Содержание
  1. I fəsil
  2. II fəsil
  3. III fəsil

Страница 1 из 5

Akademik Məmməd Arif Dadaşzadənin

xatirəsinə

I fəsil

Əvvəlcə ağac şaqqıltısı eşidildi və bu ağac şaqqıltısı günortanın cırhacır istisində tamam kimsəsizləşmiş həyətdə çox gözlənilməz səsləndi, sonra aşağı başdakı ayaqyolundan çıxan Gülağanın gözləri birdən-birə bərəldi və uşaq bilmədi ki, qışqırsın, ya nə etsin.

Həyətin ortasındakı xartut ağacının yoğun gövdəsi öz-özünə şaqqıltı ilə iki yerə bölündü və bir müddət tut yağışıymış kimi, qara tut həyətin asfaltına töküldü.

Həyətə birinci boylanan Ağamuxtarın arvadı Anaxanım oldu. Anaxanım mətbəxdə oturub nahar üçün küftə yumrulayırdı, şaqqıltını eşidib ikinci mərtəbədən ağaca baxdı, sonra çaşbaş qalmış Gülağanı görüb ətli-yağlı əllərini əsgi ilə tələm-tələsik silə-silə:

– Adə, Gülağa, – qışqırdı, – qaç kişiyə xəbər elə, tut parçalandı!..

Və Gülağa da işin nə yerdə olduğunu başa düşüb babasının otağına tərəf qaçdı ki, kişini çağırsın, amma Əliabbas kişini çağırmaq lazım deyilmiş, çünki Gülağa hələ onun həyət qapısına çatmamış, kişi özü ağ tumanının üstündən şalvarını belinə çəkə-çəkə elə ağ köynəkdəcə çoxdan bəri gəzmədiyi iti addımlarla qapıdan çıxıb xartuta tərəf gəldi.

– Tez eləyin! – dedi. – Tez eləyin! Biri də gərək qalmasın yerdə! Hamısını yığın bir-bir! Bircəsi də qalsa, günah olar! Hamısını yığın! Yeyilsin gərək hamısı! – dedi. – Tez eləyin! – Sonra özü əyilib ağacın dibindən bir dənə tut götürdü qoydu ağzına və doğrudan-doğruya kişiyə elə gəldi ki, ömründə bu ləzzətində tut yeməyib.

– Yüz ilin tutudu bu, yüz ilin! – Sonra da əllərini ağacın ikiləşmiş gövdəsinə söykəyib yarığa baxdı – yarığın hər iki üzü qupquru idi, elə bil neçə vaxtdı günün altında qalıb qurumuşdu; qocalıqdan idi bu, canından şirə çəkilib getmişdi.

Axır ki, yüzü haqladı bu xartut.

Əliabbas kişi başını ikinci mərtəbəyə tərəf qaldırıb böyük gəlini Anaxanıma dedi:

– Aş bişir bu gün.

Anaxanım ömründə qayınatasının üzünə ağ olmamışdı və kişinin bir sözünü heç vaxt iki eləməmişdi; bu dəfə də demədi ki, küftəbozbaş asıram; kişinin ürəyi aş istəyir, nə olar, axşama da aş bişirər və burası da gündən-günə Anaxanıma ovcunun içi kimi aydın olurdu ki, qocalmaq, əslində təzədən uşaqlaşmaqdı.

Əlbəttə, bu saat Əliabbas kişi böyük gəlinin bu fikirlərindən xəbərsiz idi və o, bu dəfə Gülağaya dedi:

– Gördün! Gördün ki!? Elə soruşurdun, düz deyirsən, yoxsa yox? Gördün ki?!

Doğrudan da, yaman oldu bu xartutun parçalanması, daha buna bir söz ola bilməzdi, düz deyirmiş kişi, xartut yüz yaşına çatanda parçalanırmış və burasını da lap doğru deyirmiş ki, bu tutun yüz yaşı var.

– Əcəb oldu! – Bunu, bu tutdan birinci dəfə yeyirmiş kimi, Fətullanın arvadı Məsmə dedi:

– Yığıb qonşulara da pay göndərmək lazımdır... – Bunu da Anaxanımın həmişə səxavət göstərən giçik gəlini Fəridə dedi.

Məsmə ürəyində fikirləşdi ki, sənə nə var, ay bəxtəvər, pay da göndərərsən, o tərəfə də keçərsən, öz malın deyil axı; bunu fikirləşdi, amma yeznəsinin gəlininə bir söz demədi.

Əliabbas kişinin dördüncü nəvəsi Ağasəlim üzünü arvadı Zibeydəyə tutub:

– Boşqab gətir! Qazan gətir! – dedi. – Tut günüdü bu gün.

