Страница 6 из 6 · 83%

– A-a... Nə olub sənə? Ağlayırsan? ... – Sənubər yaxınlaşıb ona baxdı, sonra əlindən tutdu.

O, daha özünü saxlaya bilməyib o biri əli ilə gözlərini qapadı. O özü başa düşürdü ki, belə olmaz, lap biabırçılıqdır, amma heç nə edə bilmirdi.

– Bəsdir... Sən mənim canım, bəsdir... Lap uşaqdır e... Mən heç səni belə bilməzdim, lap uşaqsan e, sən... – Sənubər onun əlini ovuşdura-ovuşdura elə hey deyirdi, özü də ürəkdən deyirdi. – Bəsdir də, yaxşı... İstəyirsən yenə öpüm səni? Bəsdir də, bəsdir... Yenə görüşəcəyik də... Sən hələ oxuyacaqsan, məktəbi qurtaracaqsan, sonra institutu qurtaracaqsan, onda yenə görüşəcəyik səninlə ... On ildən sonra yenə görüşəcəyik səninlə... On ildən sonra sən lap yekə kişi olacaqsan...

O, Sənubərin üzünə baxmağa cəsarət etmədən geri döndü və ayaqları ayaqlarına dolaşa-dolaşa arakəsmədən keçib titrəyən barmaqları ilə qapının cəftəsini açdı, qaranlıq dəhlizə çıxdı. Qapı ardınca örtüldü.

Taxta pilləkənləri düşüb, bir müddət qaranlıq dəhlizdə dayandı; bu saat o, hamıdan artıq özündən utanırdı və buna görə də qaranlıqda dayanmaq istəyirdi. Sonra cibindəki üç siqaretdən birini çıxarıb yandırdı və dərin qullab vurub tüstüsünü sinəsinə çəkdi, bir anlıq gözləri qaraldı, başı da gicəlləndi bir balaca, sonra siqareti yerə atdı, ayağı ilə sıxıb söndürdü və küçəyə çıxdı.

Əlləri cibində səki ilə üzüaşağı düşürdü. Birdən göyün yeddinci qatından bığlı kişinin səsi gəldi:

– Hə, gedirsən?

O, çönüb məscidin minarəsinə tərəf baxdı: bığlı kişi yenə də başını minarənin darısqal pəncərəsindən bayıra çıxarıb ona baxırdı. Bığlı kişi gülümsədi və başını tərpətdi, yəni, işində ol. O, əlini qaldırıb yellədi və nədənsə, elə bil bir balaca yüngülləşdi.

On ildən sonra... O, başa düşürdü ki, on ildən sonra, doğrudan da, Sənubərlə görüşə bilər, lakin sövq-təbii hiss edirdi ki, o vaxt nə bu küçə bu cür olacaqdı, nə balaca otaqlarını bu cür sevəcəkdi, nə də həmin nöyüt pilətəsi bu cür yanacaqdı.

O hiss edirdi ki, on ildən sonra bugünkü kimi bu boyda dünyada heç kəsi yox, ancaq və ancaq bircə nəfər Sənubəri olmayacaq, amma o istəyirdi ki, həmişə bircə nəfər Sənubəri olsun.

O sövq-təbii hiss edirdi ki, on ildən sonra dodaqlarını Sənubərin saçlarında gəzdirəndə daha ürəyi kövrəlməyəcək və elə bil ki, indidən bu kövrəkliyin həsrətini çəkirdi.

O hiss edirdi ki, on ildən sonra Sənubərlə bu cür görüşməyəcək, elə-belə, olsa-olsa, küçədə rastlaşa bilərdilər, salamlaşıb ötəcəkdilər, bəlkə heç salamlaşmayacaqdılar və keçmişləri yada salıb bu günlərə güləcəkdilər, bu günlərə yuxarıdan aşağı baxacaqdılar. O hələ indidən istəmirdi ki, on ildən sonra, bu günlərə yuxarıdan aşağı baxsın, ələ salsın bu günləri.

