Əslində əvvəllər Sənubər elə bilirdi ki, o, onuncu sinifdə oxuyur.
Onlar məktəbin həyətində qutab alarkən tanış olmuşdular. Sənubər 132 nömrəli məktəbdə oxuyurdu – Azərbaycan məktəbində, o isə 134 nömrəli məktəbdə oxuyurdu – rus məktəbində. Məktəbləri bitişik idi, həyətləri də bir idi. Onda Sənubərin xırdası olmamışdı qutabsatana versin, qutabsatan da Sənubərin manatlığını xırdalamırdı, xırdası yox idi. O, Sənubərə xırda vermişdi – ikisi də qutab almışdı. Sənubər də üç-dörd gündən sonra onu həyətdə görüb xırdanı qaytarmışdı.
Sənubər gözəl deyildi, həmişə də nimdaş geyinərdi. O heç ağlına gətirə bilməzdi ki, bir vaxt gələcək və bu qutab alan qız onun ilk məhəbbəti olacaq – o inanırdı ki, bu ilk məhəbbətdir, ilk böyük məhəbbət. Doğrudur, il yarım bundan əvvəl qonşuluqlarında yaşayan bir arvada vurulmuşdu; evdə oturanda qulağı həmişə səksəkədə olardı: həmin arvad eyvana çıxıb paltar sərəndə zivəni dartardı, çarxdan səs çıxardı, o da, bilərdi ki, sevgilisi eyvandadır, tez öz eyvanlarına çıxıb tamaşa edərdi, amma bu, yavaş-yavaş sönüb getdi, çünki əsl məhəbbət deyildi – bunu sonralar başa düşdü. Sənubərgilə gəldiyi ilk gündən sonra.
Əvvəlcə salamlaşırdılar elə-beləcə, sonra günlərin bir günündə həyətdən birlikdə çıxdılar, necə oldusa, Sənubəri evlərinə ötürdü, Sənubər də onu evə çağırdı, dedi ki, heç kim yoxdur evdə, o da qalxdı yuxarı, heç bilmədi necə qalxdı.
Bu otaqda ilk görüş idi onda, ilk dəfə idi ki, bu pilətə iyini və istisini hiss etdi, ilk dəfə idi ki, Sənubərin köşək gözlərini gördü. Onda Sənubərə demişdi ki, onuncu sinifdə oxuyuram, həm də demişdi ki, on səkkiz yaşım var. Sənubər sonra bildi ki, onuncu sinifdə oxumur, təsadüfən bildi, amma səkkizinci sinifdə oxumağını da bilmirdi, elə bilirdi ki, doqquzda oxuyur, həm də elə bilirdi ki, onun on yeddi yaşı var, daha bilmirdi ki, onun on altı yaşı var.
Sənubərin özünün on yeddi yaşı tamam olmuşdu, onuncu sinifdə oxuyurdu. O həmişə Sənubər barədə fikirləşəndə suçlu adamlar kimi ürəyindən bir üşütmə keçirdi: Sənubər əvvəl-axır biləcəkdi ki, yaşda ondan böyükdür, həm də biləcəkdi ki, iki sinif aşağıda oxuyur. Doğrudur, əvvəl-axır bunu biləcəkdi, amma onda bunun daha bir o qədər də mənası olmayacaqdı, çünki onda evlənmiş olacaqdılar.
– Pencəyini niyə çıxartmırsan?
Dedi ki, çıxartmır, bir azdan gedəcək, işi var. Elə-belə, ağzına gələni dedi, əslində axşam doqquza kimi burada qalmaq istəyirdi, günorta evdən çıxanda demişdi ki, dərsdən sonra Vovayla kinoya gedəcəklər.
– Nə işin var, ananla qonaqlığa gedəcəksən? – Sənubərin köşək gözləri gülümsədi yenə.
O, Sənubərin sualını qulaqardına vurdu, çünki Sənubərin, deyəsən, yenə həvəsi gəlmişdi, yenə onu alçaltmaq istəyirdi, o isə, nədənsə, bu axşam başqa axşamlardan daha artıq pərtləşmək istəmirdi, ümumiyyətlə, nədənsə, bu axşam ona başqa axşamlardan daha artıq əziz idi – niyə belə hiss edirdi, səbəbini özü də bilmirdi. Söhbəti dəyişdi:
– Ağahüseyn niyə gəlir e, sizə? – Özü də bilmədi ki, Ağahüseyn yenə haradan düşdü yadına.
– Mən nə bilim? – Sənubər həmişəki kimi alt dodağını dişlədi və lap büzüşdü elə bil, elə bil otaqda şaxta idi. – Deyəsən, anam ona ərə gedir.
– Anan ərə gedir?
– Deyəsən.