Əliabbas kişi dedi:

– Hə, Hə!.. Biri də qalmasın yerdə gərək. Günahdı...

Bütün məhəllədə bu məşhur tut ağacının yüz yaşı tamam olan həmin isti iyul günü Əliabbas kişinin evdəki bütün oğul-uşağı, nəvə-nəticəsi, gəlinləri həyətə çıxmışdı və hamı bu dəm cidd-cəhdlə həyətə səpələnmiş xartutu yığmaqla məşğul idi.

Əlbəttə, günah məsələsini Əliabbas kişi elə-belə, özündən dedi, heç kim heç vaxt deməmişdi ki, tut ağacının yüz yaşı tamam olanda və gövdəsi ikiyə bölünəndə yerə tökülmüş tutların hamısını yığmaq lazımdı, yoxsa ki, günaha batarsan; belə bir qayda yox idi, necə ki, tutun yüz yaşı tamam olanda plov bişirmək də adət deyildi, amma bir halda ki, bu tut ağacı bu dünyada yüz il ömür sürmüşdü və onun yüz yaşının tamam olmasını Əliabbas kişi beləcə gözləmişdi, deməli, bayram idi bu gün və bu yüz yaşlı ağacın bəhrəsini ayaq altında qoymaq günah işdi.

Əliabbas kişi tut ağacının altında dayanmışdı və bu vaxt budaqdan onun sinəsinə, düz ürəyinin başına bir tut düşdü, kişinin ağ köynəyində o saat qıpqırmızı bir ləkə əmələ gəldi və bunu görən Ağamuxtarın bütün bədəni birdən-birə ürpəşdi.

Əliabbas kişinin böyük oğlu Ağamuxtar dörd il cəbhədə vuruşmuşdu, Mazdokdan Berlinə qədər vuruşa-vuruşa getmişdi və bütün məhəllə uşaqları yaxşı bilirdi ki, Ağamuxtar əminin bir ordeni, on üç də medalı var. Ağamuxtara birdən-birə elə gəldi ki, atasının ürəyinin başına güllə dəydi və bu qırmızı ləkə də qan yeridir. Sonra Ağamuxtar daha tamam-kamal ağarmış gur saçlarını əli ilə geri sığallayıb axır vaxtlar neçənci dəfə fikirləşdi ki, kişi yaman qocalıb.

Əslində Ağamuxtarın belə fikirləşməyə bir o qədər də haqqı yox idi, çünki heç özü də atasından çox seçilmirdi; hətta bir dəfə qonşuları qəssab Ağanəcəfin arvadı Balacaxanım dar dalanın qabağında dayanıb tum çırtlaya-çırtlaya başına toplaşmış cavan məhəllə qızlarına demişdi:

– Görürsüz, ağəz, adam heç bilmir ki, Əliabbas kişi Ağamuxtar kişinin atasıdı, yoxsa Ağamuxtar kişi Əliabbas kişinin atasıdır...

Əlbəttə, bu söz gəlib Anaxanıma çatanda, Balacaxanım cavabını almışdı, amma bir vardı ki, Ağamuxtar da yaman qocalmışdı.

Və ən qəribəsi bu oldu ki, həmin dəm Əliabbas kişinin də gözləri böyük oğlunun ağappaq ağarmış saçlarına sataşdı və bu ağappaq saçları birinci dəfə görürmüş kimi, kişi həmin yay gününün xartut bayramına baxmayaraq, birdən-birə əməlli-başlı pəjmürdəhal oldu; Ağamuxtarın uşaq vaxtları onun yadına düşdü, lap o vaxtlar ki, hələ divardan tuta-tuta gəzirdi, sonra o vaxtlar ki, bu ağaca dırmaşıb tut yeyirdi, ağzı-burnu, üst-başı qapqara qaralırdı. Əliabbas kişi özünü saxlaya bilməyib ürəyində dünyanın belə əbləh işləri barədə, yəni dünyanın etibarsızlığı barədə bir-iki söz dedi; buna yandı-yaxıldı ki, illər adamı nə günə qoyur – o balaca uşaq indi gör qocalıb nə günə qalıb; sonra şairin sözü Əliabbas kişinin yadına düşdü: «Biz gəldi-gedərik, sən yaşa dünya!» və o, ağappaq bığlarının altından gülümsəyib başını buladı, dünyanın işlərinə acığı tutmağı da indi ona gülməli göründü, yenə də ürəyində dedi ki, İsgəndərə qalmayan dünya kimə qalacaq və burasını da fikirləşdi ki, Ağamuxtarın qocalığını görür, amma özündən heç bir söz demir...

Əliabbas kişinin kiçik oğlu Fətulla nəvəsi Gülağaya dedi:

– Qaç get evdən qab gətir.

