Страница 1 из 2

Dan ötdü, gün doğdu və həmin gün birdən-birə bu büllur çilçırağın, bu qızıl şamdanların, Təbriz ustalarının düzəltdiyi bu gümüş pəncərə şəbəkələrinin parıltısı basma kağıza düşmüş sarı mürəkkəb damcısı kimi yayıldı, yayıldı və yox oldu, bu xalıların, gəbələrin alışıb-yanan rəngləri, mütəkkələrin, döşəkcələrin üzünə çəkilmiş, qapı-pəncərələrə tutulmuş Çin ipəyinin, hind mahudunun işıltısı, qız-gəlinin barmaqlarını, biləklərini, bellərini, boyunlarını, qulaqlarını, oğlanların xəncərlərinin qınını, dəstəyini bəzəyən ləl-cavahiratın şöləsi gözdən itdi, kəniz-qaravaşların gizli bir hüznlə onunçün oxuduqları mahnıların, çaldıqları udun səsi tamam eşidilməz oldu və hər tərəfi bir bozluq bürüdü və bu hər tərəfi bürümüş bozluq get-gedə işıqlandı, şəffaflandı və bu işıqda o kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi göründü.

Neçə gün idi ki, o kəniz-qaravaşın onunçün oxuduğu nəğmələrin nəfəsində, çaldığı udun səsində həmin gizli hüznü vücudunun hər bir hüceyrəsi ilə hiss edirdi, qız-gəlinin gözünün dibinə çökmüş kədəri duyurdu, oğlanların bir-birinə baxışında sahibsiz qalmış bu cah-cəlalın üstündə gələcək əlbəyaxalar ehtirasının qığılcımlarını sezirdi.

Neçə gün idi ki, elə bil, kimlər isə yorulmurdu, Dədə Qorqudun sözləri ilə onun qulağına pıçıldayırdı: « – Qız-gəlinin qas-qas gülməz oldumu?; qızıl xına ağ əlinə yaxmaz oldumu?». Bu kimsələrin pıçıltısında açıq-aşkar bir şadlıq vardı, elə bil ki, illərin həsəd yükündən qurtulmuşdular, uzun-uzun illər boyu bu sözləri demək yanğısı, həsrəti sona yetmişdi və indi elə bil ki, tanrılarına şükür eləyirdilər, ürəkləri rahatlanırdı, pıçıldayırdılar, pıçıldayırdılar: – «Ağbirçəkli arvadların bıldır-bıldır ağlayacaq, qaza bənzər qız-gəlinin gözünün yaşını tökəcək, acı dırnaq ağ üzlərə aldı-çaldı salacaq, al yanaqlar dartılacaq, qarğı kimi qara saçlar yolunacaq, ağ çıxarılacaq, qara donlar geyiləcək, ağ-boz atlarının quyruğu kəsiləcək, igidlərin qara geyib, göy sarıyacaq, ev-eşiyində şivən qopacaq».

Sonra o, bu pıçıldayanların səsindəki ehtirasdan, şövqdən, hərislikdən tanıdı ki, bunlar uzun-uzun illər boyu ölüb getmiş mal-dövlət sahibləridi, tanış-bilişlərdi və bu açıq-aşkar hiss olunan şadlıq da onu deyirdi ki, axır ki, sənin də axırın çatdı, axır ki, səninki də qurtardı; onların sifətini gözünün qabağına gətirə bilmədi, üzlərini görmədi, amma hamısını tanıdı; bunların bir çoxunu o, talamışdı, bir çoxunun qızılı, daş-qaşı, kəniz-qaravaşı, qulbeçələri sonradan onun olmuşdu, yığılmışdı, yığılmışdı, yığılmışdı.

Neçə gündü ki, onun üçün ünüm ünlə, sözüm dinlə deyiləsi bir qüvvə, bir pənahgah, imdad yeri yox idi, hər şey qurtarırdı, təkcə bir boşluq vardı, dibi görünməyən bir quyu vardı və o, bütün vücudu ilə hiss edirdi ki, bu qaranlıq quyunun dibinə uçmağına lap az qalıb, çünki xanlar xanı Bayandura da qalmamışdı bu dünya və Dədə Qorqud boy boylamışdı, söy söyləmişdi, oğuznamə düzmüşdü və belə demişdi: « – Onlar dəxi bu dünyaya gəlib keçdi. Karvan kimi qondu köçdü. Əcəl aldı, yer gizlədi, fani dünya yenə qaldı. Gəlimli, gedimli dünya. Son ucu ölümlü dünya».

Neçə gündü ki, o ölürdü, bunu hamı bilirdi və bunu o özü də bilirdi, yolüstü qonaq idi; azar-bezar söhbəti deyildi bu, qocalıq idi, elə bil ki, son payıza qalmış ağac idi, canının suyu qupquru qurumuşdu, şaxələri, qol-budağı qupquru qurumuşdu və bədən də təkcə bu qupquru qurumuş ağacdan ibarət idi, bir damcı da su yox idi və bu ağac bu saat ovulub-töküləcəkdi, bir torba ovuntu olacaqdı.