Sənubərin heç kimi yox idi, təkcə anası var idi. Sənubərin anası dəmir yolunda işləyirdi, bələdçi idi, iki gün evdə otururdu, üç gün səfərdə olurdu, ya da üç gün evdə otururdu, bir gün səfərdə olurdu. Bu gün də səfərə çıxmışdı, sabah qayıdacaqdı. İki gündən sonra yenə gedəcəkdi. O, bir dəfə də olsun Sənubərin anası ilə kəlmə kəsməmişdi, heç yaxından əməlli-başlı görməmişdi də onu, amma nədənsə, xoşu gəlmirdi Sənubərin anasından, özü də buna təəccüb edirdi ki, niyə.
– Necə yəni ərə gedir?
– Necə, necə yəni? Ərə getmək bilmirsən nədir?
Əlbəttə, o bilirdi ki, ərə getmək nə deməkdir və onun ürəyindən gizli bir qorxu keçdi: Sənubərin anası ərə getsəydi, onların görüşləri necə olacaqdı? Ağahüseyn burada qalacaqdı, burada, bu balaca otaqda, onların bu balaca otağında?
– Əşşi, özünün xarabası var, təzə binada ev alıb. – Sənubər həmişə onun ürəyini oxuyurdu. O, heç vaxt Sənubərə deməmişdi ki, səni sevirəm, səndən xoşum gəlir – utanırdı belə sözlərdən, amma Sənubər həmişə onun ürəyini oxuyurdu, həmişə onun fikirləşdiyini deyirdi, həmişə onun ürəyindən xəbər verirdi, hansı söhbəti xoşlamadığını, hansı hərəkətdən xoşlandığını o saat hiss edirdi, hərdən elə olurdu ki, o, ürəyində bir mahnının havasını çalırdı, birdən Sənubər həmin mahnını nazik səsi ilə pəsdən oxumağa başlayırdı.
Sənubər yenə əlini onun cod qara saçlarında gəzdirdi, yəni ki, qorxma, mən bu otaqdan gedən deyiləm, sonra qayğıkeş-qayğıkeş ona baxdı, sonra yenə onun başını özünə tərəf çəkib sinəsinə sıxdı, yanağından öpdü.
O bütün ömrü boyu beləcə dayanmağa hazır idi, evlərini də, məktəbi də, uşaqları da yadından çıxarıb, heç hara getməyib, heç nə etməyib bütün ömrü boyu beləcə dayanmağa hazır idi, təki bu barmaqlar həmişə saçlarında gəzəydi, təki bu balaca ürəyin çırpıntısını həmişə beləcə hiss edəydi, təki bu nöyüt pilətəsi beləcə yanaydı həmişə, amma yenə başını çəkdi, yenə qorxdu ki, ağlayar, bilmirdi nədəndir, həmişə belə dayananda onun ürəyi kövrəlirdi.
O, əlini Sənubərin çiyninə qoydu. Sənubər özü onun o biri əlini götürüb içi dovşan dərili qolsuz kürkün üstündən sinəsinə qoydu.
Həmişə onun əli Sənubərin sinəsinə toxunan kimi ürəyi düşürdü, udqunurdu, ona elə gəlirdi ki, boğazı qupquru quruyub, hiss edirdi ki, əlləri, bütün bədəni titrəyir, Sənubər də bunu hiss eləyirdi və gülürdü, Sənubər beləcə gülümsəyəndə o, elə hesab edirdi ki, bu – məhəbbətdir.
Sonra Sənubər özü iki əlini də kürkün üstündən onun əlinə yapışdırıb var gücü ilə sinəsinə sıxdı, sonra onun yanaqlarından yapışıb özünə tərəf çəkdi və dodaqlarından öpmək istədi. O, başını Sənubərin əlləri arasından dartıb çıxartdı – ən çox belə şeylərdən utanırdı.
– Vallah, lap uşaqsan sən, lap uşaqsan! Bilmirəm sənin nəyinə vurulmuşam?
Sənubərin köşək gözləri güldü yenə. – Yəqin boy-buxununa, zırpılığına.
O cavab vermədi və üzünü Sənubərin çiyninə qısdı. O bilirdi ki, bütün sifəti alışıb-yanır və istəmirdi ki, Sənubər bunu görsün. O bilirdi ki, bir azdan bədəninin uçuntusu keçib-gedəcək, bir azdan Sənubərin ürəyinin döyüntüsü onu təmənnasız bir aləmə çəkib aparacaq. Bu təmənnasız aləm bu balaca otaqdan – onların otağından, bu balaca otaqdakı pilətə iyi və pilətə istisindən, bu pilətə iyini və pilətə istisini təpədən dırnağa kimi bütün bədənlərilə hiss edən Sənubərdən və ondan ibarət idi; lap kiçicik bir aləm idi, amma elə-belə kiçicik aləm yox, onların kiçicik aləmi idi.