Sonra birdən-birə ona elə gəldi ki, elə bil indidən on il böyüyüb, əvvəlki adam deyil daha.

Onun başına cürbəcür başqa fikirlər də gəlirdi və bütün bunlar barədə fikirləşmək üçün gedib dəniz kənarındakı kürsülərdən birində təkcə oturmaq istədi, amma yadına düşdü ki, sabah İzrail Solomonoviçin dərsi var, hazırlaşmaq lazımdır əməlli-başlı – İzrail Solomonoviçlə zarafat etmək olmaz. Cibindəki siqaretləri çıxarıb tullayaraq – gecələr anası ciblərini yoxlayırdı – Vovagilə tərəf üz tutdu ki, paltosunu götürüb evlərinə getsin.

Dekabr, 1970.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Bu dünyada qatarlar gedər

Dünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.

13 мин
Talvar

Akademik Məmməd Arif Dadaşzadəninxatirəsinə

26 мин
Bülbülün nağılı

Dan ötdü, gün doğdu və həmin gün birdən-birə bu büllur çilçırağın, bu qızıl şamdanların, Təbriz ustalarının düzəltdiyi bu gümüş pəncərə şəbəkələrinin parıltısı basma kağıza düşmüş sarı mürəkkəb damcısı kimi yayıldı, yayıldı və yox oldu, bu xalıların, gəbələrin alışıb-yanan rəngləri, mütəkkələrin, döşəkcələrin üzünə çəkilmiş, qapı-pəncərələrə tutulmuş Çin ipəyinin, hind mahudunun işıltısı, qız-gəlinin barmaqlarını, biləklərini, bellərini, boyunlarını, qulaqlarını, oğlanların xəncərlərinin qınını, dəstəyini bəzəyən ləl-cavahiratın şöləsi gözdən itdi, kəniz-qaravaşların gizli bir hüznlə onunçün oxuduqları mahnıların, çaldıqları udun səsi tamam eşidilməz oldu və hər tərəfi bir bozluq bürüdü və bu hər tərəfi bürümüş bozluq get-gedə işıqlandı, şəffaflandı və bu işıqda o kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi göründü.Neçə gün idi ki, o kəniz-qaravaşın onunçün oxuduğu nəğmələrin nəfəsində, çaldığı udun səsində həmin gizli hüznü vücudunun hər bir hüceyrəsi ilə hiss edirdi, qız-gəlinin gözünün dibinə çökmüş kədəri duyurdu, oğlanların bir-birinə baxışında sahibsiz qalmış bu cah-cəlalın üstündə gələcək əlbəyaxalar ehtirasının qığılcımlarını sezirdi.

13 мин
Baladadaşın toy hamamı

Polad Məcnunbəyovun xatirəsinəHəmin payız günü Abşeronda birdən-birə bir xəzri başlamışdı ki, gəl görəsən və xəzri dənizi köpükləndirə-köpükləndirə əsdikcə əsirdi, dayanmayacaqdı elə bil, elə həmişə beləcə əsəcəkdi: sahilə yaxın dəniz bu xəzrinin altında çay kimi axırdı və adama elə gəlirdi ki, elə bil ağappaq köpüklü dalğalar deyildi, dünyanın saysız-hesabsız qağayıları almışdı dənizin üstünü; xəzri Abşeron bağlarındakı meynələrin saralmış budaqlarını qumun üstündən qaldırmışdı və bu meynə budaqları bu dəm ovsunçunun qabağında quyruğu üstə qalxmış ilanlar kimi qumluqda baş qaldırmışdı, külək zeytun ağaclarının bütün yarpaqlarını bir yerə yığıb əsdirirdi, topa-topa ağ-boz buludları cənuba axıdırdı və ən qəribəsi bu idi ki, bu bozluq içində həmin payız günü Abşeron göyündə günəş də var idi və bu topa-topa ağ-boz buludlar da dənizə, sahilin qumluğuna, qayalıqlara topa-topa da kölgələr sala-sala axırdı.

26 мин

Стихи других поэтов