Və birdən-birə onun ölüm taxtını hər tərəfdən bürümüş bu sarı qızıl parıltısı, ləl-cavahir işıltısı yox oldu, bir şəffaflıq yarandı və bu şəffaflıq içində bu təmizlik, paklıq içində o yetim uşağın solğun çöhrəsi göründü.

O, pərqu yorğan-döşəkdə uzanıb gözlərini yummuşdu və bütün gücünü, diqqətini toplayıb zəndlə o solğun çöhrəyə baxırdı; əlbəttə, hələ bu uşağın xəbəri yoxdu ki, illər keçəcək və o, bir ucu İrandan, bir ucu Turandan tutmuş, dünyanın ən dövlətli adamı olacaq, xəzinəsinin daş-qaşı çəki ilə çəkiləcək, ilxılarına şahzadələr həsəd aparacaq, xurcunları ipək-qumaş dolu dəvə karvanları İrandan, Turandan keçib, Məğrib səhralarını adlayıb, Əndəlisəcən ellər-obalar dolaşacaq, gəmiləri dəryalar üzəcək, əlbəttə, hələ bu uşağın xəbəri yox idi ki, ağına-bozuna baxmadan, insaflı və insafsız yollarla, yaltaqlıqla və hədə-qorxu ilə, ayaq öpməklə və baş kəsməklə, yalandan gülməklə və yalandan ağlamaqla bütün ömrü boyu mal-dövlət yığacaq, öz dünyasını hamını heyrətə gətirən və hamını da çəkindirən, ürküdən bir nağıl dünyasına çevirəcək; əlbəttə, hələ bu uşağın xəbəri yox idi ki, uzun-uzun illər keçəcək və o, son məqamda özü ilə beləcə üzbəüz dayanacaq.

O, gözlərini yumub zəndlə bu solğun çöhrəyə baxırdı və təəccüb edirdi ki, bu zəif vücud o qüvvəni, o ehtirası ki, heç nəyin qabağında dayanmadı və heç nədən indi üləmaların da hesablayıb qurtara bilmədiyi bu cah-cəlalı yaratdı; sonra o buna təəccüb etdi ki, nə üçün birdən-birə o uşağı xatırladı; uzun-uzun illər boyu o uşaq tamam silinib xatirədən getmişdi, çox-çox uzaqlarda – ünyetməz bir uzaqlıqda qalmışdı və necə oldu ki, birdən-birə belə bir şəffaflıq yaratdı, birdən-birə beləcə peyda oldu?

O, zəndlə bu solğun çöhrəyə baxdı və daha onların ikisindən başqa dünyada heç kim yox idi; dünyada yalnız bir şəffaflıq, bir də ki, çoxdan unudulmuş paklıq, təmizlik vardı və bu təmizlik içində o solğun çöhrə görünürdü və birdən-birə ona elə gəldi ki, bu şəffaflıq su şəffaflığıdı və o solğun bəniz də suyun altından ona baxır; uzun saçları suyun içində yayılmışdı, gözləri suyun içində donmuşdu; ona belə gəldi və birdən-birə də nəfəsi qaraldı, elə bil ki, təzədən onillikləri, iyirmiillikləri geri adlayıb yenə həmin solğun bənizli uşaq olmuşdu və suyun içində də gözləri beləcə donub qalan indi özü idi; amma yox, heç vaxt belə ola bilməzdi, çünki Dədə Qorqud belə söyləmişdi: « – Ölən adam dirilməz. Çıxan can geri gəlməz». Və bu zaman elə bil ki, o özü özündən ayrılıb, öz içindən çıxıb bir hava kimi, bir yüngüllük kimi, özü öz taxtının üstünə qondu və yuxarıdan aşağı özünə baxdı: ağappaq saçları uzanmış, ağappaq saqqalı uzanmış, gözləri qapanmış, arıq sifətinin qansız dodaqları səyriyən bir qoca gördü və elə bil ki, bu qocanı görüb diksindi, bu qocanın yanından, bu qocanın gömgöy sifətindən qorxdu, bu qocanın yaşadığı uzun-uzun illərin çoxluğundan dəhşətə gəldi və birdən-birə də elə bil ki, o yüngüllüyü, o havanı nəyəsə pərçim etdilər, sıxdılar, çünki hər şey yox olmuşdu dünyada, təkcə bu ağ saçlar və gömgöy sifət qalmışdı; uzun-uzun illər boyu yığılmış, əldə edilmiş var-dövlət bir heç olmuşdu, cah-cəlal bir heçə dönmüşdü və bütün dünyada təkcə bu qoca qalmışdı.

Yenə həmin şəffaflıq hər tərəfi bürüdü, amma o solğun uşaq çöhrəsi həmin şəffaflıqdan əridi, yox oldu və o, bütün vücudu ilə hiss etdi ki, bu şəffaflıq içində başqa nəsə görünməlidi; bu «nə isə» çoxdan unudulmuş bir görüm idi, amma nə idi

– bilmirdi, amma bilirdi ki, «nə isə» var və həmin «nə isə» bu şəffaflıqda görünməlidi, illərin kirəc bağlamış qatları arasından, illərin yorğunluğu altından, illərin tələsikliyi, vaxt çatışmazlığı altından, haqq-hesablar altından çıxmalıdı və bu şəffaflıqda görünməlidi.