Boşqablar, qazanlar baş barmaq boyda xartutla doldu, məhəllənin uşaqları tutun yüz yaşa çatıb parçalanması xəbərini eşidib Əliabbas kişigilin həyətinə daraşdılar, hərə beş-on tut qoydu ağzına və böyük də, kiçik də, hamı belə bir yekdil fikrə gəldi ki, bu tutun ləzzəti başqa şeydi və heç kim ömründə bu ləzzətdə tut yeməyib. Qonşuların hərəsinə bir nimçə tut pay getdi, elə bil Əliabbas kişigilə nişan gəlmişdi, şirni paylayırdılar.

Qəssab Ağanəcəfin arvadı Balacaxanım başına təzə xına qoyduğu üçün tünd qəhvəyi barmaqları ilə xartutu bir-bir saplağından tutub ağzına qoyurdu və ağzını marçıldada-marçıldada deyirdi:

– Bəxti var də, camaatın!.. bu cür tutdan yeyib kef eləyirlər özləriyçün...

– Sonra hərdən onlara gəlib işinə-gücünə gömək eləyən qonşuları, yaşı otuzu keçmiş, amma hələ də ərə gedə bilməyən Lumiyəyə göz vururdu: – Vitamindir e, ağəz, bu... Adam qızışdıran şeydi...

Lumiyə də həmişəki kimi, qızarıb pörtürdü, amma əslində belə söhbətlər ürəyindən idi və Balacaxanım da bunu yaxşı bildiyi üçün şaqqanaq çəkib bərkdən gülürdü.

Bir sözlə, həmin şənbə günü məhəllənin uşağından tutmuş böyüyünəcən hamı Əliabbas kişinin həyətindəki xartutun parçalanmasından xəbər tutdu və tamahkarlıqda tayı-bərabəri olmayan Molla Fərzəli də, təbii ki, əsasını döyəcliyə-döyəcliyə gəldi durdu Əliabbas kişigilin küçə qapısı ağzında, ustanı bayıra çağırdı, başladı o yandan, bu yandan, İrandan-Turandan, axırda gəldi çıxdı mətləb üstə ki, həkim mənə deyib qara tutu sıx, suyunu iç, pulum da yoxdur ki, gedim bazardan alım, elə bir balaca qazan versən, bəsimdi.

Üzbəüz səkidə, kölgəlikdə oturub rus dili müəllimi Alxas bəylə nərd oynayan zərgər Ələşrəf molla Fərzəliyə baxıb dedi:

– Həmişə belə yazıqlanır, amma axtarsan, görərsən ki, bir donuzu çatışmır...

– Zərgər Ələşrəf bunu dedi və Alxas bəyin tamam-kamal qanını qaraldan yağlı bir qoşa şeş atdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

II hissə

Bu hissədə məlum olur ki, Məmmədağa ilə Məsməxanımın həminqəribə yay gecəsindəki gözlənilməz görüşü istər-istəməz onları öz həyat

