Страница 1 из 3

Abşeron Abşeron deyildi bu dəm, Abşeron bir cənnətməkan idi, elə bir cənnətməkan ki, bu dəm bu qayalıqdan, bu qumluqdan o aydın, o açıq üfüq xəttinə kimi bir aynası var idi və bu ayna bu saat göz qamaşdırırdı, günün altında par-par parıldayırdı, gömgöy idi, sakit idi.

Dolça dənizə baxa-baxa sahil boyu qayalıqlara tərəf qaçırdı və bu it elə bil ki, dənizin bu cür sakitliyindən, bu cür göylüyündən həzz alırdı, elə bil ki, günün istisindən, xəzrinin lap yüngülcə meh olub əsməsindən həzz alırdı. Bu qumun sarısında, bu dənizin göylüyündə, bu səmanın maviliyində ağappaq Dolça qabaqda qaçırdı, Tavarla Sarıbaş da onun dalınca qaçırdı. Dolça hərdən dayanırdı, yerində fırlanıb geri çönürdü, dal ayaqları üstə qalxıb Tavarla Sarıbaşı qarşılayırdı, onları qabağa buraxırdı, sonra yenə qaça-qaça onları ötüb keçirdi.

Dolçanın qapqara gözləri bu dəm günün işığında par-par parıldayırdı və bu gözlərdə bir sevinc var idi, bir şadlıq var idi, elə bil ki, Dolça dünyanın belə bir sakitliyinə, belə bir göylüyünə, belə bir maviliyinə sevinirdi.

Dolçanın dörd yaşı var idi və kənddə heç kim baş açmırdı ki, bu itin cinsi nədi...

...Ağababa Dolçanı tapan gecə (dörd il bundan qabaq küçüyün Ağababanın dalına düşüb gəldiyi o yağışlı-yağmurlu gecə) qonşuları qaravulçu Həsənulla gəlib itə baxdı və əvvəlcə dedi:

– Bu mansi-xantı itidi.

Sonra dedi:

– Yox, bu komi-mansi itidi.

Sonra da dedi:

– Net, net, bu komi-xantı itidi...

Həsənulla hələ müharibədən əvvəl necə olmuşdusa Xantı-Mansiyə gedib düşmüşdü və İrtışın, Obun sahillərini kənd-kənd gəzib oralarda yaşamışdı. Kənddə danışırdılar ki, o uzaq kəndlərin hər birində Həsənullanın bir arvadı var; Baladadaş məktubla belə bir xəbər göndərmişdi ki, Xantı-Mansidən Amur vilayətinə əsgərliyə gəlmiş bir oğlanla tanış olub və həmin oğlan guya ki, qarovulçu Həsənullanın elə bil ki, burnundan düşüb və ümumiyyətlə, kənddə deyirdilər ki, o tərəflərdə qarovulçu Həsənullaya oxşayan oğlan, qız çoxdu. Müharibədən sonra kəndə müharibədən salamat qalanlar qayıtdı, bir də ki, əllinci illərin əvvəllərində Həsənulla qayıtdı, başında silindr, boğazında qalstuk, əynində şalvarının balağı dar, miləmil kostyum qayıtdı, qarovulçu işləməyə başladı, Bakıdan dul bir arvad alıb gətirdi və bu günə qədər də elə həmin silindr başında, şalvarı yırtılmış həmin kostyumun pencəyi əynində idi.

Qarovulçu Həsənulla bu kənddə ən birinci it bilicisi hesab olunurdu və həmin yağışlı gecə Ağagül qaçıb qarovulçu Həsənullanı çağırdı. Qarovulçu Həsənulla Azərbaycan dilini yadından çıxarmışdı, rus dilini də əməlli-başlı öyrənməmişdi və danışanda hər iki dili bir-birinə qatırdı (Poçtalyon Fətoş deyirdi ki, o uzaq yerlərdən indi qarovulçu Həsənullaya daha məktub gəlmirdi, əllinci illərdə gələn məktublarda Həsənullanı «Qriqori Mixayloviç» çağırırmışlar: qarovulçu Həsənullanın atasının adı Mehdi idi; amma heç kimin ağlına gəlmirdi ki, poçtalyon Fətoşdan soruşsun ki, balam, sən niyə o məktubları açmısan və o məktublarda yazılanları oxumusan?).