Sonra onun yumulmuş gözlərinin qarşısındakı şəffaflığa bir zümrüd yaşıllığı qondu və o əvvəlcə təəccüb etdi ki, daş-qaş şöləsi bu şəffaflığa necə sirayət edə bildi? Sonra başa düşdü ki, bu zümrüd yaşıllığı zümrüdün yaşıllığı, firuzənin göylüyü deyil, bu o meşənin göylüyü, yaşıllığı idi, köksü gözəl dağlardakı o meşəyə gün dəymişdi və bu şölə də o meşənin şöləsi idi.

O, həmin «nə isə»ni xatırladı və hər tərəfi bürümüş meşə yaşıllığı içində neçə-neçə illər bundan əvvəlki sarı bülbülü gördü və sarı bülbülün nəğməsini eşitdi, amma meşədəki yox, əvvəlki nəğməsini eşitdi, hüznlü, kədərli nəğməsini.

O bilirdi ki, bu dəm qız-gəlini başının üstündə dayanıb, oğlanları, kürəkənləri onun taxtının ətrafına düzülüb, kəniz-qaravaşlar onun üçün nəğmə oxuyur, ud çalır, bunu bilirdi, amma heç kimi görmür və heç nəyi eşitmirdi, gözlərinin qabağında təkcə bu meşə yaşıllığı idi, bu meşə yaşıllığı içindəki o sarı bülbül idi və bir də o sarı bülbülün nəğməsini eşidirdi, amma meşədəki yox, əvvəlki nəğməsini eşidirdi, hüznlü, kədərli nəğməsini.

Onda yaz gəlmişdi və onun təzə saldırdığı bağça başdan-başa gül açmışdı, çiçəklənmişdi və heç kim ağlına gətirmirdi ki, bu təzə bağçanın sahibi cavan tacir – gündən-günə şöhrətlənən, gündən-günə dövlətlənən və bu şöhrət üçün, bu dövlət üçün gecəsini gündüzə qatan, biri Həbəşistandan, biri Çindən, biri Hindistandan, biri də Dəclə sahilindən dörd gözəllər gözəli arvadlarının yatağına belə girməyə vaxt tapmayan cavan tacir bir vaxt ac-yalavac bir yetim idi və həmin yetim öz aclığından ayrılmaq üçün ağlasığanı da etdi, sığmayanı da, sonra dayana bilmədi, həmişə çoxu az gördü, doymadı, həm bəxti gətirdi bu dünyada, həm zehni itiydi, fərasətliydi, yığdıqca yığdı, qızıl qızıl gətirdi, dünyanın ən böyük və ən təmiz almazları, zümrüdlər, yaqutlar, firuzələr, mirvarilər saxsı küplərə dolduruldu və bu saxsı küplərin sayını artırmaq hərisliyi dünyada onunçün hər şeyi əvəz etdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, V

Yenə də həmin təkcə lampa işığı idi və həmin təkcə lampa işığının altında, indi Şahnaz xanımla Gülgəz üz-üzə oturmuşdu.Hər tərəfə cansıxıcı bir sakitlik çökmüşdü və bu sakitlik içində, ancaq pəncərə şüşəsini döyəcləyən yağışın səsi gəlirdi.

6 мин
İkinci hissə, VI

Bütün bu Şuşa dağlarının fövqəladə komissarı Nicat Ovçuoğlu bu otaqda həm yaşayırdı, həm də bura onun müvəqqəti iş yeri idi və bu otağın pəncərəsindən Xəznə qayasının sıldırım zirvəsi aydın görünürdü.Bu otağa o qədər girib-çıxan olurdu, hamı o qədər tələsirdi, hamı elə işgüzarlıq göstərirdi ki, bütün bu tələsiklik, vurnuxma müqabilində Xəznə qayasının ağır, təmkinli sükutu, diqqət edəndə, fikir verəndə, qəribə, sirli, bəlkə də sehrli təsir bağışlayırdı.

6 мин
İkinci hissə, VII

Şahnaz xanımın otağın qaranlığından seçilməyən saçları ağ köynəyinin üstünə tökülmüşdü və bu dəm Nicatın əli onun saçlarında gəzirdi. Şahnaz başını Nicatın geniş sinəsinə qoymuşdu və Nicat çarpayıda uzana-uzana, bir əli öz başının altında, o biri əli Şahnazın saçlarında, gözlərini qaranlıq tavana zilləyib qalmışdı.Şahnaz, elə bil, kimsə onları eşidəcəkmiş kimi, pıçıltıyla:

2 мин
İkinci hissə, VIII

Topxana meşəsini çən-çiskin bürümüşdü və həmin çən-çiskin altında beş-altı atlı çapa-çapa özünü meşəyə verdi.Atlılar Mirzə bəy idi, Yunis bəy idi, başqa bəylər idi, bir də Hümmət idi.

5 мин

Стихи других поэтов