45 мин
I fəsil

(Bir itin aqibəti haqqında povest)– Məsləhət eləyirəm də səniynən, məsləhətdi də, başuva dönüm sənin, elə bu saat gedib evi vermədim ki, yoldan ötənin birinə, məsləhətdi də, məsləhətdi don gen olar də deyiblər. Mən bir pis söz demirəm ki, sənin balalaruvun dərdini çəkirəm də, özgənin dərdini çəkmirəm ki, öz dərdimi çəkmirəm ki, mənə nə var, hay-hayım gedib, vay-vayım qalıb, istəyirəm uşaqlarçun bir gün ağlayım də... Bir gün ağlayaq bunlara biz gərək, ya yox? – Ağabacı ömründə birinci dəfə idi ki, özü haqqında ərinə belə sözlər deyirdi, qocalmağından dəm vururdu və elə bil ki, Ağabacı həmin Ağabacı deyildi ki, səhər sübhdən yerindən duran kimi, kəllə otağa keçib, uşaqlar içəri girməsin deyə, qapını da açarlayıb on-on beş dəqiqə sir-sifətinə sığal verirdi, xınasının vaxtını bir gün də keçməyə qoymurdu və kəndin ən birinci sözgəzdirəni Zübeydə hər dəfə xeyirdə, şərdə, hamamda Ağabacını görəndə yanıb-yaxılırdı: « – Ağəz, bir buna baxın e, nənəm yaşındadı (amma bunu Zübeydə lap ağ eləyirdi, çünki özü əskiyi səkkiz-on yaş Ağabacıdan böyük idi; hər halda, Ağabacı özü belə deyirdi və kəndin əksər arvadının da Zübeydədən zəhləsi getdiyi üçün Ağabacının yaş barədəki fikrini təsdiq edirdi), amma sürmələnməsinə-zadına bir bax e!.. Əriyçün bəzənib-düzənir də, Ağababayçun (Zübeydəni yandırıb-yaxan da elə burasıydı, çünki, özünün nə əri varıydı, nə də uşağı, tək canı idi və bütün təqsirlər də özündə idi, çünki atalar yaxşı deyib ki, niyyətin hara, qismətin də ora)». Burası da tamam birinci dəfə idi ki, ailə məsələlərində, ev-eşik işlərində Ağabacı ilə Ağababanın sözü bir gəlmirdi. – Böyüyüb də uşaqlar, ay Ağababa, böyük uşaqlar olublar də, maşallah, bunların axı, Allah qoysa, niyyət olmasın, qismət olsun, qayıtmağı var, evlənməyi var, ay başuva dönüm sənin, bir tədbir görmək gərəkməz bəyəm?! Heç olmasa, hərəsinə bir üzük alaq da, gərək də, qapısına getdiyimiz adamların yanında başımız aşağı olmasın da, gərək də, ay Ağababa!.. Hə, yaxşı, bunlar heç, oğlandılar, maşallah, özləri bilərlər neyniyərlər, bəs qızdar? Qızdar nə olsun bəs? Böyükdürlər e, day, lap böyüyüblər, maşallah! O gün mürdəşir üzünu yumuş o abırsız Zübeydə hamamda söz yayıb ki, guya ki, Ağagüllə bir qızı, adını deməyib hələ, vağzal bağında, ayıb olmasın səndən, öpüşən görüb! Yayır bu sözü, elə bilir mənə təsir eləyəcək, külbaş day demir ki, nöşün təsir eləyir mənə, day də yaxşı mənimçün, kişidi də oğlum, kişidi! Hələ Ağagülü deyir e! Ağababa, Ağagül hələ iki ildən sonra gələcək Amurski oblastdan, inşallah, Allah qoysa, bəs Baladadaşın gəlməyinə nə qalıb? Bir-iki aya gəlir uşaq də! Nə bilirsən sən, bəlkə elə bir istəylisi var burda, heç xəbərimiz yox? Gərək bir çarə qılaq başımıza, yoxsa yox? Qızdar, bəs, Ağababa, bu qızdarı biz köçürəcəyik inşallah də... – Ağabacı nəlbəki, bıçaq götürüb indicə yaydığı xəmiri yuxayayanın üstündə nəlbəki-nəlbəki kəsməyə başladı; kəsilən xəmirlər hamısı bir boyda idi, nəlbəki girdəliyində və bir azdan bu nəlbəki girdəsi xəmirlər ortadan bükülüb hamısı bir boyda da qarın qutabı olacaqdı.

13 мин
II fəsil

Abşeron Abşeron deyildi bu dəm, Abşeron bir cənnətməkan idi, elə bir cənnətməkan ki, bu dəm bu qayalıqdan, bu qumluqdan o aydın, o açıq üfüq xəttinə kimi bir aynası var idi və bu ayna bu saat göz qamaşdırırdı, günün altında par-par parıldayırdı, gömgöy idi, sakit idi.Dolça dənizə baxa-baxa sahil boyu qayalıqlara tərəf qaçırdı və bu it elə bil ki, dənizin bu cür sakitliyindən, bu cür göylüyündən həzz alırdı, elə bil ki, günün istisindən, xəzrinin lap yüngülcə meh olub əsməsindən həzz alırdı. Bu qumun sarısında, bu dənizin göylüyündə, bu səmanın maviliyində ağappaq Dolça qabaqda qaçırdı, Tavarla Sarıbaş da onun dalınca qaçırdı. Dolça hərdən dayanırdı, yerində fırlanıb geri çönürdü, dal ayaqları üstə qalxıb Tavarla Sarıbaşı qarşılayırdı, onları qabağa buraxırdı, sonra yenə qaça-qaça onları ötüb keçirdi.

21 мин
III fəsil

Həmin sakit, təmiz yay gününün axşamı idi və Ağababagil yığışıb oturmuşdu şüşəbənddə. Ağababagilin hamısının şüşəbənddə yığışmağının üç səbəbi ola bilərdi: ya Ağabacı nəsə dadlı bir şey bişirmişdi və hamı da yığışmışdı ki, bu dadlı şeyi yesin, ya bir azdan televizorda Zeynəb Xanlarovanın konserti başlayacaqdı, ya da Baladadaşdan, Ağagüldən məktub gəlmişdi və hamı bir yerdə bu məktubu oxuyub qulaq asırdı.Budəfəki səbəb məktub idi və həmin məktubu Ağagül Nuhbalaya yazmışdı və indi Nuhbala da bu məktubu bərkdən oxuyurdu, hamı da cani-dildən həmin məktuba qulaq asırdı.

13 мин

Стихи других поэтов