Qarovulçu Həsənulla küçüyü görən kimi:

– Moloko! – dedi. – Moloko lazımdı!

Uşaqlar yastı, mis dolçadakı südü elə dolçadaca gətirib qoydular küçüyün qabağına və qarovulçu Həsənullanın bu dolçadan çox xoşu gəldi:

– Xoroşi dolça! – dedi.

Ağababa:

– Bəs bu küçük necədi? – soruşdu. – Xoroşi küçük?

Qarovulçu Həsənulla:

– Da, da, xoroşi dolça! – dedi və elə o gecədən də uşaqlar küçüyün adını Dolça qoydular...

...Dolça qaça-qaça qayalığın yanına gəldi və dayanıb bu sal qayalara, yekə

qaya parçalarına baxdı və Dolçanın gözlərində bu dəm elə bir şövq vardı ki, gözləri elə parıldayırdı ki, elə bil bu sal daşlarla zarafat eləyirdi, elə bil bu sal daşlara kələk gəlmək istəyirdi ki, siz hara, buralar hara.

Bütün bu tərəflərin yiyəsiz qancıq itləri həmişə bu qayalıqda olurdu, yiyəsiz qancıqlar bu qayalıqlarda küçükləyirdi, küçüklərini burada əmizdirirdi və o küçüklər də buralarda böyüyürdü, bəzisi özünə yiyə tapırdı, bəzisi səfil-didərgin olurdu, amma daha bu qayalıqlardan gedirdi, çünki kəndin itləri bir-birini yaxşı tanıyırdı, hərdən bir-biriləri ilə boğuşsalar da, yanlarına başqa it qoymurdu, başqa itlərin hamısını öz ərazilərindən qovurdu.

Kənd camaatı ancaq erkək it saxlayırdı, kimisinin həyət iti var idi, kimisinin qoyun iti var idi, kimisinin də tulası vardı (Zübeydənin itdən zəhləsi gedirdi və it saxlanan həyətlərin arvadlarına deyirdi ki, ağəz, heyvan saxlamaq istəyirsiniz, gedin qoyun saxlayın, inək saxlayın də, it nədi?). Lazım olanda, qancıq tapılırdı: ya öz-özünə gecələr bu qayalıqlarda tapılırdı, ya da hərdən kəndin bəzi it yiyələri, quşvuran Fazil kimiləri Bakıda cins qancıq saxlayanlarla sövdələşib sonralar özlərinə də bir-iki küçük götürürdü. Bakıda cins qancıq saxlayanlar yaman dəllal olurdu, özləri kənd-kənd gəzib cins köpək axtarırdı, sonra da cins küçükləri satıb pul qazanırdı. Kənddə bu cür xalis cins köpək üç dənə idi: biri bağban Əsədullanın Alabaşı idi, qoyun iti idi və bağban Əsədulla lap körpəlikdən onun qulağını kəsmişdi ki, yaxşı eşitsin, quyruğunu dibindən kəsmişdi ki, soyuq olanda tüklü quyruğuna qısılıb tənbəl-tənbəl yatmasın; biri quşvuran Fazilin tulası idi – Sarıbaş, indi Dolça ilə qaçıb qayalığa gələn həmin bu Sarıbaş, Fazil onu özüylə ova aparırdı və ömründə bir adam haqqında bir kəlmə yaxşı söz deməyən Fazil sidq-ürəkdən etiraf edirdi ki, Sarıbaş olmasa, onun kimi bir ovçunun da ovçuluğu yarıbayarıdı; biri də ki, Vartan Nersesoviçin ovçarkası Reks idi; qalan itlərin cinsi əməlli-başlı məlum deyildi.

Üç gün idi bağban Əsədullanın Alabaşı itmişdi. Kənddə əksərən hamı gecələr itləri zəncirdən açıb buraxırdı və itlər də yay ayları bütün gecəni həyət-bacanı, kəndin küçələrini gəzib-dolaşırdı, dəniz qırağına gəlirdi, bu qayalıqları ələk-vələk eləyirdi, səhər də hansının yiyəsi vardısa, həyətdə damı vardısa, qayıdırdı öz həyətinə, öz damına. Üç gün idi bağban Əsədullanın iti, həmin qulaqsız, quyruqsuz, yekə və yaraşıqlı Alabaşı həyətlərinə qayıtmamışdı və dünən günorta bütün kəndə belə bir xəbər yayıldı ki, bağban Əsədullanın iti qudurub.