O istəyirdi ki, Sənubər barədə hər hansı bir arvad barədə fikirləşəcəyi kimi fikirləşməsin. O heç vaxt cəhd etməmişdi ki, Sənubəri çılpaq görsün. O, çılpaq qızlar göstərilən kinolara üç-dörd dəfə gedib baxmışdı, amma istəmirdi ki, Sənubəri çılpaq görsün. Hərdən gecələr yuxuda Sənubəri çılpaq görərdi, o saat da yuxudan oyanardı, Sənubərin çılpaq bədənini başından çıxarmaq istərdi, futbol barədə fikirləşərdi, gələcəkdə yazacağı ssenarilər, çəkəcəyi filmlər barədə fikirləşərdi, haçandan-haçana təzədən yuxuya gedərdi.
O, sövq-təbii hiss edirdi ki, əgər bu cür olmasa, Sənubər onun başını döşlərinə sıxarkən heç vaxt ürəyi kövrəlməyəcək. Düzdür, o, bu kövrəklikdən qorxurdu, qorxurdu ki, Sənubər bunu görər, gülər: «Vallah uşaqsan!», amma ürəyinin lap dərinliklərində – elə dərinliklərində ki, özü də bunu üzə çıxarmağa ürək eləmirdi – hiss edirdi ki, bilirdi ki, uşaqlıq olsa da, əslində bu kövrəklik anı onun üçün həyat deməkdir, yaşamaq deməkdir. Sənubər də bunu bilirdi və buna görə də hərdən kefinə düşəndə onu lap cin atına mindirirdi.
– Uşaqsan, xalis uşaqsan! Ola bilməz ki, sənin on yeddi yaşın olsun! Ola bilməz! Zırpısan, amma mən bilirəm, düz on yaşın var. Üzünü də yalandan hər gün qırxırsan ki, tük gəlsin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-on-ilden-sonra
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.
TalvarAkademik Məmməd Arif Dadaşzadəninxatirəsinə
Bülbülün nağılıDan ötdü, gün doğdu və həmin gün birdən-birə bu büllur çilçırağın, bu qızıl şamdanların, Təbriz ustalarının düzəltdiyi bu gümüş pəncərə şəbəkələrinin parıltısı basma kağıza düşmüş sarı mürəkkəb damcısı kimi yayıldı, yayıldı və yox oldu, bu xalıların, gəbələrin alışıb-yanan rəngləri, mütəkkələrin, döşəkcələrin üzünə çəkilmiş, qapı-pəncərələrə tutulmuş Çin ipəyinin, hind mahudunun işıltısı, qız-gəlinin barmaqlarını, biləklərini, bellərini, boyunlarını, qulaqlarını, oğlanların xəncərlərinin qınını, dəstəyini bəzəyən ləl-cavahiratın şöləsi gözdən itdi, kəniz-qaravaşların gizli bir hüznlə onunçün oxuduqları mahnıların, çaldıqları udun səsi tamam eşidilməz oldu və hər tərəfi bir bozluq bürüdü və bu hər tərəfi bürümüş bozluq get-gedə işıqlandı, şəffaflandı və bu işıqda o kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi göründü.Neçə gün idi ki, o kəniz-qaravaşın onunçün oxuduğu nəğmələrin nəfəsində, çaldığı udun səsində həmin gizli hüznü vücudunun hər bir hüceyrəsi ilə hiss edirdi, qız-gəlinin gözünün dibinə çökmüş kədəri duyurdu, oğlanların bir-birinə baxışında sahibsiz qalmış bu cah-cəlalın üstündə gələcək əlbəyaxalar ehtirasının qığılcımlarını sezirdi.
Baladadaşın toy hamamıPolad Məcnunbəyovun xatirəsinəHəmin payız günü Abşeronda birdən-birə bir xəzri başlamışdı ki, gəl görəsən və xəzri dənizi köpükləndirə-köpükləndirə əsdikcə əsirdi, dayanmayacaqdı elə bil, elə həmişə beləcə əsəcəkdi: sahilə yaxın dəniz bu xəzrinin altında çay kimi axırdı və adama elə gəlirdi ki, elə bil ağappaq köpüklü dalğalar deyildi, dünyanın saysız-hesabsız qağayıları almışdı dənizin üstünü; xəzri Abşeron bağlarındakı meynələrin saralmış budaqlarını qumun üstündən qaldırmışdı və bu meynə budaqları bu dəm ovsunçunun qabağında quyruğu üstə qalxmış ilanlar kimi qumluqda baş qaldırmışdı, külək zeytun ağaclarının bütün yarpaqlarını bir yerə yığıb əsdirirdi, topa-topa ağ-boz buludları cənuba axıdırdı və ən qəribəsi bu idi ki, bu bozluq içində həmin payız günü Abşeron göyündə günəş də var idi və bu topa-topa ağ-boz buludlar da dənizə, sahilin qumluğuna, qayalıqlara topa-topa da kölgələr sala-sala axırdı.
Стихи других поэтов
Şairəm, şüarayam,Bir lamü-ləngəm, geri dur!
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
Səba zülfün nəsimindən cahanı cümlə can etdiSəba zülfün nəsimindən cahanı cümlə can etdi,Dəmindən gör səba zülfün ki, nə canlar rəvan etdi.
Xam sevdaKönül çıxart başdanBu xam sevdanı