Əlbəttə, nə Tavarın, nə Sarıbaşın, nə də Dolçanın bu xəbərdən xəbəri yox idi və həmin təmiz, sakit yay günü Tavarla Sarıbaş sal daşların dibini, qayaların arasını iyləyə-iyləyə özlərini verdilər qayalığa, Dolça bir az qayalığın aşağısında dayandı, dənizə baxdı, göyə baxdı, göz işlədikcə uzanan bu sarı, narın qumlu sahilə baxdı və elə bil ki, sahilin bu təmiz qumundan, bu bolluca günəşindən, dənizin bu sakitliyindən və bu cür gömgöylüyündən ayrılmaq istəmədi, yenə geri çönüb sahil boyu qaçmağa başladı.

O sakit yay günü dənizin lap sahilinə bir cüllüt uçub gəlmişdi. Cüllüt

Abşeronun bu tərəfində tək-tük görünərdi, həftədə, ayda bir dəfə və bu tərəflərdə ona şorcüllütü deyirdilər, çünki cüllüt, adətən, aşağıda, Məhəmmədli kəndinin

yanındakı Duzlu gölün sahilində olurdu.

Və elə bil ki, uçub bu tərəflərə gəlmiş bu cüllüt də bu boş sahildə tək-tənha qalıb bir ins-cins üçün darıxmışdı və sahil boyu qaçan Dolça gəlib ona çataçatda

cüllüt qanad açıb dənizə tərəf uçurdu, bu göylükdə, bu mavilikdə yarımdairə vurub yenə sahilə qonurdu, nəm qumun üstündə hərəkətsiz dayanıb, elə bil ki, Dolçanın qaça-qaça gəlib çatmasını gözləyirdi və elə ki, Dolça yaxınlaşırdı, təzədən havaya qalxıb yarımdairə vurub iyirmi-otuz addım qabaqda sahilə qonurdu və bu minval ilə Dolça çimərliyin boş çətirlərini, bütün görkəmləri ilə adam, uşaq həsrətində olan

alıcısız-satıcısız, səssiz-küysüz, iysiz-ətirsiz qutab köşklərini ötüb-keçdi,

yelləncəklər tərəfdə cüllütlə siçan-pişik oyununu qurtarıb dövrə vurdu, bu dəfə də yuxarı tərəflə qaça-qaça qayalığa tərəf gəldi.

Düzdü, bura Bakıdan uzaq idi və Bakının əksər camaatı Şıx çimərliyinə gedirdi, amma şənbə və bazar günləri hava yaxşı olanda, yəni ki, bu cür günlügünəşli olanda bu yerlərdə adam əlindən tərpənmək olmurdu; gələnlərin çoxu xüsusi maşınlarda gəlirdi, xüsusi maşını olmayanlar avtobuslara doluşub gəlirdi və həmin vaxtlar kəndin camaatı da iti açıb buraxırdı, itlər də öz işini yaxşı bilirmiş kimi, birbaşa çimərliyə qaçıb gəlirdi, kolbasa falı, qutab qırığı, toyuq sümüyü, dondurma artığı yeyirdi, ağızları dada gəlirdi, axşamacan çimərlikdə sülənirdi, axşam da çimənlər günün altında xoruz pipiyi kimi qıpqırmızı yanıb, maşına minib çıxıb gedəndən sonra, itlər xeyli müddət sahili gəzib-dolaşırdı, qumun üstünə atılıb qalmış qəzet bağlamalarını, boş şüşələrin, konserv qablarının arasını eşələyirdi. Sonra da kəndin uşaqları sahili daramağa başlayırdı, boş şüşələri yığıb, aparıb Vartan Nersesoviçin dükanına təhvil verirdilər, kağız-kuğuzu yığıb, aparıb təhvil verib, talon alırdılar və bu talonlara gedib Bakıdan kitab alırdılar, sonra da həmin kitabları satıb göyərçinsaxlayan özü üçün göyərçin alırdı, balıqsaxlayan özü üçün balıq alırdı, hind, ərəb kinosu olanda kinoya getmək istəyən gedib kinoya baxırdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов